Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Yusif Nabi (məqalə)

Şirvan və Şamaxı Azərbaycan ədəbiyyatı. I cild. Yusif Nabi
Müəllif: Firudin bəy Köçərli
Ağahüseyn "Arif" təxəllüs


Molla Məhəmməd Bağdadidən sonra Azərbaycan şüəra və üdəbasına şüərayi-sələfdən artıq nüfuzu olanı Yusif Nabi olubdur. Nabi əfəndi türklərin müqtədir və zor şairlərindən birisi hesab olunur. Divani-Nabidə ki, zəxim bir kitabdan ibarətdir, hər qisim kəlam mövcuddur. Təmamisi nəzm ilə inşad olunubdur. Haman mənzumat bu qayda üzrə divani-Nabidə təb olunmuşdur: 1) Babül-mədh və nət; 2) Qəsaid; 3) Təxmis və maddeyi-tarix; 4) Məsnəvi; 5) Rübaiyyat və qəzəliyyati-türki; 6) Müqəttəat və müəmmayat; 7) Divani-qəzəliyyati-farsi; 8) "Xeyriyyeyi-Nabi".

Nabi əfəndi "Xeyriyyə"sində oğlu Əbülxeyr Məhəmməd Çələbiyə yazdığı pəndnaməsində öz tərcümeyi-halına dair icmalən məlumat verir. Bu məlumatdan görünür ki, Məhəmməd Çələbi Nabinin ömrünün müsinn çağında, yəni 54 yaşında doğulmuşdur və onun vücuda gəlməsi ilə şairin gözləri nur və qəlbi sürur ilə dolur; guya ona təzədən bir həyat verilir. Belə ki, Nabi əfəndi deyir:

Pərtövi-nuri-həyatım sənsin,
Məhz xeyrü bərəkatım sənsin,
Salalı başimə zatın sayə,
Bən səninlə bakaram dünyayə.

Məhəmməd Çələbinin təvəllüdü şairin 54-cü yaşında vaqe olmasına onun bu şerləri şəhadət verir:

Səni verdi bana, ey feyzməab,
Mövsimi-sinni-kəbirimdə vəhab.
Toğıcaq aləmə hüsnün mahi,
Güzəran olmuş idim pəncahi.
Çarü pəncahdə verdi səni həq,
Həft salında yazıldı bu vərəq.

Məhəmməd Çələbinin maddeyi-tarixindən ki, Nabi əfəndi özü onu inşa edibdir, məlum olur ki, onun vəqti-təvəllüdü hicrətin 1106-cı salında vüqua gəlibdir. Haman maddeyi-tarix bu şerlərdən ibarətdir:

Sərmayeye-fetrətəm Əbülxeyr--
Kəz lotfe-əzəl pənah darəd,
Tarixe-veladəte-şərifəş
"Əz dərd xoda neqah darəd".[1]

[1] Tərcüməsi:
Əzəli lütfə sığınan,
Mənim fitrətimin sərmayəsi olan Əbülxeyrin.
Şərəfli təvəllüd tarixi
"Əz dərd xuda pənah darəd"dir
("Allah onu bəlalardan saxlasın"dır.)

Bu hesab ilə Yusif Nabinin təvəllüdü hicrətin 1052-ci sənəsinə təsadüf edir. 1106 sənədən 54 sənə çıxanda qalır 1052 sənə ki, haman salda Yusif Nabi vücuda gəlibdir Rəha şəhərində. Rəha isə Qüdsi-Xəlil canibində Şam xittəsində basəfa qəsəbələrdən birisidir ki, xoş ab-havası ilə məşhurdur. Nabi əfəndi vətəni olan Rəhanı belə vəsf edir:

Vətənim şəhri-dilarayi-Rəha,
Vəqti-təhrir müqirrim Şəhba.
Nə Rəha, nüsxeyi-gülzari-cinan,
Məsqətürrəsi-Xəlilül-Rəhman.
Nə Rəha qibtəgəhi-xitteyi-Şam,
Məzhəri-möcüzeyi-bərdü səlam. [2]

[2] Tərcüməsi:
Vətənim gözəl Rəha şəhəridir,
Bunları yazan vaxtda iqamətgahım Şəhbadır.
Elə bir Rəha ki, cənnət bağçasının bir nüsxəsi,
Xəlilulrəhmanın daimi yaşayış yeridir.
Elə bir Rəha ki, Şam ölkəsi ona həsrət çəkir,
"Bərd və səlam" möcüzəsinin yeridir.

Nabi əfəndi vətəni-məlufunda nəşvü nüma tapıb, təlim və tərbiyə aldıqdan sonra 30 sənəyə qədər Ədirnə və İstambul şəhərlərində bəzi mənsəbləri əda etməklə sükunət etmişdir və sonradan bu zati-şərifin aramgahı Hələb şəhəri olmuşdur:

Bir zaman Ədirnəvü İstambul
Oldu si sal bana cayi-nüzul.
Lilləhülhəmd neçə mənsəbü cah
Oldu bu bəndəyə ehsani-ilah.
Qalmayıb sonra dimaği-dövlət,
Oldu üftadeyi-künci-üzlət.
Cəzbeyi-abü həva oldu səbəb,
Oldu aramgəhim şəhri-Hələb.

