Azərbaycan şairi Nizami/Azərbaycan XII əsrdə

Türk hakimiyyəti altında fars ədəbiyyatı Azərbaycan şairi Nizami. Azərbaycan XII əsrdə
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Milliyyət baxımından ədəbiyyatda forma və məzmun


XII əsr böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə islam Şərqi qərbdən xaçpərəstlərin, şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.
Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda olmuş, Şərq islam mədəniyyətinin, xüsusən klassik İran ədəbiyyatının mühüm sığınacağına çevrilmişdir.
Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Şərqin bir mədəni mərkəzi idilər. Əslində şerin ən parlaq nümayəndələri və İran ədəbiyyatında mühüm yer tutan ustadlar burada yaranmış məktəbdə yetişmişdilər.
Məmləkətin o zamankı ədəbi mənzərəsi haqqında ümumi bir təsəvvür verə bilmək üçün Nizami ilə müasir, Şirvan şahlığı və Azərbaycan atabəyliyi sarayları ilə əlaqədə olmuş ən mühüm şairlərin bir siyahısını gözdən keçirək:
1. Əbül-Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub şairlərindən Xaqani və Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik istedadını görərək onu Şirvan şahına təqdim edən və ona “Xaqani” təxəllüsünü verən odur. Şer biliciləri Əbül-Ülanın böyük bir əhatə sənətkarlıqla yazılmış əsərlərini Xaqaninin əsərlərinə bərabər tuturlar. Müasirləri ona “şairlər ustadı” demişlər. Fəxriyyələrindən birində “Gəncəlilər mənimlə fəxr edirlərsə, yeri var” – deyir. [1]
2. Xaqani Şirvani – Narahat və coşqun bir həyat yaşamış bu şair klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvanşah Axsitanın rus basqınçılarına qarşı müharibədəki qələbəsini təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvan şahlarından əlavə, Xaqaninin Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə də məlumdur. Şərq tənqidçiləri içərisində Xaqanini qəsidədə Ünsüri və Ənvəridən yüksək tutanlar vardır. Qərb tədqiqatçıları arasında da Xaqaninin sənəti, üslübü, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunur. 1864-cü ildə fransız dilində nəşr etdiyi bir ədəbi risaləsində Xanıkov, Xaqanini böyük fransız şairi V.Hüqoya bənzətmişdir.[2]
3. Fələki Şirvani – Şirvan diyarında doğulmuş şair qeyd etdiyimiz üzrə, Xaqani kimi, həm Əbül-Ülanın şagirdi, həm də, yenə onun kimi, Şirvan sarayının şairidir. Fələki şairlikdən əlavə, həm də dövrünün məşhur astronomlarındandır; təxəllüsünü də bu münasibətlə “Fələki” götürmüşdür. Şerlərində ulduzlara və səma cisimlərinə aid bir çox təşbeh və istiarələr işlətmişdir. Onu şairlikdə Xaqaniyə bərabər tutanlar olmuşdur.
4. Mücir Beyləqani – Arranın qədimdə məşhur şəhərlərindən Beyləqanda yaşadığı üçün Beyləqani kimi tanınmış Mücirəddin Azərbaycan atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və onun oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələr məlumdur. Müciri şairlikdə və üslubda böyük müasirləri Xaqani və Nizami səviyyəsində görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatda böyük səlahiyyəti olan Xosrov Dəhləvi də vardır ki, onu sənət aləmində Xaqanidən belə üstün tuturlar.
5. Qivami Mütərrizi – Nizaminin tərcümeyi-halına həsr edilmiş fəsildə gəncəli olan həmin şair haqqında ayrıca bəhs edəcəyik. Onun Azərbaycan atabəyi Qızıl Arslana həsr etdiyi süni (qəsideyi-məsnui) qəsidəsini səriştəli söz ustaları arasında qeyri-adi sənət əsəri kimi təqdir edənlər də vardır.
6. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycanlı atabəyləri zamanında saraya mənsub olan Məhəmməd Cahan Pəhləvan ilə Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı:

