Azərbaycan şairi Nizami/Nizaminin ruslar haqqında təsəvvürü

Nizamidə Qafqaz Azərbaycan şairi Nizami. Nizaminin ruslar haqqında təsəvvürü
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Nizaminin qadına münasibəti

Duvalinin İskəndərə məlumatından:

Adamlıq gözləməz bir kimsə rusdan
Ki bənzər insana yalnız baxışdan!

N i z a m i

Xəzər dənizi sahillərinin, əvvəlki fəsildə verilən məlumatlardan göründüyü kimi, zaman-zaman rus quldurlarının talançı hücum və basqınlarına məruz qalması, bura əhalisində, şübhəsiz, qanlı xatirələr şəklində yaşamışdır. Nizamidə təsvir olunan Bərdənin qarəti və Nüşabənin əsir alınması ilə bağlı vəhşiliklərdə, xalq içərisində daim təzə qalan bu xatirələrin acı mənasını görməmək mümkün deyildir. Nizaminin dövründə bu acı xatirələrin yeni qüvvə ilə təzələnməsini ehtimal etmək də yerinə düşərdi. Məlum olduğu üzrə, o dövrdə, Şah Axsitanın zamanında şirvanlılar rus basqınçıları ilə şiddətlə döyüşmüş Dərbənd və Şabranı onların qəsbindən qurtardıqları kimi, Bakı limanında və Lənkəranda aşağıda yerləşən Sari limanında 73 gəmidən ibarət rus donanmasını məhv etmişdilər. Şirvan sarayının rəsmi şairi Xaqani tərəfindən tarixi bir qəsidədə təsvir olunan bu döyüş, şübhəsiz, qədim rus vəhşilikləri barədə qanlı xatirələrin yaddaşlarda yenidən canlanmasına səbəb olmuşdur. Eyni zamanda, bu amillərin təsirilə təcavüzə məruz qalan və bundan daim səksəkədə olan xalqın təxəyyülündə rus, iyrənc və qorxunc bir şəkildə təsəvvür olunmuşdur. Xalq ədəbiyyatı (folklor) ilə tanış olanlar, “div” adlanan insana bənzəməyən qorxunc məxluqların, ən qədim çağlarda, babalarımıza üstün gəlmiş düşmənlərin nəsildən-nəsilə verilmiş kabuslarından başqa bir şey olmadığını bilirlər. Orta əsr Şərq ədəbiyyatında qanlı izlər buraxan rus basqınçılarının, bir obraz olaraq, necə təsvir edildiklərini görmək bizə, o zamankı “rus divi” haqqında bir təsəvvür verə bilir. Nizamidə bu baxımdan maraqlı material vardır. Bu materialdan çıxan nəticəyə görə, rus obrazı “pişik gözlü” (bu gözlər kiçikdir və rəng etibarı ilə göydür), sarı saçlı və qırmızı üzlüdür. Ictimai baxımdan ibtidai bir mərhələdədir. Din etibarı ilə mədəniyyətdən çox uzaq, yeganə Tanrı təsəvvüründən məhrum bir bütpərəstdir. Vəhşi bir həyat keçirir. Varlı qonşularını talan etməklə keçinir. Bədəncə iri və güclüdür. Təcavüzkar, cəsarətli və döyüşkəndir. Fəqət silahları ibtidaidir. Bilikdən məhrumdur. Ruslar elmsizdirlər. Cəsarətləri cahillikləri ilə mütənasibdir. Yeddi tayfadan ibarətdirlər. Sayca çoxdurlar. Qonşuları Alanlar, Burtaslar və Xəzərlərlə gah sülhdə və müttəfiq, gah da döyüşdə və düşməndirlər.
Nizami öz dövründə yaşayan rəvayətlərə əsasən, İskəndər ordusu ilə qarşılaşan rus ordusundan bir qəhrəman obrazının bizə tam təsvrini verir:
Döyüşün altıncı günündə, rus ordusundan adama bənzəməyən div kimi birisi meydana atılaraq, qarşısına çıxan bütün pəhləvanları məğlub edir. Silah batmayan və güc çatmayan bu “div”i, İskəndər, işlətdiyi fəndlə özü aradan götürmək məcburiyyətində qalır və yalnız bu əcayib məxluqun əsir edilməsindən sonra rus ordusu məğlub olur.
Təkbaşına bütöv bir müttəfiqlər ordusunu qorxuya salan bu divin necəliyi ilə maraqlanan İskəndərə belə izahat verirlər:
“Qaranlıq diyarı”nın (“Zülmat”) yaxınlığında, yolu “tük qədər nazik” olan bir dağ varmış. Burada “evləri” torpaqdan olan “dəmir dözümlü” adamlar yaşayarmış. Əsillərinin nə olduğunu, necə və nədən yarandıqlarını heç kim bilməzmiş, üzləri qırmızı, gözləri göy imiş: qızarkən şirdən qorxmayan bunların biri bütöv orduya bərabər gücə malik imiş. Döyüşə girişəndə, kişili-qadınlı bir bahadıra çevrilir, aləmi xarab edirmişlər. Bunların ölüsünü heç kim görməyib, dirisi də çox az tapılır. (Onlar) çobanlıqla yaşayırmışlar. Satılıq malları yalnız dəri imiş. Qara samur dərisindən başqa dəyərli bir şeyləri yoxmuş. Elə qara samur bunların yerindən başqa bir yerdə tapılmazmış. Qadın-kişi hamısının alnında, kərgədan kimi bir buynuzları olmasaymış, “çirkinlik baxımından” üzləri eynən ruslarınkına bənzərmiş. Yatmaq istərkən