Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs

Mehribanlı baba bəy Azərbaycan ədəbiyyatı. I cild. Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Mirzəcan bəy Mədədov


Məhəmməd bəy vələdi-Behbud bəy-Zəngilani "Aşiq" təxəllüs Aşıq Pərinin aşiqlərindən birisidir. Ziyadə qeyrətli, vəfadar və sahibi-kəmal bir vucud imiş. Dindar və həqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vuqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub, onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq et[mə]miş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir.

Hər qisim əşarı var isə də, mürəttəb divanı yoxdur. Əşarından nümunə üçün bəziləri burada zikr olunur. Mirzə Həsən Mirzəyə bəhri-təvil səbkdə yazdığı bir qəzəl:

Yenə asudə ikən uğradım bir şux zibayə,
Üzü gül, arizi mül, zülfü sünbül, çəşmi şəhlayə.

Üzü sahir, özü zahir, gözü can almağa mahir,
Görən bir baxışın verməz onun dünyavü üqbayə.

Dəhanın var-yox sirrini bilmək xeyli müşküldür,
Əcəb mahirdir ol əyyar hər elmi-müəmmayə.

Baxanlar qamətindən rəmzlər anlar qiyamətdən,
Görənlər şəkli-əbrusin dəxi baxmaz yeni ayə.

Yer üzrə durmadı, getdi, səmavatı məqam etdi,
Ləbi ecaz rəmzin göstərən dəmdə Məsihayə.

Götürsə gün cəmalından bulud kimi qara zülfün,
Sərasimə Zuleyxa tək çıxar Yusif təmaşayə.

Dodağından soruşdum ağzının mən var-yox sirrin,
Bu nazik nöqtəni sorma, düşar qan,--dedi--ortayə.

Alır feyzi-nəzər bəhrini Aşiq tutsa damanın,
Tapar sərriştəsin, yetsə əli zülfi-çəlipayə.

Bu qəzəlin cavabını Mirzə Həsən yazmışdı ki, onun tərcümeyi-halı təhtində dərc olunubdur. Aşıq Pəriyə aşinalıq tərhində yazdığı bir müxəmməs:

Ey Pəri, dəhrdə yox sən kimi bir cananə,
Tən edər mehri-rüxün göydə məhi-tabanə,
Gərçi bihəd görürəm lütfunü hər insanə,
Piri-biqaidədir, uyma Məlik Aslanə,
Olgilən yar yenə mən təki bir oğlanə.

Həm sənin qədrini Fərhad ilə Şirin bilməz,
Mirzəcan bilsə də yüzdən o da birin bilməz,
Mirzə Məmməd dəxi o fəthəvü zirin bilməz,
Kim ki, məşuq ola, o, zülfi-əsirin bilməz,
Rəng ilə salmagilən sən buları böhtanə.

Mən sənə hər nə desəm mehrü məhəbbət sözüdür,
Sən mənə yazdığın əfsanəvü möhnət sözüdür,
Gər desəm həmdəm olaq, bil ki, mavəddət sözüdür,
Bir zaman ərzim eşit, gör necə ülfət sözüdür,
Tövsəni-əqlini fikr ilə gətir cövlanə.

Sən təki şux münasibdi ki, məstanə gələ,
Əldə sazü məzəvü sağərü peymanə gələ,
Aşiqi-məst görüb din ilə imanə gələ--
Kim, gərək doqquz ola başı bu meydanə gələ,
Özünə türrələnib girmə bizim meydanə!

Sənə şayəstə odur kim, tapasan əhli-vəfa,
Canü dildən edəsən eşq təriqini rifa,
Olasan yar ona, etməyəsən cövrü cəfa,
Dövri-fanidə sürüb bir neçə gün zövqü səfa,
Əhli-haldan özünü tutmayasan biganə.

Yenə Aşıq Pəriyə yazmışdır:

Təxəllüs nə lazım, ey Aşıq Pəri,
Bir kəs ki, mehrdən xəbərdar ola?
Könüldən könülə yollar görünür,
Əlavə, nə hacət, aşikar ola?

Xoş yaradıb səni ustadi-əzəl,
Hüsnü vəcahətdə yekta, bibədəl,
Dızaq mahalında sənin tək gözəl--
Həqdən istəmişəm bərqərar ola.

Əhli-halı görmək istər əhli-hal,
Müzayiqə etmə, gər olsa macal.
Sənin tək dərdmənd olmayan mahal,
Görüm ki, dağılıb tarümar ola.

