Azərbaycan şairi Nizami/Türk hakimiyyəti altında fars ədəbiyyatı

Şərq İslam mədəniyyətində Azərbaycanın rolu Azərbaycan şairi Nizami. Türk hakimiyyəti altında fars ədəbiyyatı
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan XII əsrdə


XVII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.
Islam Şərqində də biz, bu hadisənin bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. Iranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.
“Encyclopedie de l’İslam”da, İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikri əsas tutaraq belə ümumiləşdirmə vermişdir:
“Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün, XVIII əsr Avropasındakı fransızca kimi, yüksək hakim sinfi dili olmuşdur. Buna görə, yeni İran ədəbiyyatını, sözün geniş mənası ilə, yalnız fars ədəbiyyatı kimi götürmək düzgün olmaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır”.
Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından geniş miqyasda faydalanmışdır.
Fars ədəbiyyatı, yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda, türk şairləri tərəfindən də yaradılmışdır.
Tarixin bizə qəribə görünən bu hadisəsi islam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir məsələdir.
Yaxın Şərqin ərəb fütühatı nəticəsində islamlaşdırılması və dolayısı ilə ərəbləşdirilməsi məlumdur. Bu vəziyyətə qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən olmuşdur. Halbuki yıxılan ərəb imperiyası yerinə, siyasi baxımdam farsların deyil, türklərin gəlməsi bir həqiqətdir.
Burada qarşıya bir sual çıxır: nə üçün min ildən bəri islam Şərqində hakimiyyət sürən sülalələr, çox kiçik və əhəmiyyətsiz istisnalarla, həmin türklərdən olduğu halda, klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?..
İslamdan sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi, “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır.
Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə məşhur olan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdır.[1]
Dünyaca məşhur rübailərin müəllifi Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidəsinin ən məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşdur.
Səlcuqilərdə və onların ardınca gələn atabəyliklərdə olduğu kimi, Çingizilərdə, Xarəzmşahlarda, Teymurilərdə də fars dili idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazmışlar.[2]
Ədəbiyyatdan başqa, rəssamlıq sahəsində də İrana beynəlxalq şöhrəti təmin edən türk sülalələridir. Iran miniatürçülüyünün ən parlaq dövrü Teymurilərlə Şeybanilər zamanına təsadüf edir. Iran adına bağlanan bu sənət əslində Mavəraənnəhr ilə Xorasanda inkişaf etmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.
Səfəvilər dövründə İsfahanın məşhur binalarını bəzəyən parlaq sənət Teymurilər dövründəki rəssamlığın bir davamı olmuşdur.[3]
Təbrizdəki Göy məscidin bəzədilməsindəki üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir.[4]
Bağdad xəlifələrini dini bir simvol halına salaraq siyasi qüdrəti öz əllərinə alan türk sultanlarının idarə işlərində ərəb dilindən savayı bir dildən istifadə etmələrini başa düşmək olur; lakin bu dil nə üçün türk dili deyil, fars dili olmuşdur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Şərqdə səltənətlər quran türklər köçəri idilər. Köçərilərin məskən saldıqları məmləkətlərdə yerli mədəniyyətə uyuşmaları isə adi bir şeydir. Necə ki, eyni hadisə, Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görünmüşdür. Eyni amil Əməvilər zamanında Şamda, onlardan sonra xilafət mərkəzini, qədim İran mədəniyyətinin ocağı olan bir sahədə yerləşən Bağdada köçürən Abbasilər zamanında İraqda ərəblər üzərinə də təsir göstərmişdir: İslam cəmiyyət və idarəsi çöllükdən çıxaraq şəhərləşdikcə, əski mədəniyyətə bağlı ünsürlərlə yunan və İran təsisatlarının təsirinə məruz qalaraq inkişaf etmişdir.
Min ildən bəri islam Şərqindəki siyasi hakimiyyət, ümumən, türklərə məxsus olmaqla yanaşı, bu hakimiyyətdəki sabitlik, Türküstan çöllərindən ara-sıra gələn axınlar nəticəsində zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqabət aparan qüvvə və sülalələrin mübarizə səhnəsinə çevrilmişdir.