Şairin kəlamından belə anlaşılır ki, Hələb şəhəri xeyli canfəza və xoşhava bir məkandır ki, çahar fəsli düzgün keçir. Bu şəhərin vəsfində şair deyibdir:

Şərabə şərm verir abi-canfəzayi-Hələb.
Şəmimi-cənnəti məhcub edər həvayi-Hələb.
Ləbi-bütanə olur xəndərizi-istehza
Nəməksiriştə, ləb püstə fəzayi-Hələb.
Buna həvadə İraqü Əcəm müxalifdir--
Ki, çar fəsldə novruz edər səbayi-Hələb.
Behişt qanda görər hüsnünün təmaşasın,
Tururkən ayineyi-abi-dilgüşayi-Hələb.

Yusif Nabi xeyli müddət dünyada zindəganlıq edibdir və əyyami-zindəganlığı Məhəmməd Sultanın oğulları--Mustafa Sultanın və Əhməd xan Sultanın zamani-hökumətlərinə təsadüf etmişdir. Şair hər birisinin vəsfi-şənində xeyli qərra və səlis qəsidələr yazıbdır ki, manəndi az tapılar. Onun bir qəsidəsindən anlaşılan budur ki, Sultan Əhməd xan ibn Məhəmməd xanın cülusi-hümayunu şairin 50-ci salında vaqe olubdur. Məzkur qəsidə bu sayaq başlanır:

Bir şəbangəh ki, çiraği-xirədi-əbdi-fəqir
Eyləmişdi hərəmi-qəsri-dimağım tənvir,
Nagəhan mükməni-qeybin açılıb pərdələri
Oldu yer səf sipəharayişi-meydani-zəmir.
Birinin nami qələm, biri vərəq, biri dəvat,
Biri məni, biri məzmun, biri hüsni-təbir.
Dedilər birdən:--Əya, piri-rəhi-nəzmi-süxən,
Ey köhən cövhəri, sövqi-bəyanü təhrir,
Nə əcəb xeyli zamandır ki, təməvvücdə deyil,
Bəhri-zəxxari-xəyal, əbri-köhərpaşi-zəmir.
Sana noldu, nə turursan, nə günə saklarsan,
Ta bekey nəsri-cəvahirdə bu dəklü təxir?
Əlli yıldır ki, müsəlləm sana səccadeyi-nəzm,
Şimdi sənsən şüəra zümrəsinə şeyxi-kəbir.
O zamanlar sana təslim idi meydani-süxən--
Ki, sənin sözlərinə Naili olmuşdu əsir.
Meyvəsi az isə də, ləzzəti əfzuntər olur
O dirəxtin ki, xiyabani-süxəndə ola pir.
Dedim:--Ey lövhənəvisani-dəbistani-hünər,
Ey məbaniyyi-məaniyə müdara təmir,
Həp bilürsiz ki, qədi-rastimi xamə kibi,
Etdi əngüşt kibi xəmzədə bari-təhrir.
Qalmadı tabü təvan teyyi-rəhi-əfkarə,
Oldu əndişə də tərkibi-vücudum kibi pir.
Leyk var cibi-zəmirimdə nəhüftə çoxdan
Bir göhər əqdi ki, olmaz ana aləmdə nəzir.
Saklaram namına bir padşəhi-dövranın--
Ki, edəm müjdə bəşarət kim edərsə təbşir.
Gəlsin ol padşəhin əsri-şərifində görək
Bülbüli-köhnə necə eylər imiş bəsti-səfir,
Dedilər:--Müjdələr olsun, sana, ey rastnəzər--
Ki, səni istədiyin əsrə yetirdi təqdir.
Lilləhilhəmd ki, bir vifqi-murad etdi cülus
İntizar eylədiyin padşəhi-aləmgir.
Oldu təyidi-ilahidə misali-xurşid.
Zati-valatəri arayişi-balayi-sərir.
Zilli-məmdudi-xuda həzrəti-Xan Əhməd kim,
Sayeyi-sərvi-ələm, dövlətidir mehri-münir.

Və lakin bizə rast gəlmədiyindən məlum olmadı ki, Nabi əfəndi hələb şəhərindəmi vəfat edibdir, yoxsa İstambulda. Vəli çox ehtimal var ki, onun vəfatı İstambulda ittifaq düşübdür. Çünki şairin öz kəlamından görünür ki, ol cənab ömrünün həftad sinnində Hələbdən Ruma əzimət edib və Hüzuri-Sultan Əhməd xanda sahibi-mənsəb olmuşdur və dəxi onun İstambuldan Hələbə müraciət etməyi haqqında divanında bir işarə yoxdur. Şairin bu qoca sinnində və ixtiyar halında talibi-izzü cah olması bəzi əhli-qərəz və kəcnəzərlərin lisani-etirazını diraz edib, onu müttəhim qılmışlar. Necə ki, bu babda şair özü deyibdir:

Həqqin olub dərində nəsimi-inayəti,
Gülşənsərayi-Rumə düşürdükdə qisməti.
Yəni olub diyari-Hələbdən keşidəpa,
Təhrik edincə Rumə rikabi-əziməti.
Nagah vəhmü vəsvəsəfərmayi-kəcnəzər
Urdu inan əzmimə dəsti-cəsarəti.
Bəsti-müqəddimati-sualə edib şüru,
Zəmm etdi xeyrxahlıq üzərə sədaqəti.
Əbvabi-etirazə küşayiş verib təmam,
Etdi ədlə ilə mökədi-ibarəti.
Dedi ki, ey fisürdə xirəd, piri-natəvan,
Həftad sinndə bu səfərin nəy ki, hikməti?
Bu sinnü saldə qərəzin izzü cah isə,
Yox izzü cahə cismi-nizarın ləyaqəti.
Var isə arizuyi-münasib zəmirdə,
Anın da tazəlikdədir ayinü şövkəti.
Əsbabi-ehtişamə əgər var isə həvəs,
Piranın ana daxi yakışmaz qiyafəti.
Sövdayi-kəsbi-malla məali isə dilin,
Anın da pirlikdə nədir qədrü qiyməti?
Gahi ocaq başında, gəhi baği-zardə
Eylərkən əhli-danişü elm ilə söhbəti,
Kətm etmə, doğru söylə nədir məqsədü murad,
Böylə dəyişmədən süfreyi-zövq üzləti.
Divan büsatı ilə əgər əsb isə murad,
Bazulərində zəbtinə yox istitaəti.
Halın sənin bu günə ikən, ey fisürdəhuş,
Bilməm bu rahə sən nədən etdin əziməti?
Gördüm məqalı gərçi deyil vəchdən təhi,
Əmma əsabət üzrə deyil hiç həqiqəti.
Dedim əgərçi cümləsi vardır bu sözlərin
Bən daxi anlamaz deyiləm rəncü rahəti.
Məchuldur təbiət kəc beyninə sənin,
Tədbirə qalib olduğu həqqin iradəti.
Məlumdur bu hər kəsə, vazeh təriqdir,
Likəi nəhüftə var dəxi çox sirrü hikməti.
Görməzmisən bu mətbəxi-süni-həkimdə
Cəzb etdiyin keşan-keşan insani qisməti?
Əz cümlə ol sənin dedigin rahətü fərar
Mətlubi-cismdir, yox anın canə nisbəti.
Asudəlikdə gərçi könül müstərih olur,
Həp hisseyi-bədəndir anın həddü qayəti.
Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ilə canə nisbəti.
Səmü bəsər vəzifəsin alamaz kənardə,
İkisi də qidadə çəkərlər zərurəti.
Səmin qidasi məniyi-pakizə nitqdir,
Çeşmin qidasi hüsndür anınla hekayəti.

Nabi əfəndinin bu axırkı sözlərində çox nazik mənalar vardır ki, onlara diqqət yetirməmək olmaz. Həqiqətdə məhz istirahəti-bədən və fəraqəti-cism ilə dolanmaq heyvaniyyətdən bir az bəridir. Künci-üzlət və qənaəti qənimət bilib, beş günlük ömrü xabi-qəflətdə, yəni ancaq yeyib-içməkdə keçirmək, məhz bir bədənə xidmət edib, onun zəruriyyatını mühəyya etməyə çalışmaq və ruhun varlığından bilmərrə bixəbər olmaq insanın sırf cəhalət və avamlığına dəlalət elər. Odur ki, Nabi əfəndi deyir və həqiqətdə çəməni-mənaya dürr və cəvahir saçır:

Bir istirahətin ki, ola mərcəi bədən,
Yoxdur o rahətin dil ilə canə nisbəti.

Sonradan Nabi əfəndi ətfi-kəlam edib, İstambulu və onun əhlinin kamal və mərifətini və hüsni-ədalarını tərif edir:

Minayi-çeşmi qərqeyi-nuri-sürur edər,
Xubani-şəhryanın o hüsnü lətafəti.
Hüsni-əda, hüsni-vəfa, hüsni-hər ümur
Ol şəhri-bibədəldə bulur hüsni-qayəti.
Ol dilgüşa məallar, ol xürdə nüktələr
Mümkündür bola Ərəbistanda surəti?
Ol canfəza süxənlərin, ol şux ədalərin
Əkamlər lisanına olsunmu nisbəti?
Olsunmu hiç kəlami-zərifanəyə bədəl
Əsbər şəvi təala tənəqşö ibarəti?
"Bədi", "ləkə" xitablarından gəlirmi heç
Ləfzi--"a canım", "ay əfəndim həlavəti?

Və bundan sonra şair sədri-əzəm Məhəmməd paşanın vasitəsilə müqərrəbi-hüzuri-Xan Əhməd Sultan olmaqından və sultanın ol şairi-salxürdəyə iltifat və mərhəmət göstərməklərindən danışıb deyir:

Naziklik ilə dəvət edib pişgahına,
Etdi müqabilində qüudə işarəti.
Zərrinsitanə dövlətilə eyləyib nəzər,
Nərgislər oldu naili-çeşmi-inayəti.
Dəsti-mübarəkilə edib çidə xakdən,
Etdi səri-həqirimə vəzi-əlaməti.
Yəni duayi-cahıma vəqf eylədim səni,
Var eylə ta zəmani gəlincə bu xidməti.
Allaha şükr can bədənə etmədin vida
Göstərdi həqq bana bu zaman səadəti.
Dərgahi-dövlətinə olunmazmı ruymal
Ol davərin ki, sibqət edə bu kəraməti.

Bu şerlərdən məlum olur ki, Nabi əfəndi Xan Əhməd Sultanın qəsrində öz kamal və mərifəti və xüsusən, təbi-şeriyyəsi ucundan iqamət edib, vəzifəxarlar cümləsindən olubdur.

Nabi əfəndi öz hali-həyatında, yəqin ki, məriz olduğu əsnada ölümünün yaxınlaşmağını dərk edib, tarixi-vəfatını yazmışdır. Bu maddeyi-tarix hesabilə onun vəfatı vaqe olubdur hicrətin 1124-cü ilində 77 yaşında. Məzkur tarixi-vəfat bu şerlərdən ibarətdir:

Çon ruhe-kəmine-Nabi dər locceye-nur aməd,
Əz təngiye-tən va rəst dər dare-sorur aməd.
Tarixşenasane-mənaye-şohudo ğoyub
Qoftənd: peye-tarix "Nabi behozur aməd". [3]

[3] Tərcüməsi:
Nabi, sənin kiçiçik ruhun nur dəryasına gəldiyindən
Bədən darısqallığından nicat tapdı, şadlıq dəryasına gəldi.

