Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Bahar əyyamı və Hacı Seyid əzim dövrü
←Axund Molla Hüseyn Marağalı "Dəxil" | Azərbaycan ədəbiyyatı. II cild. Bahar əyyamı və Hacı Seyid əzim dövrü Müəllif: Firudin bəy Köçərli |
Bahar Şirvani - Mirzə Nəsrullah İbn mərhum Hacı Əbülqasım Şəmaxi "Bahar"→ |
Mirzə Nəsrullah Bahar Şamaxının ən müqtədir şairlərindən birisi hesab olunur. Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil.
Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəәxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Hacı Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur.
Mirzə Nəsrullah Bahar artıq tizfəhm, rəvan təbli, istedadlı bir şair imiş ki, kəmalatına layiqincə vaqif olmaq istəyənlər lazımdır ol ədibin türkcə və farsca və hətta fransızca vücuda gətirdiyi asari-nəfisəsini mütaliə edib, onun qüvveyi-fikriyyəsinə və ülüvvi-məratibi-xəyalına bələd olsunlar.
Bahari-namdar hicrətin 1251-ci tarixində Şamaxı şəhərində təvəllüd etmişdir. Pədəri-möhtərəmi Hacı Əbülqasım silsileyi-tüccardan nəcib və alitəb bir şəxs imiş.
Bahar sinni-tüfuliyyətdə məktəbdə oxuduğu vaxt zəkavət və fətanətilə çoxlarını heyrətə salarmış və uşaqlıqdan şer və qəzəl deməyə həvəsi varmış. Belə ki, farsca oxuduğu qəzəlləri türk dilinə nəzmən tərcümə edərmiş. O cümlədən qəzəli-məşhurdan:
Moğan kəz daneye-ənqur ab misazənd,
Setareha şekənənd, aftab misazənd
--beytini belə tərcümə etmişdir:
Əngur danəsin ki, əzəllər şərab üçün,
Guya sitarələr pozulur afitab üçün.
Yenə məşhur beyti:
To ke, əz xordəne-mey ləle-ləbət rənginəst,
Bəs səbəb çist ke, mey təlx, ləbət şirinəst?!
--belə tərcümə qılmışdır:
Gər mey içməklə sənin ləli-ləbin rəngindir,
Səbəbi bəs nədi mey təlx, ləbin şirindir?!
Cibilli fitrət və zəkavəti sayəsində Bahar az vaxtda çox məlumata dara olmuşdur. Fars, ərəb və türk dillərini kamalınca təhsil etmişdir. Müasiri mərhum Abdulla bəy Asi kimi Bahar dəxi laübali və laqeyd bir şəxs imiş ki, kefi istədiyi kimi azadə dolanıb, heç kəsin hökmü fərmanına itaət etməzmiş və övqatını eyşü işrətdə keçirərmiş. Onun bu gunə rindisifət dolanmağını dayısı xoşlamayıb və bir qədər ona pul verib və mayəmləkdən ixrac etdikdə şair bədahətən bu məzmunda bir qitə demişdir:
Dayım məni Həzrəti-Adəm kimi
Buğda yedim çıxartdı cənnətdən.
Beş-on tümən nədir mənim karıma,
Şükri-xuda qurtardım minnətdən.
Dayısından aldığı məbləği bir az müddətin zərfində kənarda xərcləyib, şəhərə müraciətində həməsri olan Molla Qədir Naci Şirvani ilə görüşdükdə bu beyti bədahətən demişdir:
Bir aydan sonra gəldim şəhrə, ey Naci, hilalasa,
Məni el lağərü üryan görüb, meyil etmədi əsla.
Baharın bədihəguluqda binəzir bir şair olduğu müxəmməsi-məşhuri-atisindən aşikarən məlum olur. Şamaxıda məşhur Hacı İbrahim bəy bağında rüfəqaları Əndəlib Kaşani, Naci Şirvani, Seyid Şirvani və qeyriləri olduqda rəfiqlərindən birinin hüzurda olmadığına görə, xadimi onun dalınca göndərdikdə birqələmə yazdığı qəsideyi-bədihiyyəsidir ki, belə başlanır:
Neşəst aftabha, meye-ço aftab ku?