Divani-Zəhiri-Faryabi Dər Kəbə bedozd əgər beyabi.

beytindən göründüyü kimi, klassiklər tərəfindən çox bəyənilmiş və məşhur olmuşdur. Onun Qızıl Arslana yazdığı qəsidədən bir beytini şahid gətirmək olar. Həmin beytin məzmunu və təşbihi yüksək sənət sahibi olduğuna gözəl bir nümunədir.[3]
7. Əsirəddin Əxsikəti – Həmin şair də Türküstandan Atabəylər sarayına gəlmiş, Azərbaycanda yaşamış və o zamanın məşhur şairlərindən olub, himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır. [4]
8. Seyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir.
9. Yusif Füzuli; 10. Şafur ibn Məhəmməd; 11. Fərrux Şirvani; 12. “Nizam ət-təvarix” kitabının müəllifi Qazi Beyzavi; 13. Kəmaləddin Naxçıvani; 14. Seyid İzzəddin Ələvi və başqaları o zamankı ədəbiyyat göylərində parlayan şer sənətinin inci sapına düzülmüş ulduzlardandırlar. O dövrün parlaq şairlərindən Məhsəti xanımı da bu işıqlı sənətkarlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsində böyüməsi və yetişməsinə baxmayaraq, öz zəka və istedadı sayəsində zəmanəsininən yüksək təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti, söhbət əsnasındakı hazırcavablığı onu Sultan Səncərin məclislərinə gətirib çıxarmışdır. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmi ilə məşhurdur.
Ölkənin ümumi vəziyyəti və mədəni durumu həmin fəaliyyət ilə ahəngdar idi. Mənuçehr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə Sultan Mahmud dövründəki Qəznəni andırırdı.[5]
Möhtəşəm ticarət mərkəzi olan Şirvan (Şamaxı) memarlıq abidələri, bağ və bağçıları ilə məşhur idi.
Gəncəyə qayıdaraq qeyd etmək lazımdır ki, Aranın keçmiş paytaxtı Bərdənin [6] dastanlar mənbəyi və mövzusu olan sərvət və var-dövlətinin varisi olan həmin şəhər o zamanın ən şöhrətli mərkəzlərindən biri idi. İstəxrinin verdiyi məlumata görə 1139-cu ildə baş vermiş zəlzələdə 300000-ə qədər əhali həlak olmuşdu. Bunu nəzərə alanda qədim Gəncənin nə qədər böyük mərkəz olduğu aydın olur.
Həmdullah Qəzvininin verdiyi xəbərə görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. Ibn əl-Əsir isə (XI əsrin tarixçisi) həmin yeri “Aran şəhərlərinin anası” adlandırmışdır. O dövrdəki Gəncənin sadəcə olaraq böyüklüyü və abadlığı haqqında deyil, etnik vəziyyəti haqqında da geniş məlumatımız var. 1170-ci illərdə Gəncənin bir böyük türklər (türkmən) şəhəri adlandırıldığını İbn Əzrəq öz əsərində qeyd etmişdir.[7]
Məşhur tarixçi Nəsəvi də həmin tarixdə Arran ilə Muğanda “türklərin (azərbaycanlıların) qarışqa kimi çox olduqlarını” yazmaqdadır.
Azərbaycanın XI əsrdə türkləşmiş (azərbaycanlılaşmış) olması o dövrün ədəbi abidələrində də sabit şəkildə göstərilmişdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib dolaşdıqları başlıca sahə Azərbaycandır; bu dastandakı əlamət və realilər Azərbaycan əlamət və realiləridir; dastanlarda işlənmiş ləhcə də azəri türkcəsidir. Oğuz boylarının X və XI əsrlərdə Azərbaycana gəlmələri ilə bağlı olan bu dastanların XII yüzillikdə Azərbaycan xalqına məlum olduğuna inanıla bilir.
Nizami mənzumələrində Dədə Qorqud dastanlarındakı motivlərdən bəzilərinə rastlaşdığımız dediklərimizin həqiqətə uyğun olduğunu göstərir.[8]
