Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Molla Pənah "Vaqif" təxəllüsləri

Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Molla Pənah "Vaqif" təxəllüsləri
Müəllif: Firudin bəy Köçərli
Şeyx Əbuməhəmməd İlyas İbn Yusif İbn Müəyyəd Nizami


Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.

Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

Vaqif ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və nazik şerlər yazmışdır ki, onların cümləsi qəlbdən nəşət edən hissiyyatdır ki, oxuyanlara dəxi sirayət edib, onları şövqü həvəsə gətirir. Molla Pənah artıq fəsih və şirinzəban və hazırcavab bir vücud imiş ki, hər qisim mətləbi öz məqamında, münasibi-hal söylər imiş. Onun həməsri aşıq Əli Qaracadaği Kəlibəri Molla Pənahı bu gunə tərif edibdir:

Bu gövhər sözlərin, ey alicənab,
Tamam aşiqlərin səminə gəlmiş.
Fəsahətdə, bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmiş.

Bu əsrdə şairlərin xanisən,
Müdərrisə bərabərsən yəni sən,
Elmin mədənisən, gövhər kanisən,
Eşidənlər sözün dəminə gəlmiş.

Aşiq oldum bir qaməti-rənayə,
Onu sevdim, canım düşdü bəlayə,
Vallah, billah, sən düşdüyün sövdayə,
Artıq mən fəqirin sərinə gəlmiş.

Əli çəkər geçə-gündüz ahü zar,
Kəsildi müdara, getdi ixtiyar,
Vaqif olsun bu mənadən xəbərdar,
Mədinə kuyinə Səkinə gəlmiş.

Molla Pənahın əsli Qazax mahalından, bir rəvayətə görə Həsənsu kəndindən və qeyri bir rəvayətə görə Salahlı qəryəsindəndir. Axırıncı rəvayətin doğru olmağına bir para dəlillər mövcuddur. Belə ki, Molla Pənahın nəslindən indi də Slahlı qəryəsində vardır ki, "Mehdioğlu" ləqəbi ilə məşhurdurlar. Çünki Molla Pənahın babası Mehdioğlu adlanırdı və onlar Sarıqamış adlanan yerdə olurdular. Sarıqamış keçmişdə Salahlı qəryəsinin səfalı bir hissəsi idi. Məlum ola ki, Salahlı qəryəsi Molla Pənahın əsrində özgə bir məkanda idi. Onun mövqeyi Kür çayının sağ tərəfi idi və özü də çaya çox yavuq idi. Müruri-əyyam ilə yaz fəslində məzkur çay daşdıqca Salahlı kəndini basıb və qumsal yerləri yuyub və orada olan dam-daşları uçurub tələf edib. Ona binaən Salahlı əhalisi əvvəlki yurdlarını tərk edib kənara açıqlığına çıxıblar və bu halda basəfa yerdə özləri üçün gözəl təmirat tikdirib orada olurlar.

Molla Pənahın Salahlı qəryəsindən olmağına öz yazdığı şerlər dəxi şəhadət verir. İbrahim xan bir vaxtı Tiblisə səfər edəndə Molla Pənahı dəxi özü ilə aparıb və əsnayi-rahda Molla Pənah xandan izn alıb, öz vətənini və qohum-əqrəbasını ziyarət etmək üçün gəlibdir. Və lakin burada bir neçə gün iqamət etdikdən sonra öz əhlü əyalının müfariqətinə tab gətirməyib, münasibi-hal bu fərdləri deyibdir:

Vətən xoşdur, deyə, Vaqif, məni çəkdin Salahlıya;
Nədir onda səlahın kim, çü yari-canfəza yoxdur.
Əzəl başdan şəkərləblər olurdu Sarıqamışda,
Gəlib sordum sorağın, şimdi onlardan səda yoxdur.