Gözə görünən və görünməyən mənaların tarixşünasları
Dedilər: tarixin ardınça "Nabi behüzur aməd" (Nabi hüzura gəldi).

Yusif Nabi, necə ki, əsərlərindən məlum olunur, hikmət və mərifət əhli imiş. Onun da Füzuli Bağdadi kimi asari-həkimanələrində xeyli dərin mənalar, uca fikirlər, müstəqim və mətin rəylər vardır ki, daimül-övqat zində və baqi qalacaqdır. Bundan əlavə mərhum Nabinin oğlu Əbülxeyr Məhəmməd Çələbiyə xitabən yazdığı dəlayili-aqilanə və nəsayihi-müşfiqanə ki, nəticəsi cümleyi-nasə aiddir, bizim dünyəvi səadətimiz, üxrəvi nicatımız və mənəvi tərəqqimiz üçün ən məqbul və mötəbər bir dəsturül-əməldir. Bu "Xeyriyyə"də qeyrilərin də səlahı mənzur olduğunu şair özü açıq deyir:

Hər zaman istərəm, ey cani-pədər,
Ola avizeyi-guşun bu göhər,
Bunu nazik tutasan canından,
Bir dəm ayırmayasan yanından.
Ta beməhşər ola feyzi cari,
Həm sənə, həm ola qeyrə sari.

Əlbəttə, Füzuli Bağdadinin əsari-nəfisələrində olan fəsahət və bəlağət, onun əşari-aşiqanələrində hiss olunan lətafət və təravət Nabi əfəndinin kəlamlarında müşahidə olunmur və lakin hikmət və fəlsəfə nöqteyi-nəzərincə Nabinin kəlamlarına diqqət yetirilsə və Füzulinin bu qisim asari-qələmiyyələri ilə tətbiq olunsa, bəlkə Nabi əfəndinin kəlami-hikmətamizi ürəfa və üqəla nəzərində Füzulinin kəlamlarından əskik olmaya. Bainhəmə hər iki şairin özlərinə məxsus rütbə və məqamları vardır; hər birisinin şiveyi-lisanları və tərzi-kəlamları başqadır; hər birisinin təbi-rəvanpərvərlərində başqa bir yaradıcılıq qüvvəsi mövcuddur; hər birisinin şer və kəlamından başqa bir ətir və rayihə hiss olunur; hər birisində başqa bir zövq və səfa vardır ki, onları ancaq ərbabı və sərrafı təşxis və təmyiz edə bilər. Belə ki, bunlardan birisini qeyrisinə tərcih vermək müşkül əmrlərdən birisidir. Bu isə bizim vəzifəmizdən bala və qüdrətimizdən xaricdir. Belə pürqiymət dürrlər bizim tənqid tərəzimizdə çəkiləsi daşlar deyil.

Hərçənd Yusif Nabinin əsərləri də cümlə mərifət əhlinə və xassə şüəra sinfinə məlumdur və lakin onlar Füzulinin təlifatı kimi camaatımız arasında intişar və iştihar tapmayıbdır. Zaqafqaziyada ancaq Şəki mahalında, xüsusən Nuxa şəhərinin və Qəbələ mahalının ürəfa və zürəfası arasında Nabi əfəndinin hikmətamiz kəlamları özlərinə xiridar tapmışlar. Sair oxucularımızı da ol zati-əzizin kəlamları ilə aşina etmək üçün burada bəzi nümumələr göstərilir. Nabi əfəndi öz "Xeyriyyə"sində oğlu Məhəmməd Çələbini səy və elmə bu sayaq tərğib və təşviq edib, səy və elmin vəsfində və cəhlin zəmmində yazır:

Ey nihali-çəmənarayi-ədəb,
Nurbəxşayi-dilü dideyi-əb,
Səy qıl elmi-şərifə şəbü ruz,
Qalma heyvansifət, ol elmamuz.
Elmə səy eyləməməkdən həzər et,
Elmü səy ikisi birdir, nəzər et.
Müddəaya bu süxən şahiddir,
Elmü səyin ədədi vahiddir.
Bulamaz elm bilasəy vücud,
Biri getsə, biri olur nabud,
Sifəti-həzrəti-Mövladır elm,
Cümlə övsafdən əladır elm.
Mətləbi-elmə çalış ol ələm,
Fərzdir dedi rəsuli-əkrəm,
Dəxi əmr eylədi ol sahibi-elm:
Məhddən ləhdə dək ol talibi-elm.
Elm üçün oldu şəhi-xitteyi-nur,
Rəbb zədni tələbilə məmur.
Bula gör öylə Mədinəyə vüsul--
Ki, qapusi ola damadi-rəsul.
Elmdir maşteyi-ruyi-vühud,
Elmdir vasiteyi-budü nəbud.
Elmdir maideyi-rəbbani,
Elmdir muhibeyi-yəzdani.
Elmdir rabiteyi-izzü əla,
Elmdir baisi-təmkinü səfa.
Elmdir zabiteyi-cahü cəlal,
Elmdir rabiteyi-bərrü nəval,
Elm bir lücceyi-bisahildir,
Anda aləm keçinən cahildir.
Cəhlə həq mövt dedi, elmə həyat,
Olma həmhali-güruhi-əmvat.
Olma məhrumi-həyati-əbədi,
Elmlə fərq edə gör nikü bədi.
Elmin ənvai ilə ol hali,
Bəlkə lazım gələ istemali.
Bilmək, əlbəttə, deyilmi əhsən,
Sorsalar bən anı bilməm demədən.
Həzrətin nasə budur təlqini:
"Utlubul-elmi vəlo bis-Sini".
Etmə ar, öyrən oxu əhlindən,
Hər şeyin elmi gözəl cəhlindən.
Cühəla alimə nisbət xərdir,
Bəlkə xərdən də belə əbtərdir.
Qandadır bixəbərü qanda xəbir.
Mütəsavi deyil əmiyyü bəsir.
Nə qədər bulsa da izzət, şövkət,
Cah ilə cahilə gəlməz rifət.
Cəhldir maideyi-şərmü xiclət,
Cəhldir muresi-zillü nikbət.
Cəhldir adəmə zindani-bəla,--
Ki, düşənlər görəməz ruyi-rəha.
Cəhldir məhz ədəm, elm vücud,
Heç bərabərmi olur bud, nəbud?
Şərəfi-elmə nəhayət yoxdur,
Sifəti-bariyə qayət yoxdur.

