Azərbaycan şairi Nizami/Son söz

İdeal hökmdar İsgəndər və onun möcüzəsi Azərbaycan şairi Nizami. Son söz
Müəllif: Məhəmməd Əmin Rəsulzadə


“Azərbaycan şairi Nizami” barəsində nəzərdə tutduğumuz plan sona yetdi. Lakin Nizamini tamamilə anlada bildikmi? – Güman etmirəm!
Böyük və dahi şair olan Nizami təbiətin bir fenomenidir. Təbiətin böyüklük, gözəllik, rəngarənglik və cazibədarlığını tamamilə qavramaq mümkün olmadığı kimi, təbiət qədər böyük və onun qüdrəti olan Nizami yaradıcılığını da tamamilə qavramaq mümkün deyildir. Təbiətin bir küll halında qavrana bilməsi bir yana dursun, onun qavranıla bilən qismini də olduğu kimi nəql və ya rəsm etmək hər adamın işi deyildir. Nə qədər gözəl qələm, nə qədər sehirli fırça, nə qədər möcüzəli tişə olursa-olsun, təbiətdəki bütün dəyərləri ifadə etməkdə acizdir. Təbiətin bir fenomeni olan şer və hikmət Nizamisini anlayıb anlatmaq da o qəbildəndir.
Təbiəti hər kəs öz təbiətindəki özünəməxsusluq və zəka səviyyəsində qavrayır. Buna görə də, eyni təbiət müxtəlif şəxslərdə müxtəlif cür inikas edir. Böyük eşq məsələlərinin müxtəlif yazıçılar tərəfindən müxtəlif şəkillərdə yazılışı, böyük sənət mövzularının müxtəlif rəssamlar tərəfindən müxtəlif metod ilə işlənməsi, böyük sosial hadisələrin müxtəlif filosoflar tərəfindən başqa-başqa şəkillərdə yozulması, heykəltəraşlıqdakı müxtəlif ənənələr və musiqidəki rəngarəng üslublar məhz bu müddəanı sübut edir.
Bizim başa düşdüyümüzə görə, Nizami təbiətin nəhəng bir parçasıdır. Təbiətə hər baxışımızda necə əvvəllər görmədiyimiz bir yenilik görürüksə, Nizamini də hər oxuyanda onda yeni bir özəllik, yeni bir gözəllik tapırıq. Nizaminin inkişaf yolu da eyni ilə təbiətin təkamülünə bənzəyir. Bir gül necə tumurcuq halından keçib qönçələnir və sonra getdikcə yavaş-yavaş açılır. Hər gün bir qədər rəng və ətir alaraq, nəhayət, bütün etişamı ilə açıb olğunlaşırsa, Nizaminin yaradıcılığı da – eynilə bir gülün yetişməsi kimi, tumurcuqlanmış, yarpaqlanmış, çiçəklənmiş, açılmış və kamilləşmişdir. “Məxzən ül-əsrar”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” və nəhayət, “İskəndərnamə” şairin həyatının müxtəlif dövrləri və hər dövrdəki təbii meyl və istəkləri ilə sıx surətdə bağlıdır. Şair heç bir zaman özünü məcbur etməmişdir; işlədiyi mövzularla yaşadığı bədii və fikri həyat arasında tam bir mütənasiblik vardır. O, təbiət kimi təbiidir.
Nizami, sənəti və fikri arasında təzad olmayan müstəsna bir şəxsiyyətdir. Onun sənət baxımından fövqəladə qüdrəti eyni dəyər və qüdrətə malik fikirləri ilə uğurlu bir ahəng təşkil edir.
Nizaminin ən parlaq xüsusiyyəti həyatsevərlik və eşqdir. Eşqi onun qədər qüvvət və sənətkarlıqla qələmə alan ikinci bir şair yoxdur. Onun coşğun ilhamına bu mövzu qədər uyğun başqa bir mövzu olmamışdır. Onun misilsiz əsərlərində təsvir etdiyi eşq və həyat tablolarının böyüklük və gözəllik baxımından dünya ədəbiyyatındakı bənzərləri arasında müstəsna yeri vardır. Nizami tablolarının təsir qüvvəsi zaman keçdikcə azalmır.
Şairdəki bu coşğun qüvvəni müasir bir təşbehlə izah etmək istəsək, Nizamidəki dinamizmi atom enerjisi ilə müqayisə edə bilərik; bu fərqlə ki, bu gün müəyyən qəlibə qoyulub istənilən istiqamətdə tətbiq edilmədiyindən yalnız dağıtmaq və yıxmağa yarayan atomun əksinə olaraq, Nizami özündəki dinamizmə qurucu bir istiqamət verə bilmiş, onu özündə mövcud olan zühd, təqva və ideyalılıq sayəsində müəyyən bir qəlibə sala bilmişdir.
Bir yandan təbiət qədər coşğun və sonsuz yaşama arzusu, o biri yandan da bu arzunu nikbin dünyagörüşünə uyğun bir istiqamətə yönəldə bilən yüksək inam və iradə - məhz bu iki ünsür Nizaminin fövqəladə sənətkarlığını doğurmuş və bizə təbiət qədər böyük və onun qədər qavranılmaz bir aləm bağışlamışdır.
