Azərbaycan şairi Nizami/Nizamidə Qafqaz

Nizamidə türklük Azərbaycan şairi Nizami. Nizamidə Qafqaz
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizaminin ruslar haqqında təsəvvürü


Qafqaz döyüşündə rus sərkərdəsi
Qıntalın əsgərlərinə müraciətindən:

Udarıqsa bu döyüşü əgər,
Bu dəfəki zəfər cahana dəyər.

Alarıq ərzi iqtidarımıza
Qoyarıq taci-şahı başımıza.

N i z a m i

Azərbaycanlı Nizami əsərlərini farsca yazmış olduğu halda, ondan yarım əsr sonra dünyaya gəlmiş “Pələng dərisi geymiş pəhləvan” dastanının müəllifi, gürcü Şota Rustavelidən daha artıq qafqazlıdır. Şərq İslam mədəniyyətilə İran ədəbiyyatının və xüsusən Nizaminin təsirinə məruz qalması alimlər tərəfindən qeyd olunan [1] bu böyük gürcü şairinin ölməz əsərində dildən başqa hər şey yaddır: mövzusu bir hind dastanlarından alınmışdır; şəxs adları və hadisələrin baş verdiyi yerlər də yaddır. Təkcə Gürcüstan deyil, bütün Qafqaz şəraitilə mənzumənin açıq bir bağlılığı yoxdur. Halbuki, dil baxımından millilikdə Rustavelidən geri qalan Nizami, mövzuları nəzərdən keçirilərsə, ondan daha milli, daha yerlidir. Bu baxımdan Qafqaz Nizaminin yaradıcılığında çox mühüm bir yer tutur.
Nizamidə Qafqazın yalnız coğrafi bir məfhum deyil, geopolitik baxımdan – bütün etnik, ictimai və siyasi ünsürlər ilə bir mövzu olaraq da inikası vardır.
Şairin ilk lirik əsəri olan və Nizami adını dünyaya tanıdan “Xosrov və Şirin” mənzuməsindəki hadisələrin mühüm bir qismi Ermənistanda, Azərbaycanda və Muğanda baş verir. Şirin bir erməni şahzadəsidir – qış sarayı Arranın mərkəzi Bərdədə yerləşən hökmdar Şemiraminin vəliəhdidir. Könlünü Şirinə vermiş Sasani şahzadəsi gənc və gözəl Xosrov “eşq həyatının ilk baharını” Muğanın ilıq havasında və Bərdənin mülayim qış gecələrində keçirir. Burada insanlar gözəl, azad və xoşbəxtdirlər. Qadınlar-qızlar kişilər kimi sərbəstdirlər: at minir, ova çıxır, yarışlarda iştirak edirlər. Şah Şemiraminin və ondan sonra xüsusən Şirinin idarə üsulu, Nizaminin təxəyyülü ilə ən ədalətli və humanist bir idarə kimi təsvir olunur.
Azərbaycan şairinin yaradıcılığında Qafqazın tutduğu mühüm yeri xüsusən “İskəndərnamə” əsərində görmək olar. Tarixi həqiqət olmasa da, Nizami idealizə etdiyi Makedoniyalı İskəndəri iki dəfə Qafqaza gətirmişdir. Birinci gəlişin tarixçəsi belədir:
Daranın məğlubiyyətindən sonra İran taxtına çıxan İskəndərin yanına Azərbaycandakı sərkərdənin göndərdiyi bir nəfər gəlir. Bu adam Ermənistanda atəşpərəstliyin hələ də davam etməsi xəbərini gətirir və təfsilatı danışaraq deyir: “Atəşpərəstlikdə qalmış ermənilər başqa bir padşaha tabe olurlar. Ermənilərin hakimləri Abxaziya (Nizamidə “Abxaz”) çarı Duvaliyə tərəfdardırlar – qədəhlərini onun sağlığına qaldırırlar, məmləkət xəracını ona ödəyirlər”. Bu təfsilatdan sonra azərbaycanlılar İskəndəri ayıq saxlamaq üçün bunu da əlavə edirlər: “qarşısı alınmazsa, tezliklə Azərbaycanı da bürüyər”.
Bu xəbəri alan İskəndər dərhal Ermənistan üzərinə yeriyir. Bu hücumla məmləkəti alır, atəşpərəstlikdən orada bir əsər qoymur. Bundan sonra Abxaziyaya (Gürcüstan) basqın edir. Hadisədən xəbər tutan Duvali çarəni müqavimət göstərməkdə deyil, padşahın istiqbalına çıxmaqda görür. Iskəndər möhtərəm bir qonaq kimi Abxaziyada çox yaxşı qarşılanır. Bir müddət burada qalır. Nizaminin nəql etdiyi rəvayətə görə, Tiflis şəhərini tikdirir.[2] Burada ikən İskəndər Bərdənin şöhrətini eşidir. Iskəndərin marağına səbəb olmuş bu “tərifi” Nizami bizə də təqdim edir. Bu təsvirə görə, Bərdə və onun ətrafının qışda cənnəti andıran bir mənzərəsi varmış: iyulda çəmənlər çiçəklərlə örtülümüş; qışın da bahar yeli kimi ilıq havası varmış, yaşıllıqlarla bürünmüş yer, İrəm bağında olduğu kimi, müşk qoxuyarmış; qızıl və sudan yoğrulmuş kimi, torpağı zəfəran əkinini xatırladarmış; Kür çayı da burdan keçirmiş. Bu yaşıl diyarda yaşayan insanlarda könül xoşluğundan başqa bir şey yoxmuş; hamısı şən və xoşbəxtmişlər.