Şərəfi-hüsni-xülq babında və sözün məqamü əndazəsi xüsusunda:

Ey səraməd göhəri-bəhri-həyat,
Nüsxeyi-müntəxəbi-hüsni-sifat,
Məskənət xislətin eylə ədad,
Ol mülayimdilu dərvişnihad!
Ol qənitəbü təvazöpişə,
Sal gülüstani-fəlahə rişə.
Sana helmü ədəbü hüsni-süluk
Edər əhrari zəruri məmluk.
Hüsni-əxlaq deyil ərzani,
Çini-əbru girehi-pişani.
Xəndəruluq əsəri-rəhmətdir,
Turşuluq səbəbi-nifrətdir.
Xuyi-bəd, adəti-bəd, məşrəbi-bəd,
Edər ərbabını mərdudi-əbəd.
Qürrə olmaq sifəti-şeytandır,
Randeyi-bargəhi-rəhmandır.
Səndə zahir olıcaq kibrü qürur
Qism edər zöhrini allahi-qəyur.
Tutalım çərxə irişmiş cahın,
Yenə ədna qulusan allahın.
Nə qədər cahın olursa ali,
Damənin busədən olsun xali.
Sana lazım yerə yüzün sürtmək,
Qula düşməz əl-ayaq öpdürmək.
Ənbiya məsləkini eylə qəbul,
Oldu məmur müdaraya rəsul.
Bimüdara olamazsan rahət,
Fəxri-aləm dedi rəsi-hikmət.
Kəşfi-raz eyləmə biganələrə,
Vermə yol məclisə divanələrə.
Hər kəsi məhrəmi-əsrar etmə,
Sirrini zivəri-bazar etmə.
Hər kəsin qövlünü sadiq sanma.
Cümləyi leyk münafiq sanma.
Olma məclisdə nə bir gunə xəmuş,
Vəqtlə gah zəban ol, gəh guş.
Süxəni ibrəti-dürrü göhər et.
Mümkün olduğu qədər müxtəsər et.
Sözdə olsun sənə dəsturi-əməl
Məniyi-nükteyi-ma qəllə və dəl
Olur insanda zəban bir, iki guş,
Sən dəxi söylə bir, ol iki xəmuş.
Et kəlamın nə qəsirü nə təvil,
Gözlə vəqtin, nə xəfif ol, nə səqil.

Hüsni-kəlami-mövzun babında və şüərayi-islamın mədhində və filcümlə, əsl şairin vəzifə və təklifi xüsusunda deyibdir:

Ey səfayabi-kəlami-mövzun,
Aşinayi-süxəni-gunagun,
Təbin eylərsə əgər şerə həvəs,
Sənə mənasını fəhm etmək bəs.
Söxənani-şüərayi-əslaf
Qəlbi ayinəviş eylər səfaf.

TÜRK ŞÜƏRASI

Türkidə Nəfi ilə Baqiyə bax,
Qeyr divanları da qıl mülhəq,
Anların şeri mətindir, amma
Qeyrisində dəxi var çox məna.

ӘCӘM ŞÜƏRASI

Şüərayi-əcəmin divani
Hüsni-məniyyü məarif kani.
Talibü Saibü Ürfiyyü Səlim,
Feyziyü hind Nəziriyü Kəlim,
Təzə guyan zamanda Şövkət
Məniyi-tazəyə verdi surət.
Camiyü Ənvəriyü Xaqani
Hər biri mülki-süxən sultani.
Bülbüli-şaxi-tərazi-Şiraz,
Sədiyü Hafizi-mənipərdaz,
Süxənani-qüdəmayi-şüəra,
Həq budur: biri-birindən əla.
Yox nəhayət şüərayi-əcəmə,
Həm əsamiləri sığmaz qələmə.

ӘRƏB ŞÜƏRASI

Şeri çoxdur şüərayi-ərəbin--
Ki, o da mayəsi Şamü Hələbin.
Demə əbyatına namövzundur,
Anın ozanları digərgundur.
Neçə mənaları var rəqsavər,
Məşəlasa tökər əsmaə şərər.
Var içində neçə əşari-kübar,
Qoyamaz ayineyi-dildə qübar.
Neçə bin nəti-şərifi-nəbəvi,
Midhəti-möcizeyi-Müstəfəvi,
Hər biri qiteyi-əlmasi-səmin,
Hər biri dürri-girənqədri-mətin.