Nizami məlum fərziyyəsində sənətin qiyamətə qədər yaşayacağını söyləyir. Bu iddia orta əsr Şərq ədəbiyyatının klassik şəkilləri üçün mübaliğəli görünsə də, Nizaminin əsərləri üçün mübaliğəsiz həqiqətdir. Xüsusən formadan öncə məna güdən Nizamilik üçün ki, bütün nikbinliyi ilə “İskəndər güzgüsü”ndəki kimi İskəndər tablosunda əks etmiş və zərrə qədər əhəmiyyətini itirməmişdir. Nizami şairanə detallarla təsvir və peyğəmbəranə duyumlarla təsəvvür etdiyi ideal dünyanın əsas cizgilərini “İskəndərnamə”sində vermiş və ideal hökmdar tipini də İskəndərin simasında göstərmiş, böyük bir tablo yaratmışdır:
Iskəndər tablosu!..
Bu, Nizaminin qüdrətli əli ilə işlənmiş möhtəşəm bir əsərdir. Bu əsərdə o, sənətkarlığının əsl qayəsi olan siyasi və sosial fikirlərinə yekun vurmuşdur.
Qədim bir keçmişə aid edilən bu tablo, şübhəsiz, şairin öz dövründən uzaq bir gələcək üçün olsa da, təsəvvür etmiş olduğu dünya quruluşu haqqındakı idealını əks etdirir.
Şairin böyüklüyü ilə geniş və hüdud bilməyən fantaziyası sayəsində canlandıqca canlanan bu ideal iztirablar içində boğulan müasir bəşəriyyətin arayıb heç cür tapa bilmədiyi idealın bir obrazı deyildirmi?!
Sosial ədalət, siyasi stabillik və harmoniyaya susamış müasir bəşəriyyətin vicdanını narahat edən qorxunc reallıq və ümidlərini oxşayan yüksək fikirləri XII əsrin bu qızıl qələmli şairi nə qədər real, nə qədər canlı və nə qədər parlaq təsvir etmişdir! Deyilmi?!
Insanlığın dəyərini özünə xas yüksək bir tərzdə anladan şair kainata hökm edə bilən kamil insan haqqındakı görüşləri ilə təbiəti ram etməkdə möcüzələr göstərən çağdaş insan tipi və qüvvətli şəxsiyyət idealına tərcüman olmamışdırmı?!
Fərdi səadəti milli və bəşəri xoşbəxtlikdə və bir parçası olduğumuz cəmiyyətə faydalı olmaqda görən filosof (Nizami) ən müasir sosiologiyanın gəldiyi nəticəyə hələ o zaman gəlməmişdirmi?!
“Cənnət şəhər”in timsalında gördüyümüz kimi, Nizaminin maddiyyata deyil, mənəviyyata, nifrətə deyil, sevgiyə əsaslandırdığı ictimai quruluş sosial ədalətə susamış bugünkü bəşəriyyətin aradığı ideal nizam deyildirmi?!
Dövlətin ictimai bərabərlik təmin etməyə, bilik və sevgi ilə idarə etməyə borclu olan bir ədalət orqanı olduğunu düşünən Nizami, müasirlərimizin can atdıqları təzadsız və sinfi çəkişmələr bilməyən, amirlik və istismara yol verməyən bərabərçi bir dövlət idealının müjdəsini yetirməmişdirmi?!
Nəhayət, millətlər arasındakı münasibətləri hansı böyük filosof Nizamidən daha yaxşı bir şəkildə təsəvvür etmişdir?
Bu təsəvvürə görə:
Millətlərə zülm və hökmlə deyil, mənəvi bir nüfuz ilə yanaşmaq və qəlblərinin yeganə tərcümanı olan dillərini vasitəsiz olaraq anlamaq lazımdır.
Dünya miqyaslı yaradıcılığı ilə cahan ədəbiyyatına ölməz şer tabloları ilə eşq, sədaqət, namus, inam və fədakarlıq obrazları bəxş edən, yüksək fəlsəfi düşüncə və kəskin siyasi görüşləri ilə insanlığın ən səmimi duyğularına və ən ülvi ideallarına tərcüman olan bu ilahi sənətkar bəşər mədəniyyətinin dahi bayraqdarıdır.
Ağılları mat qoyan bu qüdrətini Nizami qəlbinin bütün telləri ilə bağlı olduğu ana yurduna və onun mədəni ənənələrinə borcludur. O, elinin, soyunun, yetişmiş olduğu mədəni mühitin oğludur. “Yunanlar dünyaya Homeri, farslar Firdovsini, italyanlar Vergilini vermişlərsə, biz də Nizamini vermişik” – deyə öyünən azərbaycanlılar haqlıdırlar.
Bəli, mədəniyyət tarixində özünə çox şərəfli bir yer qazandıran bu misilsiz övladına Azərbaycan bütün varlığı ilə minnətdardır. Əsərlərində bunca ideallaşdırılan türklər də, şübhəsiz, türk Nizaminin böyük adı ilə fəxr edir, onun yüksək ruhunu rəhmət və minnətdarlıqla anırlar.