Bu “cənnət diyarın” sahibi Nüşabə adlı bir qadındır. Həyatını eyş-işrətlə keçirən bu qadın ağıl və tədbirilə tanınırmış.
Hökmdar Nüşabənin hökm sürdüyü Bərdə, qadınlar tərəfindən idarə olunan bir “şəhri-zənan” imiş. Hökmdarın hüzurunda min bakirə qız xidmət edirmiş; qadın süvarilərdən təşkil olunmuş qoruyucu alaydan başqa, otuz min əli qılınclı kişi əsgərləri varmış.
Nüşabə qadınlardan başqa heç kəsi yanına buraxmaz, kişilərə ehtiyac duymazmış. Sarayında “kədxuda”lardan geri qalmayan “kədbanu”ları varmış.
Iskəndər ordusu ilə gəlib Bərdənin yaxınlığında düşərgə salır. Getdiyi hər yerdə yerli hökmdarlar tərəfindən qarşılanıb, əlinin öpülməsinə və itaət bildirilməsinə alışmış imperator, qadın padşahın onu qarşılamamasından heyrətə düşür. Nüşabə İskəndəri əsla qarşılamır, yalnız ordusu üçün ərzaq göndərməklə kifayətlənir.
Bərdənin abadlığı, ədalətlə idarə olunduğu, əhalisinin rifah və əmniyyət içərisində yaşadığı, məmləkətdəki bolluq və gözəllik haqqında danışılan rəvayətləri eşitmiş İskəndər, bir də Nüşabənin ona qarşı göstərdiyi laqeydliyi gördükdə, bu “gözəllik diyarı”nı öz gözləri ilə görmək, öyrənib eşitdiklərini yoxlamaq qərarına gəlir: bir elçi sifətilə özü Nüşabənin sarayına yollanır. [3] Sarayda İskəndəri qeyri-adi təntənə ilə qarşılayırlar. Dilbər saray gözəlləri min bir izzət və ehtiramla “elçi”ni qəbul salonuna aparırlar. Nəhayət, Nüşabə onu qəbul edir.
“Elçi” ilə hökmdar arasında baş verən görüş səhnəsi gözlənilməzliklərlə dolu, son dərəcə həyəcanlı və maraqlıdır. Hər şeydən əvvəl, hökmdar qonağının hiyləsini alt-üst edir: onun bir “elçi” deyil, İskəndərin özü olduğunu üzünə vurur. Iskəndər isə bunu inkar etməyə başlayır.
Bu barədə dialoq aşağıdakı şəkildə verilir:
İ s k ə n d ə r: (elçi sifətilə) – Böyük hökmdarım salam göndərir və deyir, nə oldu ki, kraliça bizi qarşılamağa gəlmədi? Nə haqsızlıq gördü ki, düşmənimiz kəsildi? Qılıncının daha kəskinliyinəmi, yoxsa oxunun daha itiliyinəmi güvəndi?..
N ü ş a b ə: İskəndərin qılıncından nə danışırsan? Sən öz başına çarə qıl ki, özün İskəndərsən. Pusqunu mənə qurdun, amma özün yaxalandın. Təcrübəli davran, xam olma!
E l ç i (İskəndər) – İskəndər bir dəryadır, mənsə bir çay; kölgəyə günəş deyə xitab etmə!
N ü ş a b ə: Şöhrətin böyük, adın böyükdür! Aslanı canavar dərisində gizlətmə!
E l ç i (İskəndər) – Sənin gözündə böyüyəmsə də, əmin ol, İskəndər deyiləm, yalnız onun elçisiyəm. Bir elçi kimi cəsarətim çox görünməsin: tülkünün yox, aslanın yanından gəlmişəm.
Nüşabə, xidmətçi qızlardan birinə padşahın şəkilləri olan ipək kolleksiyanı gətirməyi əmr edir. Gətirirlər. Kolleksiyanın bir guşəsini açır və İskəndərə: “bax!” – deyir.
Iskəndər, Nüşabənin göstərdiyi guşəni açaraq öz şəklini görür; yaxalandığını başa düşür, fikrə dalır.
N ü ş a b ə: Narahat olma, məni də yad bilmə, özünə düşmən sayma! Zati-alini təqdir edənlərdənəm. Harda olur-olsun, qulluğa hazıram, nəqşini (şəklini – red.) sənə göstərməyim, vurduğum nəqşin (naxışın – red.) tutduğunu göstərmək üçündür; təsəvvür etdiyim bütün naxışlardan könlümə yatanı ancaq səninkidir. Tanrı sağlıq versin. Doğruluğuma özün şahid olacaqsan!
Daha bir çox maraqlı məqamlar və süni yeməklərdən ibarət süfrə kimi gözlənilməzliklərlə dolu olan bu görüş axırda iki tərəf arasında bir ittifaq bağlanması ilə nəticələnir. Nüşabə İskəndər və ordusunun şərəfinə böyük bir ziyafət verir.
