Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Ağahüseyn "Arif" təxəllüs

Yusif Nabi Azərbaycan ədəbiyyatı. I cild. Ağahüseyn "Arif" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Ağabağır


Məhəmməd ağa Müctəhidzadə[nin] "Riyazül-aşiqin" ünvanı ilə tərtib etdiyi "Təzkirətüş-şüəra"sında verdiyi məlumata görə, Arif Molla Pənah dövrünün şüərasındandır.

Nişatın və Ağaməsih Şirvaninin müasiri imiş. Əsli və nəsəbi İrana mütəəlliqdir. Təvəllüd edib Təbrizdə, sonraları Qafqaziya torpağına hicrət edib və Şuşa şəhərini məhəlli-iqamət etmişdir. Çox arif, danişmənd və bəzi elmlərə dara bir şəxs imiş. Təbii şeriyyəsi dəxi var imiş.

Hicrəti-rəsulun 1220-ci sənəsində ömrünün şüşəsi Şuşa şəhərində daşa toxunub sınmışdır.

Aşağıda yazılan qəzəllər onun əsərlərindəndir:

Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et,
Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et!

Yetişcək sayəvəş toprağə düş, qəmxarıma söylə,
Qəmi-hicrində hali-zarımı izhari-qəmxar et--

Ki, ey peymanşikən, mehrü vəfası olmayan dilbər,
Tərafül eyləmə, bir ləhzə əzmi-kuyi-dildar et!

Əlindən öp, ona şərh eylə əhvali-pərişanı,
Əyağına düşüb öz başın üçün yarə izhar et--

Ki, gəlmiş aşiqi-biçarə yanından səba, söylər--
Ki, ey qəmxar, xabi-nazdən cananı bidar et.

Əcəl verməz aman, can nəqdini almaq dilər səndən,
Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et--

Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada,
Rəqibi, bar ilaha, mən kimi məhrumi-didar et!

  • * * * *


Mümkün olmaz yarı görmək bir zaman əğyarsız,
Gülşənin dövründə kim görmüş gül olsun xarsız?!

Dövri dönmüş dövri-dövran bulmadı kamımca seyr,
Çərxi-kəcrəftarı bir dəm görmədim azarsız.

Qədrü qiymətlər tapıb kuyində yarın qeyrlər,
Leyk mən qaldım qəmi-hicran ara qəmxarsız.

Qəm məni pamal qıldı, ey müsəlmanan, haray,
Olmasın kafir də, ya rəb, mən kimi qəmxarsız.

Qəbrimin daşına yaz, ey əhli-dil, bu misrəi:
Verdi Arif canını min həsrət ilə yarsız.

  • * * * *


Günəş nuru deyil pərtöv salıb kövnü məkan üzrə,
Yüzün nurudur ol, ey məh, düşüb əks asiman üzrə.

Rəvan ol canibi-bostanə, ey sərvi-rəvan, ta gör,
Üzün toprağə qoymuş sərvi-sərkeş busitan üzrə.

Saraldı nərgisi-məstin qəmindən natəvan nərgis,
Üzün gül gördü, xiclətdən qızardı gülsitan üzrə.

Götürgəc pərdə yüzdən şurişü qovğa bülənd oldu,
Qiyam etdi qiyamından qiyamətlər cahan üzrə.

Qədəm bas başına, ta payimal et, sərfəraz olsun,
Qoyub baş xəstə Arif pasiban tək asitan üzrə.

Bu qəzəllərdən Arifin zərif və xoştəb bir şair olduğu anlaşılır. Heyfa ki, təqazayi-zaman elə imiş ki, Arif kimi şairlərimiz dilbərin vəsfindən, rəqibin sitəmindən, fəraqın ələmindən çərxi-kəcrəftarın cövrü zülmündən başqa bir şey vücuda gətirməyə qadir deyilmişlər. Və necə ki, o vaxtın şairi Nabi əfəndi deyibdir:

Çıxamaz daireyi-dilbərdən,
Qəddü xəddü ləbü çeşmi-tərdən.
Gəh baharə dolaşur, gəh çəmənə.
İlişür sərvü gülü yasəmənə.
Rəhi-narəftədə cövlan edəməz,
Sapa vadiləri seyran edəməz.

Arifin yuxarıda yazılan qəzəllərindən səva yenə bir çox əsərləri alicənab müfti əfəndi Qaibzadənin "Məcmuə"sində məsturdur.