Azərbaycan şairi Nizami/İdeal hökmdar İsgəndər və onun möcüzəsi
←Nizaminin dövlət haqqında görüşləri | Azərbaycan şairi Nizami. İdeal hökmdar İsgəndər və onun möcüzəsi Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Son söz→ |
Allahdan İskəndərə vəhy:
Bilərsən cahanda bütün dilləri,
Danışar səninlə cahan elləri.
Bu ellərdə olmasa da tərcüman,
Sənin rumcanı hər kəs anlar əyan.
N i z a m i
Nizaminin baxışlarına uyğun dövlət idarəsini reallaşdıran ideal hökmdar İskəndərdir. Iskəndərin şəxsində Nizami biliyə, hikmətə və sənətə bağlı olan ziyalı bir hökmdar görür. Filosoflar, alimlər və ədiblər tərəfindən əhatə olunmuş bu hökmdarın özü də xarakter (səciyyə), cəsarət və qəhrəmanlığı ilə bərabər, alim, filosof və tədbirli bir insan kimi tanınır. Ona müavinlik edən vəziri Yunanıstanın ən məşhur filosofu Ərəstudur (Aristotel). Sarayında Yunanıstanın bütün tanınmış filosof və alimlərindən təşkil olunmuş Dövlət Şurası tipli yüksək bir məclis vardır. Dövlət işlərinə dair ən köklü məsələlərdə imperator bu məclislə məsləhətləşmələr aparır.
Iskəndər elm və ədəbiyyat adamlarına böyük qayğı göstərir; onlarla elmin, fəlsəfənin daim məşğul olduqları böyük məsələlər barədə maraqlı mübahisələr edir. Bu qəbildən, İskəndərin meydana atdığı və zamanın bütün tanınmış filosofları tərəfindən müzakirə edilən “təkvini-aləm” (dünyanın yaradılışı) haqqında müxtəlif görüş və məktəblərin xülasəsi “İskəndərnamə”nin maraqlı bir qismini təşkil edir. Bundan başqa, eyni əsərdə İskəndərin hind filosofu ilə söhbəti də, yunan məktəbi ilə hind məktəbi arasındakı görüş və təfəkkür fərqlərini göstərmək baxımından diqqətəlayiqdir.
Iskəndər sənətkarlar arasındakı müsabiqələri də xoşlayır. Rum və İran rəssamları ilə Çin rəssamı arasında keçən müsabiqə səhnəsi şair tərəfindən çox canlı bir şəkildə təsvir edilmişdir. Bu müsabiqələr imperatorun öz hüzurunda keçirilirmiş.
Iskəndər başqa ölkələrdə, xüsusən İranda rast gəldiyi faydalı elmi əsərləri yunancaya tərcümə etdirir. Bu və ya digər şəkildə Yunanıstan elmini inkişaf etdirən İskəndər elm sahəsində yeni kəşflərə də nail olmuşdur. Dünyanın ilk xəritəsini çəkdirən odur.
Iskəndər mahir bir təşkilatçıdır. O, yeni qayda ilə mükəmməl bir ordu yaratmış, bu ordunu təzə üsulla təlimləndirmiş, yeni silahlarla təchiz etmişdir. Bu ordunu özü şəxsən idarə edir. O, misilsiz bir sərkərdədir. Onun ordusu, Qafqaz döyüşündə gördüyümüz kimi, İskəndəri tanımış bütün millətlərdən təşkil olunmuş müttəfiq bir ordu şəklindədir.
Nizami göstərir ki, İskəndər üçün ordu da, hərb də məqsəd deyil, yalnız bir vasitədir. “Hərb üçün hərb” prinsipini o, kökündən rədd edir. Şairə görə, İskəndər fitnəkarlıqla heç bir müharibə etməmişdir. Daraya qarşı etmiş olduğu sırf müdafiə müharibəsindən başqa, onun qalınlığı ilə seçilən iki mühüm döyüş olmuşdur. Bunlardan biri misirlilərin xahişi ilə zəngibarlı basqınçılara, digəri isə qafqazlıların xahişi ilə soyğunçu ruslara qarşı edilmişdir. Bütün başqa yürüşlərini isə İskəndər tədbir və fövqəladə hərbi nümayişlərlə nəticələndirmiş, qan tökmədən istədiklərinə nail olmuşdur.
Nizami İskəndər diplomatiyasının əsaslarını da izah edir. Bu diplomatiyanın ana xətti getdiyi ölkələrdə tabe etdiyi xalqların qəlbini fəth etməkdir. Hətta hər bir döyüşün sonunda qalib gəlmiş İskəndər düşmən igidlərinin könüllərini alır, onlara lütflər göstərir; sistemini qəbul edən məmləkətləri özünə qəlbən bağlayan və düşmənçiliyi unutduran çarə və tədbirlərə əl atır. Çünki o, “millətlərin daim zora boyun əyməyəcəklərini” bilir. Xalqların torpaqlarını üstün güc ilə tutmaq mümkündür, fəqət qəlbləri fəth olunmamış millətlərin sədaqəti zorla qazanılmaz.
Daranın məğlubiyyətindən sonra İskəndərin İranda tətbiq etmiş olduğu rejimin bu baxımdan diqqətəlayiq cəhətləri vardır. Iskəndər Kəyan padşahının daxili düşmənləri ilə gizli əlaqəyə girmiş, onlara edəcəkləri xidmət müqabilində böyük mükafat vəd etmişdir. Daranın qərargahına mənsub olan suiqəsdçilər müharibənin böhranlı bir çağında öz komandanları olan şahı xəncərlə vurmuş və bununla da döyüşün İskəndərin xeyrinə qurtarmasını asanlaşdırmışdır. Bu zəfərdən sonra İskəndər bütün İran böyüklərini toplayıb onlarla əhdi-peyman bağlamış, şahzadələri məmləkətin müxtəlif hissələrinə şah təyin etmiş, özü isə Daranın qızı Rövşənəklə evlənərək “şahənşah” adı ilə İran taxtına çıxmışdır.