Belə işin nə ləzzəti, nə dadı,
Xublar bilə görək aşnanı-yadı,
Çəkəsən ağuşa bala Fərhadı,
Şirin didarına intizar ola.

Ağlını cəm eylə, olma sərsəri,
Səndə yoxdur eşqbazlıq əsəri,
Fəhmü fərasətdə yüz sən tək Pəri
Gərəkdir Məmmədə xidmətkar ola.

Aşıq Pərinin Məhəmməd bəyə cavabı:

Şayəstədir, ey mürşidi-kamilim,
Dostlar arasında etibar ola.
Şair odur ustadından dərs ala,
Ziddü cinsi rədifi-pərgar ola.

Cəvabi-xəttindən olmuşam xoşhal,
Ərz edərəm qulluğuna vəsfi-hal,
Şan ilə şövkətin olsun bizəval,
Gərək xidmətində xidmətkar ola.

Mailəm hüsnünün xoşca rənginə,
Yetə bilmən təcnisinin dənginə,
Səni sallam müəşşərin cənginə,
Arif bu yerlərdən xəbərdar ola.

Pəri idim eşq içində aşikar,
Aralıqda yaxşı olur səbəbkar,
Bu cəng meydanında eylərəm şikar,
Əgər Məhəmməd tək səd həzar ola.

Məhəmməd bəyin Aşıq Pəriyə cavabı:

Ustadi-əzəldən dərsim almışam,
Mailəm hər yerdə qövğayə, Pəri!
Ziddü cinsi-rədif sözün danışma,
Mən desəm, düşərsən ah-vayə, Pəri!

Əlindəki badə olsun, saz olsun,
Hərəkətin işvə olsun, naz olsun,
Yekə yerdən danışmağın az olsun,
Düşərsən bir dərin dəryayə, Pəri!

Müəşşərin hər bəndində naçarsan,
Mən açmaram, yenə özün açarsan,
Bu işindən yəqinimdir qaçarsan,
Axırda Məlikə, Mirzayə, Pəri!

Qafiyə gərəkdir ola dilpəsənd,
Nə ki, belə məğşuş ola dərdmənd.
Bilmirəm ki, sənə eləyim rişxənd,
Yoxsa onu yazan mollayə, Pəri!

Ləblərin müsəffası Aşiqi,
Dəhanının müəmması Aşiqi,
Siyəh zülfün təmənnası Aşiqi
Salıbdır bir uzun sövdayə, Pəri!

Vəsfi-dilbər babında Molla Pənah Vaqif səbkində yazdığı mürəbbeatdır:

Səni tarı, məndən olma mükəddər,
İncimə, bu dilin viranı sənsən!
Neylərəm dünyanı, əzizim, sənsiz,
Bilirəm dərdimin dərmanı sənsən!

Gözəldir camalın, hüsnündür cəmil,
Ölmədim hicrində, qalmışam xəcil,
Başın üçün, ey gül, dolanım yüz il,
Könlümün mülkünün sultanı sənsən.

Vamiqin Əzrayə var idi meyli,
Onunçün axardı gözündən seyli,
Yusifin Züleyxa, Məcnunun Leyli,
Mənim də canımın cananı sənsən.

Hər nə ki, ərz etdim, ona yetmədin,
Şad eləyib bizi gəlib-getmədin,
Könlüm alıb bir yol qəbul etmədin,
Bu qədər çəkdiyim amanı sənsən.

Pünhanı baxışın alıbdır canı,
Cadu qəmzələrin verməz amanı,
Tarı hifz eləsin nuki-mücganı,
Aşiqin qatili-pünhanı sənsən!

Yenə Aşiqin vəsfi-dilbər barəsində yazdığı kəlam:

Səndən ayrı işim mənim, ay dilbər,
Gecə-gündüz ahü fəğan olubdur.
Təğafül rəhmindən zülmü sitəmin
Bizim barəmizdə ehsan olubdur.

Ləhzə-ləhzə halın sorduğun könlüm,
Gündə min təsəlli verdiyin könlüm,
Daim şadü xürrəm gördüyün könlüm
İndi dərd əlindən viran olubdur.

Haçan almamışdın ağlımı sərdən,
Oxurdum müshəfi-hüsnün əzbərdən,
O gündən ki, saldın gözdən, nəzərdən,
Mənim halım çox-çox yaman olubdur.

