Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Kazım ağa "Salik" təxəllüs
←Kərbəlayı Abdulla İbn Cani | Azərbaycan ədəbiyyatı. I cild. Kazım ağa "Salik" təxəllüs Müəllif: Firudin bəy Köçərli |
Kərbəlayı Səfi "Valeh" təxəllüs→ |
Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə tamami Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir.
Çox mərifət və kamal sahiblərinin ismü əsərlərindən bir əlamət qalmayıbdır. Kazım ağa Salik təvəllüd edibdir Şıxlı qəryəsində 1195 (1781)-ci tarixdə. Təlim və tərbiyəsi öz vətənində olubdur. Vəli onun əsil və nəsəbi Şəmkirdəndir ki, ona indi Şamxor deyilir.
Anası Dilbaz nücəbalarındandır. Salikin babalarına Şıxzadə deyirlərmiş ki, sabiqdə Qazaxlı qəryəsində sakin olurlarmış. Sonraları Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qəryəsini bina etdiribdir və şair,--necə ki, fövqdə zikr olundu,--haman qəryədə vücuda gəlibdir.
Bu halda şıxlinskilərin bir parası Qazaxlıda və bəziləri Şıxlı kəndində sakindirlər. Öz əsil və nəsəbi barəsində şair Tuba adında bir sevgilisinin mədhində yazdığı şerdə deyibdir:
Zəhi Tuba ki, xurşidə xəcalət göstərir hər gah,
Niqabın salsa ruyindən, başından həm sərəndazi.
Nə mətləb istər idim hasil olurdu o dilbərdən,
Xudavənda, kəm etmə el içindən ol mühümsazi.
Adım Kazım, vəli "Salik" ləqəb, şerdə məşhurəm--
Ki, övtanım kənari-Kür, şikargahım Qarayazi.
Binayi-bixi-nəxli-əslimiz Şəmkirdir əmma,
Vəli tifli-vücudumdur məkidə şiri-Dilbazi.
Şeyxzadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan,
Şıxlı qəryəmizdir, həm biziz ol qəryə ezazi.
Vəli min iki yüz qırx dördə gəldi tarixi-hicri--
Ki, üç yüzdən keçibdir nəslimiz, oldur çoxu azi.
Sənə, Salik, nə xidmət hasil oldusa o dilbərdən,
Yəqinimdir ki, hərgiz etmədin təxirü iğmazi.
Kazım ağa ziyadə qabil, fəhmi iti və zehni güşadə bir vücud imiş ki, hər şeyin əsil və mahiyyətini bilmək onun cibilli xasiyyətindən imiş. Şairin öz vaxtına görə yaxşı elmi var imiş. Türk dilini bildiyi kimi, fars dilini də mükəmməl bilirmiş və o dildə abdar şer və qəzəlləri mövcuddur.
Türk dilində yazdığı əsərlərin cümləsi nəzm ilədir. Şeri və qəzəlləri mövzundur. Salik dünyada altmış bir sənə ömr edibdir. Tarixi-vəfatı qəbir daşı üstündə yazılıbdır; 1258 (1842)-ci sənədə dari-bəqaya rehlət edibdir.
Rus şairlərindən Puşkinin və Lermontovun müasiri imiş. Qarabağ şairi Mirzəcan bəy Mədədov ilə irsal-mərsulu var imiş. Bir şerində onu tərif edib deyir:
Sənsən cahanda fikri-bikr ilə misli-Məryəm,
Nola çıxarsa şerin İsa tək asimana.
Əhibbalarından knyaz Palandova--ki, o vaxtı Qazax mahalının hakimi imiş,--yazdığı bir kəlamında şüərayi-Azərbaycandan bəzilərini belə tərif və tövsif qılmışdır:
Sənə daim işim xeyir-duadır,
Əgərçi saxlayan xəlqi xudadır.
Dəmadəm bülbüli-təbim sədası
Səhərgahan sənə mədhü sənadır.
Oxu şerimi, ey məxdumzadə,
Bilirsən ancaq ixlasım sanadır.
Xudavənda, Palandovun səxasın
Füzun et kim, mənim dəstim onadır.
Ədalət, həm hidayət ver ona, çün--
Ki, məlcəi-məsakinü gədadır.
Qamu aləm bulub ondan məramın,
Nə tənha şəfqəti ancaq manadır.
Kəmalü rifəti-Şirvan məlum,
Maarif mədəni xaki-Qubadır.
Neçə əhli-bəlağət var onda,
Biri Ağabəyü Mirzə Babadır.
Biri "Qüdsi" ləqəb Abbasqulu bəy,
Diyari-nəzmü şerə padişadır.
Qazax içrə olub şairlər, əmma
Əsami onların biintəhadır.
Biri Vaqif ki, məşhuri-xəlayiq,
Gözəl mədhində məlumi-şümadır.
Biri xəstə Vidadi, təbi mövzun--
Ki, bəhri-nəzmü şeri cabəcadır.
İlahi, ol iki məğmum pirin
Günahi dərdinə səndən dəvadır.
Biri "Şair" ləqəb məzlum şair,
Xədimi-padişahi-Kərbəladır.
Biri Arif, kona cövr etdi dövran--
Ki, qürbətdə şəhidü mübtəladır.
Xudavənda, qulundur Əbdürəhman,
Tarəhhüm qıl biri çün Mustafadır.