ŞERİN HAQQINDA

Hikmətamiz gərəkdir əşar--
Ki, məali ola irşadə mədar.
Abi-hikmətlə bulur nəvşü nüma
Gülşəni-şerü riyazi-inşa.
Olmasa şer məcazi-mütləq,
Versə mənayə həqiqət rövnəq,
Yoxsa hər nəzmi-təhiyyü sadə
Ola mənadən o da azadə.
Baxüsus olmaya təşbihi-tamam
İstiaratü cinasü ibham.
Demədən şeri sükut övladır,
Şerdən məqsəd olan mənadır.
Baxsan əksər süxəni-şairi-xam
Zülfü sünbül, gülü bülbül, meyü cam.
Çıxamaz daireyi-dilbərdən,
Qəddü xəddü ləbü çeşmi-tərdən.
Gəh baharə dolaşur, gəh çəmənə,
İlişür sərvü gülü yasəmənə.
Rəhi-narəftədə cövlan edəməz,
Sapa vadiləri seyran edəməz.
Edəməz seydi-məaniyyi-bülənd,
Atamaz qeyr şikarına kəmənd.
Keçinür məniyi-xabidə ilə,
Ləfzi-məşhuru cəhandidə ilə.
Qoxusuz laləyə bənzər o süxən--
Ki, ola ləfzi təhi mənadən.
Həcvdən əlhəzər, ey cani-pədər--
Ki, verər məşribi-ürfanə kədər.
Həcvdən əlhəzər, ey cani-pədər--
Aqil etməz anı, eylər əhməq.

Nabi əfəndinin "Xeyriyyə"sində o qədər hikmətli sözlər, gözəl nəsihətlər və xoş mənalı şerlər var ki, cümləsini başdan ayağa kimi yazsaq, nəf və faydadan xali olmaz, amma məcmuəmizdə yer olmadığına görə, ancaq bu qədər yazılana kifayət etdik.

İndi ol möhtərəm vücudun başqa qisim əsərlərindən dəxi bir neçə nümunələr gətirməklə əziz oxucularımızı daha da artıcıq onunla aşina edək.

Qəzəli-Nabi:

Xətt girdi-arizində ki, gahi əyan olur,
Dillər qübari-heyrətlə rikdan olur.

Sorduqca çeşmi hali-əsiran qəmzəsin,
Bimü ümmid arayə girər tərcüman olur.

Mövzunqədanü simtənanü şəkkərləban
Pirə əsa, fəqirə qina, cismə can olur.

Lazım deyil kitabi-"Gülüstan" o afətə,
Nə nüsxə qursa sinəsinə gülsitan olur.

Şəhri-Sitambulun nə gözəl mərdümanı var,
Ən sadəlövhü nazik olur, nüktədan olur.

Bahərfi-təlx kim var isə xaki-şəhrdir,
Əbnayi-şəhər cümləsi şirinzəban olur.

Hüsni-nəməkbəduş bulunmaz kənardə,
İstambul içrə, Nabi, o da rayigan olur.

  • * * * *


Adəm əsiri-dəsti-məşiyyət deyilmidir?
Aləm zəbuni-pənceyi-qüdrət deyilmidir?

Bu pərdənin dəruninə bax, iztirabı qoy,
Hər möhnətin vərası məsərrət deyilmidir?

Bəzli-həyat rahi-məhəbbətdə aşiqə
Təklif olunca canına minnət deyilmidir?

Yox gərçi sədmeyi-sitəmindən gürizimiz,
Əmma ki, dəsti-nazikə zəhmət deyilmidir?

Həp sənmi kamyab olacaqsan zəmanədən,
Ey təngçeşm, kar benovbət deyilmidir?

Möhtaci-rizai-xaliq ikən sərbəsər cəhan,
Məhluqdən niyaz məzəllət deyilmidir?

Nabi, zəbani-nitqim edən xameyi-məcaz
Məşşateyi-ərusi-həqiqət deyilmidir?

  • * * * *


Bən ol xakəm ki, xurşidi-cahanara cəlisimdir,
Tənim süfladır, əmma məniyi-ülvi ənisimdir.

Bu tufanzari-həstidə bən ol kəştiyyi-Nuhəm kim,
Nəfəs balayi-sərdə badban, ruhim rəisimdir.

Gülüstani-cahan ləbtəşneyi-təşrifi-insandır,
Olan rəhzən bənə birahiyi-nəfsi-xəbisimdir.

Edər girdi-səri-insanə gərdiş kaseyi-gərdun,
Nəvali-afərinişdə məlaik kasəlisimdir.

Xiyal pirəhən etdikcə qəddi-şuxi-mənayə,
Fələkdə çərxeyi-mahi-şəbara pənbərisimdir.

Bəyazə xamayi-zərlə dəbiri-sübh amadə,
Ütarid məclisi-mənadə müsəvvədənəvisimdir.

Xüruşi-çar cuyi-təbimin asari, ey Nabi,
Səfayi-çar mövci bəhri-asari-səlisimdir.

Bu qəzəldə Nabi əfəndi insanın vücudu iki hissədən--ruhi-lətif ilə cismi-kəsifdən əmələ gəlməsini xeyli zərifanə və şairanə bəyan edib, xurşidi-cahanara ilə həmcəlis olmağını iddia eləyir və kamali-iftixar ilə sərkeşlik edib deyir ki, özüm torpaqdan xəlq olunmuşamsa da və tənim süfla isə də, amma ruh, ağıl və fəhm sayəsində hər bir məxluqdan əşrəf və əzəməm, məniyi-ülvi mənim ənisimdir.