Heç yada salmazsan mən dilfikarı,
Səni bimürüvvət yaradıb tarı,
Dəhanın şövqündən Aşiqi-zarı
Öldürən bir daği-pünhan olubdur.

Cəfərqulu xan "Nəva" təxəllüsün Məhəmməd bəyə ənam etdiyi qızıl quş barəsində tərtib etdiyi qafiyələr:

Başın üçün, sizin bazi-ənami
On beş gündə alıb iki şikari,
Birisi yüz ovla üç qanad uçmuş,
Birisi bir yelpək kəbki-yəsari.

Olmaz belə şəfqət, belə mərhəmət,
Canü dildən gərək ha çəkәk minnət,
Sərkari-alidə tapıb tərbiyət,
Onunçun bu qədər çoxdu vüqarı.

Səhər gəmişərəm, axşam tutaram,
Vaxt olur ki, meşələrdə yataram,
Börkümü götürüb önnük ataram.
Yad elərəm tez-tez pərvərdigarı.

Belə xana nüzul olmaz belə qəm,
Çarə olmaz buna, neyləsə aləm.
Uçmadığı, almadığı cəhənnəm,
Çağıranda ələ gələydi barı.

Gərəkdir götürüb dərəbədərə
Gəmişəydi bunu Tatvos, Mərkərə,
Nə rəvadır mənim kimi çakərə
Bəxş edəsən belə tənbəl murdarı.

Burada yazılan qafiyələrdən başqa Məhəmməd bəy Aşiqin bir çox qəzəliyyatı və mərhum Qasım bəy Zakir ilə deyişmələri vardır ki, onları bəzi səbəblərə görə, zikr etməyi münasib görmədik; ancaq ömrünün axır çağında tərcibənd təriqində yazdığı "Tövbənamə"ni yazmaqla iktifa etdik:

TÖVBƏNAMӘ

Ey xuda, sənə əyandır ki, vəfadaram mən,
Tutduğum işləri yad eyləyib ağlaram mən.
Leyk bu nəfsin əlimdən həməvəqt zaram mən,
Əliboş, üzüqara, bəndeyi-biaram mən.
Hər na tənbeh edəsən, ona səzavaram mən,
Gəlmişəm dərgəhinə, labüdü naçaram mən.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü-rusiyəhü xaram mən.

Gərçi dünyayə gəlib gəzdimü getdim biçiz,
Vermədim xeyrü şərə zərrəcə təşxisü təmiz.
Artdı hirsim mərəzi, etmədim əsla pərhiz,
Dəxi bundan sora yoxdur mənə bir rahi-güriz.
Nə əməl riştəsi var əldə, nə bir dəstaviz,
Eylədim xəlq ilə nahəq yerə pərxaşü sitiz.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyu bədəmülü rusiyəhü xaram mən.

Hər nə iş tutdum isə, cümlə bədü bədhərəkət,
Etmədim şükri-həyat, eyləmədim fikri-məmat,
Bu dəni dəhrdə bihudə keçirdim övqat,
Şimdi rehlət dəmidir, qalmışam avarəvü mat,
Şərmsari-günəhəm, ah, əlim bisövqat,
Yetməyim məqsədə bu vəch ilə heyhat, heyhat!
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rüsiyəhü xaram mən.

Ya rəb, indi mən öz əhvalıma heyranam çox,
Qəzəbü qəhrin edib fikr, hərasanam çox,
Bilib etdiklərim əfalə peşimanam çox,
Bilməyib səhvü qələt işlərə giryanam çox.
Kərəmü lütfünü çox izz ilə cuyanam, çox,
Qüssədən şamü səhər zarü pərişanam çox,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Tövbə, ya rəb, bu qədər bəd əməlimdən tövbə!
Məsiyət rahinə həm get və gəlimdən tövbə!
Hər xilaf olmuş isə sınmış əlimdən, tövbə!
Dəxi bundan sora məkrü dəğəlimdən tövbə!
Eylərəm sidq ilə mən piş əz--ölümdən tövbə!
Hər xəta çıxmış isə bir də dilimdən, tövbə!
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Bilməz idim ki, bu aləmdə olur zar olmaq,
Nə ölüm var, nə qocalıq, nə də bimar olmaq.
Adətim hər xəmi-gisuyə nigunsar olmaq,
Mayili-ləli-ləbü aşiqi-ruxsar olmaq,
Valehi-xalü xətü heyrəti-didar olmaq,
Yar əğyar olub, əğyarım ilə yar olmaq,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü-rusiyəhü xaram mən.