Məhali-Borçalıdan şair olmaz,
Çıxan bir Şəmsədinlidən Cəladır.
Bunun tək Qələlidən gəldi Rizvan,
Kəlamü nüsxəsi behcətnümadır.
Biri Sadiq, biri Kazım, xülasə;
Oların ismi ismi-evliyadır.
İki dostun arasında ədavət
Büruz etmək nə rəsmi-aşinadır?
Əbubəkrü Ömər, Osman came,
Dəxi püştü pənahım Mürtəzadır.
Qəzəl söylə ki, olsun yadigarın,
Qəzəl şərh et ki, bu dünya fənadır.
Gəl əl çək, Salika, hərcayi sözdən,
Deyərlər ki, sənə bəy bihəyadır.
Sənə layiq deyil bihudə sözlər,
Sənin təbin ki, bundan masəvadır.
Kazım ağanın bu kəlamı onun gözəl kəlamlarından birisi olub, məzmunca dəxi bunun bir çox sair əsərlərinə tərcihi vardır. Şair öz əsrinin üdəba və şüərasını kəmali-ehtiram ilə yad edib, hər birisini özünəməxsus sifətlə zikr qılır, mərhum Abbasqulu ağa Bakıxanovu diyari-nəzmü şerə padşah bilir:
Biri "Qüdsi" ləqəb Abbasqulu bəy,
Diyari-nəzmü şerə padişadır.
Kəlamın axırında, səbəb nə olubsa, Kazım ağa tövsəni-təbinin başından cilovu çıxarıb, bir neçə namünasib sözlər söyləyibdir ki, onların məcmuəmizə sığınacağı yoxdur. Şair özü də filfövr peşman olub deyir:
Gəl əl çək, Salika, hərcayi sözdən,
Deyərlər ki, sənə bəy bihəyadır.
Sənə layiq deyil bihudə sözlər,
Sənin təbii ki, bundan masəvadır.
Knyaz Palandov, Salikin yazmağına görə, bir mürüvvətli və adil divanbəyi imiş ki, onun aqilanə tədbir və binagüzarlığı ilə xeyli bəd və bihesab işlər qət olunub, camaat əmnü asayiş üzrə dolanarmış. Necə ki, şair onun haqqında deyibdir:
Beborid paye-dozdi dər vadiye-şərarət,
Xun miçekənd dəmadəm əz xəncəre-ədalət. [1]
[1] Tərcüməsi:
Şərarət vadisində oğruların ayağını kəsdi,
Ədalət qılınçından daim qan damar.
Salikin başqa bir kəlamından belə anlaşılır ki, o vaxtlarda oğurluq, yol kəsməklik və çapovul həddən aşıbmış. Qazax mahalında doğruluq və düzlük bilmərrə yox imiş və oğruların ədədi o qədər çox imiş ki, ölünün kəfənini soyarlarmış. Necə ki, şairin sözü buna dəlalət edir:
Ze besyare-dozde-kəce-rahzən
Ke, bordənd nagəh ze morde kəfən. [2]
[2] Tərcüməsi:
Nəhs, yolkəsən oğruların çoxluğundan
Bəzən ölünün kəfəni də oğurlanırdı.
Bu şuluqluq vaxtları Qasım bəy Zakir Qarabağinin oğrulardan şikayət etdiyi zamana təsadüf edir. Belə ki, Zakir də oğrulardan şikayət edib deyir:
Qarabağda nə day qaldı, nə dana,
Bu gün, sabah hərə qaçar bir yana…. i. a.
Salikin hər qisim kəlamları vardır. Cümləsi təbii hissiyyatdan doğub zühura gələn kəlamlardır. Onlardan öz vətənimizin, millətimizin və lisanımızın gözəl və canbəsləyən rayihəsi hiss olunur.
Salikin mürəbbeat növündə yazılmış şerləri lətafət və sadəlikdə Vaqifin və Vidadinin qafiyələrindən əskik deyil. Gözəl vəsfində olan qafiyələrindən bir neçəsi burada nümunə üçün yazılır:
Ey şahin cilvəlim, şunqar şivəlim,
Durna tək tellərin cığalanıbdır.
Xəstə könlüm onu görəndən bəri
Çıxıb asimana, havalanıbdır.
Ey ləbləri nabat, dəhanı püstə,
Çəkər həsrətini bu dili-xəstə,
Xal deyil görünən ağ sinən üstə,
Bir Quran hərfidir, qaralanıbdır.
Demə ki, sevdiyim səni nihandır,
Sənə aşiqliyim xəlqə əyandır,
Deyibsən: busəmin qiyməti candır,
Almaq üçün bir az bahalanıbdır.
Çox da məndən kənar gəzmə, ay pəri,
Sənsən könlüm zövqi, dilim əzbəri,
Guşeyi-kuyini bulandan bəri,
Dərdi-bidərmanım dəvalanıbdır.
Məclislər zivəri gördüyün Salik,
Xaqani, Ənvəri gördüyün Salik,
Şairlər sərvəri gördüyün Salik--
Gəl gör sənsiz necə gədalanıbdır.
Tuba vəsfində:
Ey Tuba, baxışın yıxdı aləmi,
Xumar gözün yenə qiyamət eylər,
Kəbeyi-kuyini görən kimsənə
Haşa ki, qibləyə ziyarət eylər.