Nizaminin əsərlərini yazdığı fars dilinə daxil olmuş türk sözləri haqqında öz yerində təfsilatı ilə bəhs edəcəyik. Lakin yalnız Nizami deyil, onun Xaqani kimi müasirlərinin mənzumələrində də türk sözləri çoxdur. [9] Adi şairlər deyil, hətta öz nəsillərini qədim İran şahları Kəyanilər sülaləsinə bağlayan Şirvanşahların saray və ailələri içərisinə də türk dilinin daxil olduğunu açıq-aydın görürük.
Xaqani mərsiyyələrinin birində Şirvanşahın qızı Alçiçək adlı bir şahzadəyə ağı demişdir. Qızına türk adı qoyan bir hökmdarın sarayında türkcə danışıldığı əsaslı surətdə fərz edilə bilər. Gəncə böyüklüyü ilə bərabər bir sərvətə malik imiş; 1221-ci ildə gəncəlilər verdikləri qızıllar hesabına şəhəri monqolların talanından xilas etmişlər. [10]
Gəncə gözəl sənət əsərləri ilə məşhurdur. Hal-hazırda indiki Gürcüstanın Kutaisi vilayətinin Gelati monastırında saxlanan və yüksək sənət əsəri olan Dəmir-qapı XII əsrin birinci yarısında zəlzələ zamanı (30 sentyabr 1139; – red.) gürcü kralı Demetre tərəfindən xarabazara çevrilmiş Gəncədən qəsb edilib Gürcüstana aparılmışdır.[11]
Bu qısa qeydlərdən sonra Şirvanşahlarla Pəhləvanilər (Atabəylər) dövrü XII əsrdə Azərbaycanın qabaqcıl bir ədəbiyyat mərkəzi olduğu aydın olur; yıxıb dağıdan zəlzələlər, yandırıb yaxan müharibələrə baxmayaraq, az da olsa, Təbrizdə, Bakıda, Naxçıvanda və başqa yerlərdə indiyə qədər ucalan memarlıq abidələri öz mötəbər şahidlikləri ilə ölkənin o zamankı əzəmətini təsdiq edir.
XII əsrdə yalnız Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində yaşamışdır. Bu baxımdan Gürcüstan krallığı da tarixinin parlaq bir çağını – kraliça Tamar ilə şair Rustavellinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan və Azərbaycan arasında geniş surətdə bir dostluq və səmimiyyət var idi. Bu yaxşı münasibət xüsusilə Şirvan şahları və Gürcü kralları arasındakı qohumluq əlaqəsi ilə qüvvətlənmişdi.
Şirvanşah Axsitanın anası gürcü kralı IV Davidin qızı idi. Gürcü salnaməçilərinin dediklərinə görə Axsitanın ruslar əleyhinə qazandığı zəfərdə gürcülər bir müttəfiq sifəti ilə iştirak etmiş və həmin qələbənin şəriki olmuşlar.
Iki ölkə arasında mədəniyyət sahəsində daha çox və böyük əlaqələr var idi. Yaxın Şərq mədəniyyəti təsiri altında olan Gürcüstan sarayında şairlərə göstərilən himayə Azərbaycanda mövcud olan ənənə və dəbə təqliddən irəli gəlirdi. [12] Tiflisdə kral David tərəfindən müsəlman şair və sufiləri üçün bir mədrəsə tikilmişdi. Tamarın özü şəxsən o zamankı Azərbaycanda himayə edilib yaranılan ədəbiyyatın xüsusi təsiri altında idi. [13]
Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Şərq mədəniyyəti ilə möhkəm əlaqələr və çarpaz düyünlərlə bağlı olub, Azərbaycanlı müasirlərindən və şəxsən Nizamidən ilham almışdır. [14] Qafqaz Qərb və Şərq mədəniyyətinin qarşılaşdığı bir keçid idi. XII yüzillikdə bu keçid hər iki mədəniyyətin qarşılıqlı təsirini bilavasitə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli məzmun və ideyalarını demək olar ki, bütünlüklə Şərqdən alaraq, xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu haqda bir çox rəvayətlər vardır. Fanatik keşiş və din xadimləri Şota Rustavelinin əsərləri “xristianlığa ziddir” deyə onu xristianlıq və kilsədən rədd etmişlər. [15] Halbuki Şirvanlı Xaqani ərəb və farsca yazmağına baxmayaraq, öz şerlərində xristian ideallarına və terminlərinə bolluca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz, dövrünün ən böyük nümayəndəsi olan Nizamidə də görürük.