Bundan sonra İskəndər Şirvan yolu ilə Dərbəndə gedir. Amma yola düşməzdən qabaq İskəndər bir müşavirə keçirir: bütün sərkərdələrini toplayaraq xalqlar arasında dostluq prinsipinə hörmətlə kraliça Nüşabənin sağlığına qədəh qaldırdıqdan sonra İskəndər bu sözləri deyir:
“Əvvəlcə buradan geri dönüb Ruma getmək niyyətində idim. Indi fikrimi dəyişdim: bütün dünyanı görmək və tutmaq qərarına gəldim!”
Şair, nəzərdə tutulan bu səfərin keçiləcək ilk mərhələsini də bizə göstərir: Bütün dünyanı ələ keçirməyi planlaşdırmış İskəndər “öncə Elbrus dağına yol tapıb bu dağı aşacaq, düzənliyə çıxacaq; daha sonra qoşununu dəniz sahilinə çəkərək, bir həftə ərzində burada balıq və quş ovlayacaq, sonra isə baxacaq: “ürəyi nə istəsə və zaman nə göstərsə, elə edəcəkdir”.
Bu qərardan sonra filosof Bəlisanın tövsiyyəsilə, döyüşçülər əllərindəki qiymətli şeyləri ümumi bir dəfinə olaraq yerə basdırıb, hər şeyin kimə mənsub olduğunu göstərən əlamətlər qoyaraq çıxıb gedirlər (rəvayətə görə, İskəndər ordusunun Ruma qayıtması başqa bir yoldan olmuş və dəfinə burada basdırılı qalmışdır).
Şirvandan keçərkən İskəndərə Dərbənd qalasında məskən salmış bir dəstə qarətçinin yolları kəsərək, karvanları soymaqlarından, bütün məmləkəti qorxuda saxlamaqlarından və əhalini talan etdiklərindən şikayət edirlər. İskəndər yüz min nəfərlik ordu ilə qalanı düz qırx gün mühasirə edirsə də, ala bilmir. Bu işdə düçar olduğu çətinliyi, İskəndər, adəti üzrə, tədbir və sehrlə həll etmək istəyir. Aldığı bir xəbərə əsasən, İskəndər o ətrafda mağarada yaşayan bir “piri-salehi” (“doğruçu qoca” – red.) görməyə gedir. Bu “pir”in duası sayəsində, nəhayət, Dərbənd qalası alınır.
Bu zaman Xəzranilər (“xəzraniyan”) İskəndərin yanına gələrək Qafqaz dağlarının o tərəfində yaşayan köçərilərin onlara hücum etdiklərindən və daim qırıb soyduqlarından şikayət edirlər. İskəndər, bir çarə olaraq, “Səddi-İskəndəri” kimi tanınan Dərbənd divarlarının tikilməsini onlara tövsiyyə edir. Imperatorun əmrilə xəzranilər toplanır, dağ keçidlərini dəmir, çınqıl və ya çaydaşından bir qarışıqla (bir növ, dəmir-beton) tuturlar, dar boğazda möhkəm bir sədd qururlar. Öz tərəfindən bu işə yardım üçün İskəndər “sədd çəkilməsini bilən ustalar və mühəndislər” göndərir.
Dərbənd səfəri və işləri bitdikdən sonra İskəndər İrana dönür. Daha sonra Hindistana səfər edir. Buradan da Çinə yollanır.
Iskəndər Çində ikən ruslar Qafqaza soxulurlar. Bərdəni talan edib Nüşabəni əsir alırlar.
Iskəndərin ordusu ilə bərabər Çində olan Abxaziya hakimi Duvali Qafqazdan qaçıb yanına gələn birisindən hadisəni eşidir. Hadisəni bütün çılpaqlığı ilə İskəndərə ərz edir. Bu məlumatında Duvali deyir ki: “Ruslar hücum edərkən Dərbənd ətrafına gəlmiş, gəmilərlə dənizə çıxmış, sahillərə çoxlu əsgər çıxarmışlar; köhnə kinləri təzələmiş, oraları yerlə yeksan edib əllərinə nə keçibsə götürmüşlər. Anbarlarda nə yeyəcək, nə də geyəcək bir şey qoymamışlar. Xəzinəni qarət etmişlər, tacdakı almazları qopartmışlar, taxtdakı ipəkləri cırmışlar; Bərdə mülkünü tutmuş, bolluq içində olan bu şəhəri tamamilə qarət etmişlər; gördüyünüz o gözəllərdən birisini də sağ buraxmamışlar; nəhayət, Nüşabəni də əsir alıb özlərilə bərabər aparmışlar!”. Vəziyyəti bu cür izah etdikdən sonra Duvali, İskəndərdən yardım diləyir və dediklərinə bunları da əlavə edir: “Görəcəksiniz, bir azdan Rum və Xorasana da tamah salacaqlar”.[4]
Faciədən xəbər tutan İskəndər qəzəb və hiddət içində bunları deyir:
“Bir yola düşüm, görərsiniz nə qədər rus başı əzəcəyəm. Dünyada nə rusdan, nə də ona uymuş Burtasdan bir əsər qoymayacağam. Bu intiqamı ruslardan almasam, mən İskəndər deyil, bir köpəyəm. Burtasın [5] ciyərini deşməsəm, ondan da, rusdan da betər bir məxluqam!”.
Beləcə qərar verən İskəndər Türküstan, Xarəzm və Qıpçaq çölü yolu ilə Qafqazın köməyinə tələsir. Qıntal adlı bir sərkərdənin başçılıq etdiyi rus ordusu ilə qarşılaşır. Rus ordusu, deyildiyi kimi, alanlarla da müttəfiq imiş.
Rus ordusu ilə Rum ordusunun qarşılaşması şair tərəfindən müfəssəl verilir. Bu təfsilata görə, ruslara Rum padşahının böyük bir ordu ilə gəldiyini xəbər verirlər; həmin xəbərə görə, Rum ordusu yel sürətilə gələn bir dağ kimi imiş; yürüşündən yer sarsılırmış. Bu orduda polad zirehlərə bürünmüş iki yüz fil varmış ki, “yerin qanını qaynadırlarmış”.
Rus ordusunun sərkərdəsi vəziyyəti belə görüb tədbir tökür: “yeddi rusdan” toplanmış bir qoşun yaradır; “Burtas, Alan və Xəzran”dan topladığı adamlardan da “bir dəniz və dağ” əmələ gətirir; burdan ta Qıpçaq çölünə qədər yer üzünü qılınclılar və dəmir geyimlər bürüyür. Sayılması mümkün olmayan bu ordunun yalnız cəbhə hissəsi 9000000-u aşırmış!...”
Qıntal öz ordusu qarşısında söylədiyi nitqdə kobud və döyüşkən rusların zərif rumlularla çinlilərə şübhəsiz qalib gələcəyini söyləyir.
Rum ordusu Qıntalın nitqində deyildiyi kimi, təkcə rumlu və çinlilərdən deyil, mərkəzi rumlulardan ibarət olmaqla bütün xalqlardan toplanmış, birləşmiş bir imperiya ordusu imiş.
Nizami döyüşə başlamazdan əvvəl İskəndərin topladığı hərbi şurada aşağıdakı görkəmli sərkərdələrin adlarını çəkir: bu müşavirədə Çindən – Qıdırxan, Xütəndən – Qurxan, Mədaindən – Rəis, Yəməndən – Vəlid, Abxaziyadan – Duvali, Reydən – Hindi, Kəyanilərdən – istəxrli Qubad, Mazəndarandan – gilanlı Zərivənd, Xavərandan – Pəşəng, İraqdan – Vəfur, Ermənistandan – Bəziyar varmış.
Bu siyahını verdikdən sonra, şair daha çox təfsilatla baş ağrıtmamaq üçün; “Yunan, Firəng, Misir, Şam və adı çəkilməyən bir çox məmləkətləri” qeyd etməklə kifayətlənir.
Iskəndər, “xalqlardan ibarət” bu yığıncaqda bir nitq söyləyir. Bu nitqində o, düşmənin qüvvət və cəsarətini qeyd etməklə bərabər, zəif cəhətlərini də göstərir. “Qüvvətləri cahilliklərindən irəli gələn rusların təbiətcə üstün gücünə silah və bilik sayəsində üstün gələcəyik” – deyir.
Silahdaşlarına ruh və ümid vermək üçün İskəndər öz nitqində siyasi bir momentə də işarə edir. Çox mühüm olan həmin momenti qeyd etməyə bilmərik.
Iskəndər rus ordusundan əsla qorxmadığını, “dağlardan axan sellərin müttəfiqlərə müsaid” olduğunu qeyd etməklə sözünü belə davam etdirir:
“Xəzər dağından [6] Çin dənizinə qədər bütün yerlər başdan-başa türklərlə doludur. Türklərin rumlarla yaxınlığı olmasa və rumlulara ruslardan da artıq kin bəsləsələr də, buradakı türklərin oxları ilə rusları məğlub etmək çox mümkündür”.[7]
Iki ordu arasında təfsil və təsviri sözün uzanmasına səbəb ola biləcək çox qanlı döyüşlər başlayır. Altı-yeddi dəfə, dastanlardakı pəhləvan mübarizələri şəklində, həyəcanlı və qəhrəmancasına döyüşlərdən sonra, İskəndərin özü tərəfindən məğlub edilən “silah batmaz, güc yetməz və adama bənzəməz rus divi”nin məharətlə atılmış bir kəmənd vasitəsilə sürüklənib yerə salınması ilə başlanan “cəng-məğlube” (“meydan müharibəsi”), “vəhşi rusların” qaçması, Qıntalın əsir düşməsi və Qafqazın istiladan qurtulması ilə başa çatır.
Mədəni dünya ordusu qalib gəlir. Bu qələbənin əhəmiyyətini Nizami, rus sərkərdəsi Qıntalın “bu yerləri ələ keçirsək, aləmi məğlub edər, dünyanı tutar, cahana hökmranlıq edər, daim hökmdar olarıq” mənasını verən aşağıdakı sözlərilə ifadə etmiş olur:

Gər in dəstgah-ra be dəst avərim,
Bər eqlim-e aləm şekəst avərim.

Cəhanra begirim, şahi konim
Həme sale sahib-kolahi konim.

Bu qələbə nəticəsində Nüşabə xilas olur və Abxaziya hakimi Duvali ilə birlikdə Bərdəyə qayıdır.
Hər bir siyasi və hərbi zəfərini bir könül zəfərilə xoşbəxtləndirən İskəndər, ruslar üzərindəki bu parlaq qələbəsini də, döyüş zamanı gözlənilməz bir şəkildə “rus divi”nə qarşı qəhrəmanlıq göstərmiş olan “çinli bir türk gözəli”nin vüsalı ilə zinətləndirir. [8]
“Iskəndərnamə”nin müqəddiməsində Nizami “hər qapıdan topladığı bir dürr” (inci) ilə “gəlin kimi bəzəkli” bir ev qurduğunu söyləyir. O, hər şeydən öncə, “divarların möhkəm olmasına” əhəmiyyət vermişdir. Tarixi mövzu təməli üzərində ədəbiyyat binası tikən şair “təqəddüm və təəxxür”də (anaxronizmdə) eyib görməmiş; “doğru məqsədə dolanbac yollarla getmək iqtidarında olduğundan” bu cəhətdən ona güzəşt edilməsini istəmişdir. “Çünki, – demişdir, – bəzəkli nəzm dilində çox da doğruluq aramazlar”.
Bu fikri bizim öyrəşdiyimiz müasir tərzdə söyləmiş olsaydı, Nizami, “ədəbiyyat riyaziyyat deyil, dəqiqlikdən çox, mübhəmlik və fantaziya tələb edir” – deyərdi.
Nizaminin “bəzək” dediyi şeyə XIX əsrin filosofu Spenser “duz” demirmi?!.. İnsanlar doğrunu dada gətirmək üçün ona, duz qədər olsa da, yalan qatırlar. Nizami bu “duz”un, öz təbirincə desək, “bəzəyin” meyarını da verir: “doğruya bənzəyən yalan”. Belə bir yalanı o, “yalana bənzəyən doğrudan” üstün tutur. Deməli, XII əsrin mənzum romançısı ədəbi yaradıcılığı eynilə əsrimizin mənsur romançıları kimi anlayır.
Kitabın sonunda üzərində daha ətraflı dayanacağımız Nizami sənətkarlığı mövzusu baxımından maraqlı olan bu müqəddimədən sonra şairin Qafqaz haqqında verdiyi məlumatların “bəzək və həqiqət” tərəflərini ayıra bilərik: Iskəndər Nizaminin idealizə etdiyi bir qəhrəmandır. Tarixçilər bu tarixi şəxsiyyətin Qafqaza gəlmədiyini söyləməkdə olsunlar; bu, Nizamini İskəndəri ədəbi bir surət olaraq, buralara gətirməkdən saxlaya bilməz. O, bu barədəki bütün müxtəlif rəvayətəri məmnuniyyətlə qəbul edir, çünki bu, şairə öz qəhrəmanlarının başını ürəkdən maraqlandığı rəvayət və hadisələrdən hörülmüş bir çələnglə “bəzəmək” imkanını verir.
Nizami məhəbbətin, qadınlığın, gözəlliyin, ədalət, rifah və sayıqlığın aşiqidir. Canı qədər sevdiyi yurdunun bu barədə olan tarixi və əfsanəvi bütün xatirələrini də sevir və sənətində bu sevgisinin inikasına həvəslə yer verir. Dünya folkloru, tarixi və ədəbiyyatından ona məlum olan hər hansı gözəlliyi də öz sənət süzgəcindən keçirərək, sevdiyi Qafqaza gətirmək Nizami “bəzəkçiliyinin” özünəməxsusluqlarından biridir.
Ermənistan və Bərdə hökmdarı olub, gözəl Şirini özünə vəliəhd təyin edən Məhinbanunun əsl adı, Nizamiyə görə, Şəmiradır. Bu adın Neynəvanın (Nineviyanın – red.) əfsanələrə çevrilmiş kraliçası Semiraminin adı ilə əlaqədə olduğu aşkardır. Şübhə yoxdur ki, xəyal ilə həqiqəti bir-birinə qatmaq üsulunu məharətlə tətbiq edən sənətkar, ona məlum olmuş Semirami əfsanəsindən ilhamlanmış və bundan sevdiyi yurdunun keçmişini bəzəmək üçün istifadə etmişdir.[9]
Qədim yunan mifologiyasında bir rəvayətə görə Amasyada, başqa bir rəvayətə görə Dağıstanda, indi “Qızlar”adını bir yerdə olduqları qəbul edilən amazonları, Nizami yurdunun tarixində bolluq, abadlıq və gözəlliyi ilə tanınmış Bərdədə yerləşdirmişdir. Nüşabənin təmsil etdiyi “qadınlar səltənəti” qədim amazonlar əfsanəsinə verilmiş “yeni bəzək”dən başqa bir sey deyildir.
Bərdədə, həqiqətdə də, bir “qadınlar səltənəti” olmuşdurmu məsələsi mübahisələr doğura bilər. Lakin Məsudinin “Arranın Bağdadı” və İbn Hövqəlin [10] “Rey və İsfahandan sonra, dünyanın ən böyük bərəkətli və gözəl yeri” – deyə tərif etdikləri abad Bərdənin ruslar tərəfindən talan edilməsi, əhalisinin qılıncdan keçirilməsi, gözəl qadınlarının əsir aparılması tarixi bir həqiqətdir. Bu qanlı həqiqəti, ərəb mənbələri kimi, erməni qaynaqları da qeyd edirlər.[11]