Qırqı başlı, topğun, tərlan cilvəli,
Görməmişəm sən tək nazü qəmzəli,
Sərasər yaxası qızıl düyməli,
Baxdıqca üzünə fəxarət eylər.
Zahid baxsa zülfi-pərişanına,
Tərk edər məscidi, gələr yanına,
Sidqi-dildən canın qatar canına,
Huriyü qılmana məlamət eylər.
Hər kimsə ki, sənə baxarsa gendən,
Bil ki, öyrənibdir o halı məndən,
Özgə təvəqqeyim yox əsla səndən,
Xəstə Salik sənə zarafət eylər.
Bu qafiyələrdə şair gözəl istiarat və təşbihat ilə--ki, məhz türk lisanına məxsusdur,--öz sevgilisi Tubayi-dilfəribi mədh edib, axiri-kəlamda ona güstaxlıq ilə deyir ki, sözlərimdən incimə. Özgə təvəqqe və iltimasım yoxdur, ancaq xəstə Salik səninlə zarafat eləyir.
Tubanı bu qisim istiarat ilə şair vəsf qılır: "topğun, tərlan cilvəli", "durna telli", "qırğı başlı", "nazü qəmzəli", "yaxası qızıl düyməli". Söz yoxdur ki, bu sifətlər ilə müttəsif olan dilbər "baxdıqca özünə fəxarət eylər".
Pərizad mədhində demişdir:
Ey pərizad, nədir yenə qaşların
Əyilib ucları, yayə dönübdür?
Ay qabağın şölə verir gün kimi,
Yanaqların bədr ayə dönübdür.
Kəmər kimi sarmaşaydım belinə,
Həna kimi üz sürtəydim əlinə,
Məgər nabat tökülübdür dilinə,
Dodaqların tər halvayə dönübdür?!
Sallananda sanasan ki, xan gəlir,
Ayinə əndamlı alişan gəlir,
Danışanda mürdə cismə can gəlir,
Məgər nitqin Məsihayə dönübdür?!
Göydə ayı hər dəm nöqsana saldın,
Sərgərdanlıq çərxi-dövrana saldın,
Yusif kimi məni zindana saldın,
Məh camalın Züleyxayə dönübdür.
Sənsən axır şuxü şəngi Salikin,
Sənsiz qırılıbdır həngi Salikin,
O gördüyün gülgəz rəngi Salikin
Saralıban kəhrəbayə dönübdür.
Çığatay dilində yazdığı kəlamları çoxdur. Onlardan nümunə olaraq bir qəzəli atidə zikr olunur:
Quyaş yüzlü nigarın tələtiğə mübtəlaydurmin,
Dəxi bir mahi-novğaşlu qəmindən incəlaydurmin.
Dü püstanı iki limudurur əmma əlim yetmas,
Dutub şol nəxli-əndamin tibindən silkalaydurmin.
Bəlayi-firqətində köb cəfavü xəstəlik buldum,
Dəvayi-vəslini bulğac bir az şimdi qolaydurmin.
Sana gər yaşü təblə dersəm, ey Salik, yeridür kim,
Bürünənsin niçün derdin ana aşiq olaydurmin.
Aşağıda yazılan müxəmməs dəxi Salikin mövzun kəlamlarından birisidir:
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm,
Fəsahət kişvərində bülbüli-şeydanə həsbəndəm,
Lətafət mədənində gövhəri-yektayə həsbəndəm,
Səbahət aləmində bir mələksimayə həsbəndəm,
Budur, xislətdə bir şuxi-qədi-rənayə həsbəndəm.
Alıbdır əqlimi məndən, edib Məcnunü divanə,
Salıbdır tazədən rəxnə bu gün həm dinü imanə.
Tərəhhüm eyləməz zalim məni-büsəbrü samanə,
Ləbi-ləlin həvasindən dönübdür bağrımız qanə,
Əcəb şuxi-qəmərtələt, cahanarayə həsbəndəm.
Tərəhhüm et, məni qılma cahan mülkündə avarə,
Məni Məcnun edən sənsən, kim etsin dərdimə çarə?
Ləbi-nuşin dəvasindən tələttüf eylə bimarə,
Xədəngi-tiri-müjganın edibdir sinəmi parə,
Büluri-safü simin-gərdəni-minayə həsbəndəm.
Qaşın qövsi-qüzehdir, ya hilali-eydi əzhadır,
Dü zülfün türreyi-Leyla və ya zülfi-çəlipadır?
Üzün gündür və ya atəş və ya nuri-təcəlladır?
Ləbin yaquti-biqiymət və ya ləli-Məsihadır?
Mən an çeşmani-məftun, nərgisi-şəhlayə həsbəndəm.
Olubdur mürği-dil məhbus daim zülf damında,
Edər ləlin təmənnasın həmişə şövqi-canında,
Əgər küstaxlıq etsəm zarafatlıq məqamında,
Hərəc yoxdur mərizə, həq buyurmuş öz kəlamında,
Mərizi-eşqəm əvvəldən, ruxi-zibayə həsbəndəm.
Sərasər cüstücu etsən əgər şövq ilə dünyani,
Tapılmaz mən kimi aşiq sənə, ey Yusifi-sani,
Mənə bihudə cövr etmə ki, tərk etməm bu sövdani,
Olur ya mətləbim hasil və ya ömrüm olur fani,
Riza ver ya ki, cəng eylə ki, mən davayə həsbəndəm.
