Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Ağaismayıl Zəbih (məqalə)

Asəf Şirvani Azərbaycan ədəbiyyatı. I cild. Ağaismayıl Zəbih
Müəllif: Firudin bəy Köçərli
Cəfərqulu xan "Nəva" təxəllüs


Ağaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.

Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.

Zəbih xoşxülq və pürsavad bir vücud imiş. Fars şairlərinin əsərlərindən ittilan-kamili var imiş. Türk və fars dillərində müxtəlif şer və qəzəlləri vardır. Bundan əlavə Zəbih ziyadə xoşnəvis imiş. Farsca divanı vardır, heyfa ki, ələ keçmədi. Məktəbdar Mirzə Sadıq "Fani" təxəllüslə Zəbihin arasında irsal-mərsul və təatiyi-əfkar vüqua gəlirmiş. Өz nəvəsi Xəlili təlim və tərbiyə üçün ilk dəfə məktəbə göndərdiyi vaxt Mirzə Sadığa yazdığı "Tövsiyənamə"dən bir-iki beyti əhibbalarının xatirində qalıbdır ki, burada zikr olunur:

Ey ke, mərdom yad girəd əz to təlime-ədəb,
Vey ze əsrare-məani, vaqef əz aslo nəsəb.
Gər bovəd əz fəzlo elmət bər Xəlile-mən nəsib,
Nar bər vey nur gərdəd çon toi ərbabe-rəb.

Və yenə Mirzə Sadıq Faniyə cavabən yazdığı farsül-ibarə bir kəlamından ancaq üç beyt ələ düşdü ki, onda qocalıqdan şikayət olunur:

Barilaha, kəs məbada dər cəhan başəd əlil,
Hər ke, şod piro əlil, an gəh şəvəd xaro zəlil.
Ab çon besyar manəd dər qədəh, gərdəd kəsif,
Mərd çon besyan xəsbəd lacərəm gərdəd kəsil.
Noktegirira məkon dər şere-mən dər qafiye,
Əz qəvafiye-to inca nist coz ləfze-əmil.

Və yenə Mirzə Sadıq "Fani" təxəllüs onun mədhində yazdığı bir kağıza cavabən bu beytləri yazmışdır:

Xaleqol-əşar mixani məra dər selke-nəzm,
Şaere-xoştəbra həstəm mənəş əbde-zəlil.
Ruzo şəb duri həmicuyəm əz in darol-ədəm,
Reştei bər gərdənəm əfkənde Musavo Xəlil[1].

[1]- Musa və Xəlil — hər ikisi şairin nəvələridir.

Ağa[ismayıl] Zəbihin hər qisim şerü kəlamları çox isə də, heyfa ki, ələ düşənləri az oldu. Onlardan bir neçəsi burada təb olunur.

Müxəmməsi-Zəbih:

Bilmirəm bais nədir, qəlbim də seyran istəməz,
Könlümü tutmuş qübari-qəm, gülüstan istəməz,
Seyri-gülgəştü səfayi-bağü bostan istəməz,
Bərbətü rudü sürudi-ləhni-xoşxan istəməz,
Mərğzari-laləvü nəsrinü reyhan istəməz.

Bəzi əşxası görürsən qəddi manəndi-ələm,
Zənn edirsən bu vəfa rahındadır sabitqədəm,
Yaxşıraqdır belə əşxasın vücudundan ədəm,
Hiyləvü məkr ilə daim dildə sövgəndü qəsəm,
Hər qəsəm ki, yad edər, guya ki, üsyan istəməz.

Neçə kəslər var, müsəlmandır deyirlər adına,
Şeytənət fikrindən özgə şey düşməz yadına,
Çox kəsin baisdir onlar fitnəvü əfsadına,
Görgəc iblis onları söylər tamam övladına:
Getməyin bu şəhrə kim, bu şəhr şeytan istəməz.

Bəzi kəs inkar edər qanuni-şəri ruzü şəb,
Bu şəriətdan qılar qanuni-rusi müntəxəb,
Etmədi inkar həqqi-Mustafa cüz Buləhəb,
Getməzəm şərə — sölərdi ol himari-biədəb,
Bizlərə şər nə lazım kim, bu, divan istəməz.