Yurdunu ürəkdən sevən ustad onun başına gələn faciələri, üstündən yüz illər keçsə də, qəlbən yaşayır, onun ən zəruri ehtiyac və qayğıları ilə maraqlanır, yurdunun bütün ağrılarını ədəbi qəhrəmanları ilə bərabər yaşayır və çarələrini onlara tapdırmaqla, öz vətəndaşlıq və insanlıq borcunu yerinə yetirmiş olurdu. Bunun üçündür ki, Nizami İskəndəri Qafqaza gətirir və burada öz sevdiklərilə dost etmiş, düşmən saydıqları ilə vuruşdurmuşdur. Gözəl kraliça Nüşabənin ruslar tərəfindən qaçırılması, bəlkə də müqəddəsliyə qəsd etmiş düşmənin zülmlərini göstərmək üçün fantaziyadan irəli gələn şairanə bir simvoldur. Fəqət biz bu simvolu bizə yaxın dövrdə, Xəzər sahillərini talan edən kazak basqınlarında da görürük. XVII əsr rus qarətçilərindən məşhur kazak Stenka Razinin oğurladığı “İran şahzadəsi” ilə olmuş macərası məşhurdur.
Dərbənd keçidi şimaldan cənuba doğru keçən təhlükələrin tarixdə daimi bir yolu olmuşdur. Qədim İran və ondan sonra ərəb xilafəti buradan keçib “Gülüstan” kimi tanınan Şirvana və daha aşağıda Arran, Muğan, İran Azərbaycanı (qədim Midiya), Ermənistan və Gürcüstana hücumlar edən “çöllülər” [12] və xəzərlərə qarşı mübarizə aparmalı olmuşdur. Məşhur Dərbənd divarları da bu müdafiə məqsədilə tikilmişdir. Tikilməsi Kəyanilərdən Ənuşirəvana aid edilən bu səddi ərəblər təmin edib möhkəmlətmişlər. Ərəblərlə xəzərlər arasında keçən döyüşlər məşhur “Dərbəndnamə”də təfsilatı ilə verilmişdir. [13] Nizaminin əsərində “bəzədilən” bu divarın “səddi-İskəndər” şəklinə düşdüyünü görürük.
Qədimlərdə alanlarla xəzərlərin etdiyi şimal hücumları, VIII və IX əsrlərdən etibarən ruslar tərəfindən edilməyə başlamışdır. Bərdənin “İskəndərnamə”də təsvir olunan faciəsi də bu dövrdə baş vermiş qanlı hadisələrin, İskəndər dövrünə qədər “təqəddüm” etdirilən bir “bəzəyi”dir; hətta bilavasitə Nizaminin zamanında baş verib, “Leyli və Məcnun”un ithaf olunduğu Şirvan şahı Axsitan tərəfindən dəf olunan rus təcavüzünün də, şübhəsiz, bu “bəzək”də mühüm rolu olmuşdur.
Nizamidə rus ordusunun “müttəfiqi” kimi, “Xəzər”lərdən və “burtas”lardan bəhs olunur. Bu qeydə biz, IX əsrdəki rus hücumundan bəhs edən ərəb tarixçisi Məsudidə olduğu kimi, şair Xaqanidə də rast gəlirik.[14]
Rus basqınçıları ilə müttəfiqləri – tarixin bütün dövrlərində Dərbənd keçidini aşaraq Qafqazı və bu tərəfini talan etmiş düşmənlərin bir dövrə sığışdırılmış və son rus vəhşilikləri ilə “bəzədilmiş” bir simvoludur. Bunun müqabilində İskəndərin başçılığı ilə rus təhlükəsinə qarşı duran müttəfiqlər ordusu – müxtəlif tarixi dövrlərdə Şimal təhlükəsinə qarşı durmuş və bu gün də mübarizə etməkdə olan xalqların timsalıdır. Şair qarşılaşan bu iki düşmən qüvvəni əsatir qaranlıqlarına bürünmüş İskəndər dövrü kimi uzaq bir dövrdə çarpışdırırsa da, çəkdiyi tablo və yürütdüyü mühakimələrlə təsvir etdiyi mübarizəni yalnız öz dövrü üçün deyil, bu gün üçün də aktual olan çox real fikirlərlə canlandırır. Şairin rus sərkərdəsinə dedirtdiyi Qafqaz səfərinin cahanşümul əhəmiyyəti və İskəndərin türk dünyası ilə Qafqaz məsələsi və rus təhlükəsi arasındakı münasibətə aid irəli sürdüyü hərbi və siyasi mülahizə, nəhayət, Qafqaza soxulan rusların bütün Yaxın Şərq üçün böyük bir təhlükə olması, bu gün də zehinləri məşğul edən əsas düşüncələrdən biri deyildirmi?!
Göründüyü kimi, əsas siyasi düşüncələri baxımından, Nizami yetişdiyi yurdun geopolitik vəziyyətindən irəli gələn daimi qayğıları başa düşmüşdür.
Şairin özündən 800 il sonrakı nəsillərə bu qədər canlı olaraq bağlayan şey, şübhəsiz, onun yetişdiyi mühitlə iliklərinə qədər bağlı olmasıdır.
Təşbeh və istiarələrində “ağ neft” ilə bu neftdəki alışqanlığa tez-tez müraciət edən bir sənətkarın, qəhrəmanlarına ziyafət verərkən onlara qırmızı şərab süzüb “qaraçay quzusu”nun eyni olan “Bulqar quzusu”[15] yedirdən bir hekayəsinin və ya gözəlin çənəsini “Şəki alması”na bənzədən bir şairin Azərbaycan və Qafqazla hissi, zövq və təbiətcə bağlılığına şübhə etmək olarmı?!

