Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Kərbəlayı Səfi "Valeh" təxəllüs

Kazım ağa "Salik" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Kərbəlayı Səfi "Valeh" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Mustafa ağa "Arif" təxəllüs


Necə ki, fövqdə zikr olundu, Kərbəlayı Səfi "Valeh" Canıoğlu Kərbəlayı Abdullanın və Baba bəyin müasiri imiş. O zamanın ürəfasından sayılan əhli-zövq və sahibi-təb bir vücud imiş. Məhəlli-təvəllüdü Gülablı qəryəsidir ki, ata-babasının əsl vətənidir.

Gülablı kəndi Şuşa uyezdində dağ ətəyində basəfa və xoş mənzərəli bir yerdə təmir olunubdur. Əhalisi səlamət, əhli-keyfü damağ olub, günlərini eyşü-işrətdə keçirməyə mötad olmuşlar. Qarabağın aşıqları, neyçi və balabançıları, xanəndə və nəvazəndələri əksəriyyən Gülablıdan çıxıb, onun abü həvası ilə pərvəriş tapmışlar.

Bu yerin ünas əhlinə gəldikdə, onlar dəxi xeyli gözəl, ismətli və cismən səlamət arvadlar olub, dayəlik peşəsi ilə iştihar bulmuşlar. Belə ki, Şuşa qalasının nücəbavü xanzadəvü şahzadələrinin çoxu Gülablı arvadlarının döşündən süd əmib, onların ağuşunda nəşvü nüma tapmışlar. Kim bilir, bəlkə onların südlərinin təsirindən Pənah xanın yapdığı Şuşa qalasında--ki, sabiqdə qaraquşlar məskəni imiş,--bu qədər şüəra və zürəfa, bu qədər xoşəlhan xanəndə və bimisal sazəndələr hasilə gəlmişdir?!

Heyfa ki, belə gözəl bağlı-meyvəli və xoşsəfa kənd 1905-ci sənədə vüqua gələn erməni-müsəlman davasında talanü viran olmuşdu.

Əhalisindən bir çoxu, xüsusən arvad-uşaq tələf olub, sağ və salamat qalanı yuvaları dağılmış quşlar kimi ətrafü əknafa qaçıb pənah aparmışlar. İndi Gülablı kəndi yavaş-yavaş təmir olunub, yenə sabiqi halına düşməkdədir.

Həmin bu Gülablı qəryəsində hicrətin XII əsrinin axırlarında--yəni 1180-ci və yainki 1190-cı illərdə Valeh təvəllüd etmişdir. 60–70 iləcən ömür etmişdir. Belə ki, 1250-ci tarixdə hali-həyatda imiş. Oxuyub-yazmağı Şuşa qalasında kəsb etmişdir. Ülumi-maarifə və xüsusən, şer deməyə artıq dərəcədə meylü həvəsi var imiş. O cəhətə vaxtının çoxunu ürəfa məclisində və şüəra dairəsində keçirərmiş.

Mərhum Valeh dindar, mömin və müttəqi bir şəxs olduğu ilə belə xoşsöhbət, danışıb-gülən və baməzə bir adam imiş. Onun ilə Baba bəyin, İbn Canının və Aşıq Qənbərin beynlərində zərafət olduğu üçün bir-birinə həzl təriqi ilə sözlər deyərlərmiş. Belə ki, mərhum Baba bəy Valehin qocalığını həcv edib, dişlərinin tökülüb övraq olmağını və ağzı köhnə xərabənin uçuq damına bənzəməyini və saçı-saqqalı ağarıb, sümük kimi düm ağ olmağını zərifanə zikr edib deyir ki, sənin başından şurü həvəs gedibdir. İndi sənin meylin axirət dünyası ilədir. Ona görə Xulxunsayını çağır gəlsin, aləmi-bəqadan vəz eləsin:

Hər kimsə axtarar tapar tayını,
Sən də çağır gəlsnn Xulxunsayını.
Söhbəti-üqba eləsin, guş qıl,
Ləzzəti-dünyanı fəramuş qıl…. i.a.

Kərbəlayı Səfi onun cavabında Baba bəyə bir neçə duzlu şerlər yazıb, onların bəzi bəndlərində Baba bəyә