Qalmayıb bir zərrə bu deyri-fənadə rəğbətim,
Az-çox var idi bu xəlq içrə şanü şövkətim,
Getdi əldən, günbəgün artar məlalü möhnətim,
İşrətü nazü nəimə qalmayıbdır ülfətim,
Şövkətü şanü cəlalü hökm divan istəməz.

Bu fələk gör kim, nə rüsvayi-cahan etmiş məni,
Acizü piri-əlilü natəvan etmiş məni,
Yoxsa bilməm çərxi-gərdun imtahan etmiş məni,
Bivəfa kəslər ilə çün həminan etmiş məni,
Sərfəraz etmək məni bu çərxi-dəvran istəməz.

Görmədim bu ruzigar əhlində bir sidqü səfa,
Gördüm onları tamamən bidəyanət, bivəfa,
Bir yalan sözdür adın qoymuş rəfiqü aşina,
Yox Əli, ali-Əlidən qeyri özgə rəhnüma,
Өzgə bir ümmid ya bir özgə canan istəməz.

Etmə, ya rəb, həşrimi məhşər günü əğyar ilən,
İmtahan etmə Zəbihi-binəvanı nar ilən,
Həşrimi qıl ərseyi-məhşərdə həştü çar ilən,
Ol şəfii-ruzi-məhşər heydəri-kərrar ilən,
Gər ola yüz min mürid, mürşidü səlman, istəməz.

İstədim kuyi-vəfadə Qeys ya Fərhad olam,
Qoymadı bu çərxi-gərdun bir zaman dilşad olam,
Qeyrəti-xəsmi-əduyə gaveyi-həddad olam,
İstəməzdim bivəfalıq rəsminə mötad olam,
Əyləşən kəs zövrəqə, əlbəttə, tufan istəməz.

Ağaismayıl Zəbih bu müxəmməsində Molla Pənah Vaqif kimi öz əsərində yaşayan adamların rəzil əxlaqından və çirkin övsafından söz açıb onların bivəfa və biar, biqeyrət, mühil və yalançı olmaqlarını, haqqı inkar edib, dini-mübini-Mustafadan uzaq düşməklərini, rus zakonunu şəriət qanununa tərcih etməkləriini, dostluğun əvvəlinci şərti məqamında olan sidqü dəyanətdən bibəhrə olmaqlarını gözəl və mövzun şerlər vasitəsilə bir-bir zikr qılır, əhli-zəmanədən üz çöndərir və Əliyyül-Mürtəzaya və onun evladına pənah aparıb həşr günündə onlardan kömək diləyir.

Zəbihin bu kəlamında olan bir bənd "Molla Nəsrəddin" curnalında sabiqdə çap olunmuş "Cəhənnəm məktubu"nu yada salır ki, şeytan zəmanə adamlarından şikayət edib deyir: "Nahaq yerə məni müttəhim edib hər məqamü məkanda mənə lənət oxuyursunuz. Neçə vaxt idi ki, mən Firəngistana getmişdim və mənim vücudum burada olmadığı halda Adəm atanın övladı o qədər fəsad və şərarət törətdi ki, o qədər görülməmiş işlər tutdu ki, onlar mənim heç xəyalımdan da keçməzdi". Sonradan şeytan Adəm atanın övladı tutduğu fəsad əməlləri bir-bir zikr edib deyir: "Өzünüz insaf edib söyləyin, bu işlər mənim əməlimdir, yoxsa sizin öz işlərinizdir?"

Zəbih dəxi öz şəhərinin əhlindən şikayət edib deyir: Adlarını müsəlman qoyan neçə kəslər vardır ki, şeytənətdən başqa bir fikir və peşələri yoxdur. Onların xəyalı və tamam səyləri ancaq adamların arasında fitnəvü fəsad salmaqdır. Belə adamları iblis
gördükdə öz balalarına deyir: Balalarım, daha siz bu şəhərə getməyin, buranın əhli şeytan istəməz. Bunlar özü hər qisim fəsad və şərarət törətməkdə bibədəl və mahirdirlər…." Necə ki, Zəbih deyir:

Neçə kəslər var, müsəlmandır deyirlər adına,
Şeytənət fikrindən özgə şey düşməz yadına,
Çox kəsin baisdir onlar fitnəvü əfsadına,
Görgəc iblis onları söylər tamam övladına:
Getməyin bu şəhrə kim, bu şəhr şeytan istəməz.