Ço şod neqare-məhleqa, piyaleye-şərab ku?
Sorude-rud, mey koca, təraneye-robab ku?
Became-bossədin koca meye-ço ləle-nab ku?
Becane-mən qolamikə konun şetabe-kar kon[1].
[1] Tərcüməsi:
Günəşlər hamı əyləşdi, günəşə bənzər mey hanı?
Ay qabaqlı gözəl necə oldu, şərab piyaləsi hanı?
Neyin nəğmələri hanı, rübabın təranəsi hanı?
Mərcan cam hanı, saf ləl kimi mey hanı?
Sən mənim canım, ay qulamciyəz, tez ol!
Cəhalət və təəssübün, ələlxüsus, təəssübi-cahilanənin düşməni olub, onun kökünü və rişəsini qazıb çıxartmaq üçün məhafilü məcalisdə məqalələr və gözəl nitqlər deməkdən əsla çəkinməzmiş. Məcalisdə sözlərinin haqq olmasını şafi dəlillər vasitəsilə sübuta yetirərmiş. Belə ki, bir kərə bir məclisdə mövhumat və əsatiri-əvvəlin babında mübahisəyə girişdiyi vaxt tərəfi-müqabilə söz anlatmaq üçün bir misal gətirmişdir. Belə ki, deyibdir: "Əfəndilər! İndi mən bu divara bir inək şəkli çəkərəm və o inəkdən sizin üçün süd sağaram". Müstəmein iştiyaqi-tamam ilə israr etmişlər ki: "Cənab mirzə, lütfən mərhəmət edin, bir baxıb seyr edəlim". Bahar cavabında demiş ki: "Bəli, əfəndilər, sizlər mötəqid olduğunuz mövhumatın əksəri bu qəbildəndir. Bunca təfəkkür və təəqqül etmirsiniz ki, divara çəkilmiş inək şəklindən süd sağmaq məhal və qeyri mümkündür. Bu payədə sadəlövhlükdən süd tələb edirsiniz".
Necə ki, zikr olundu, mərhum Bahar müasiri Abdulla bəy Asi və Seyid Şirvani kimi badəpərəst olub, çox açıq və xövfsüz meyi-nabı tərif qılarmış və bəzi vaxt Şeyx Xəyyam kimi onun tərifində əndazədən keçərmiş. Necə ki, bir məclisdə münasibətən bu beyti oxumuşdur:
Bade vəhyəsto səbukeş cəbrəil,
Hər ke inra mixorəd, peyğəmbərəst[2].
[2] Tərcüməsi:
Badə vəhydir, Cəbrail isə saqi,
Hər kim bunu içsə, peyğəmbərdir.
Əhli-məclis bunu eşidib küllən əleyhinə qiyam edib, onu tənü lən etməkdən çəkinməmişlər. Təkfirinə üləmadan dəxi hökm olunmuşdur. Əlhəqq, Baharın bu halı biçarə Abdulla bəyin halına çox müvafiq gəlir. Hər iki şair ziyadə xoştəb və şirinkəlam və nəcib və xoşxülq olduqları halda əsiri-badeyi-gülfam və şərabi-bədfərcam olub, abru və hörmətlərini itirib, təbi-rəvanpərvərlərini boş şeylərin üstünə sərf etmişlər.
Yuxarıda zikr olunan vəqədən sonra mərhum Mirzə Nəsrullah Şirvanda artıq iqamət edə bilməyib, tərki-şəhru diyar edib İrana müsafirət etmişdir və Tehranda Nəsrəddin şaha bir qəsideyi-qərra təqdim etmiş ki, mətləi budur:
Şəbəm benalevo ruzəm qozəşt dər tari,
Fəğan ze gərdeşe-in asemane-zənqari.
Qozəşt əz səre-bam aftabe-omr hənuz,
Ze bəxte-xofte nədarəm omide-bidari.
Xəmide şod qədəm əz bare-mohnəte-əyyam,
Bəli, xəmide şəvəd qamət əz gəranbari.
Mənəm sepehre-qəmin şadəm ke, şəb ta sobh
Setarehaye-sereşkəm konənd səyyari.