Biri digərini əvəz edərək bu yerlərdə səltənət quran türk sülalələri, ümumiyyətlə, köçəri tayfa başçıları tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qədim İran imperiyasının hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın qədim mədəni ənənələrinin təsirini daşıyırdı. Bu ənənələrlə üz-üzə gələn köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üçün yerli məmurların bilik və təcrübəsinə möhtac idilər. Bu yerli elita isə feodal (dehqan) qəsrlərində qorunan fars dili və mədəniyyəti ilə təmasda idilər.
Inzibati və siyasi mülahizələrlə yerli məmurlara arxalanan türk hökmdarları, Abbasilərdə olduğu kimi, yalnız yerli mədəniyyətin ictimai və daha çox siyasi təsisatlarının təsirinə düşməklə qalmırlar. Bunlar, eyni zamanda, özlərinə ərəbcədən daha asan gələn fars dilini də qəbul edib, onu rəsmi və ədəbi həyatda mühüm bir mərtəbəyə qaldırırlar. Əslində bu türklər İslamiyyəti və İslam mədəniyyətini daha çox Xorasandakı müsəlmanlaşmış fars elementlərinin və Mavəraənnəhrdə yerləşmiş İran mədəniyyətinin təsiri və müşayiəti ilə qəbul edirdilər.[5]
Bağdad xəlifəsinin siyasi qüdrəti öz əlində saxladığı dövrlərdə İran təsiri fars dilini dinin və Quranın dili olan ərəb dilinin yerinə keçirəcək qədər irəliləmək imkanı toplamışdı. Siyasət etibarı ilə, ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları isə, çox təbii olaraq, arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər, işlətdikləri ədəbi dili (fars dilini) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar.
Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər.
Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və hərbi birləşmə həyatından çıxıb şəhərliləşdikdən sonra türk çadırı ilə obalarında yaşayan milli mədəniyyət kimi türk dilinin də saraylar və divanlarda yaşadılması barədə fikirləşilir.
Islamiyyətin amansız düşməni kimi çıxış edən monqollar, ilk dövrlərdə, ərəbcə ilə yanaşı farscanı da qadağan edib, onun yerinə monqol və uyğur türk dilini qoyurlar. Elxanilərdən Qazan xanın dövründə monqollar İslamiyyəti qəbul etdikdə, fars dili yenidən işlənmək hüququ qazanırsa da, onunla yanaşı, türk dili də inkişaf edir və mövqeyini möhkəmləndirir.
Teymur fütuhatından sonra və Teymurilərin təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk ziyalıları ilə hakim siniflər arasında, farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatına qayğı göstərməyə bir ehtiyac yaranır.
Şirəsini, köklərini türk xalqları içərisində yaşayan milli təsisatlardan alan və digər ictimai amillərlə də güclənən bu ehtiyacın getdikcə əhəmiyyət kəsb edən təkamülü nəticəsində, nəhayət, şərqdə Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvayinin məclislərində, qərbdə isə Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının (ilk dövrlərdə) [6] saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur. Cığatay türkcəsi ilə azəri türkcəsinin inkişafı XVI əsrdən sonra bir sıra siyasi dəyişikliklər üzündən, nisbətən yavaşıdığı halda, Anadoluda qurulmuş böyük imperiyada Osmanlı türkcəsi təbii təkamülü ilə irəliləmiş və bütün qüvvəti ilə çiçəklənərək nəhəng bir ədəbiyyat meydana gətirmişdir.
Yeni müsəlman İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında meydana gəlməsi, bizi maraqlandıran dövrlərə aid ədəbi sənəd və abidələrin səthi araşdırılması ilə də nəzərə çarpır. Klassik İran ədəbiyyatının əsas əsərləri bu və ya digər türk xaqan və sultanına ithaf edilmişdir. Bundan başqa, türklərə məxsus keyfiyyətlər fars ədəbiyyatının məcazi ifadələrində çox mühüm bir yer tutur. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi bir ifadə kimi işlənmişdir.
Öz aralarında bitməz-tükənməz rəqabətlər üzündən daim çarpışan köçəri sülalələrinin bir-birini əvəz edən hakimiyyətləri nəticəsində müsəlman Şərqinin həyatı, müəyyən tarixi dövrlərdə, qanlı hadisələr və böyük siyasi dəyişikliklər içərisində keçmişdir. Bu səbəbdən bizi maraqlandıran coğrafi ərazi üzərinə təsir göstərən mədəni mərkəzlər də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə əlaqədar olaraq, Şərq islam mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII əsrdə Azərbaycana keçmişdir.