bunlar, bir ağaca dırmaşar, başlarını budaqlar arasına soxar, bir div kimi hərəkətsiz halda yuxuya gedərmişlər. Belə asılı bir vəziyyətdə gecə-gündüz yatarmışlar (“Çünki şüursuzluğun nəticəsi yuxudur”). Ruslar birlikdə gələr, bu asılı divə baxar, ehtiyatla ətrafına dolanar, ip və zəncir gətirib onu bağlarmışlar. Möhkəm sarıdıqdan sonra, əlli adam çiyin-çiyinə verib onu ağacdan çəkərlərmiş. Yuxudan ayılan div qorxunc bir surətdə qızışar və bağlandığı zənciri qıra bilərdisə, əlli adamdan birini də sağ buraxmazmış. Zəncir möhkəm və qırılmaz olduqda, onu ehtiyatla Rusiyaya gətirirmişlər. Bu vəziyyətdə saxlanılan divi yedirir, içirir, kənddən-kəndə, ev-ev gəzdirib onu bəsləmək üçün vergi toplayarmışlar. Əjdaha kimi daim zəncirdə saxlanılan bu qeyri-adi varlıq bir vuruş olurdusa, bütün hiddət və qızğınlığı ilə düşmən üzərinə salınırmış”.
Hekayətlərdəki qəhrəmanların özünəməxsus keyfiyyətləri, qəhrəmanın mənsub olduğu mühit və cəmiyyətin xarakteri barədə təsəvvür verir. Nizami təsvir etdiyi bu “rus divi” ilə dövründə yaşamış həmyerlilərinin rus haqqındakı təsəvvürlərinə, şübhəsiz, tərcüman olmuşdur.
Oxucular “Həft peykər” poemasındakı yeddi iqlimdən olan yeddi gözəlin padşaha hekayə danışdıqlarını xatırlayırlar. Bu hekayələr, bir tərəfdən aşiqi məşuqa meylləndirən, digər tərəfdən də vüsal yolunu min bir naz və qəmzə müşkülləri ilə dolduran novellalardan ibarətdir. Bir sıra əyləncələrlə dolu olan bu xoş və maraqlı hekayələr içərisində yeganə qorxunc və qanlısı rus gözəlinin söylədyi hekayətdir.
Şair qırmızı qəsri (gümbəzi) rus şahzadəsi üçün ayırmışdır. Qırmızı rəng qanlılıq rəmzidir. Rus gözəlinin Bəhram-Gura danışdığı eşq dastanı da kifayət qədər qanlıdır.
Biri varmış, biri yoxmuş; qızılı saçlı, mavi gözlü bir rus şahzadəsi varmış. Bu şahzadə özünə tilsimli bir qala tikdirmiş və o qaladakı bir qəsrə çəkilib yaşamağa başlamışdır. Elan etmişdir ki, “kim tilsimi qırıb, qalanın qapısını açarsa, ona gedəcəyəm”. Gözəl şahzadənin vüsalına yetmək üçün bir çox gənclər özlərini sınamışlar, amma qalanın tilsimini qıra bilməyib, qoyulmuş şərtə görə, şahzadənin əmri ilə başları kəsilərək qala divarından asılmışdır.
Günlər keçdikcə, qala divarından asılan başların sayı on minləri keçmişdir.
Nəhayət, bir şah oğlu fədakarlıq əlaməti olaraq, əyninə qırmızı köynək geymiş və qalanı almağa qərar vermişdir. Məqsədinin “qanlı” şahzadənin əlini deyil, başı kəsilən minlərcə günahsız gəncin intiqamını almaq olduğunu elan etdiyi üçün xalq bu cəsarətli adamın ətrafına toplaşır. Nəticədə qırmızı köynəkli fədai tilsimli qalanı almağa müvəffəq olur. “Qırmızı” gənc “qanlı” şahzadə ilə evlənir və rus taxtına çıxır. Bunun üçün də ona “qırmızı çar” deyirlər.
“Həft peykər”in digər hekayətləri ilə bu hekayət arasında yuxarıda deyildiyi kimi, çarpacaq bir fərq vardır. Bu, qorxunc və qanlı olduğu halda, o birilər xoş və zərif hekayətlərdir. Oxuculara nümunə üçün bunlardan ikisinin məzmununu aşağıda veririk:
a) Qara qəsrin gözəli hind şahzadəsi Bəhrama bu hekayəti danışır:
Çinin bir yerində, zahirən heç bir səbəb yox ikən, əhalisi qara geyinmiş və bunun səbəbini söyləməyən bir “susmuşlar şəhəri” (“şəhri-xamuşan”) varmış. Bu matəmli şəhərin sirrini açmaq üçün bir padşah, qiyafəsini dəyişərək əhaliyə qarışmış və tanıdığı bir dost vasitəsilə, aradığı sirri öyrənməkdən ötrü ona göstərilən bir səbətə oturur. Səbət dərhal havaya qalxmış və onu göydəki pərilər diyarına gətirmişdir. Burada, padşahı, pərilər hökmdarı çox yaxşı qəbul etmiş, şərəfinə təmtəraqlı ziyafətlər düzəltmişdir. Bu gecələrdə qonağı ilə əslində eşqbazlıq edən pərilər hökmdarı, təhrik etdiyi kişilik odunu söndürmək üçün yatağına özü getməz, cariyərlərdən birini göndərərmiş. Bu minvalla gecələr təkrar olunarmış. Qırxıncı gecə bizim yerli bu göylü pəridən əl çəkməməyə qərar verir: “Heç bir cariyəni qəbul etmirəm, yalnız səni istəyirəm” – dedikdə, pərilər hökmdarı: “bir anlığa gözünü yum, hazırlaşım” – deyir. Bizim qəhrəman sevinclər içində gözünü yumur, fəqət açdıqda özünü yerdə, həmin səbətin içində görür.