Hicrətin 1172-ci ilində--ki, tarixi-məsihiyyənin 1759-cu sənəsinə mütabiqdir,--Gürcüstan padşahı İrakli xanın vaxtında və Qazax mahalının vəkili Pənah ağanın zamanında bir para şuriş və inqilabın vüquuna görə Qazax mahalından bir neçə elat Gürcüstan hökumətinin zülm və təəddisindən təngə gəlib, Qarabağ vilayətinə köçüb gediblər. Məzkur elat bunlardır: Qaraçarlı, Cinli, Salahlı, Dəmirçihəsənli, Qızılhacılı, Qaraqoyunlu, Alpaut, Səfikürd, Boyəhmədli, Kəngərli, Xəlfəli və qeyriləri. Bu köçmək elat içində "eldöndü" adlanır. Məzkur elatın təmamisi köçməyib, onlardan bəzi oymaqlar öz vətənlərində qalmağı qürbət vilayətə köçməyə tərcih ediblər.

Molla Pənah dəxi öz obası ilə müttəfiq Qarabağa hicrət edib Cavanşir mahalında sakin olur. Məlum ola Qazaxdan köçən obaların çoxusu Cavanşir mahalında Tərtərbasarı özləri üçün məhəlli-iqamət intixab ediblər. Molla Pənah bir neçə vaxt təzə vətənində qalıb, oradan Şuşa şəhərinə azim olur. Əvvəl vaxtlarda Molla Pənahın məaşı çox təng keçirmiş. Bu barədə həzl təriqi ilə münasibi-hal bu şerləri yazıbdır ki, onun pərişan halını və şikəstə xatirini eyni ilə bəyan edir:

Bayram oldu, heç bilmirəm neyləyim.
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə,
Xalq batıbdır noğla, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcəmalımız var,
Vaqif, öyünmə ki, kamalımız var.
Allaha şükür ki, kamal da yoxdur.

Molla Pənah ziyadə maddəli, elmli və zirək bir adam olduğuna görə, əlbəttə, həmişə zillət və üsrət ilə güzəran etməyәcək idi. Onun ağır günləri və kasıblığı tezlik ilə xeyrə və xoş günə mübəddəl oldu. Qala şəhərinə varid olandan sonra Molla Pənah, bəzi rəvayətə görə, indiki Saatlı məhəlləsində təlimi-ətfal üçün bir məktəb açır. Şuşa şəhərində əvvəl güşad olan Molla Pənahın məktəbi olubdur. Burada Molla Pənah uşaqlara dərs deməyə məşğul olub, yavaş-yavaş təzə bina olunmuş şəhərdə özünə dost və aşina cəm eləyir. Öz fitrət və qabiliyyəti sayəsində az vaxtda şöhrət və hörmət kəsb edib, Qarabağın əyan və əşrafı arasında mötəbər və ləyaqətli adamlardan birisi hesab olunur.

İbrahim xanın müqərrəblərindən bir nəfəri onun yaxın dostu imiş və xanın sarayında olan əhvalatdan hər dəm Molla Pənaha söylərmiş. Molla Pənah artıq həvəs və diqqətlə haman əhvalata və xandan sadir olan hökm və əmrlərə qulaq asarmış. Bir dəfə xanın bir şikayətçiyə etdiyi ziyadə biməzmun və gülünc binagüzarlığını Molla Pənah eşidib, öz xəyalından keçirir ki, mən tezlik ilə gərəkdir xana müdəbbir və məsləhətçi olam. Və filhəqiqətə çox çəkmir ki, Molla Pənahın tərif və tövsifi xanın qulağına çatıb, onu hüzuruna dəvət eləyir və xan mollanın elmü kəmalına və adabü əxlaqına diqqət yetirəndən sonra onu bəyənib, eşikağası mənsəbini ona verir və sonralardan Molla Pənahın kəmalının dərəcəsini və sahibi-əqlü tədbir olmasını anlayıb, onu özünə əvvəlinci müdəbbir eləyir. Belə ki, xanın cəmi işlərinə dəxlü təsərrüfü olur.