Bəli, məsdud olub şimdi mənə rahi-xilas,
Çünki lazım düşüb üsyanə şəriətdə qisas.
Qüdrətü hikməti-həqdən görünür böylə xəvas--
Kim, görə ruzi-cəza hər kişi felinə xilas,
Sən özün dadə yet ol gündə ki, nə amü nə xas,
Nə kərəm əhli yetər dadə, nə əhli-ixlas.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən;
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Nəfsi-əmmareyi-sərkeş gətirib əqlimə zur,
Cism ilə canı tutub mərtəbeyi-kibrü qürur.
Əməlim ləğv, işim məzləmə, şüğlüm şərü şur,
Gəlmişəm dərgəhə bainhəmeyi-eybü qüsur,
Dəxi, ya rəbb, dərindən məni sən eyləmə dur.
Qoymadı hirs, tamah gərdi dəxi didədə nur,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Müxtəsər, hər nə əməl eylədim oldum nadim,
Hirs qıldı məni hər nakəsi-duna xadim.
Nəfs ucundan nə bəla çəkdi dili-pürbadim,
Şimdi nə bir əməlim əldə, nə var bir zadim,
Tapmadım bir kərəm əhli ki, edə imdadim,
Sən özün dadimə yet, barı eşit fəryadim.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Nə dilim var ki, səni cürət edib yad qılım,
Nə üzüm var sənə sarı tutuban dad qılım.
Nə sözüm var özümü ol söz ilə şad qılım,
Dili-bərbadı nə ümmid ilə abad qılım?
Nə edim canımı bu vərtədən azad qılım,
Çarə oldur ki, yenə bu sözü övrad qılım,
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Bir neçə il özümü eşqə müqəyyəd qıldım,
Gahi Aşiq adımı, gah Məhəmməd qıldım,
Məşqi-əbruyi-xətü xal ilə mürtəd qıldım,
Şiveyi-mehrü məhəbbətdə böyük səd qıldım.
Rövşəni-eşqdə Məcnunə dəxi rəd qıldım,
Hər nə iş tutdum isə, cümləsini bəd qıldım.
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.

Mərhum Məhəmməd bəyin bu "Tövbənamə"si onun bərgüzidə əsərlərindən birisidir. Şair ömrünün tükənəcəyində--rehlət dəmində dərgahi-ilahiyə üz çevirib, kəmali-əczü inkisar ilə tövbə və istiğfar eləyir və etdiyi günah əməlləri bir-bir tedad qılıb zarü pərişan halda rəhmi çox olan həqqdən məğfirət diləyir.

Bəli! Əyyami-cavanlıqda az adam tapılır ki, həyatın qədrini bilib, onu bihudə sərf eləməsin və şairin zəbunü pərişan halını pirlik mövsümündə öz vücudunda hiss eləməsin, hirs, tamah, hübbi-cahü mərtəbə, hübbi-malü miknət, ləhvü ləəb, büğzü ədavət, məniyyət, sərkeşlik, büxlü həsəd və zülmü sitəmə adət və sair övsafi-zəmimə və əxlaqi-rəzilə ki, cümləsi avamlıq və cəhalət nəticələridir, cismü ruhumuzu bir növ zəbtü təsərrüf edibdir ki, həqqü həqqaniyyətdən, insafü mürüvvətdən və əsl bəşəriyyət və insaniyyət nə olduğundan bilkülliyyə qafil və bixəbərik.

Ancaq axır nəfəsimizdə qəflətdən gözümüzü açıb, ölümü önümüzdə görüb xövfü əndişəyə düşürük və şairin dili ilə bu günə tövbə və istiğfar eləyirik. Əgərçi axırkı peşmanlıq fayda verməz, vəli tövbə və inabədən başqa bir çarəmiz yoxdur:

Tövbə, ya rəb, bu qədər bəd əməlimdən tövbə!
Məsiyət rahinə həm get və gəlimdən tövbə!
Hər xilaf olmuş isə sınmış əlimdən, tövbə!
Dəxi bundan sora məkrü dəğəlimdən tövbə!
Eylərəm sidq ilə mən piş əz ölümdən tövbə!
Hər xəta çıxmış isə bir də dilimdən, tövbə!
Rəhm qıl, bari-xudaya ki, günəhkaram mən,
Asiyü bədəməlü rusiyəhü xaram mən.