Bu işlər əsnasında İskəndərin Daraya qarşı gizli sövdələşməyə girdiyi xain İran sərkərdələri barədə tədbiri son dərəcə mənalıdır: İskəndər bütün İran əmirlərinin iştirakı ilə Daranı öldürmüş iki əmiri çağırır. Əvvəlcə onlara vəd etmiş olduğu qızılı tamamilə ödəyir – sözünü yerinə yetirir. Sonra isə ikisini də öz padşah və komandanlarına dönük çıxdıqları üçün edam etməyi əmr edir və bu əmri dərhal yerinə yetirdir ki, “heç kəs öz başçısına xəyanət həvəsinə düşməsin”.
Irandakı bütün yerli və milli adətlərə hörmət edən İskəndər, yalnız atəşpərəstliyə aid bütün məbəd və müəssisələri dağıdıb, təkallahlılıq dinini yayır. Nizaminin təfəkkür tərzi üçün bu istisnanın təbii və xarakterik olduğuna yuxarıda işarə etmişdik.
Ərəstunun İran yürüşündə İskəndərdən ayrılıb Ruma qayıdarkən öz hökmdarına verdiyi öyüdlər arasında “İskəndər siyasəti”nin xarakterini göstərən bəzi mühüm cəhətlər də vardır:
Filosof vəzir öz padşahına getdiyi ölkələrdə “Siyavuş qanı”na bənzər kin doğuracaq əməllərdən çəkinməyi tövsiyyə edir. “Alçalmamaq üçün kimsəni alçaltmamağı” tövsiyyə edən vəzir iranlıların bir gün Daranın intiqamını almaq üçün ayağa qalxmalarının mümkün olduğunu unutmamağı padşaha xatırladır. Bunun üçün bu məmləkəti yerli şahzadələr arasında bölməyi, onlardan yalnız İskəndərin ümumi nüfuzunu tanımağı tələb etməklə kifayətlənməyi məsləhət görür; çünki bu halda “öz mülklərinin qayğı və problemləri ilə məşğul olan bu şahzadələr rumlular haqqında fikirləşməyə vaxt tapmazlar”. Eyni zamanda, yunanıstanlı vəzir İran torpaqlarında Rum hakimlərinin təyin olunmasının əleyhinədir, çünki “bu halda əhalidəki narazılıq və müxalifətin doğrudan-doğruya rumlular üzərinə keçmək qorxusu vardır!”
Ümumiyyətlə, filosof vəzir İskəndərin yad ellərdə çox qalmayıb, tezliklə öz yurduna qayıtması üzərində israr edir. Çünki “bir adamın bütün dünyanı tutması və onu öz malı sanması düzgün deyil. Dünya bir çox mülkdən ibarətdir ki, hərəsi bir sahibin payıdır. Tanrının ayırdığı qismətə razı olan bir sahib, onun öz adına yazılmış olduğuna əmin ola bilər”.
Ərəstu İskəndəri yalnız Yunanıstanın sahibi olmağa təşviq edir. Başqa xalqlar üzərində isə yalnız Yunanıstanın mənəvi nüfuzunu təmin etmək kifayətdir. Bundan artığı elə bir reaksiya doğurar ki, bu, ana vətənin fəlakətinə səbəb olar.
Ərəstunun bəhs etdiyi “mənəvi nüfuz” Nizaminin mistik duyumuna görə, dindir: Təkallahlılıq dini. Bütün şəxiyyətlər bu ideala xidmət etməlidir. Bu həqiqətə xidmət etməyən hər hansı bir dövlət zalımdır. Tək Allah, tək din və tək həqiqətə bağlı olmayan bir qüvvə dünya hakimiyyətinə nail ola bilməz.
Nüfuz və təsirini bütün dünyaya yaya bilmiş İskəndər, Nizaminin nəzərində, yalnız bir sərkərdə, siyasi xadim və hökmdar olaraq qala bilməzdi. Bunun üçündür ki, Nizamiyə görə, İskəndərə peyğəmbərlik verilmişdir. Allah tərəfindən bir səs ona: “Ey İskəndər, sənə peyğəmbərlik verildi; bütün dünyanı Allah yoluna çağıracaq, insanları təkallahlılığa doğru istiqamətləndirəcəksən!” – deyir. Allahın bu vəhyi qarşısında titrəyən İskəndər:
– Mənəmmi peyğəmbər, bəs hanı mənim möcüzəm? – deyə soruşmuş və tərəddüd göstərmişdir. O zaman ilahi səs İskəndərə:
– Möcüzən budur ki, bütün millətlərin dilini tərcüməçisiz anlayacaqsan, millətlər də sənin rumcanı, eynilə, vasitəsiz başa düşəcəklər!
Bu böyük möcüzəyə qadir olan İskəndər dünyanı yenidən dolaşmış, bu dəfə yol göstərən peyğəmbər sifəti ilə gəzdiyi məmləkətlərdə təkallahlılıq dinini yaymışdır.
Milli ləyaqətin tərcümanı dil deyilmi?. Bəli!..
Şair demək istəyir ki, millətlərarası nizam yalnız milli hüquqların tanınması ilə yarana bilər!
Bəşəriyyətin can atdığı ümumdünya sülhünün bundan daha yüksək formulunu kim vermişdir?!
______