Bu tufanzari-həstidə, yəni bu aləmi-imkanda və varlıq dünyasında mən Nuhun ol nicatverici gəmisiyəm ki, balayi-sərdə əql və idrakım ol kəştinin badbanı və ruhum onun rəisidir. Axırkı beytlərdə dəxi şair özünün sair məxluqatdan ələm və əfzəl olmağını, yəni kaseyi-gördun onun başına dolanmağını və fövci-məlayik nəvali-afərinişdə onun kasayalayanı olmağını və göy üzündə mahi-şəbaranın çərxəsi onun pambıqəyirəni olmağını və məclisi-mənada Ütarid ulduzu onun müsəvvədənəvisi olmağını şairanə nəzmə çəkir. Nabi əfəndinin bu əfkari-aliyəsi Avropa hükəmaları və Məşriqzəmin şüərası əsərlərində dəxi təzkar olunmuşdur. Amma Nabi əfəndi ərusi-mənanı qəribə bir libasa və əcibə bir dona geyindirib izah etmişdir. Özgə bir qəzəlində Nabi əfəndi bu mənanı daha da açıq ifadə etmək üçün insanı pəru balsız bir quşa təşbih etmişdir ki, aşiyani-aləmə iktisabi-qüvvəti-pərvaz üçün düşmüşdür. Biçarə quşun meyl və həvəsi havaya qalxmaqdır və uca məqamlarda seyr etməkdir. Amma iqtizayi-təbiəti olan bu arzunu icra etməyə qanad və quyruğu yoxdur. Zəlil və müztərr xak üzrə taqətsiz düşüb, əsiri-havayi-nəfs olmuşdur:

Mürqi-qədsiz iktisabi-qüvvəti-pərvaz üçün
Aşiyani-aləmə bibalü bipər gəlmişiz.
Cəhldən üftadəyiz xudrəyliq vadisinə,
Yoxsa nəqşiz, məniyi-nəqqaşə məzhər gəlmişiz.

Atidə zikr olunan qəzəl dəxi Nabinin pürməzmun əsərlərindən birisi hesab olunur:

Qələmmisal əmin ol, qələmtəraş olma,
Vərəqnigar kamal ol, vərəqtəraş olma!
Sepervəş eylə təhəmmül, zərrəvəş ol qəmxar,
Təsəllüt eyləmə xəlq üzrə durbaş olma!
Kəmanmisal gəc ol, tək atılma yabanə,
Xədəngi-rastrovü vaditəlaş olma!
Sərində nəşeyi-səhba ətasidir xakın,
Tәəddüb eylə, rüxi-xakə cürəpaş olma!
Hərəmzadeyi-möhnət təvəllüd eyləməsin,
Zənan fikr məhal eylə, həmfəraş olma!
Qonarsa cuşi-xəridardən dərunə qubar,
Bu günə, ey gül, ümidi-xoşqumaş olma!
Dü gündə qərəz asayiş isə, ey dil,
Bədazmavü bədamuzü bədməaş olma!

Bu qəzəldə zikr olunan bəzi gözəl fikirləri və müşfiqanə nəsihətləri avizeyi-guş edib, əlbəttə, unutmamalıdır. Necə ki, deyibdir:

Sərində nəşeyi-səhba ətasidir xakın,
Tәəddüb eylə rüxi-xakə cürəpaş olma!

Yəni torpağın qədrini bil, onun üzərinə cürəpaş olma, sənin mayeyi-həyatın, eyş-işrətin və zövq-ləzzətin torpaq hasilə gətirdiyi nemətlərdən əmələ gəlmişdir: başındakı nəşeyi-mey xakın ətasıdır və habelə vəliniəmin qədrini bilib, əməyini zay etmə, qədrşünas ol, şükri-nemət eylə, ta ki, haqq-taalanın nəzəri-mərhəməti həmişə üstündə olsun, fəzl və nemət qapısı üzərinə açıq olsun.

Ancaq Nabi əfəndinin bu qəzəldə bir nəsihətini qəbul edə bilmədik ki, o da şəxsin məhz bir salamatlığını və xətadan eymən olmağını icab edirsə də, onu təriqi-istiqamətdən və rastrəvişlikdən bir növ əyriliyə və nəfspərəstliyə sövq edir. Nabi əfəndi hifzi-can və asudeyi-tən üçün tövsiyə edir ki, "kaman misal gəc ol!", yəni kaman kimi bükülüb və qatlanıb küncifəraqətdə salamat otur, həqir və üftadə ol, gərdənkeşlik və sərfərazılıq etmə, tək və tənha özünü meydani-müharibəyə atma, səni tapdalayıb əzərlər, başına bəlalar gələr; əgər sən də düz və rast gedən ox kimi vadiyi-təlaşda səy etsən, onda yəqin ki, daşa və qayaya toxunub, murada vasil olmamış sınacaqsan.