Bizim elmü mərifətdən bibəhrə olan əhlin şeytandan artıq fitnəkar, şərir və fasid olmağını binəzir şairimiz Abbas ağa Qaibov "Nazir" təxəllüs təzə yazdığı "Molla və şeytan" ünvanlı hekayəsində gözəl vəch ilə bəyan edibdir. Bu hekayənin barəsində öz məqamında danışılacaqdır.

Cənab Zəbihin yuxarıda yazılan müxəmməsindən onun müqtədir və xoştəb azərbaycanlı bir şair olduğu görünür. Onun aşağıda dərc olunan kəlamı bu qövlümüzün doğruluğuna şəhadət verə bilər. Kəlami-Zəbih:

Mənim bu pir olan könlüm cahanda bir cavan istər,
İçib məst olmağa hər dəm şərabi-ərğəvan istər.

Gəhi eylər təkəllüm iddiasın bəzmi-ürfanda,
Gəhi rəzm etməyə Rüstəmsifət tirü kaman istər.

Gəhi xaki-məzəllətdə tutar Mənsur tək aram,
Gəhi Keyxosrovü Cəmşid tək təxti-Kəyan istər.

Gəhi azürdəvü dərviş İbrahimi-Ədhəm tək,
Gəhi cahü cəlali-Ərdəşiri-Babəkan istər.

Məqami-həqqi tapmaqda olur gah Nasiri-Xosrov,
Gəhi ol Xosrovi-Pərviz tək mülki-cahan istər.

Gəhi azərpərəstü gah qibti, gəh müsəlmani,
Gəhi bərzəx, gəhi duzəx, gəhi hurü cinan istər.

Gəhi süflitələb qəri-zəmində gavü mahi tək,
Gəhi ülvitələb seyri-səfayi-asiman istər.

Gəhi Bəhluli-divanə, gəhi Mollayi-Nəsrəddin,
Gəhi Buzərcmehrü şövkəti-Nuşirəvan istər.

Gəhi Sədiyü Hafiz, gəh Füzuli, gah Xaqani,
Gəhi Bağdad, gəh Şiraz, gahi İsfəhan istər.

Gəhi Mollayi-Rumi, gəh Nizami, gah Firdovsi,
Gəhi Rumi, gəhi İran, gəhi Hindustan istər.

Gəhi dərsi-səbəqdə əcz edər şagirdi-məktəb tək,
Gəhi inşasına şagirdi-Mirzə Mehdi xan istər.

Mənə tən etmə, ey zahid, sənin zöhdün riyaidir.
Əgər zikr eyləyəm vəsfin sənin, bir dastan istər.

Bəsa zahidləri gördüm sənin tək səy edər, amma
Rəhi-təhqiqi tapmaqda ona çox imtahan istər.

Xərabət əhlinin eşqini bilməz zahidü müfti,
Ona eşqin yolun göstərməyə piri-muğan istər.

Deyil vaqif rümuzi-eşqə şeyxi-şəhrlə vaiz,
Olar gahi ələf çeynər, gəhi arpa-saman istər.

Vücudi-vəhdəti bilməz nifasü heyz mollasi,
Ona burhani-qate pənbədə bir qətrə qan istər.

Təriqətdən sual etsək nəcasət fəslini söylər,
Həqiqət kəlməsindən lal olur, guya zəban istər.

Təriqi-həqqi tanmaq, istəməz maziyü müstəqbəl,
Nə nəhvü sərf, məntiq, nə bəyan ilə məan istər.

Məcaz əhli həqiqət rahini tapmaqda bimürşid,
Skəndərvar olur aciz, dəlili-karvan istər.

Zəbiha, ruzi-məhşərdə nədir üsyanına fikrin,
Nəzər lütf ilə gər qılsa əmiri-möminan istər.

