Azərbaycan şairi Nizami/Nizaminin dövlət haqqında görüşləri
←Nizaminin dinə münasibəti və ictimai idealı | Azərbaycan şairi Nizami. Nizaminin dövlət haqqında görüşləri Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
İdeal hökmdar İsgəndər və onun möcüzəsi→ |
Dinində dövlətin zülm haramdır,
Zalımlara dövlət candan düşmandır.
Samanlığa eşşək düşərsə nagah,
Deməm yazıq eşşək, samana eyvah!
N i z a m i
Fərdi cəmiyyət üçün çalışmağa borclu bilən Nizaminin dövləti təmsil edən hökmdarlara verdiyi tələbləri də gözdən keçirmək lazımdır.
Yaradılışda ikilik qəbul etməyən Nizami üçün şüurlu insan cəmiyyətində başlıca şey ictimai ahəng və ədalətdir. Dövlət təmsil etdiyi cəmiyyəti bir-birini didən düşmən zümrələrin yırtıcı ehtiraslarının ixtiyarına verməməlidir. Onun ən böyük işi – varlığının hikməti – asayişi təmin etmək və ədaləti yaymaqdır.
Nizamiyə görə, dövlət anlayışı ilə zülm anlayışı bir araya sığa bilməz. “Dövlət məzhəbində zülm haramdır. Zülm edən adam dövlətlə dost ola bilməz”. Dövlətin başına keçmiş zalım padşahı şair “samanlığa girmiş eşşəyə” bənzədir və “eşşəyə deyil, samanlığa yazıq” deyir.
Ideal dövlətdə ağıllı hökmdar bütün işləri işbilənlərə həvalə edir: İskəndər belə etmişdir. Bilikli məsləhətçilərin köməyi ilə dövlət, qocaların təcrübəsini gənclərin gücü ilə birləşdirərək fəaliyyət göstərir. Nizamiyə görə, dövlət başçısı “sürüyə cavabdeh bir çobandır”. Hətta bundan da məsuliyyətli bir mövqedədir. Başdakı beyin bədənin bütün üzvlərini idarə etməkdə hansı mövqedədirsə, dövlət başçısı da onun kimidir. “Əl ayağın fəaliyyətindən razı deyilsə, cavabdeh başdır”.
Fərd dövlətə münasibətdə müəyyən vəzifələri icra etməyə borcludur. Amma fərd, hər hansı dövlətdə yalnız vəzifə daşımağa borclu deyil, həm də bir sıra hüquqlara malikdir. Padşahlara xitab edən şair “heç bir fərdə zor və lovğalıqla baxma, o da özünə görə möhtəşəmdir” – deyir.
Nuşirəvanın vəziri Büzürcmehrin bayquşların dilindən tərcümə etdiyi söhbəti yəqin ki, xatırlayırsınız. Nizami eyni təkidlə, hökmdarları zülm işlətməkdən daim çəkindirir. “Padşahın əsl düşməni zülm edən ədalətsiz məmurlardır. Xalq zülm edəndən üz çevirər”. Yunan filosofları İskəndərə Daradan qorxmamağı məsləhət görürlər. Çünki “ondan narazı olan daxili düşmənlərinin mövcudluğunu” bilirlər. Necə ki, müharibə zamanı İskəndər İran şahına qarşı bu daxili düşmənlərdən istifadə edir.
Hər hansı məmləkətin firavanlığı, şairə görə, hökmdarların xeyirxahlığı sıx surətdə bağlıdır. “Padşahın niyyəti yaxşı olarsa, çöllərdə ot yerinə gül bitər. Niyyəti bəd olan ağacın budağı quruyar; xoş niyyətli padşah ətrafına bolluq bəxş edər; məmləkətdəki abadlıq və firavanlıq padşahın yaxşılığından xəbər verər!”
Şair, Sasanilərdən Hörmüzdün canı qədər sevdiyi oğlu Xosrova münasibətindəki ədalətdən bəhs edərkən, bundan əvvəlki hissədə işarə etdiyimiz kimi, özünü saxlaya bilmir, dərhal dövründəki vəziyyətə keçərək, “yüz fağırın qanı töküldüyü halda, bir yolkəsənin yaxalanmadığından” şikayət edir!.. Başqa bir əsərində də, “ədalət bu dövrdə aradan qalxdı, Simurğun (əfsanəvi bir quşdur) qanadlarında yuva saldı. Bu göy günbəzdə həya, bu asılı torpaqda abır qalmadı. “Qalx, ey Nizami, çoxlu göz yaşı tök, qana dönmüş bu qəlb üçün qan ağla!” – deyir.