_______

  1. Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya,
    Zəban monadi-ye in qouhər-o-zəmane bəha.
    Beçun məni ke əz əqran-e xod səbəq bordəm
    Ke əhl-e Gəncə təfaxor kanənd həst rəva.

  2. C h a n i R o f f – Memoire sur l’Chagani. Paris. 1864
  3. An tork-e sorxcame sərvar-e səmənd şad
    Yaran həzər konid ke atəş bolənd şad.

  4. Bu beytlər onundur:

    Anəm ke bər emruz bərəd rəşk diyəm,
    Canəm xordəm, tənəm nədanəm ke kiyəm

    Çun porsidi, ba to bequyəm ke, kiyəm,
    Ostade-soxən, Əsire-Axsikətiyəm.

  5. Bu müqayisə və bənzətmənin qiymətini düzgün ölçə bilmək üçün qeyd etmək lazımdır ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında bizim zəmanəmizə yad olan bir xüsusi müəssisə var idi: şer nazirliyi. Məlik-əş-şüəra ləqəbini daşıyan baş şairin nəzarəti altında sarayda 400-dən çox adları dəftərxanada qeydə alınmış şair fəaliyyət göstərirdi. Baş şairin imtahanından keçərək diplom almayan heç bir şair özü ən böyük şairlərdən sayılan Sultan Mahmudun hüzuruna çıxa bilməzdi. Iran ədəbiyyatının məşhur simalarından olan Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şer naziri idi.
  6. X əsr tarixçisi Məsudi Bərdədən bəhs edərkən onu “Aranın Bağdadı” adlandırmışdı. Həmin əsərin müəllifi İbn Hoyqəl də “Rey ilə İsfahandan sonra Bərdədən daha böyük varlı və gözəl bir məmləkət yoxdur” – deyə, Bərdəni tərif etmişdir.
  7. Bu müəllifin əsərinin Xəlil Mükrimin xüsusi kitabxanasında mühafizə edildiyini Z.V.Toğan “İslam ensiklopediyası”ndakı “Azərbaycan” məqaləsində qeyd etmişdir.
  8. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1936 c.1, s. 39
  9. Ku şəh-toğane-cud ke mən bəhre-ətməgi
    Pişəş zəban be qoftən-e “sən, sən” dər avərəm.

  10. Gəncənin zənginliyi Azərbaycanın ümumi zənginliyi ilə bağlı idi. Z.V.Toğanın islam qaynaqları əsasında apardığı tədqiqə görə, ərəblər dövründə 20000 kq gümüş vergisi verən Azərbaycanın Səlcuqların hakimiyyəti ərəfəsindəki vergisi 27000 kq, Elxanilər dövründə isə 59000 kq gümüş olmuşdur.
  11. F r a h n – Mem de l’Académie. VI série. Sciences. Politiques. t. III. S 531-532.
  12. “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, К.S.Кekelidzenin məqaləsi, s.134.
  13. “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, Pavel İnkorokvanın məqaləsi.
  14. Yenə orada.
  15. “Şota Rustaveli i ego vremya”. Moskva, 1937, Pavel İnkorokvanın məqaləsi.