Buna görə, o da o biri “susmuşlar” kimi qara geyinib sükuta dalmışdır.
b) Sarı qəsrin gözəli – ikinci iqlim şahzadəsi bu hekayəti danışmışdır:
Həzrət Süleyman ilə arvadı Bilqeyisin əli şikəst, ayağı topal xəstə bir uşaqları varmış.
Arvad ərinə:
– Nə olar, Allahdan bu uşağa şəfa diləsənə! – deyir.
Süleyman bir gəlişində məleykə Cəbrayıla bunu açmış, Cəbrayıl təkrar gəlişində Allahın məsləhətini Süleymana bildirmişdir: “Atası ilə anası həqiqəti çəkinmədən etiraf edərlərsə, uşaq dərhal yaxşılaşar!”.
Bunun üçün Süleyman Bilqeyisdən soruşmuşdur:
– Məndən başqa bir kişiyə meyl edirsənmi?
Bilqeyis deyir:
– Sən həm gözəl, həm varlı, həm də ağıllısan. Daha kamil bir kişi təsəvvür etmirəm. Amma etiraf edirəm ki, hər hansı gözəl gənci görəndə ürəyimdə bir arzu duyuram.
Anası bu sözləri bitirən təki, xəstə uşaq qollarını açaraq – Əhsən, anacan! – deyir.
Bu dəfə də arvad ərinə müraciət edir:
– Di tez ol, indi də sən həqiqəti söylə!