Bebustane-cəhan həmço bide-məcnunəm
Konəm tərəqqiye-məkus dər nequnsari[3] i.a.
[3] Tərcüməsi:
Gecəm nalə, gündüzüm qaranlıqda keçdi,
Fəğan bu paslı göylərin dövranından.
Ömrümun günəşi damımdan keçdi,
Artıq yatmış bəxtimin oyanmasına ümidim yoxdur.
Dövranın möhnətindən qəddim əyildi,
Bəli, ağır yükdən qamət əyilər.
Mən qəmli asimanam, xoşbəxtəm ki, gecələr sübhə qədər
Göz yaşımın ulduzları seyr edirlər.
Dünya bostanında məcnun söyüd kimiyəm,
Üzüaşağı--əksinə tərəqqi edirəm i.a.
Bu qəsideyi-qərra vasitəsilə Mirzə Nəsrullah şahın xidmətində təqərrüb hasil edib, hüzur şüəralarından məhsub olmuşdur və axırda "Məliküşşüəra" ləqəbini almışdır və ona şahın xəzinəsindən məvacib təyin olunmuşdur. Haman vaxtlarda şair xaricdən bir müəllim tutub fransızca təlim almağa məşğul olub, bir az vaxtın ərzində firəng lisanını bir dərəcədə kamil öyrənmişdi ki, o dildə şer deməyə dara olmuşdur. O cümlədən ərəbcə, farsca, türkcə və fransızca dediyi bir qəzəldir.
Ərəbcəsi:
Əya xilləti qəd nəqəztil-uhud,
Aufərti minhu yaumə məhsud[4].
[4] Tərcüməsi:
Ey dostum, əhdlər pozuldugundan
Həsrətli günlərim çoxaldı.
Farscası:
Ze dəste-fərağət çenan zar geryəm--
Ke əz dide cari konəd Zenderudi[5].
[5] Tərcüməsi:
Sənin ayrılıgının əlindən elə zar-zar arlayıram,
Sanki gözdən Zindərud (daşqın çay) axır.
Türkcəsi:
Yetişməzmi naləm sənə, ya ilahi,
Dağıtmazmı ahim bu çərxi-kəbudi?
Fransızcası:
Siel, ou suis--je, ou etais--ye ou seral--ye ah?
Reut on supproser une nouvelle assez rude?
Shere amie serai--ye en etat de desouvrire?
Vous vestige en Est, Oueste, nord, sud[6]?
[6] Tərcüməsi:
Mən nerdəyəm, mən nerdə idim, nerdə olacagam,
Bu qədər çətin bir müəmma olurmu?
Ey dost, mən səni bula biləcәkmiyəm
Şərqdə, qərbdə, şimalda ya çənubda?
Məşhur rəvayətə görə, Mirzə Bahar 1295-ci sənədə Tehrandan Təbrizə əzimət qılmışdır və burada təəhhül ixtiyar edib sakin olmuşdur. O vaxtlarda Təbrizdə iqamət edən ingilis səfiri ilə tanış olub, səfir şairin elmü kamalını və əxlaqi-həsənəsini görüb onunla səmimi dost olmuşdur. Tarixi-hicriyyənin 1300-cü ilində ki, miladın 1883-cü sənəsinə mütabiqdir, aləmi-bəqaya rehlət edib və "Məqbərətüşşüəra"da vətəndaşı Xaqaninin həmsayəliyində dəfn olunmuşdur….
Vəfatından sonra rəfiqi olan ingilis səfiri mərhumun türkcə, farsca və fransızca olan təranələrini və əsərlərindən bəzini əmanət təriqi ilə almış ki, London şəhərində təb etdirsin, vəli tabəhal ondan bir xəbər və nişanə yoxdur. Ancaq mərhum Baharın tərcümeyi-halına dair məlumatı möhtərəm Hacı Səfdər Şirvani cəmləşdirib lütf üzü ilə bizə göndərmişdir. Ol cənabın yazmağı ilə şairin əlhal əldə olan əsərlərindən məşhuru bunlardır: türkcə — "Qəzəliyyat"ı, farsca — "Divani-qəsaidü qəzəliyyat"ı və "Töhfətül-İraqeyn" adlı məsnəvisi və "Nərgis və gül" adlı bir kitabı vardır ki, heç biri hala təb olunmamışdır. Bu əsərlərin heç birisi bizim nəzərimizə çatmayıbdır. Ancaq bir neçə qəzəliyyat fars lisanında bizə Ağaəli bəy Əfəndiyev "Naseh" təxəllüs göndəribdir ki, çap olunur.