Qələm divanəyə yoxdur, mənəm Məcnuni-bipərva,
Edib əşkim məni aləmdə həm bibakü həm rüsva,
Alıbdır dinü imanı, edibdir ömrümü yəğma,
Bu yolda Salikəm, billah, vurubdur başıma sövda,
Nə bakım var bu aləmdə ki, mən üqbayə həsbəndəm.
Salik qardaşı Mustafa ağa Arifə onun Rusiyada olduğu zamanı yazmışdır:
Agəh et, ey bad, məndən ol vəfalı həmdəmi,
Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmi nəmi,
Vaxtdır, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi,
Yoxsa bu tufanə sənsiz çarəsaz olmaz gəmi.
Hanı Rüstəm Zal, yəni pişvayi-pəhlivan?
Hanı ol divi-səfidə vurduğu gürzi-giran?
Hanı ol Əfrasiyab, İsfəndiyar qəhrəman?
Cümləsin qüllabına çəkmiş fəzayi-asiman,
Ləng qılmış sənglax çərx Rəxşi-Rüstəmi.
Aləmi təsxirə salmış fitnəvü ali-fələk,
Aləmə məlumdur kim, böylədir hali-fələk,
Aqilü nadan olubdur cümlə pamali-fələk,
Sərvqədlər qəddini əymişdir ol zal fələk,
Gör necə zal fələk təsxirə salmış aləmi?!
Düşmənidir bu zamanda hər kişi öz canının,
Fərqi yoxdur bir-birindən aqilü nadanının,
Vay, yüz min vay əlindən ədlsiz dövranının,
Dərd üçün heç bir təbibin sudu yox dərmanının,
Bu zəmanə zəxminin yox bir müvafiq mərhəmi.
Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi,
Mərhəmi-vəslət dilər bu tiği-hicran yarəsi,
Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi,
Olmuşam dəşti-fənadə Arifin avarəsi,
Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi.
1246 (1830)-cı sənədə İran məmləkətinə vəba naxoşluğu düşmək babında yazdığı müxəmməsdən belə məlum olur ki, haman ildə vəbadan külli adamlar tələf olubmuş və təbiblərin cümləsi bu bəlanın əlaci-dəfində aciz və məyus qalıb onların müalicəsi və üsuli-tədavisi dəxi də mərəzi şiddətləndirirmiş.
Salik bu dəhşətli mərəzin vüquunu ol əsr və məkanın əhalisinin haqq yolundan çıxıb küfr və zəlalətə düşməyindən və bu cəhətə qəzəbi-ilahiyə giriftar olmağından görüb demişdir:
Min iki yüz çehlü şeşdə düşdü İranə vəba,
Eylədi viranə hər bir şəhri bahökmi-qəza,
Etdilər cümlə ətibbalər əlacında dəva,
Bulmadı bimarı bu dərdin dəvalərdən şəfa,
Sən özün saxla bizi böylə bəladən, ya xuda!
Bu zəmanə bəyləri çün zülmə mail oldular,
Həm qənilər qapısında məni-sail oldular,
Oldular əşrarə bais, xeyrə hail oldular,
Yıxdılar iman evin, həm əqli zail oldular,
Aldılar verdikləri əşyalar üstündən vəba.
İçdilər andü qəsəm hər ləhzədə məhz düruğ,
Verdilər hər bəzmdə şəmi-düruğə min füruq,
Satdılar qatıq yerinə dik içində abi-duğ,
Etdilər gərdənkeşanlıq misli-Övc ibni Ənuq,
Padşahlıq iddia etdi dəxi hər bir gəda.
Nəfsi-əmmara üləma qəlbini etmiş xərab,
Mədrəsə içrə müdərris eyləmiş tərki-kitab,
Az qalıbdır parsalar eyləyə meyli-şərab,
Şahidü şeyxin duası hərgiz olmaz müstəcab,
Müxtəsər bu ki, düşüb yümni-icabətdən dua.
Bitəharət gəzdilər, həm tutmayıb sövmü səlat,
Tariki-qurbanü fitrə oldular, həccü zəkat,
İçdilər daim şərabi, sandılar abi-həyat,
Bilməmiş kim, təlx eylər kamını zəhri-məmat,
Hifz qıl möminləri ol təlxdən, ya rəbbəna!
Yar-yoldaş bir-birinə kəşfi-əsrar oldular,
Hər nə kim, əvvəl dedilər sonra inkar oldular,
İxtiyar sahibləri həm mərdümazar oldular,
Xabi-qəflətdən sanasan şimdi bidar oldular,
Yıxdılar rəiyyət evin almaq ilə irtişa.
Salik dəxi öz müasirləri kimi bir qəzəlində gərdişi-zəmanədən şikayət edib deyir:
Fəryad ki, dövranın əyyamı xərab olmuş,
Əfsus ki, əyyamın əncamı əzab olmuş.
Sultani-cahan cümlə miskin gədalanmış,
Dəryayi-firavanə gəl bax ki, sərab olmuş.
Pilan şütürlənmiş, üştürlər olub əstər,
Şiran şəğalənmiş, şahin qürab olmuş.
Saqilər , olub pamal, mütrüblər olub xamuş,
Xuni-dili-meyxaran bəzm içrə şərab olmuş.
Müftilər olub məğbun, qazilər olub bihökm,
Bilcümlə müdərrislər tariki-kitab olmuş.