Süleyman deyir:
– Sərvətim başımdan aşır. Allah məni hər şeydən ehtiyacsız etmişdir. Amma etiraf edirəm ki, biri mənə pul və sərvət təklif edərsə, rədd etmərəm.
Dərhal uşaq: “Əhsən, atacan!”, – deyə yeriməyə başlayır.
“Həft peykər”dəki dörd hekayət də bu və ya digər dərəcədə belə səciyyəli xoş şeylərdir. Hamısının məzmununu, təbii ki, nəql edə bilmərik; söz uzanmış olar.
Rusiyaya aid hekayətdə, etiraf etmək lazımdır ki, yaşadığımız günlərin reallığını andıran bir xüsusiyyət vardır: Yalnız çarlığın qanlı rejimini təmsil edən qəddar şahzadə ilə deyil, bu hekayət, sözdə məzlumların intiqamını almaq üçün ayağa qalxmış ikən, işdə şahzadə ilə evlənərək, taxta çıxan kimi qırmızı demaqoq obrazı ilə də bu cəhəti təsdiq etməkdədir.
Hərbi qəhrəmanlarını kərgədan buynuzlu bir div, gözəllik şahzadəsini də minlərcə məsum gəncin qanına bais bir qəddar şəklində təsəvvür etdiyi rusun siması, Nizaminin nəzərində “çirkin”dir (“zeşt”).
Kərgədan buynuzlu qəhrəmanı ilə qara qəlbli gözəlini bir kənara qoysaq belə, özgəgüdər şüarlar altında öz məqsədlərini güdən demaqoq inqilabçısı ilə də, rus siması, Nizaminin zahir ilə batinin ahəngindən doğan gözəllik məfhumuna görə çirkindir.
Iskəndərin etdiyi iki böyük döyüşdən biri Misirin zəncilərdən müdafiəsi, o biri də Qafqazın ruslardan xilas edilməsi üçün aparılmışdır.
Iskəndərin gördüyü işləri xülasə edərkən, Nizami digər əməlləri içərisində bunu da qeyd edir:

Ze souda-ye hendu, ze səfra-ye rus
Foru şostəm aləm ço beyt-ol-ərus.

Çin imperatoruna yazdığı məktubda, İskəndər “atəşpərəstliyi aradan qaldırdım, rusların da kökünü kəsdim” – deyə öyünür:

Foru şostəm əz molk rəsm-e məcus
Bər avərdəm atəş ze dərya-ye rus.

Rus təcavüzünə məruz qalmış Qafqazın xəbərini İskəndərə gətirən Duvali isə basqınçıları bu sözlərlə təsvir edir:

Setanənd keşvər, qoşayənd şəhr
Ke xaman-e xəlqənd-o-dunan-e dəhr.

Həme rəhzənanənd çun qorg-o-şir,
Be xan natəvanənd, bər xun dəlir.

Ze rusi nəcuyəd kəsi mərdomi
Ke coz surəti nistəş z-adəmi.

Türkcəsi:

Bunlar, dedi, şəhər yıxar, yaxarlar,
Dünyanın qəddarı, alçaqlar, xamlar.

Qurd kimi yırtıcı, vəhşi və xunxar
Yemək vaxtı aciz, qanlı və qəddar.

Adamlıq gözləməz bir kimsə rusdan
Ki bənzər insana yalnız baxışdan.

____