Molla Pənahın Qarabağa--İbrahim xanın qapısına düşməyinə özgə bir rəvayət də budur ki, Molla Pənah Daşsalahlıda məşhur Şəfi əfəndidən elm təhsil edir imiş. Daşsalahlıda molladan bir xəta üz verməyə görə, orada artıq qala bilməyib gedir yaylağa. Çün o vaxtı yay mövsümü imiş. Şəfi əfəndi Molla Pənahın dağa getməyindən xəbərdar olub izhari-təəssüf edir ki, heyfa ki, Molla Pənah elmini tamam eləmədi və öz arvadına deyir ki, son axırda eşidərsən ki, Molla Pənah böyük bir şəxs olacaqdır. Çünki o, çox zirək, maddəli və cövhərli adamdır.

El dağdan enəndə Molla Pənah vətəninə qayıtmayıb, Gəncə tərəfə azim olur və orada Şah Abbas məscidinin canibindəki hüceyrələrin birisində özünə sığınacaq tapıb yenə başlayır təhsili-elmə məşğul olmağı. Bu heyndə Qazax mahalından bir qarının oğlu Cavad xanın əmri ilə Gəncədə dustaq imiş. Arvad məscidə gəlir ki, xana ərizə yazdırıb versin, taki xan onun oğlunu azad eləsin.

Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tapşırır ki, xan soruşsa, deməsin ki, ərizəni kim yazıbdır.

Qarının ərizəsi Cavad xana ziyadə xoş gəlir və ondan soruşur ki, bunu kim yazıbdır. Qarı əavəlcə cavab vermir. Amma xan təkid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb, ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli, mən yazmışam. Xan ona tapşırır ki, bundan sonra mənə hər nə ərizə yazılsa, tamamını sən yaz və hər birinə bir qızıl qələmhaqqı al və Molla Pənah bu sayaq edirmiş. Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə Cavad xanın mülaqatına gəlibmiş. Burada İbrahim xan Cavad xandan bir qabil mirzə təmənna edir. Cavad xan Molla Pənahın elm və məharətini ona tərif edib, öz qonağına mirzə verir və ona tapşırır ki, oradan mərhəmət nəzərini kəsməsin. İbrahim xan xoşhallıq ilə onu qəbul edib, özü ilə Qarabağa aparır, orada onu özünə ən müqərrəb şəxslərdən birisi edir.

Amma bizim anladığımıza görə, əvvəlki rəvayət gərəkdir artıq səhih olsun və Əhməd bəy Cavanşir dəxi Molla Pənahın barəsində rus dilində yazdığı bir fəqərə ona şəhadət verir ki, Molla Pənah öz elatı ilə XVIII əsrin əvaxirində Qazax mahalından köçüb Qarabağa gəlmişdi. Əvvəl dəfələrdə Mollanın artıq üsrət ilə güzəran etməyini Əhməd bəy də təsdiq edib, sonralardan onun öz elm və mərifəti səbəbindən xana müqərrəb olmasını göstərir.

1209-cu səneyi-hicriyyədə--ki, miladın 1795-ci ilinə mütabiqdir,--Ağa Məhəmməd şah əsakiri-əzim və ləşkəri-kəsir götürüb, Qarabağı və Tiflisi və İrəvan və Gəncə və Talış vilayətlərini təsxir etmək üçün röyəti-əzimət əfraştə edib Azərbaycana varid oldu. Onun məşhur sərkərdəsi şahsevən Əliqulu xanı bir para sair xanlar ilə İrəvan qalasını təsxir etmək üçün təyinü müqərər buyurub, özü dəxi İran qoşunun tamamən götürüb, cəmiyyəti-firavan və əsakiri-bipayan ilə Şuşa qalasın təsxir etməyə və İbrahim xana tənbeh etməyə Arazdan keçib, Qarabağa varid oldu və qalanın on iki mənzilliyində ordusu ilə düşüb aramyab oldu. Məlum ola ki, ol vaxtda Tiflis valisi İrakli xan və İrəvan hakimi Məhəmməd xan və Talış hakimi Mirmustafa xan İbrahim xan ilə and içib sözbir olmuşdular ki, heç vaxt Ağa Məhəmməd şahın itaətini qəbul etməyib bir-birilə müttəfiq və həmrəy olsunlar. Bu əhdə görə, Qarabağın elat camaatından xan bir parasına izn vermişdi bəziləri Tiflis səmtinə və bəziləri İrəvan səmtinə getmişdilər və baqi elatın ki, əksəri dəftərdə və siyahidə qoşun cümləsindən idilər, Qarabağın dağlarında və qalanın içində sakin olub, çox süvarə və piyadə böyük və kiçik toplar ilə amadeyi-cəng olub, qaladarlıq əsbabına məşğul var idilər. Otuz üç gün Ağa Məhəmməd şah qalanın həvalisində əyləndi və o qədər sipahi-əzim ilə qadir ola bilmədi ki, qalanın üç-dörd verstliyində olan Şuşa çayının kənarına yavuqlaşa bilsinlər.