Bu şərhin qilü qalından qübari-qəm tutub könlüm,
Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər.

Mərhum Zəbihin bu kəlamı mövzun və pürməzmun kəlamlardan birisidir. Burada şair müasiri Nəbati kimi, Şəms Təbrizi əleyhirrəhməyə təqlid və təbəiyyət izhar edərək könlünün müxtəlif hallarını və onda vaxtbəvaxt vüqua gələn arzu və təmənnaları şərh qılır.

Zəbih gəhi xaki-məzəllətdə Mənsur tək aramyab olur və gahi Keyxosrov və Cəmşid tək təxtü taci-Kəyan tələb edir; gahi dərvişsifət azadəlik xahiş eləyir və gahi Ərdəşir Babəkan kimi cahü calal şövqünə düşür; gəh azəri, gəh qibti və gəh müsəlman olmaq fikrinə düşür; gəhi yerin altında zəm olunan qızıl öküzdən və zorba balıqdan söz açıb seyri-səfayi-asiman tələb edir; gəh bərzəxi və kahi də behişti-bərində hur, cinan təmənnalarına düşür və habelə şairin meylü könlü min cürə müxtəlif halətlərə düşüb cənnət və cəhənnəm misallı bir-birinə zidd, bərəks şeylər və təmənnalar arzu eləyir. Bu qisim rəngarəng halətlər ancaq həqiqi şair misilli qeyri-adi və ziyadə əsaslı vücudların təbiət va məzaclarında müşahidə oluna bilər.

Zəbih öz hali-dilini və müxtəlif təmənnalarını zikr etdikdən sonra zahidi-zahirpərəstin vəsfi-halına şüru edib deyir: Ey zahid, mənə tən etmə, sənin zöhdün həqiqi deyil, riyaidir. Siz zahidlər rümuzi-eşqə vaqif deyilsiniz, xərabət əhlinin eşqini zahirpərəst müfti və vaiz bilə bilməz. Bu yolu göstərmək üçün piri-muran lazımdır. Əgər sizdən təriqət məsələsindən sual olunsa, nəcasət fəslini söylərsiniz və həqiqət kəlməsinin mənasını dərk etməklə əcz göstərib, lal olub qalarsınız. Zira bu kəlməni şərhü bəyan etməyə başqa fəsahət və təlaqəti-lisan gərəkdir. O da ki, siz firqədə yoxdur.

Bu kəlamın axırkı beytində şair Azərbaycan vilayətini təmənna edib, sakin olduğu şəhərin qilü qalından şikayət edir:

Bu şəhrin qilü qalından qübari-qəm tutub könlüm,
Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər.

Burada Zəbih şikayət elədiyi şəhər yəqin ki, Gəncə şəhəridir. Aşağıda yazılan müxəmməsi-müstəzadında əgərçi şair bir növ Gəncəni başdan tərif və tövsif qılır, vəli onun əhalisinin eybü qüsuruna dəxi pərdə çəkmir, onları da nazik işarələr ilə göstərir və bundan masəva əsil Azərbaycan ki, Zəbihin könül quşu uçub onun tərəfinə meyil edir, qədim əsrdən İran dövlətinə tabe vəsi bir vilayətdir ki, onun mərkəzi Təbriz şəhəridir. Hər halda şair uzun müddət sakin olduğu şəhər əhlindən rəncidə və dilgir olub, başqa bir məhələ köçməyi arzu edir. Bu məhəl vətəni-məlufu Gəncədirmi, yoxsa Təbrizdirmi, allah bilir.

Gəncə şəhərində sükunət edən ruhanilərin və müxtəlif əsnafların və peşəkarların vəsfi-şənində istehza və kinayə təriqi ilə inşad etdiyi müxəmməsi-müstəzaddır:

Könlüm həvəs eylər ki, qılım bir neçə əşar,
                        Әşari-dürәrbar.
Lal olmaya nitqim, edə tuti kimi göftar,

Ya bülbüli-gülzar.
Bu rəsmdir əşarə olub talib besyar,

Çün onda fərəh var.
Xəlqin görürəm əksərini mən kimi bikar,

Yüz dərdə giriftar.
Өvsafını bu şəhrin edəm mən sənə izhar,

Ey arifü huşyar!