Mərdani-nixukaran olmuş həmə bədiqbal,
Əhli-kərami-kamil məhrumi-səvab olmuş.
Alimlər olub cahil, cahillər olub alim,
Salik dəxi cahillər cəmində hesab olmuş.
Zeyldə "Fikr qıl" sərlövhəsilə mərqum qəzəl Saliki-mərhumun dərin məzmunlu əşarındandır:
FİKR QIL
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qıl,
Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
Asimanə qıl tamaşə, mehrü məh seyrinə bax.
Munca kuhun Bisütuni-bərqərarın fikr qıl!
Gah qırağında qərar et, mövc edən dəryanı gör,
Gah dərya içrə əyləş, həmkənarın fikr qıl!
Əbrü badü bərfü baranın qamusun qıl xəyal,
Bu kəmalı qıl təfəkkür, fəsli-çarın fikr qıl!
Gah dərdü qəm verir könlə, gəhi zövqü sürur,
Gündə yüz gunə dolanan ruzigarın fikr qıl!
Dövlətü mal ilə nadan dəstini qılmış fəraq,
Təngdəst etmiş cahanda huşyarın, fikr qıl!
Demə kim, quşlar həvadə pər ilə pərvaz edər,
Yerdə xoş rəftar edən bipay marın fikr qıl!
Kimsə baş açmaz xudanın etdiyi əfaldən,
Sirrinə yetməz fərasət, ruyi-karın fikr qıl!
Həqq özün ayinəvəş rövşən qılıbdır aləmə,
Leyk anı bilməyə qəlbin qubarın fikr qıl!
Fikr qılma kim, görüm dünyada ol ayinəni,
Hiç kəs görməz bu gün, bəs, ruzi-yarın fikr qıl!
Öylə pünhandır ki, pünhanlıqda olmuşdur əyan,
Etmə pünhanın təxәyyül, aşikarın fikr qıl.
Müxtəsər, elmi-lədünni hikmətin bilməz bəşər,
Əmrinə eylə itaət, zicrü narın fikr qıl!
Pənc ruzin, Salika, pəncahə yetmiş, eylə şükr,
Etibar etmə cahana, etibarın fikr qıl!
Bəli, əgərçi bizim bu tərəqqi əsrində çox şeylərin və əlamətlərin ülumi-mütənəvveə sayəsində künhü mahiyyəti açılıb bilinməkdədir və gün-gündən növbənöv ixtiraat və kəşfiyyat olunmaqdadır və lakin dünyada çox sirrlər və hikmətlər vardır ki, əqli-bəşər onları dərk etməkdə aciz və qasirdir.
Kazım ağa Salikin istəkli və həqiqi dostu Salahlı qəryəsindən Sədəfoğlu Süleyman koxa imiş ki, o da xoşxülq, əhli-zövqü səfa bir vücud imiş. Şair xoş günlərini, eyş-işrətini və zövq-səfasını onunla sürərmiş. Bu xüsusda Salikin yazdığı kəlamlar şayani-diqqətdir ki, zeyldə tamamən dərc olunur:
Gəl, ey Sədəfoğlu Süleyman koxa,
Bu köhnə gülşənin güllərin dərək,
Olaq müştərək.
Aralıqda mənim-sənin olmasın,
Heç kəs bizi ayrı bilməmək gərək,
İlla bel, kürək.
İlla bel, kürək ki, ayrı olmayaq,
Bir də oruc tutub, namaz qılmayaq,
Ac və susuz saralıban solmayaq,
Badeyi-gülgundan içək bir çərək,
Öylə kef sürək.
Öylə kef sürək ki, zail olmayaq,
Tubadən qeyriyə mail olmayaq,
Qazinin sözünə qail olmayaq,
Saqiyi-sadəyə xidmət göstərək,
Nə istər verək.
Nə ki, istər verək ol sadəruya,
Bəlkə bizlən gələ bir göftüguya,
Biz də bir az düşək bu hayhuya,
Biqafildən nagəh qapıdan girək,
Nə söylər görək.
Nə ki, söylər görək Tubayi-sərxoş,
Hər dəm onun ilə olaq həmağuş,
Müdam məclisində olaq badənuş,
Tökün, töküşdürün, bol olsun xörək,
Soğan, duz, çörək.
Soğan, duz, çörəklə içək şərabı,
Qazi xəbər alsa verək cavabı,
Yaxşı olur yemək toyuq kababı,
Əgər onda toyuq tapsaq bir mərək,
Tamam öldürək.
Təmamən öldürək toyuğu, qazı,
Tərk eləyәk həm orucu, namazı,
Salik, işə salaq samturu, sazı,
Yıxılmış dünyaya nə vuraq dirək?
Çalaq dünbərək.
Yenə məzkur Süleyman koxaya eyş-işrət və zövq-səfa sürməyə tərğib və təşviq babında yazmışdır:
Gəl, ey Sədəfoğlu Süleyman koxa,
Meyxanə qapısın edək güşadə,
İçək ziyadə.
Sərməst olub sərxoş gəzək sübhü şam,
Dursun yanımızda saqiyi-sadə,
Əlində badə.
Əlində badə kim, dursun həmişə,
Tövbə nədir bizdə? Səng ilə şişə,
Gəl, çox da düşməyәk fikrü təşvişə,
Dərdü qəmi gətirməyәk heç yadə
Bu puç dünyadə.