_______

  1. Bə dour-e kərəm bəxşeş e-nik did,
    Ze Məhmud-e keşvərsetan Onsori
    Be dəh beyt səd bədre-do-bərde yaft
    Ze yek fəth-e Hendustan Onsori.
    Şənidem ke əz noğre zəd digdan
    Ze zər saxt alat-e xan Onsori.

    Mənası:

    Verim çağında kərəmlər gördü
    Sultan Mahmudu anan Ünsüri;
    On beytə qarşı yüz bəxşiş aldı
    Hindistan fəthini yazan Ünsüri;
    Süfrəsində vardı qızıl qaşıqlar
    Mətbəxində gümüş qazan Ünsüri – Xaqani

  2. Farsca yazmış türk şairlərindən bəzilərinin adlarını bu yazıda qeyd etdik. Farsca şer yazan türk hökmdarlarından da tarixdə mühüm nümayəndələri vardır. Adları və ləqəblərində belə qədim İran ənənələrini təqlid edən səlcuq hökmdarları arasında belələri çoxdur. Osmanlı sultanlarından da farsca şer yazanlar olmuşdur. Məsələn, Sultan Səlim Yavuzun farsca yazılmış iri bir divanı vardır. Bu divan 1904-cü ildə kayzer II Vilhelmin göstərişi ilə prof. Paul Horn tərəfindən Berlində, Dövlət nəşriyyatında nəfis şəkildə çap olunaraq, Sultan Əbdülhəmidə hədiyyə göndərmişdir. Mərhum Ziya Paşa məşhur “Xərabat”ında Yavuzun farsca şairliyini bu beytlərdə qeyd edir:

    Etmiş o şəhənşəhi-müzəffər,
    Mülki-süxəni dəxi müsəxxər.

    Əksər sözü farisidir anın,
    Məqbulü müsəlləmi cahanın.

    Yox Rum aranır isə sərasər,
    Ol şivədə farisi demiş ər.

    Olmaqla şəhi-cahani-məna
    Divanı durur cahanda hala.

  3. R e n e G r o u s s e t. Les civilisations de l’orient. Səh. 325
  4. R e n e G r o u s s e t. Les civilisations de l’orient. Səh. 288
  5. Z.V.T o ğ a n. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi; M.F.Köprülü. Türk ədəbiyyatında ilk mütəsəvviflər. İstanbul, 1919. s. 25.
  6. Səfəvi sülaləsinin banisi Şah İsmayılın “Xətai” təxəllüsü ilə şerlər yazması bəllidir. Türkcə dini şerlərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət “Divan”ı vardır. Xətai azəri türk ədəbiyyatının sütunlarından sayılır. Şahın sarayı azəri türk ədəbiyyatının bir növ akademiyası idi; xidmətindəki şairlərdən Tüfeyli şerlərindən birində ona “türki-tacdar” deyə müraciət edir. Füzuli “Bəngü badə”sini ona ithaf etmişdir. Sultan Səlim ilə Şah İsmayıl arasındakı məktublaşmalar, yazıldıqları dil baxımından diqqətəlayiqdir; Osmanlı məktubları farsca ikən, İran məktubları türkcə yazılmışdır.