_____

  1. N.Marr yazır: “Müsəlman dünyası ilə təmasda olmadan Şota Rustavelinin romantik əsəri meydana gələ bilməzdi” – “İzvestiya”, № 66. Moskva, 17 mart. Bu mövzu barədə “Şota Rustaveli i yeqo vremya”, (Moskva, 1937) məqalələr məcmuəsinə bax.
  2. Çenin qoft ba pur-e dehqan-e pir,
    Ke Teflis əz u şad emarət-nəzir.
    (Qoca dehqanın oğluna belə dedi ki,
    Tiflis onun tərəfindən tikilib – red.)

  3. Bu hadisəyə Xaqani Şirvaninin qəsidələrindən birində də işarə edilmişdir. Amma burada kraliçanın adı “Qidafə” kimi qeyd olunmuşdur. Beyt belədir:

    Qidafə xandeəm ke zəni bud padşah,
    İskəndər amədəş be rəsuli soxən-qozar.

    (Qidafə dediyim padşah bir qadın idi,
    İskəndər elçiliyə onun yanına danışmağa gəlmişdi – red.)

    Fidrovsi də “Qidafə” adını işlədir.

  4. Xələl çun dər an mərz-o-bum avərənd,
    Təmə dər Xorasan-o-Rum avərənd.

  5. Burtasın ruslarla müttəfiqlik edən Alanların başçısı olması ehtimal edilir. İskəndərin ruslara qarşı səfərindən Nizamiyə əsaslanıb bəhs edən tədqiqatçılardan Şarmou, Erdman, Q.Yakob və başqaları “Qıntal”ın bəzi IX əsr ərəb mənbələrində rast gəlinən “Qınaz”dan törəmiş bir söz olduğunu təxmin edirlərsə də, rus şərqşünaslarından Minorski buna çox da inanmır (İslam ensiklopediyası).
  6. Xəzər dağından məqsəd Kaspi dağları da deyilən Qafqaz silsiləsidir.
  7. Zə kuh-e Xəzər ta be dərya-ye Çin
    Həme tork bər tork binəm zəmin.

    Əgərçe nəşod tork bər rum xiş
    Həm əz ruseşan kine ba rum biş.

    Ze peykan-e torkan-e in mərhəle
    Təvan rixt bər pa-ye rus abele.

    Türkcəsi:

    Xəzər dağından ta Çin dənizinə,
    Türklər yayılmış yerin üzünə.

    Gərçi onlar əqrabamız deyillər,
    Rusdan artıq həm Rumlara kinlilər.

    Türkün gücüylə biz fəqət gerçəkdən,
    Tam kəsərik rus ayağını bu yerdən.

