Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Mehribanlı baba bəy (məqalə)

Mustafa ağa "Arif" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Mehribanlı baba bəy
Müəllif: Firudin bəy Köçərli
Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüs


Mehribanlı Baba bəy İbn Canının müasiri olub, cümleyi-ürəfadan və xoştəb şüəradan birisi sayılırmış. Hər iki şair Zakirin həqiqi dostlarından olub, bir növ ona fünuni-şerdə ustadlıq etmişlər. Vəli onların meylü rəğbəti həcvguluğa olduğu halda, Zakirin həcvü həzl təriqi ilə söz söyləməyə artıq rəğbəti yox imiş. Əgərçi Zakirin də bir çox həcvə bənzər kəlamı vardır, amma onların əksəri ədibanə yazılmış kəlamlardır ki, öz mövqeində onlardan bəhs olunacaqdır. İbn Canının və Baba bəyin və başqalarının ədəbiyyatın həcv növünə göstərdiyi meylü həvəs, əlbəttə, bir illət və səbəbdən xali deyil.

Çox ehtimal var ki, o zamanın şairləri qəzetə və jurnalın ədəmindən naşi öz müasirlərinin əxlaqını həcv demək ilə islah edərlərmiş. Hər halda çox təəssüflər olsun ki, Baba bəy və İbn Canı kimi müqtədir şairlər dünyadan bixəbər və Avropa ülumundan bisəmər olub gözəl təblərini həcvguluğa və latayil söyləməyə sərf ediblər. Baba bəyin vəfatı Zakirə ziyadə təsir edib onu pərişanhal etmişdir və Zakir ustadının maddeyi-tarixini aşağıda dərc olunan cigərsuz şerlərlə izhar qılmışdır:

Diriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,
Cahanda xatiri qəmgin, dili pürdərd mən qaldım.

Ənisü mehribanım Mehriban da vasili-rəhmət--
Olub, dari-fənada zarü səhragərd mən qaldım.

Mətai-can xirid etdi rəfiqan gərm ikən bazar,
Pozuldu rövnəq, ancaq qaldı ahi-sərdü mən qaldım.

Xəyalat əhli xaki-kimya tək napədid oldu,
Tutub rahi-ədəm iksirtəban, gərd mən qaldım.

Görüb dəhrin vəfasın çəkdilər əl eyşi-aləmdən,
Bu viran mülkdə, səd heyf, tənpərvərd mən qaldım.

Həqiqət mənzilinə yetdilər mərdi-rəhi-aləm,
Mənə bu ar yetməzmi, həmin namərd mən qaldım.

Edər seyri-gülüstani-bəqa ağgünlülər hər yan,
Qara gün içrə gülbərgi-xəzan tək zərd mən qaldım.

Vəzirü şah rux tutdu piyada xaneyi-fərzə,
Səməndü fil ləng oldu, dağıldı nərd, mən qaldım.

Müsibət salının tarixi amma oldu "tarixim",
Köçüb ustad, Zakir, bihünər şagird mən qaldım.

Bu təəssüfamiz şerlərdə Zakir mərhum Baba bəyi ürəfa zümrəsinə daxil qılıb, onun xəyalat əhlindən olmasını və iksirtəblər kimi rahi-ədəm ixtiyar etməsini bəyan edib kəmali-təəssüflə bu viran mülkdə özünün tənpərvər olmasını izhar qılır.

Ağgünlülər dəhrin vəfasızlığını görüb, eyşi-dünyadan əl çəkib həqiqət mənzilinə vasil olduqları və bəqa gülüstanında hər yanı seyr etdikləri halda, şair qara gün içrə gülbərgi-xəzan tək sarala-sarala qalmışdır.

Zakir Baba bəyi mürşid və ustadi-kamil məqamında qoyub özünü bihünər şagirdlərdən hesab edir. Heyfa ki, Baba bəyin kəlamından həcvdən səva bir başqa növ ələ düşmədi ki, onu nümunə göstərək.

Nəmirli Əmiraslan bəyin şənində--ki, fasiq və mərdümazar bir şəxs imiş,--yazdığı həcvi bu sayaq başlayır:

Ağlayın qan, Cavanşir Əmiraslan gəlir,
Mərdü mərdanə olub azimi-meydan gəlir,
Taxıban şişə sizi etməyə büryan gəlir,
Mədəni-lafü gəzaf hərzəvü hədyan gəlir,
Mələkül-mövt kimi almaq üçün can gəlir i.a.