Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Aşıq Lənbərani (məqalə)
←Aşıq Əli Kəlibəri Qaracadağlı | Azərbaycan ədəbiyyatı. I cild. Aşıq Lənbərani (məqalə) Müəllif: Firudin bəy Köçərli |
Aşıq Pəri→ |
Bəzi rəvayətə görə, Asəf Şirvaninin müasiri olaraq "Asəf" təxəllüsü digər bir şair dəxi var imiş ki, əslən Qarabağ mahalında Lənbəran qəryəsindən imiş. Bu şairin ismü nəsəbi bir kəsə məlum deyil. Əgərçi filhəqiqə qarabağlı olsaydı, salxürdə şüəra və ədiblərimiz — ki, əlan hali-həyat üzrə baqidirlər,--onun barəsində az-çox məlumat verə bilərdilər. Vəli bir kəsdən səhih bir xəbər eşitmədik. Hər halda atidə dərc olunan qəzəli lənbəranlı Asəfə isnad verirlər:
Cismindimi, bilməm, görünür pirəhən içrə,
Ya ruhi-rəvandır dolanır bu bədən içrə?
Kuyində yüz il zülfə əsir olsam usanmam,
Əzbəs ki, qara gün mənə xoşdur vətən içrə.
Bir şeri-nəməkriz ilə ağzından öpərdim,
Gizlin gedə bilsəydim əgərçi süxən içrə.
Mücganların içrə sənin ol çeşmi-siyahın
Bir nərgisi-tərdir ki, bitibdir tikən içrə.
Asəf güli-ruxsarını görmüşmü nigarın,
Qönçə dəhəni açıla qalmış çəmən içrə?
Bu qəzəldə "bir şeri-nəməkriz ilə" i. a. beytin məalını, yəqin ki, Asəf Lənbərani samanilər əsrində zindəganlıq edən məşhur "Əmmar" təxəllüslü şairin kəlamından iqtibas etmişdir. Əmmarın söz arasında gizlənib də yarın ləbindən busə almaq barəsində yazdığı şer budur:
Əndər ğəzəle-xiş nehan xahəm gəşt,
Ta bər ləbe-to buse zənəm çon to bexani.
Asəf Lənbəraninin fövqdə dərc olunan kəlamından başqa bir neçə qəzəllər və bir müxəmməs Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" nam təzkirəsində zikr olunmuşdur. Vəli onların çəndan əhəmiyyəti olmadığı üçün təkrarən burada yazılmağı lazım görülmədi.