Qarabağın atlı və piyada qoşunu, elat və dehat əhlləri və mahali-Dizaq və Vərəndə və Xaçın məlikləri dərələrdə, meşələrdə və güzərgahlarda qarət və təsəllüt əllərin qızılbaş qoşununa açıb, hər gün onlara zərərlər yetirib və kəsiblər gətirib müzahim olurdular. Mərhum Mirzə Cəmal vəzir Qarabaği yazır ki, "ol vaxtda mən həm özüm İbrahim xanın hüzurunda idim və hər gün sadir olan vaqeatı, vəqaye və əhvalatı görürdüm və Qarabağ əhli--müsəlman və erməni külli qoşun ilə xanın hüzurunda cəngə amadə durmuşdular. Bir gün Ağa Məhəmməd şah xanı qorxutmaq və xövfə salmaq üçün bu fərdi münasibi-məqam bilib, divani-qəsaidi-Seyid Məhəmməd Şirazı təxəllüsdən İbrahim xana yazıb göndərdi:

Ze məncənəqe-fələk sənge-fetne mibarəd,
To əbləhane gerefti miyane-Şişe qərar. [1]

[1] Tərcüməsi:
Fələyin mançanağından fitnə daşı yağır,
Sən əbləhcəsinə Şişə içərisində qərar tutmusan.

Bu kağız xana yetişən kimi verdi öz nədimi-həzrəti və müşiri-məmləkəti Axund Molla Pənah "Vaqif" təxəllüsə. Axund mütaliə edib, filfovr haman məktubun dalına bu fərdi özü inşa edib xana verdi və o da geri yollandı. Haman fərd budur:

Gər negəhdare-mən anəst ke mən midanəm,
Şişera dər bəğəle-səng negəh midarəd. [2]

[2] Tərcüməsi:
Əgər məni qoruyan mənim bildiyimdirsə,
O, şüşəni daşın ağuşunda qoruyar.

Elə ki, Ağa Məhəmməd şah bu kəlamı oxudu, atəşi-qəzəbi cuşa gəlib, əmr elədi ki, qalanı gülləbaran edib, saiqəbar və atəşkirdar toplara od qoysunlar. Amma nə xan və nə onun əyanü ənsarı və dilavər qoşun sərkərdələri əsla qorxmayıb, bu gunə təhdidatı nəzərə almadılar və gecə-gündüzlər Qarabağın atlı və piyada qoşunu fövc-fövc yolları kəsib, Ağa Məhəmməd şahın ordusuna gələn azuqə karvanını və ordudan kənara çıxan qoşun əhlini və ulağını tutub öldürüb, əsir və qarət edib, xanın hüzuruna gətirirdilər. Neçə dəfə Ağa Məhəmməd şah öz külli qoşunu ilə hücum etdi ki, qalanı təsxir eləsin, amma İbrahim xanın rəşid və qoçaq süvarə və piyadə əsakiri və dilir olan sərkərdələri onun müqabilinə çıxıb, mərdanə dava edib, onu məyus və məğlub geri qaytardılar. Axırda Ağa Məhəmməd şahın əli puça çıxıb, Gürcüstan səmtinə üz qoydu. Çiləbörd mahalının məliki Məlik Cünun və Gəncə xanı Cavad xan Ağa Məhəmməd şahı Qarabağdan salamat çıxarıb, Tiflis səmtinə vali üstünə aparmağa bələdlik və dəlillik etdilər. Ağa Məhəmməd şah Tiflis şəhərini fəth və qarət edəndən sonra Muğan səhrasına qayıtdı, bu qəsd ilə ki, qış fəslini orada keçirib, baharda yenə Şuşa qalasının üstə gəlsin. Amma qışın axırlarında şaha İrandan xəbər gəldi ki, Şiraz və Kirman vilayətlərində inqilab düşübdür. Lütfəli xan Zənd şaha yağı olub, ol vilayətlərə təsəllüt tapıbdır. Bu xəbəri eşitcək Ağa Məhəmməd şah Qala üstə gəlməyi mövquf edib, İran səmtinə mütəvəcceh oldu.

