Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüs
←Mirzə Hüsen "Zülali" təxəllüs | Azərbaycan ədəbiyyatı. I cild. Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüs Müəllif: Firudin bəy Köçərli |
Molla Qasım Zakir→ |
Kazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür.
Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur:
Nədəndir, ey bəyim, əşarıma sizdən cavab olmaz,
Bu gündən böylə daxi şeriniz gəlsə, hesab olmaz.
Sədayi-qafiyə ya bir qəzəl yox suyi-dilbərdən,
Necə səbr eyləsin dil, bundan artıq kim, əzab olmaz.
Keçib ol novcəvanlıq, kimsə yad etməz məni hərgiz,
Qocalıq damənim tutmuş, dəxi zövqi-şəbab olmaz.
Gərək yad eyləsin səyyadi-tazə köhnə səyyadı,
Təsəvvür etməsin torlan kim, üstündə üqab olmaz.
Rəqibi-kəcrəvi gör yar ilə işrət qılır hər dəm,
O yerdə şəbpərə pərvaz edər kim, afitab olmaz.
Tikilmiş bir hədəfdir lövhi-sinəm tiri-müjganə,
Xədəngi-qəmzədən üşşaqlərdə ictinab olmaz.
Fədai gəlsə yarın kuyinə, didarı mən etmin,
Neçün kim, aşiqü məşuq arasında hicab olmaz.
Salikin Mirzə Məhəmməd Qaib oğluna yazdığı bir qəzəl:
Olma, ey Mirzə Məhəmməd, zəmmi-şerimdən məlul,
Əhli-dil əhli-dilin azarını eylər qəbul.
Naləvü fəryaddır arayişi-bəzmi-cünun,
Şövkətidir şairin həm söyləmək tulü füzul.
Gərçi istərsən ki, Misri-şerə sultan olasan,
Eylə bir yari-əziza canını, əlbəttə, qul.
Aşiqi-sadiqlik istərsən əgər, ey əhli-hal,
Adına Məcnun desinlər Qeys tək divanə ol.
Ey məcazi eşq ilən kəsbi-həqiqət eyləyən,
Çək qədəm ki, mənzili-məqsudinə getməz bu yol.
Ey ki, bəhri-eşqə düşmək istər isən, qıl həzər,
Eşq dəryasın görüb Məcnun demiş: biərzü tul.
Salika, ol yar yari-qəmküsarın olmasa,
Vərteyi-vəhşətdə qaldın, başına bir çarə bul.