Bu puç dünyanın ki, çoxdu möhnəti,
Unutmayaq hərgiz sazü söhbəti,
Sənin ölmüşünə, bunun ləzzəti--
Əgər yüz il getsən olmaz üqbadə,
Ey Sədəfzadə!
Ey Sədəfzadə, sənsən cəvahir,
Qədir-qiymətindir aləmdə zahir,
İkimiz də olaq bu işdə mahir,
Söylənsin adımız eldə, obadə,
Yetək muradə.
Yetək murada biz, tapaq Tubunu,
Tapmarıq cənnətdə ondan xubunu,
Bu dünyanın ha belə məhbubunu,
O dünyada biz tapmayaq məbada,
Qalaq cəfada.
Qalaq cəfadavü olaq peşiman,
Qaçaq düşə bizdən huriyü qılman
Nə biz kafir olaq, nə də müsəlman,
Məlul-müşkül qalaq, miskin fənadə,
Kim yetə dadə.
Kim yetə dadə, pəs həqdən səvayi,
Ya rəb, özün saxla mən binəvayi,
Salikəm, söylərəm hərzə-hərcayi,
Kimsə bilməz nədir məndə iradə,
Edə ifadə.
Salikin bu müstəzad kəlamları həqiqi hissiyyat ilə təbi-səlimdən təvəllüd etmiş nadir və bimisl əsərlərdir ki, bu cür kəlamlar bir kəsin qələmindən hənuz vücuda gəlməyibdir. Hər iki kəlamda şair dusti-səmimisi Süleyman koxaya xitab edib, onu kef çəkməyə və eyş-işrət sürməyə dəvət eləyir.
Necə ki, yuxarıda zikr olundu, Süleyman koxa öz əsrinin qanacaqlı, xoşxasiyyət və məclisara adamlarından sayılırmış. Ziyadə çörəkli-duzlu, yeyib-içən və kef sürən bir vücud olduğundan Salik ilə onun xasiyyətləri müvafiq gəlir imiş və aralarında həqiqi bir ülfət və məvəddət var imiş. Əksər övqat günlərini bir yerdə--zövqü səfadə keçirərlərmiş.
Əvvəlinci kəlamda şair dostu Süleyman koxanı köhnə gülşənin güllərini dərməyə, yəni Süleyman peyğəmbərdən qalan qoca dünyaya bel bağlamayıb, eyş-işrət sürməyə təklif edib deyir: Biz gərəkdir elə yaxın olaq ki, aralıqda mənim-sənin olmaya. Ancaq bizi bel və kürək ayırmağa müqtədir ola ki, onlar ilə qəbir qazılır. Quru zöhdü taat ilə özümüzü taqətdən salmayaq və oruc tutuban ac və susuz saralıb solmayaq. Badeyi-gülgundan nuş edib kefimizi kök saxlayaq. Amma bir o qədər içməyәk ki, bihuş və məsti-layəqəl olaq və Tubayi-xubrunu unudub tərki-ədəblik göstərək. Belə məst olmaq bizə yaramaz!
Biz gərəkdir ancaq qazinin biməzmun sözlərinə qulaq asmayıb, saqiyi-sadəruya xidmət göstərək və Tubayi-sərxoş ilə həmağuş olub məclisində damağımızı saz edək, töküb-töküşdürək, hər nə var xörəyi bol edək və o xörək də ibarət olsun soğandan və duz-çörəkdən və toyuq kababından. Bu nəhv məclisi-eyş saz edib və oruc-namazı tərk qılıb, onların əvəzinə samturu və sazı işə salaq və yıxılmış dünyaya dirək vurub dünbərək çalaq.
İkinci kəlamda bu məzmunda Salik yenə həmpiyaləsi Süleyman koxaya üz tutub meyxana qapısın güşad etməyə onu təklif eləyir. Şikəsti-əhdü peyman babında deyir ki, "tövbə nədir bizdə? Səng ilə şişə". Yəni onu sındırmaq çox asandır. Bunun üçün çox da xövf və təşvişə düşmək yaramaz. Bu puç dünyada ki, onun dərdü möhnəti həddən aşıbdır, övqati-əzizəmizi saz və söhbətdə keçirək. Zira ki, nə qədər zöhdü ibadətə məşğul olsaq da, bunun ləzzətini üqbada bulmayacağıq. Bəs, belə olan surətdə Tubayi-xoşədanı axtarıb tapaq, çünki cənnətdə ondan xubunu bulmaq müyəssər olmayacaqdır. Beş günlük ömrü qənimət bilib, fürsəti fövt etməyәk və elə bir kef eləyәk ki, adımız eldə-obada həmişə söylənsin.
Üçüncü kəlam və müstəzadında--ki, atidə dərc olunub,--şair meyi-gülgundan xərab və pərişan olub və dünya ləhvü ləəbindən usanıb dusti-cani olan Sədəfzadəni başqa bir təriqə dəvət və hidayət eləyib deyir: Ey Sədəfzadə, bu dəhri-duna etibar yoxdur, onda nə badə qalır və nə badəxar, cümləsi fövt və həlak olub gedəsidir: "kullu şeyin halikun illə vəchəhu". İndi vaxtdır və lazımdır bu qəflətdən ayılmaq; xaliqi-biçuna və xudayi-rəhnumuna səmimi-qəlblə xidmət və itaət eləmək. Tuba kimi bir sərvqaməti gördükdə lazımdır ondan üz çevirmək, badeyi-gülfamdan və ərəq kimi haramzadədən və saqiyi-sadərudan əl götürmək; daha yaramaz bu dəhri-pürəfsuna aldanmaq və dünyayi-dəni və şumə aludə olmaq.