Əvvəl sölərəm məscidi, çün rövzeyi-cənnət,

Çox var bu şəbahət.
Olmaz bu cahanda belə məbədgəhi-millət,

Mehrabi-ibadət.
Yox eyb ilə bir nəqsi onun həqq-həqiqət,

Banisinə rəhmət.
Memari onun tərhini çəkmiş nə qiyamət,

Çox rənc ilə zəhmət.
Gəlməz bu cahan içrə dəxi bir belə memar,

Bu elmə səzavar.

Mollalarının hər biri əllamədir əlhəq,

Elm onlara müştəq.
Qazisi qəzavətdə Şüreyh idi müvəssəq,

Fitvaları bərhəq.
Qanuni-şəriət tapıb onlar ilə rövnəq,

Sən söylə ki, səddəq.
Sübh olduğu tək əsrə kimi dərs de mütləq,

Təhsildir əlhəq.
İlkindidən axşama kimi bəhsi-səmavar,

Bir elmdi düşvar.

Düşdü güzərim hücreyi-axunda çü yeksər,

Gördüm neçə kəslər.
Dövründə oturmuş həmə əşxasi-müvəqqərö[1],

Xoşqamətü mənzər.
Təşbih elədim hər biri [bir] Buzərü Qənbər,

Salmanə bərabər.
Guya dirilib tazədən Əmmar ilə Yasər,
                        Әshabi-peyğәmbәr.
Ricət olub aya ki, gəlib heydəri-kərrar,

Bu Cabiri-Ənsar.

[1]- Müvəqqər — möhtərəm, təzim və təkrim olunmuş olan.

Vəsf eylərəm əsnafları cümlə bu minval,

Məcmui xoşəhval.
Azdır buları mədh edə bir kimsə məhü sal

Yüz şairi-nəqqal.
Tacirlərini eyb edənin nitqi olur lal,

Mərdud olu filhal.
Bu şəhrdə kiçik yüz iyirmi iki baqqal,

Bir danədi qəssal.
Sahiblərinə söyləsə hər kimsə ribaxar,

Müşrik olu murdar.

Vəh, vəh, nə müəttər görünür firqeyi-dəbbağ,

Çün buyi-sərimsar.
Rövğən küpünə daxil olub cümleyi-səbbağ[2],

Guya ki, yeyib yağ.
Səllaxü[3] kirişçi ikisi oldular ortaq,

Sərmayə bağırsaq.
Ruxsarını əllafların gör nə olub ağ,

Çün pəşmi-Qarabağ.

[2]- Səbbağ — boyaqçı.

[3]- Sallax — qoyun və qaramal başı kəsib soyan adam.

Təbbaxləri gör nə edər təbxi-müləzzəz,

Çoxlar onu bilməz.
Pitipəz ilən paçəpəz, ustadi-həlimpəz,

Dükkanları məbrəz,
Kababçı əgərçi buların payinə gəlməz,

Bunları bəyənməz.
Halvaçıların mayəsidir quyruğü bəkməz,

Hər kim yeyə bilməz.
Biçarə sabunçu qalıb avarəvü bikar,
                        Өz halına ağlar.

Bu səfhəni gör kim, nə Gülüstani-İrəmdir,

Məxluqu sənəmdir.
Əfsus ki, bu şəhrin əhibbaları kəmdir,

Guya ki, ədəmdir.
Bəzi, görüpür, tatü cühud ilə əcəmdir,

Sərriştəsi kəmdir.
Dərd olsa əgər bircə bu dünyada, nə qəmdir?

Nə cövrü ələmdir?
Ya rəb, eləmə dəhrdə bir kimsəni bimar,

Ya qadirü qəffar!

Zakir ilə Vaiz o taydan gəli hər dəm,

Zakirliyə möhkəm.
Arşın yarım ağ ilə olub cümlə müəmməm,

Ol ömrləri kəm.
Sirab edə bilməz buları cud ilə Hatəm,

Dinar ilə dirhəm.
Eyvah, yaxın oldu yenə mahi-məhərrəm,

Tutmaqlığa matəm.
Məmlüvv edəcәk mənbəri kirpilə ilanlar,

Bu mərsiyəxanlar.