Əlbəttə, tək öz nəfsinin salamatlığını mənzurda tutmayıb, ümumnasın xeyir və salahı yolunda səy və təlaş edən şəxsin başında bəlalar çoxdur, nəinki ol adamın ki, cümlə məxluq ilə müdara edib, hər işdə vahid öz mənfəəti-şəxsiyyətini gözləyə. Əlbəttə, rastrovluqda, dürüstkirdarlıqda və həqpərəstlikdə xəta və xətər çoxdur, nəinki haqq söyləməkdən çəkinib, məhz öz səlahı üçün künci-fəraqətdə sükunət ixtiyar etməkdə. Amma bununla belə, bizim ixtiyarımız yoxdur ki, xalqı haqq söyləməkdən, dürüstkirdar olmaqdan və haqq yolunda fədakarlıqdan daşındıraq. Biləks, hər bir sahibi-vicdanın və əhli-daniş və mərifətin əvvəlinci vəzifəsi əbnayi-milləti düzlüyə və doğruluğa dəvət etməkdir. Vətən uğrunda və millətin tərəqqisi və təalisi yolunda onları candan və başdan keçməyə, cürətli, şəci və müstəqim olmağa tərğib və təşviq etməkdir. Və illa adam bir öz başını və nəfsini qorumaqla, öz mənfəəti-şəxsiyyətini güdməklə, hər qisim cövr və sitəmə tab gətirib, hər bir bari-töhmət və məzəmmətə mütəhəmmil olmaqla və bu qədər xar və zəlil olub, qeyrilərin təhti-hökumətində əsirvar güzəran edib, bu günə dolanmağın adını "müdara" qoymaqla həqiqi səadətə və həqiqi nicata vasil olmaz. Belə dolanmağın nəticəsi qorxaqlıq, kəmcürətlik və yasarlıqdan başqa, zillət və məşəqqətdən səva bir şey olmaz. Öz rəy və fikrimizi açıq deməkdən çəkinib əyri ilə doğruya fərq qoymayıb haqqa və nahaqqa "bəli, bəli" deməklə belə fəna hala düşmüşük. Bizim əqidəmizə görə, tərəqqi və səadətimizə lazım olan əsbablardan birisi də cürətli, fədakar və dürüstkirdar olmaqdır. Buna binaən Nabi əfəndinin məzkur fərdini bu ibarə ilə dəyişib yazsaq, daha gözəl və məqbul olar:

Kəmanmisal kəc olma, hərasi-can etmə,
Xədəngi-rastrovü vadiyi-təlaş olgil!

Aşağıda yazılan qəzəl dəxi Nabinin hikmətamiz kəlamlarından birisidir. Bu qəzəldə şair insanın hər fel və əməlində bir qərəz və bir mənzur olduğunu bildirir:

Verməzdi kimsə kimsəyə nan, minnət olmasa,
Bir məsləhət görülməz idi rüşvət olmasa.

Xəlqin miyanəsində bulunmazdı ittihad,
Məşriblərində vasiteyi-xissət olmasa.

Kəndi vücuduna böylə qılmazdı məali xəlq,
Qəsdi-nümayişi-şərəfü şövkət olmasa.

Yox biqərəz müamilə əhli-zəmanədə,
Kimsə ibadət etməz idi cənnət olmasa.

Təhsili-elmin üstünə tərcih edərmi nas,
Təhsili-məal vasiteyi-rifət olmasa.

Kəmyab idi miyani-ləimandan imtizac,
Mabeynində əlaqeyi-cinsiyyət olmasa.

Etməz zühur ərsədə bir kimsədən kərəm,
Ziminində qəsdi-daiyeyi-şöhrət olmasa.

Baxmazdı kimsə ayineyi-safə, Nabiya,
Xudbinlik əlaqəsinə alət olmasa.

MÜQƏTTӘATINDAN NUMUNƏLƏR

Təsirin anınla canibi-ülvidən olduğun
Seyr et cəmaətin hərəkatın əzan ilən.

İnsan odur ki, bir söz ilə bəndi-pa ola,
Heyvan odur ki, bağlayarlar risman olən.

Nöqsanı başqasilə olur, Nabiya, tamam,
Hər kimsə kim, təkəllüm edər tərcüman ilən.

  • * * * *


Dil ərşi-ilahidir, anı eyləmə təxrib,
Dəsti-bəşər ol xanəyi tərmim edə bilməz.

  • * * * *


Bihicr zövqi-vəsl nə məlum, Nabiya,
Azadəlik səfası giriftarlıqdadır.

  • * * * *


Bir zərrə yox bu kargəhi-sündə əbəs,
Vasitədir biri-birinə çərxi saətin.

  • * * * *


Həqiqi sanma hər bir gördüyün pərhizkarını,
Fəsadə dərdməndin neyləsin, dəstində alət yox.

Yapılmış, hazır olmuş səndən ol cümlənin kari,
Sənin tədbirinə, ey çərx, zəhmət çəkmə, hacət yox.

Cahanın zirü balasın təfəhhüs eylədim, Nabi,
Təvəkkül kişvərindən qeyri yerdə istirahət yox.

  • * * * *


Allah isə vəzində əgər niyyəti-vaiz,
Kürsiyyi-səmavatə çıxar şöhrəti-vaiz.

Əshabi-fəzilət ana möhtac diyildir,
Cahillərə, nadanlaradır xidməti-vaiz.

Satmazsa əgər xəlqə vəzifə ilə pəndi,
Nabi, o zamanlar bilinir qiyməti-vaiz.

Söz yoxdur əgər dəstinə məhşərdə girirsə,
Balayi-məclisdə olan rifəti-vaiz.

  • * * * *


Taki-həqirdə bulunan miyveyi-ləziz
Ol qaməti-büləndə bədəldir çinardə.

  • * * * *


Bədtər deyilmi çəğçəğeyi-asiyabdən,
Nabi, o bəzm kolmaya növbətlə göftgu.

Bu müxtəsər nümunələrdən əlavə, Nabinin müqəttəat babında nazik işarələri və hikmətli sözləri çox çoxdur, amma cümləsinin buraya küncayişi yoxdur.