Bu halda Rusiya sərdarı general Zubov Yekaterinanın əmri ilə Gürcüstan padşahı İraklinin istimdadına Dərbənd şəhərinə yetişdi və Qalanı müsəxxər qılıb, Səlyana gəldi və oradan Şamaxı həvalisinin qürbündə ordusu ilə bir gözəl səhrada əyləşdi. İbrahim xan öz oğlu Əbülfət xanı Qarabağın neçə şayistə bəyzadələri ilə cins atlar və mərğub töhfə və hədiyyələr ilə Zubovun hüzuruna göndərib, kəmali-riza və rəğbət ilə öz xahişilə Rusiya dövlətinə dil verib, izhari-itaət qıldı. Və xülusi-təmam ilə bir ərizə Molla Pənaha yazdırıb, imperatoriçə Yekaterinaya göndərdi.

General Zubov Əbülfət xana və onunla gedən bəyzadələrə və sair elçilərə artıq hörmət və izzət göstərib, xanın ərizəsini mərsul olunmuş mötəmid ilə öz eşikağasına qoşub, Rusiya imperatoriçəsinin qulluğuna göndərdi və İbrahim xana yaxşı və ləyaqətli tövfələr göndərdi və onların cümləsindən mürəssə cəvahirli əsa xanın müşiri Molla Pənah Vaqifə tərsil elədi.

Hicrətin 1212-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1797-ci ilinə mütabiqdir,--Ağa Məhəmməd şah ikinci dəfə, bahar mövsümü olanda sipahi-besyar və əsakiri-bişümar ilə Qarabağa, Şuşa qalasının üstə gəlməyə azim oldu və İbrahim xanın rus imperatoruna itaət göstərməyini eşitmişdi. Ona görə xana onun ədavət və küdurəti həddən ziyadə idi. Çün o vaxtı Qarabağ vilayətinə afəti-səmavi və ərzi üz vermişdi və böyük aclıq və qəhətlik hüsula gəlmişdi və necə ki, bu aclığın barəsində Qarabağın məşhur müvərrixi Mirzə Cəmal yazır: "Buğdanın bir çetverti (yəni səkkiz pudu) yüz manata, arpa və darının çetverti altmış manata çətinlik ilə tapılırdı və xalq at, eşşək və qatır əti yeyirdilər. Onların, əlbəttə, dava və döyüş etməyə qüvvət və tavanaları yox idi və hərə bir tərəfə dağılmışdı. Çox adamlar aclıqdan həlak olurdular. İbrahim xan gördü ki, Ağa Məhəmməd şahın hücum və hərəkətinə müqabilə etmək qeyri mümkündür, ona görə labüd öz evini və ətfal-əyalını və cannisar olan mülazimlərini və bir para məruf və xəvassları özü ilə götürüb. Dağıstanın Car və Tala vilayətinə azim oldu və orada Bələkanda Ümmə xanın evində sakin oldu. Və bu tərəfdən Ağa Məhəmməd şah davasız və şavasız Qala şəhərinə varid olub, İbrahim xanın böyük oğlu general-mayor Məhəmməd Həsən ağanın imarətində əyləşdi və bu heyndə çox adamları qətlə yetirdib, Molla Pənahı zindana saldırdı. Bu qəsd ilə ki, onun haqqında böyük siyasət eləsin, çünki onun İbrahim xana müqərrəb olmağını eşitmişdi və qədimdən onunla əlavəti var idi".