Filcümlə İranın söləyim vəsfini mənqul,

Ta olmaya çox tul.
İranda məgər qəhtdi bir adəmi-məqul,

Həm layiqü məqbul?
Bir gövdənin adını qoyub nayibi-konsul,

Qılmış bunu mərsul.
Təzkirə bahası deyibən nahəq alır pul,

Bu zalimi-məxzul.
Birdir buna dərviş ilə əfsungərü tüccar,

Dəllakü cəmadar.

Zəbihin bu müstəzadı artıq məharətlə yazılıbdır. Bu kəlamda səbat, ciddiyyət və təmkinlik ilə istehza və kinayə, ağlamaq ilə gülmək, şadlıq ilə qəm biri-birinə qarışıbdır. Burada bilmək olmur ki, şair doğrudanmı Gəncənin ruhanilərini və sair sənət əhllərini tərif və mədh eləyir, yoxsa onların üstünə gülür, rişxənd eləyir. Doğrudanmı Gəncə mollaları əllamədirlər və Gəncə qaziləri ümuri-qəzavətdə müvəssəqdirlər? Doğrudanmı qanuni-şəriət onların mübarək vücudları sayəsində rövnəq tapıbdır və sübhdən əsrə kimi onlar əziz vaxtlarını dərsü bəhsdə, təlimü təəllümdə keçirirlər, yoxsa şair zərifanə onların üstünə gülüb kinayə edir?

Şairin sözünə inanmaq olardı, əgər samavar məsələsi araya gəlməsəydi. Hacıların vəsfinə dəxi hamı inanardı, əgər "ribaxarlıq" sözü açılmasaydı. Əgər şair möhtərəm hacıların ribaxar olmağını inkar edib deyir ki, onlara bir kəs ribaxar deyə bilməz, desələr "müşrik olur murdar", vəli bu sözlərin kinayətəriqi ilə söylənməsinə şübhə yoxdur. Çünki Gəncə tacirləri faiz və riba almasaydılar, onların bu sifəti hərgiz burada zikr olunmazdı.

Firqeyi-dabbağdan sarmısağın və bağırsağın "buyimüəttəri" gəlmək sözlərindən şairin rişxənd etməsi zahir olur.

Sonra şair təbbaxları, bitibişirənləri və paçapəzləri, həlimaşı bişirənləri, kababçı, halvaçı və sabunçuları öz sənətlərinə müxtəs sifətlər ilə tərif edib "pitipəz ilə paçapəz, ustadi-həlimpəzin" dükanlarını məbrəzə təşbih edir. Bundan sonra ətibba sinfinə keçir və onların kəmyablığından şikayət edir, tapılanları da ya tat olur və ya cuhud ki, təbabət elmində əsla sərriştələri olmur. Ancaq dərd üstünə dərd artırırlar. Ol cəhətdən şair deyir:

Ya rəb, eləmə dəhrdə bir kimsəni bimar,

Ya qadirü qəffar!

Xətmi-kəlamda şair məhərrəm ayında İrandan gələn əqrəbsənət və marsirət vaiz və mərsiyəxanları zikr edib, onların tamahkarlığından və biçarə fəhlələri, dərvişləri, əfsungərləri, dəllək və camədarları soyub çapovulçuluq edən nabəkar konsul nayiblərinin zülmü cövründən dadü fəryad edir. Bundan məlum olunur ki, İranın viran olmağı və onda əlan müşahidə olunan binizamlıq və ədalətsizlik xeyli zaman bundan müqəddəm başlanıbdır. Mərhum Zəbihin bu şeri müstəzadı "Molla Nəsrəddin" curnalına ən münasib və onun məsləkinə yaraşan mənzumələrdən birisidir.

Zəbih öz əsrinin Mirzə Ələkbər Sabiri olub. Əfsus ki, onun da qədri bilinməyibdir və əşarına rəvac verən olmayıbdır.