İndi lazımdır eyşü işrəti tərk və saz-samturu şikəst qılıb, əşki-pürxun ilə aləmi qərq eləmək, ta ki, bizlər kimi cürm dəryasına qərq olanlara xudavəndi-rəhimü bəxşəndə lütfü mərhəmət eləsin və sahili-nicatə yetirsin. Şairin öz kəlamına rücu edək:
Gəl, ey Sədəfoğlu Süleyman koxa,
Meyil etməyәk daxi meyi-gülguna,
Gənci-Qaruna.
Əl götürək dünya ləhv-ləəbindən,
Çün etibar yoxdur çərxi-gərdunə,
Bu dəhri-dunə.
Bu dəhri-duna çün yoxdur etibar,
Nə bir badə qalır, nə bir badəxar,
Bu xabi-qəflətdən biz olaq bidar,
Qulluq edək bir xaliqi-biçunə,
O rəhnümunə.
O rəhnümunə biz qılaq itaət,
Kəm olmayaq qulluğundan bir saət,
Görəndə Tuba tək bir sərvqamət,
Heç baxmayaq o qaməti-mövzunə,
Olsa nə gunə.
Olsa nə gunə biz keçək badədən,
Dəxi ərəq kimi o haramzadədən,
Əl götürək ol saqiyi-sadədən,
Aldanmayaq bu dəhri-pürəfsunə,
Bu bisükunə.
Bu bisükunə biz sakin olmayaq,
Çox da dünya üçün fikrə qalmayaq,
Qan ağlayaq, sazü samtur çalmayaq,
Qərq edək aləmi əşki-pürxunə,
Abi-Ceyhunə.
Abi-Ceyhunə mən qərqəm, ilahi,
Sənsən qəriblərin püştü pənahi,
Şikəstə Salikin çoxdur günahi,
Bir lütf eylə sən ol cürmi füzunə
Hali zəbunə.
Dostu Yəhya bəyə hərcayi sözlərdən əl çəkib axirət üçün tədarük mühəyya etmək babında yazmışdır:
Yəhya, gəl ət götür hərcayi sözdən,
Afitabi-ömrün bulmasın zəval,
Kəsb et bir kəmal.
Öylə sanma böylə keçər dövranın,
Əgər bədr ayısan, eylə bir xəyal,
Olursan hilal.
Olursan hilal, qəddin xəmlənir,
Yaşadıqca didələrin nəmlənir,
Əqlü fəhmin günü-gündən kəmlənir,
Gün dolanır, keçər həftə, mahü sal,
Ağarar saqqal.
Ağarar saqqalın, həm sözün ötməz,
Uşaqlar sözünü hesaba qatmaz,
Öyüd-nəsihətlər beyninə batmaz,
Düşər evin içrə hər dəm qilü qal,
Olursan aval.
Olursan aval oğul-uşağa,
Dığırlarlar səni üstdən aşağa,
Adlanıban ta dönərsən məşşağa,
Soyarlar pustunu əyalü ətfal,
Manəndi-çaqqal.
Manəndi-çaqqal ki, oldun kollarda,
Baxa-baxa gözün qalır yollarda,
Günün keçər biyabanda, çöllərdə,
Qalırsan pərişan, pəjmürdə əhval,
Misali-abdal.
Misali-abdal ki, oldun bir sail,
Söylədikcə sözün söylərsən zail,
Ondan sonra canın alır Əzrail,
Münkər-Nəkir eylər islamın sual,
Dilin olur lal.
Dilin olur lal heyvandan betər,
Fəryadına oğul, nə bir qız yetər,
Xəstə Salik onda bülbül tək ötər,
Olur cənnət quşu, açar pərü bal,
Uçar bizəval.
Məlum olur ki, bu Yəhya bəy mərhum Molla Vəli Vidadinin fərzəndi Məhəmməd ağanın oğludur ki, əhli-elm və sahibi-təb olduğu ilə belə, bir az zarafatçı və hərzəgu imiş. Kazım ağa Salik ilə aralarında zarafat olmağa görə, fövqdə zikr olunan mürəbbeyi-müstəzadı həzl təriqi ilə onun şənində nəzm qılmışdır. Yəhya bəyin əşarından ələ düşəni olmadı. Vəfat edibdir hicrətin 1257-ci tarixində. Salik onun maddeyi-tarixini bu tövr rişteyi-nəzmə çəkmişdir:
Bu məzarın sahibi Yəhya bəyi-rövşənzəmir,
Şairi-kani-süxən, hüsni-kəlami binəzir.
Ol Vidadi xəstənin fərzəndiiin fərzəndidir,
Vaqif ol kim, Vaqifin həm bintinin peyvəndidir.
Çünki getdi bu cahandan, buldu rəsmi-məğfirət,
Oldu tarixi-vəfatı, Salika, "nov axərət".
Salikin bu sözlərindən belə məlum olur ki, mərhum Yəhya bəy rövşənzəmir və xoştəb bir şair imiş və özü də iki böyük şairin nəvəsi olduğu üçün babaları Vidadi və Vaqifdən təbi-şeriyyəni irsən almışdır.
