Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Aşıq Pəri (məqalə)

Aşıq Lənbərani Azərbaycan ədəbiyyatı. I cild. Aşıq Pəri
Müəllif: Firudin bəy Köçərli
Ağaməsih Şirvani


Aşıq Pəri öz müasirləri beynində ən istəkli, əzizə və möhtərəmə bir övrət imiş. Onun vətəni-əslisi Qarabağ xanlığına mütəəlliq Cəbrayıl uyezdində Dızaq mahalında Maralyan qəryəsidir. Zəmani-təvəllüdü və tarixi-vəfatı məlum deyil. Mirzə Həsənin, Kərbəlayı Abdulla Canızadənin, Mirzəcan bəyin, Məhəmməd bəy "Aşiq" təxəllüsün, Cəfərqulu xan "Nəva" təxəllüsün müasiri imiş. İbtidayi-təlimini öz qəryəsində alıbdır və əyyami-tüfuliyyətdən şer və qəzəl söyləməyə meyli olduğundan, hənuz elm kəsb etməmiş sinədən şerlər deyərmiş.

Zəmani ki, onun namü şöhrəti artıb hər yana dağılır, talibi-didarı çox olur. Aşıq Pəri Maralyandan köçüb Şuşa şəhərinə gəlir və burada onun hörməti və izzəti şüəra və əyani-dövlət arasında daha da çoxalır, hər bir əhli-təb onun şənində gözəl şerlər yazıb izhari-məhəbbət edərlərmiş; bir halda ki, şairə özü də əhli-hal, sahibcəmal, xoşməqal, işvəli bir nazənin imiş. Onun hüsni-cəmalını tərif edən şairlərdən birisi də Əsəd bəy Vəzirov imiş ki, haqqında bu şerləri yazmışdır:

O gündən ki, didarını görmüşəm,
Həsrətindən yanar cismü can, Pəri!
Dolanıb başına səri-zülfündə
Könül mürği tutub aşiyan, Pəri!

İştiyaqın çəkər neçə kimsənə,
Amma heç birisi bənzəməz mənə.
Canü dildən mübtəlayam mən sənə,
İnanmırsan, eylə imtahan, Pəri!

Arizindir günəş, camalındır ay,
Heç nazənin ola bilməz sənə tay!
Qəmzən qatil, kipriyin ox, qaşın yay,
Qamətindir sərvi-xuraman, Pəri!

Nə qədər var idi canda ixtiyar,
Bir xatirə səndən dolandım kənar,
Axır gizlin dərdim qıldım aşikar,
Qoy bilsə də, bilsin Mirzəcan, Pəri!

Gəl gör fərağında mən natəvanam,
Əfsürdəxatirəm, şikəstəcanam,
Əsəd deyər sənə bəndə fərmanam,
Sənsən mənə sultan, Pəri, xan, Pəri!

Mirzə Həsən "Mirzə" təxəllüs,--necə ki, sabiqdə zikr olundu,--Aşıq Pərinin gözəlliyini bu günə tərif etmişdir:

Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışlı, xumar gözlüsən,
Şirin hərəkətli, şəkər sözlüsən,
Yoxdur yer üzündə misalın sənin.

Və yenə onun vəsfində Mirzə yazmışdır:

Etdikcə vəsfini Mirzə mükərrər,
Tazələnib ruhum olur müəttər,
Gülüstanda zülfün kimi müənbər
Nə süsənlər, nə sünbüllər oynaşır.

Bu şairlərdən qeyri Aşıq Pərinin hüsnü cəmalını və əqlü kəmalını vəsf qılanlar çoxdur. Onlardan məşhuru Məhəmməd bəy "Aşiq" təxəllüsdür. Atidə onun şərhi-halı zikr olunacaqdır.

Aşıq Pərinin mütəəddid şerləri pərişan övraqda yazılmış və bizim əlimizə düşənlərində çox səhv və qələtlər vardır ki, onları təshih etmək dəxi bir növ müşküldür. Xususən onun bağlamaları və bəzi mürəbbeatı ki, Molla Pənah Vaqifə nəzirə olaraq yazılıbdır və bir bisavad mollanın vasitəsilə bizə göndərilibdir, elə imlasız və dolaşıq xətt ilə təhrir olunubdur ki, onları məzkur mollanın özündən başqa bir kəs düz oxuyub məna çıxarda bilməz. Ona binaən burada ancaq onun müasirlərindən bəzilərinə yazdığı məktubatı zikr etməklə iktifa elədik.

Mirzə Həsən "Mirzə" təxəllüsə cavabi-namə olaraq yazmışdır:

Katiblərin şahı, dəftər içində
Qələm ilə nazik əllər oynaşır.
Fitnəli, fellisən, nazlı, qəmzəli,
Dəhanında şirin dillər oynaşır.

Eşqin əlindən gedərəm mən dada,
Dərdim olur günü-gündən ziyada,
Şiveyi-rəftarın düşəndə yada
Bağrımın başında millər oynaşır.

Dad eylərəm: haray naşı əlindən,
Yandı cigər eşq atəşi əlindən,
Mən nə deyim gözüm yaşı əlindən,
Üzüşür sonalar, göllər oynaşır.

Adam var dolanır məkrin içində,
Adam var dolanır zikrin içində,
Sənin kəmalın da fikrin içində
Əcayib, qərayib hallar oynaşır.

Pəriyəm, xəlqara olmuşam bacı,
Kimsənii kimsəyə nə ehtiyacı,
Bəlxü Buxaranın, Hindin xəracı
Zənəxdanda siyəh xallar oynaşır.

General Mirzəcan bəy Mədədovun vəfatı Aşıq Pəriyə ziyadəsilə təsir eləyir və bu şerləri dünyaya xitabən Mirzəcanın vəfatı babında inşa qılır:

Dünya, sənin etibarın yox imiş,
Bir xəbər ver, Mirzəcanı neylədin?
Neçə bəylər ilə, neçə xan ilə
Göftarı xoş, əhli-canı neylədin?

Neçə şəhər üstə cəng edib səvaş,
Cari olub sel yerinə qanlı yaş,
Fələk, etdin tacü təxtini tarac,
Nökar, nayib, xanimanı neylədin?

Puç dünya, səndə bir yaranan hanı?
Günbəgün artırdın şövkətu şanı.
Tiflisin sağ əli, sərdarın canı,
Viran qoyub Dağıstanı, neylədin?

O fələkdir dügün yeri dağlayan,
Əzəl şad eləyib sonra ağlayan,
Sinəsindən şerü kitab bağlayan
Sahibi-huş, gövhər kanı neylədin?