Qəzəli-Bahar:
Nemiquyəm ke, del əz dəst giro şad kon mara,
Əgər bini ze pa oftadeira, yad kon mara!
Becan dadən nəxahəm şekve kərdən əz cəfaye-to,
Təvani hər çe, ey namehreban bidad kon mara!
Nəqoftəm ğeyrra əz rəhm kon ommidvare-xod,
Tora qoftəm ke yek şəb quş bər fəryad kon mara!
Bexun balo pərəm dər keş əgər ze azare-mən şadi,
Benaləm gər ze courət, əz qəfəs azad kon mara!
Behəsrət ta key, ey həmaşiyan, sər zire-pər manəm,
Xodara, rəhbəri bər xaneye-səyyad kon mara!
Bovəd ta key deləm xun dər vosal əz olfəte-ğeyrəş,
Kocai, ey şəbe-hecran, biya, emdad kon mara!
Konəm ta çənd əz to çon Bəhar ezhare-naşadi,
Berahi qah-qahi əz neqahi şad kon mara[7]!
[7] Tərcüməsi:
Mən demirəm ki, ürəyimi əlimdən almaqla sən bizi şad elə,
Bir əldən düşmüşü görəndə bizi yada sal.
Can verəndə sənin cəfandan şikayət etməyәcəyəm,
Ey namehriban, bacardığın qədər bizə zülm elə.
Demədim ki, qeyri rəhm ilə özünə ümidvar elə,
Sənə dedim ki, bir geçə bizim fəryadımıza qulaq as.
Məni inçitməklə şad olursansa, qol-qanadımı qana boya,
Əgər sənin çəfandan nalə eləsəm, qəfəsdən bizi azad elə.
Ey həmaşiyan, nə vaxta qədər başım qanad altında həsrətlə
qalsın,
Allah xatirinə, bizi ovçu evinə sarı yolla.
Sənin əğyar ilə ülfət vüsalında olmağından nə vaxta qədər
mənim ürəyim qan olacaq,
Ey hiçran gecəsi, hardasan, gəl bizim dadımıza çat.
Bahar kimi nə vaxtadək səndən şad olmadığımı bildirim.
Hərdən bir yolüstü bizi öz baxışınla şad elə.
Əyzən qəzəli-Bahar:
Ruze-vəsləst, xodara, bekoş əz naz məra,
Baz bər həsrəte-didar məyəndaz məra!
Ba həme couro cəfa suye-to ayəm çe konəm,
Beqozarəd del çon gəşte bexod baz məra.
Ah əz in şiveye-səyyad ke əz səngdeli,
Beşkənəd balo dəhəd roxsəte-pərvaz məra.
Cay darəd ke xoda xanəmət, ey məh ke, çenin
Hər nəfəs mikoşiyo zende koni baz məra.
Çe qədr naz be mən mikoni əz koştəne-mən,
Kərdei zende məgər, ey bote-tənnaz, məra?!
Beçenin dideyi-keryano roxe-zərde-Bəhar
Aşekara nəşəvəd çon becəhan raz məra[8].
[8] Tərcüməsi:
Vəsl günüdür, ya rəb, məni naz içində öldür,
Məni yenə görüş həsrətinə salma.
Bütün bu cövr-cəfanla sənə sarı gəlirəm, nə edim [ki],
Ürək məni yenə özbaşına gəzməyə qoysun.
Aman daş ürəkli ovçunun bu adətindən ki,
Qanadımı sındırır, sonra da mənə deyir uç.
Eh mah, yeri var ki, səni allah adlandırım,
Çünki hər nəfəsdə məni öldürüb, sonra yenə dirildirsən.
Məni öldürmək üçün mənə nə qədər naz edirsən,
Məgər, ey gözəl qamətli büt, məni sən yaratmısan?