Mirzə Cəmal qalabəyi öz tarixində Molla Pənahın ölmək əhvalatını bu sayaq yazır: "Molla Pənah bir sahibi-kəmal və müdəbbir, təcrübəkar və xoşgöftar bir adam idi və özü dəxi İbrahim xanın vəziri və çox mötəmidi idi ki, ümuri-hökumətdə [İbrahim xan] Molla Pənah axundun tədbiri və müşavirəsi ilə rəftar edərdi və xan dəxi qəlbən ona inanıb, etimad etmişdi. Belə ki, övladından artıq onun xatirini mənzur tutardı və ona çox hörmətlər edib, ixtiyari-külli vermişdi. Xan Dağıstana və Car-Bələkana gedən vaxtda Molla Pənah, bir rəvayətlə muğanlı Cəmil ağanın ittifaqı ilə--ki, Təklə Muğanlı həm əslən qədim Qazax elindəndirlər,--ikisi Tiflis canibinə getmişdilər və oradan Qarabağa müavidət edən zamanda və yainki bir rəvayətə görə, Ağa Məhəmməd şahın qorxusundan Qarabağdan qaçıb, xanın dalısınca o tərəfə əzm etdiyi halda Gəncə dağlarının həvalisində Gəncə hakimi Cavad xan onu özünə ümdə və böyük sovqat bilib, tutub öz ittifaqı ilə Ağa Məhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onun qətlinə şövqmənd idi. Elə ki, Molla Pənahı dəstgir edib Ağa Məhəmməd şahın hüzuruna gətirdilər, axşam olmağına görə, şah buyurdu ki, onu möhkəm saxlasınlar ki, sübh açılanda onu əzim siyasətlə qətlə yetirəcәyəm. Əzqəza iş belə gətirdi ki, haman gecə şahın özü qətlə yetişdi və Molla Pənah salamat qaldı.

Çün Molla Pənahı qürüba bir və ya iki saat qalmış əlibağlı Məhəmməd Həsən ağanın imarətinin qapısına gətirdilər ki, şah orada mənzil etmişdi, Məhəmməd Hüseyn xan Qacar sərkeşbaşı--ki, şaha çox müqərrəblərdən idi,--axundu qapıda əlibağlı görüb, soruşdu ki, bu kimdir? Cavabında dedilər: "Bu haman Molla Pənahdır ki, eşidibsiniz". Və haman dəm ağzını föhş və latayilata açıb, Molla Pənaha çox yaman föhşlər və itab-xitablər elədi. Axundi-biçarə ərz elədi ki, ey xani-əzimüş-şən, siz böyük şəxssiniz və padşahi-İranın mötəmidi və müqərrəbi-hüzurusunuz, layiq deyil ki, siz dəstgir və günahkar və müqəyyəd və giriftar və biçarə dərmandələrə yaman kəlmələr və föhşü hədyan sözlər buyurasınız. Sizin rütbə və məratibinizə şayistə budur ki, ətvar və əxlaqi-həsənə və köftar və rəftari-nəcibanə sizdən zühur eləsin və bu günə dərmandə, əsir və xayif olan acizlərə siz gərək dildarlıq verib, əltaf və mərhəmət və əfvü ətayə ümidvar qılasınız, nəinki şahın qəzəbindən müqəddəm siz qəzəbnak olub, dilazarlıq edəsiniz. Məhəmməd Hüseyn xan bu gunə əlamatdan əsla mütəəssir olmayıb yenə föhş və hədyanını ziyadələndirdi. Molla Pənah "hər ke dəst əz can beşuyəd, hər çe dər del darəd bequyəd" [3].

[3] Tərcüməsi:
Canindan əl çəkən adam ürəyində nə varsa, deyər.

məzmununca dəxi tab gətirməyib, haman biədəb xanın cavabını ziyadə föhşkarlıq və dürüştgöftarlıq ilə verib dedi: "Ey xani-nanəcib, qəzayi-sübhanı və dövri-zamanı və müqəddimeyi-fərdanı sən nə bilirsən? Bəlkə sabah şah mənə ənam və xələt də verib xoşhal və azad edəcәkdir və ya fələki-kəcrəftar və təqdiri-pərvərdigar bir qeyri təriq ilə yol gedəcәkdir?! Şəbabestonəst, ta çe zayəd səhər [4].

