Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Mirzə Həsən "Mirzə" təxəllüs

Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatı. I cild. Mirzə Həsən "Mirzə" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Mirzə Hüsen "Zülali" təxəllüs


Qüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb şüəra var imiş ki, onların isimləri atidə zikr olunur.

Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş.

Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbiristanlığı" deyilir.

Mirzə Həsənin qürbətdə vəfatı öz qohum-əqrəbasına və xüsusən, şüəravü ürəfa silkinə artıq dərəcədə təsir eləyir və hər birisi bir növ növhə ilə o mərhumun övsafi-cəmiləsini zikr eləyir. O cümlədən Mirzə Əbülhəsən "Şəhid" təxəllüs bu fərdi onun maddeyi-tarixində demişdir:

Şəhid qoft besale-vəfatəş in mesrə:
Hezar ah in qamət hezar əfsus. [1]

[1] Tərcüməsi:
Şəhid onun vəfatı ilinə bu misranı dedi:
Bu qamətə min ah, min təəssuf.

Bu maddeyi-tarixdən məlum olunur ki, Mirzə Həsənin vəfatı hicrətin 1249-cu sənəsində vaqe olubdur.

Mirzeyi-mərhum müasirləri arasında sahibi-kəmalü mərifət bir şəxs sayıldığından xatiri artıq dərəcədə əziz tutularmış.

Aşıq Pəri və Aşıq İbn Canı ki, aşağıda tərcümeyi-hallarından bəhs olunacaqdır, onun şənində gözəl şerlər yazmışlar. O cümlədən Aşıq Pərinin Mirzəyə xəstə olduğu halda yazdığı namədir ki, burada zikr olunur:

Nə yatıbsan ləhaf bəstər içində,
Bimarmısan, nədir bəs halın sənin?
Eşqin mərizinə mən də təbibam,
Bəyak eylə mənə əhvalın sənin.

İsmi-şərifiniz ada yetişsin,
Mətləb alıb hər murada yetişsin,
Şahlar şahı özü dada yetişsin,
Hifzində saxlasın zəvalın sənin.

Barilaha gülzarına qıymasın,
Xəstə düşüb bimarına qıymasın,
Şirin-şirin göftarına qıymasın,
Bağışlasın qaşı hilalın sənin.

Bir məsəldir: bağban olan bar çəkər,
Əndəlibin meyli gülüzar çəkər,
Allahına bəndə ahü zar çəkər,
Qəm çəkmə, kamildir kəmalın sənin.

Mən Pəriyəm, eşqə zarəm, neyləyim,
Dərdi-dildən xəbərdarəm, neyləyim,
Burda ora intizarəm, neyləyim,
Şəfalansın nuri-vüsalın sənin!

Mirzə Həsən Aşıq Pərinin cavabında yazmışdır:

Bu qəm bəstərində möhnət içində
Daim fikrimdədir xəyalın sənin.
Dərmansız dərdimə bulunmaz çarə,
Müyəssər olmasa vüsalın sənin.

Könül adət ahü zarə eyləyir,
Eşq sirri aşikarə eyləyir,
Qoyma, ruzigarım qarə eyləyir—-
O zülfün, [o] xəttin, o xalın sənin.

Qönçə lətafətli, lalə üzlüsən,
Məstanə baxışlı, xumar gözlüsən,
Şirin hərəkətli, şəkər sözlüsən,
Yoxdur yer üzündə misalın sənin.

İltifat eyləyib alıb canımı,
Odlara salıbsan din-imanımı,
Yəqin tirə edər şəbistanımı,
Münəvvər etməsə camalın sənin.

Sən Mirzənin qədrini bil, naz elə,
Səgi-rəqiblərdən ehtiraz elə,
Nəcəf bəyə iltifatı az elə,
Həlak elər məni bu halın sənin.