Baharın belə ağlar gözü və saralmış bənzi
Mənim sirrimi dünyada faş eləməyəcәk.
Əyzən qəzəli-farsiyi-Bahar:
Rixti, bərhəm zədi gisuyi-ənbərfamra,
Baz rosvaye-gəhan kərdi məne-bədnamra.
Şod moşəvvəş əz deləm zolfe-to, ari, mişəvəd
Əz təpidənhaye-morğ aşoftegiha damra.
Vəde dadi sobh bər vəsləm, məgər danestei
Hecre-to bər mən bərabər kərde sobho şamra?!
Qoftəməş: Siminbərətra xahəm əndər bər keşid,
Qoft: Ro, əz del borun kon in xəyale-xamra.
Gər besurət bər to manəd surəte-bothaye-Çin,
Vaceb aməd səcde kərdən bəd əz in əsnamra.
Henduye-zolfət əgər zin qune qəsde-din konəd,
Səcdeqahe-kofr sazəd qebleye-eslamra.
Çon koni bər mostəhəqqan bəxşe-neməthaye-hosn,
Bər Bəhare-xəstədel əvvəl bedeh doşnamra[9].
[9] Tərcüməsi:
Ənbər saçan saçını töküb pərişan elədin,
Yenə mən bədnamı rüsvayi-cahan elədin.
Mənim ürəyimin çırpıntısından sənin zülfün pərişan oldu,
Bəli, quş çapalayanda qəfəsdə pərişanlıq olar,
Mənə vədə verdin ki, sübh çağı vəslə çatacağıq,
Məgər bilirdin ki, sənin ayrılığın mənim gecə-gündüzümü
bərabər edib?!
Ona dedim:--Sənin gümüş bədənini bağrıma basmaq istəyirəm,
Dedi:--Get, bu xam xəyalı başından çıxar.
Əgər surətdə Çin bütləri sənə oxşasalar,
Bundan sonra sənəmlərə səcdə eləmək vacib olar,
Saçının qaralığı əgər dinə belə qəsd eləsə,
İslamın qibləsini kafirlərin səcdəgahına çevirər.
Müstəhəqq olanlara gözəl nemətlər bəxş edirsənsə,
Əvvəlçə ürəyi xəstə Baharı söy.
Qəzəli-farsiyi-Bahar:
Şəvəd bexak nehan sobhe çon şərab dər ayəd,
Setare celve nədarəd ço aftab dər ayəd.
Ze şərm mah keşəd sər bexak pirəhəne-sobh,
Şəbi ke mahe-mən əz xane bineqab dər ayəd.
Ze didənət rəvəd əz dide gər sereşkəm, əcəb nist,
Dər aftab ço bini ze dide ab dər ayəd.
Ze şərhe-qesseye-zolfe-to şəb nəxosbəm əgər çe
Deraz şod ço hekayət ze dide xab dər ayəd.
Məgər ze çine-do zolfe-to kərde nafe qoşayi
Ke əz nəsime-səhər buye-meşke-nab dər ayəd.
Ze geryeəm ləbe-lələş şəvəd be xənde qoşude,
Bəli, bexənde qol əz geryeye-səhab dər ayəd.
Ze yade-xuye-roxəş şod Bəhar təbqozari,
Ço qətre dər sədəf oftəd dore-xoşab dər ayəd[10].
[10] Tərcüməsi:
F. Köçərli bu qəzəlin altı beytinin bədii tərçüməsini aşağıda
verdiyi üçün burada onun yalnız son beytinin tərcuməsi verilir:
Bahar sənin üzündəki tər damcısını yada salıb ilhama gəldi.
Damcı sədəfə düşəndə təmiz durr əmələ gələr.
Əgər fars ədiblərinin ən məşhur və kamili bu qəzəllərdən hər birini mütaliə edib diqqət yetirə, anladığımıza görə, yenə də təşxis edə bilməz ki, bunlar türk oğlunun kəlamıdır. Bundan məlum olur ki, mərhum Bahar fars dilinin şivəsinə və üsuli-inşasına bir dərəcədə bələd imiş ki, onu öz ana dili kimi bilirmiş.