Dövlətin ədalət yaymağa borclu bir orqan olması fikrini təlqin etmək üçün sənətkar, “Heft peykər” kimi incə düşünülmüş möhtəşəm bir mənzumə yazmışdır. Bu gözəl poemada şairin yürütmək istədiyi fikir aşkardır: padşah və ya dövlət başçısı sürüyə cavabdeh bir çoban deyil, bundan daha artıq, sürünün salamatlığı üçün məsuliyyət daşıyan bir köpəkdir. Bu, vəzifəni unudaraq kefə dalan və idarəni zalımlara tapşıran hökmdarlarla, hekayədəki “dişi canavarla cütləşən köpək” arasında heç bir fərq yoxdur. Çöldə rastlaşdığı çobanın vəzifəsində səhlənkarlıq etmiş köpəyi cəzalandırdığını görərək, gözləri həqiqətə açılan Bəhrama, şair dərhal “həftənin yeddi gecəsini yeddi iqlim gözəlləri ilə keçirməyi” tərgidib, onu “ədalət gözəlinin” (“peykər-e ədl”) qucağına atır.
Bəhram-Gur surətini təsvirə başlarkən belə, şair Bəhramın ədaləti qorumaq niyyətilə mübarizəyə atıldığını qeyd edir və onun dili ilə hökmdarlığın əsl mənasını ifadə edən bu beyti verir:
Fərz olan bizlərə budur, bilirik:
Zülümə zülm, ədlə ədl edərik!
Şairin bütün yüksək dəyərlər üçün məcaz olaraq “türk” sözünü işlətməyi sevdiyini bilirik. “Məxzən-ül-əsrar”da zülm görmüş qoca bir qadının dili ilə, Böyük Səlcuqlardan Sultan Səncərə edilən xitab da diqqətəlayiqdir. Nizamiyə görə, dövlət mütləq ədalətli olmalıdır. Türk dövləti isə xüsusən ədalətli olacaq. Bunun üçün də qoca qadının dili ilə Səncərə müraciət edərək: “madam ki, ədalətli deyilsən, demək türk deyilsən!” – deyir.
Nizami, haqqında danışdığımız bu fikirlərini yalnız nəzəri olaraq deyil, özünə müasir olan hökmdarlara da cəsarətlə söyləmişdir. “Leyli və Məcnun” mənzuməsinin “Xatimə”sində şairin Şirvanşah Axsitan Mənuçehrə həsr etdiyi mədhiyyə vardır. Burada Nizami şirvanşaha, yunan filosoflarının adından sevdiyi qəhrəmanı İskəndər üçün yazdığı “Xirədnamə”lər üslubunda öyüdlər verməkdədir.
Dini, əxlaqi, mülki və siyasi mahiyyətdə olan bu öyüdlər son dərəcə maraqlı momentləri ehtiva edir.
Özünə “nüsrəti ilahi nəsihətçisi” deyən şair, mənəvi səlahiyyət və nüfuzuna güvənən bir insan ədası ilə, əsrinin padşahına “dünya heç bir padşaha qalmayıb, sənə də qalmayacaq” deyir. Və “cahanda əbədi qalmaq istəyirsənsə, cahana faydalı ol!” tövsiyyəsini verir.
Sonra şair padşahı ayıq olmağa dəvət edir və dövlətin mənafeyi üçün heç bir çətinliyi dəf etməkdən çəkinməməyi tövsiyyə edir. “Dövlət işlərində, dövlətin nüfuzuna tük qədər xələl gətirən şeylərə yol vermə!” – deyir.
Nizami padşahı düşmənlərə qarşı sayıq olmağa çağırır: “Üzr istəyən düşmənə inanma, qapından qov!” – deyir.
Nizamiyə görə, iqtidar ilə təmkin bir-birini tamamlayan şeylərdir: “Güclü ol, amma təmkinini əldən vermə!”.
Dövlətin idarə olunmasında şair, məsləhətləşmə tərəfdarıdır. O, padşaha “rəy və tədbir sahibi olduğun məlumsa da, başqalarının rəylərinə biganə qalma!” – deyir.
Nizami məmduhunun ikiüzlü yaxınlarından (müqərrəblər) çəkindirir və vədə sədaqətli olmağı tövsiyyə edir. “Ədalət axtaranların cavablarını ancaq doğru sözlü adamlar vasitəsi ilə göndər; sözünə əməl et ki, hər kəs sənə güvənsin!”
Sınanılmamışlara üz verilməməsini şair bir qaydaya çevirməyi padşaha məsləhət görür: “Kimsəyə sınamamış üz vermə; qəlbində yer olmayanlara güvənmə!”
Düşməni kiçik saymamaq, düşmənlərə qarşı amansız, dostlara qarşı da vəfalı olmaq dövlət adamlarının xüsusi diqqət yetirməli olduqları məsələlərdir. “Vurduğunu kökündən vur, tutduğunu da atma”
Müasiri olmuş bir padşaha nəsihət şəklində verdiyi bu fikirlərdə Nizami ideal dövlət başçısı üçün zəruri saydığı əsas vəzifələri bildirmişdir: bunlar, eyni zamanda, onun dövlət haqqındakı görüşlərini göstərir.
_____