Və yenə Mirzə Həsən Aşıq Pərinin hüsnü camalını belə vəsfü tərif qılmışdır:

Lalə yanağında badi-səbadən
Ucu tər cıqqalı tellər oynaşır.
Süzgün baxışından xumar gözlərin
Hiylələr, fitnələr, fellər oynaşır.

Cəm olubdur hüsnün, bu vəcahətin,
Yetməsin zəvalə çeşmi-afətin,
Yayınsa bir zaman sərvi-qamətin,
Gözüm içrə qanlı sellər oynaşır.

Boyun yaraşıqda qiyamət eylər,
İşvəni, qəmzəni bu babət eylər,
Ağ məmə köynəyə zərafət eylər,
Kəmər ilə nazik bellər oynaşır.

Mum tək incəlmişəm incə belindən,
Sövdayə düşmüşəm siyəh telindən,
Titrədikcə zülfün səhər yelindən,
Sanasan gülşəndə güllər oynaşır.

Etdikcə vəsfini Mirzə mükərrər,
Tazələnib ruhum olur müəttər,
Gülüstanda zülfün kimi müənbər
Nə susənlər, nə sünbüllər oynaşır.

Vətəni-məlufundan diyari-qürbətə hicrət etdiyi əsnada bir dilbəri-şirinməqala xitabən aşağıdakı qəzəli inşad etmişdir:

Əla ey şuxi-şirinkari-bimürvət, xudahafiz,
Qəmi-eşqində bəsdir çəkdiyim zillət, xudahafiz!

Nigara, dövri-ruyində rəqibim şadkam oldu,
Mənəm ancaq olan avareyi-qürbət, xudahafiz!

Könüllər izdihamı, şanə cövrü qoymadı könlüm--
Edə zülfündə bir asayişi-rahət, xudahafiz!

Dərində şad bulsan pasibanın xatiri yetməz
Bu gündən böylə naləmdən ona zəhmət, xudahafiz!

Həsən, bu mahrulərdən vəfavü mehr az istə--
Ki, cövr etmək olur məhvəşlərə adət, xudahafiz!

Məhəmməd bəy "Aşiq" təxəllüs Mirzənin dostu imiş və aralarında dostluq və məvəddət var imiş. Hər ikisi Aşıq Pəriyə bir növ aşiq olub, onun mədhində şerlər yazarlarmış. Məhəmməd bəyin bir qəzəlinə cavab olaraq atidəki şerləri inşad etmişdir:

Yetişdi, Aşiqa, əşari-mövzunun bu rüsvayə,
Həmana bəxt saldı başimə guya mənim sayə.

Bu nə əyyami-piridir, yenə nə küştigiridir,
Burax bu şüğlu, ey piran, mənim tək bari bürnayә!

Dolaşma şanə tək sən çox o giysuyi-pərişanə,
İlişsə payinə bir tük, gedər başın bu sövdayə.

Bükülmüş qədd ilə ol sərv baş çəkməz kənarından,
Xədənki-cansitan müşkül girər böylə pozuq yayə.

Gərək dərd əhli dərdin əhli-dərdə eyləsin hali,
Giriftarəm sənin tək mən də bir sərvi-dilarayə.

Məgər məşuqun aşiq qaşını oxşatdı, ey Aşiq,
Yeni ayə və ya yayə, əgər göydən yenə ayə.

Bir ay üzlü, qara gözlü, şəkər sözlü, sözü duzlu,
Beli incə, ağız qönçə, ləbi şəhdi-müsəffayə.

Bu qəzəlin ikinci beytindən belə anlaşılır ki, Məhəmməd bəy sinndə Mirzə Həsəndən böyük imiş. Necə ki, Mirzə ona zərifanə deyir: Sövdayi-eşqi əyyami-piridə boşla və bu şüğlü mənim tək bürnaya--cavana həvalə elə.

Bainhəmə Məhəmməd bəy Mirzə Həsəndən artıq yaşayıbdır.