Baharın bu qəzəlləri müasiri olan Qaaninin və sair məşhur fars şairlərinin kəlamına bənzəyir. Xaqani Şirvaninin səfəhati-İranda o qədər adı və şöhrəti yoxdur, nə qədər ki, Baharın namü nişanı və ehtiramı ziyaddır.
Farslar özləri iqrarü etiraf edirlər və Xaqaninin şerlərini oxuduqda deyirlər: "Buye-tork miayəd"[11]. Və lakin Baharın kəlamına o qəbil isnadat verilmir.
[11] Tərcüməsi: Türk ətri gəlir.
Cinas, eyham, təşbihat və istiarat istemalında Bahar mərhum Qaaniyə bərabər imiş. Bu qövlümüzün təsdiqi üçün axırıncı qəzəldən bir neçə beytlərin tərcüməsini burada gətirməyi lazım gördük: Günəş doğub asiman üzrə tülu etdikdə ulduzların cilvəsi pozulub, nəzərə gəlmədiyi kimi, şərabi-gülfam dəxi məclisə gəldikdə təsbeh tarları gözdən düşüb məhvü nabud olur. Sənin nurani üzünü gördükdə gözlərimdən yaş axmağı təәccübünə gəlməsin, zira ki, günəşə hər kəs baxsa, gözlərindən su axar. Sənin müəttər və uzun saçının qissəsini şərh etdikdə gecələr sabaha kimi yatmadığım ondandır ki, hekayət tul çəkdikdə gözdən yuxu gedər. Mənim ağlamağımdan onun lələ bənzər dodaqları xəndə edib gül kimi açılır, yəni mən ağladıqca nigarım gülür. Bəli, bunda təәccüb yoxdur, həmişə göy üzündə bulud ağlayanda çəməndə gül xəndə edir və hakəza.
Baharın türk dilində yazdığı şerlərdən bir neçə qəzəlləri ələ düşdü ki, burada dərc olunur.
Qəzəl:
Mey nuri cilvə eylədi cami-bülurdən,
Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Ruxsarın atəşi məni yandırdı durdən[12],
Əlbəttə, yandırar, düşə gün gər bülurdən.
[12] Tərcüməsi:
"Yandırdı durdən məni ruxsarın atəşi" olmalıdır
Naz ilə bir xuramə gəl, əmvatə qıl güzər,
Ta "mərhəba!" səsi gələ əhli-qüburdən.
Zahid sözilə kim büti-meyxanədən keçər,
Özü görək keçirmi behişt ilə hurdən[13]?
[13] Tərcüməsi:
Zahid sözilə mən necə meyxanədən keçim,
Zahid özü keçərmi behişt ilə hurdən?--[olmalıdır].
Ol bivəfa tutarmı vəfa ilə dəstimi,
Basmaz ayağını gözümə çün qürurdən.
Meyxanəyə Bahar qürur ilə meyil edər,
Zahid qüsura meyl qılır [kim] qüsurdən.
Qəzəl:
Zülfün kimi qaraldı könül dudi-ah ilə,
Eşqində iddia edərəm bu güvah ilə.
Netsin o tari-zülfünə bu qan olan könül,
Mümkünmüdür bacarmaq o zülfi-siyah ilə?!
Hər guşəsində gözlərinin min bəla yatıb,
Necə can almasın belə göz bir nikah ilə?
Lütf ilə yığdı süni-qəza hüsni-ruyinə,
Necə ki, bağban gülü bağlar giyah ilə.
Müjgan səfini sinəmə çəkmək rəva deyil,
Gəlmək xərabə mülkə nə lazım sipah ilə?!
Fikri həmişə qanını tökməkdir aşiqin,
Muxtardır, nə etmək olur padişah ilə!
Meyxanəyə Bahar girib "ya sənəm" deyir,
Zahid girəndə Kəbəyə yüz "la ilah" ilə[14].
[14] Tərcüməsi:
La ilahə illəllah….--allahdan başqa allah yoxdur…. (Q u r a n ayəsindən).
Qəzəl:
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,
Heç açılırmı könlü onun seyri-bağdən?
Sordum sorağını, dedilər qeyrə yar olub,
Ey kaş lal olaydı dilim bu sorağdən.