    Buradakı Türk-Rum ixtilafı, yəqin ki, şairin yaşadığı dövrdən əvvəlki əsrdə səlcuqlarla bizanslar arasında baş vermiş müharibələrdən irəli gəlir.

  8. Çinli türk qızının macərası ətraflı şəkildə bu hissənin V fəslini təşkil edən “Nizaminin qadına münasibəti” fəslində veriləcəkdir.
  9. S e m i r a m i, başqa cür desək, Semiramis və ya Semiramida – Derxeto ilahəsinin qızıdır; göyərçinlər tərəfindən böyüdülmüş və tərbiyə edilmiş Semirami, əvvəlcə Suriya hökmdarı Onnun arvadı olmuş, sonra onu Assuriya padşahı Nin Onndan almışdır. Ikinci əri öldükdən sonra Semirami Nineviya taxtına çıxmışdır. Qədim müəlliflər Babil şəhərinin tikilməsini onunla bağlayırlar. Yalnız Assur-Babil abidələri deyil, İran abidələrini, hətta Misir ehramlarını da ona aid edirlər. Asma bağların və dağ yollarının salınması da, həmçinin, ona mənsub edilir. Semiraminin aşiqanə macəraları haqqında bir çox rəvayətlər və dastanlar vardır. Bütün bunların, yanlış olaraq, Assur-Babil mifologiyasındakı eşq ilahəsi İstarla qarışdırılması ehtimal edilməkdədir.
  10. Hər ikisi X əsr ərəb müəlliflərindəndir.
  11. XII əsrin sonlarına doğru Şirvanşah Axsitan Mənuçehr tərəfindən dəf edilib və saray şairi Xaqaninin bir qəsidəsində qeyd olunmuş hücumdan əvvəl də, müxtəlif çağlarda ruslar Azərbaycana və Xəzər sahillərinə qanlı basqınlar etmişlər. Məsudi, İbn Əl-Əsir və başqa ərəb tarixçilərinin və erməni tarixçisi Kaqankatvatsinin zaman-zaman baş vermiş bu hücumlar barədə məlumatları, toplu olaraq “Tarixdə Azərbaycan-rus münasibətləri” seriyasında verilmişdir (“Odlu yurd”, 1929-30-cu il məcmuəsi). Rusların bu tərəflərə hücumları 880-ci ildən başlayaraq, 909, 913, 943 və 968-ci illərdə təkrar olunmuşdur. Xüsusən 943-cü ildə Bərdənin tutulması və qarəti ilə baş verən hücumu erməni tarixçisi Kaqankatvatsi də qeyd etmiş və verdiyi təfsilatla amansız rusların qadınlarla uşaqları əsir götürdüklərini aydın şəkildə bildirmiş və beləliklə də müsəlman qaynaqlarındakı məlumatı təsdiq etmişdir.
  12. “Çöllülər”dən məqsəd, yəqin ki, qədim Qıpçaq vadisinin alan, peçeneq və s. kimi köçəriləridir.
  13. Azərbaycan türkcəsi ilə yazılmış bu kitab Mirzə Kazım bəy tərəfindən 1848-ci ildə Kazan universiteti mətbəəsində nəşr olunmuşdur.
  14. Məsudi göstərir ki, Azərbaycan və Xəzər sahillərini talan edən ruslar, onların keçməsinə şərait yaratdıqları üçün ələ keçirəcəkləri qənimətlərin yarısını xəzərlərə vəd etmişdilər. Amma bu vədinin əksinə olaraq, xəzər padşahı, müsəlman xəzərlərin qarətdən qayıdan ruslardan dindaşlarının intiqamını almalarına da mane olmamışdır. Eynilə, ruslar burtaslarla bulqarların da hücumuna məruz qalmışlar. Şirvanşah Əbul-Müzəffər Axsitana yazdığı qəsidədə, rus hücumuna işarə edən şair Xaqani da ruslarla xəzərlərin müttəfiq olduqlarını qeyd edir. Belə ki, şaha müraciətlə yazır:

    Sahebmərəzənd rus-o-xəzran
    Monker şode sahebəfsəranra.

    (Rus və xəzərlər xəstələniblər ki,
    Tac sahiblərini inkar edirlər – red.)

  15. Mahi-ye taze, morğ-e pərvari
    Bərre-ye şirməst-e bolğari
    (Təzə balıq, bəslənmiş quş
    Süddən məst olan bulğar quzusu – red.)

    “Bərre-ye şirməst-e bolğari”, “Qaraçay quzusu” Qafqaz restoranlarının kaxet şərabı ilə birgə verilən məşhur kababını təşkil etməkdədir. Bu Qaraçaydan məqsəd Şimali Qafqazda yerləşən bir türk elidir; onunla qonşu olan Balkar türklərilə bərabər yaşamaqdadır. Bununla aydın olur ki, zəmanəmizdə “qaraçaylı” deyə tanıdığımız quzu, Nizaminin dövründə “balkar” sifətilə anılırmış.