Yəhya bəyin vəfatından bir il sonra Salik dostunun müfariqətinə və xüsusən, istəkli qızı Xeyransa xanımın vəfatına--ki, ziyadə arifə və aqilə bir nazənin imiş,--tab gətirməyib, özü də bu dari-dünyanı tərk qılıb dari-üqbayə rehlət buyurmuşdur. Xeyransa xanımın maddeyi-tərxinin Salik belə inşad etmişdir:
Bu türbət türbəti-bir nazənindir,
Bihəmdilləh yeri xüldi-bərindir.
Deyil tənha sarayi-mərqəd içrə,
Ənisi dəmbədəm ruhül-əmindir.
Bu, gənci-hüsn idi, Salik, yəqin bil,
Onunçün məskəni ziri-zəmindir….
Vəfatı tarixi Xeyrənnisanın--
Ki, bir "cim" bir "nun", çar "şin"dir.
Ömrünün axır çağında dünyayi-dunun bivəfalığından söz açıb öz-özünə xitabən bu şerləri inşad qılmışdır:
Cahan, Salik, bizə çünki fənadır,
Duadır xeyrimiz, ancaq fənadır.
Nə simü zər qalıb baqi, nə əmlak,
Təfaxür etməsin hər kim ğinadır.
Başın qovğasıdır taci-mükəlləl,
Əcəl baxmaz, mürəssədir, minadır.
Binayi-axirət tut, ey bəradər,
Tomamı bunların çün bibinadır.
Ağarmış saqqalım gər sürx görsən,
Dü çeşmim qanıdır, sanma hənadır.
Bu vaxtlarda şairin sevgili həmdəmi Tuba dəxi qocalıb əfsürdə və pərişan olur. Onların hər ikisinin zövqü səfası dərdü ələmə mübəddəl olur və şair Tubayi-şirinhərəkatın dilindən aşağıda yazılan şerləri inşad eləyir:
Mən Tubuyam, dövran mənə zülm etmiş,
İşvəm əksilibdir, nazım gedibdir.
Dəxi məndən kimsə şadlıq ummasın,
Gördüyün söhbətim, sazım gedibdir.
Əlimdə dairə dövran eylərdim,
Çoxların özümə heyran eylərdim,
Hər dəm gəştə çıxıb seyran eylərdim,
Qışım qayıdıbdır, yazım gedibdir.
Gündən-günə artar nə ahü zarım,
Gülməz üzüm, heç açılmaz güzarım,
Necə əyilməsin meyli-şikarım,
Əlimdən topğunum, bazım gedibdir.
Baş götürüb burdan qaça bilmənəm,
Etdiyim iqrardan keçə bilmənəm,
Dərd budur ki, dərdim aça bilmənəm,
Yar ilə bir gizli razım gedibdir.
Saliki dünyadan kəm etmə, tarı,
Söylənsin məclisdə şirin göftarı,
Bir zaman tapılmaz nəzmü əşarı,
Deyərlər, dünyadan Kazım gedibdir.
Bu şerlər insanın qəlbini hüzn ilə ləbaləb edir. Bir vaxtı Sədəfzadə ilə eyş-işrət sürən və dünya qeydini çəkməyən, yıxılmış dünyaya dirək vuran Salik özü yıxılıbdır və xak ilə yeksan olubdur. Məclisdə şirin göftarı söylənməz və nəzmü əşarı tapılmaz….
Kazım ağanın burada zikr olunan kəlamlarından başqa yenə də gözəl əsərləri çoxdur. Onlar bir qayda üzrə tərtib olunsa, böyük bir cild divan əmələ gələr. Mərhum Kazım ağa öz əsrinin müqtədir şairi olduğunu bilib, təbi-gövhərbarını belə tərif eləyir:
Çini-əşar içrə ancaq tək mənəm xaqani-təb
Nüktədə sübhanvəş, həm təbdə Həssantəb.
Buyi-şerimdən məşami-əhli-dil pürətr olub,
Gülşəni-nəzm içrə guya ki, mənəm reyhani-təb
Qorxma, Salik, təneyi-əğyari-biinsafdən,
Zəxmdar etmiş qamusin səndəki peykani-təb.
Yenə kəlamı barəsində demişdir:
Kəlami-behcətəngizin məcalisdə qanan kəslər
Deyərlər Saliki-gövhərfişanə: elmi dəryadır.
Və yenə fars dilində yazdığı bir qəzəlin axırında demişdir:
Ço ğəvvas şəvəd Saleke-nəzmsənc,
Bər arəd qohərha ze bəhre-ğəzəl. [3]
[3] Tərcüməsi:
Şer qoşan Salik qəvvas olarsa,
Qəzəl dənizindən gövhərlər çıxarar.
Mərhum Salikin haqqında verdiyimiz bu qədər məlumat və bəyanata iktifa elədik. Bundan ziyadə nümunələr göstərməyə məcmuəmizdə yer olmadı. Şairin rütbə və məqamını göstərməyə bunlar da kifayət edər.
Kazım ağanın oğlu Yusif ağa dəxi şair imiş. Bəzi rəvayətə görə, bir neçə abdar kəlamları vardır, amma, məəttəəssüf, onlardan ələ düşəni olmadı.