Ölməkdən özgə yox mənə eşqində bir vüsul,
Pərvanə yanmağın sevər ancaq çirağdən.
Bir lalə üzlü yar çəkib dağ sinəmə,
Ya rəb, sən etmə sinəmi xali bu dağdən!
Yetdikdə gül dodağına mey bilməzəm alır
Meydən dodaq nəşəni, ya mey dodaqdən?!
Sənsiz əgər bahar açıla istəməz Bahar,
Nə qönçə bardən açıla, lalə dağdən.
Qəzəl:
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,
Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Hər zaman müşki-Xitadən iy oğurlar zülfün,
Möhtəsib hanı ki, bu düzdi-xətakarı tuta?
Bilməyirsən neçə min aşiq olub zülfünə bənd,
Zülf qalmaz sənə gər hər biri bir tarı tuta.
Hiç insaf deyil, zülfünə canım qurban,
Mən duram, özgələr ol türreyi-tərrarı tuta.
Qorxum oldur ki, görə zülfünü zahid nagəh,
Buraxıb sübheyi-səddanəni, zünnarı tuta.
Nə əcəb etməsə ol şux mənimlə göftar,
Neyləsin, yox o qədər arzı ki, göftarı tuta.
Yalvara-yalvara zülfün nə olur tutsa Bahar,
Çox əcəb sanmayın əfsungər əgər marı tuta.
Qəzəl:
Ləli-ləbin ki, xəlq deyirlər şərab ona,
Xasiyyəti-şərab tapar yetsə ab ona.
Şirin ləbin ki, ləl ürəyin qanə döndərib,
Yoxdur üzündə qanı, deyən ləli-nab ona.
Görmək şüai-arizini kimdə tabi var,
Bitablıq edib nə salırsan niqab ona?!
Gündən-günə saraldı, görüb hüsnünü yenə,
Girməz yerə ki, qarşı çıxar aftab ona.
Nəfyi-vücudi-nöqteyi-mövhum edər həkim,
Ağzın deyəydi kaş açılıb bir cavab ona.
Zahid ki, eşqi küfr deyib hökm edər, Bahar,
İmanə gəlməz, oxuyasan min kitab ona.
Qəzəl:
Tutsam şərabı gər ləbinə tay, haramdır,
Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Ruxsarın üzrə zülfünə baxdım o qədr kim,
Gördüm ki, gün qürub eyləyib, vəqti-şamdır.
Mahi-tamam səhv ilə bir gün dedim sənə,
Hər kəs eşitdi, dedi: bu söz natamamdır.
Zalım, bu qədr könlümü qan etməyin nədir,
Qan etmədim, dedim ləbinə ləl, namdır.
Zahid bilirmi hiç miyanın hekayətin,
Nazik sözü nə bilsin o kəs kim, avamdır.
Zahid, təvafi-Kəbəni qoy, bir güzar qıl,
Meyxanə içrə gör nə səfalı məqamdır?!
Dedim ki, şəhddir ləbin, ey canı cismimin,
Dedi: görün Bahar nə şirinkəlamdır.
Qəzəl:
Derdim o məst gözlərinin çox bəlası var,
Gördüm o qara zülfü onun da xətası var.
Hərgiz behiştə meyl eləməz, huri istəməz,
Hər aşiqin ki, sən kimi bir dilrübası var.
Derlər bahadır ağzına can, bilməzəm neçün
Bu yox olan şeyin bu qədər çox bahası var?
Müjganın ilə çeşmini gər sorsalar nədir,
Bimar piri gör ki, əlində əsası var.
Bir naz ilə xuramə gəl, ey sərv, ta görək
Hüsn içrə hansı sərvqədin iddiası var.
Yox eybi gərçi hicrin ilə ölməgin, vəli
Çeşmin görəndə ölməgin özgə səfası var.
Fəxr eylə kim, qulamınam, ey xublər şəhi,
Hansı şəhin Bahar kimi bir gədası var?
Mərhum Baharın türk lisanında yazdığı başqa kəlamlarından, məəttəəssüf, ələ gətirə bilmədik. Onların vasitəsilə şairin qədrü qiyməti və dərəceyi-kəmalü təbi-şeriyyəsi daha da artıq təhqiq və təyin olunardı.