[4] Tərcüməsi:
Geçə hamilədir, görək gündüz nə doğacaq.

Əgər dustağəm--dustaği-şahəm. Sən nəçisən ki, mənə bir zərrəcə asib yetirəsən. Haman bu gunə göftar və rəftar sənin məhz nanəcib və naqabilliyinə nişanədir. Haqq taala kərim və rəhimdir. Türklər məsəlidir: "Mıxı mismar eləyən xaliq var". Belə rəvayət olunur ki, haman gecə ki, Molla Pənah dustaqxanada məhbus idi və sabahı günü gərək ona tənbeh və bazxast oluna idi, Ağa Məhəmməd şahı iki nəfər pişxidmətləri--Səfərəli bəy və Abbas bəy qətlə yetirdilər. Molla Pənah sabaha kimi yatmayıb, başladı. Ağa Məhəmməd şahın dünyada neçə müddət ömür sürməyini və nə vaxtı fövt etməyini hesablayıb cüstücu etməyə. Buna görə rəml atıb, qism-qism sıfırlar yazıb, onları sağdan sola və soldan sağa keçirib, çox diqqətlə hesaba baxanda ona yəqin oldu ki, şah gərəkdir haman gecə qətl olunub, bir də sübh tüluunu və günün şəfəqini görməyə onun macalı olmasın. Ürəyi təskinlik tapıb, zindanböyüyündən soruşdu ki, şəhərdə təzə bir əhval və şuriş yoxdur ki? O, cavab verdi ki, bir şey bilmir. Molla Pənahın gözünə yuxu getməyib, sübh tezdən yenə zindanbandan istifsar etdi ki, şəhərdə nə xəbər var? Şuriş və inqilab asarı müşahidə olunmur ki? Zindanböyüyü bu səfər də Molla Pənahın ürəyini sakit edə bilməyib, cavab verdi ki, o, bir xəbər eşitməyibdir. Amma çox çəkmədi ki, Ağa Məhəmməd şahın qətlə yetişmək xəbəri şəhərə dağıldı. Böyük şuriş və qovğa əmələ gəldi. Qızılbaş xanlarının hər birisi sərasimə və pərişan öz təvabeləri ilə əllərinə gələni götürüb, fövc-fövc yola düşüb qaçmağa şüru elədilər və şəhər xalqının bəziləri şah olan imarətə tökülüb, qarət etməyə başladılar. Ağa Məhəmməd şahın başını--ki, bədənindən cüda etmişdilər,--bihörmət edib, təpiklər altına salmışdılar. Tamami dustaqxana əhlini azad etdilər. Molla Pənah dəxi səlamət zindandan çıxdı; "mıxı mismar eləyən tanrı" onun dadına yetişdi və çoxlarını Ağa Məhəmməd şahın qəzəbindən xilas elədi.

Şahın bu sayaq məqtul olmağı Molla Pənaha ziyadə təsir edib, aşağıdakı əşarı Molla Vəli "Vidadi" təxəllüsə--ki, o da əhli-təb və onunla birelli idi,--yazıb göndərdi:

Ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padşahi-qadirü qəhharə bax!

Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq,
Gecəki iqbalı gör, gündüzdəki idbara bax!

Taci-zərdən ta ki, ayrıldı dimağı-pürqürur,
Payimal oldu təpiklərdə səri-sərdarə bax!

Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Qurtaran məzlumu zalimdən o dəm qəffarə bax!

İbrət et Ağa Məhəmməd şahdan, ey kəmtər gəda,
Ta həyatın var ikən nə şahə, nə xunkarə bax!

Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə aşina, nə yarə bax!

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
Üz çevir ali-əbayə, Əhmədi-Muxtarə bax!

Ağa Məhəmməd şahın bu gunə hökmi-adili-padşahi-qadirü qəhharın qəzəbinə giriftar olub, qəflətən ölməyi barəsində Mirzə Cəmal Qalabəyi öz tarixində bu şeri yazıbdır:

Ari, bu növ adət edibdir bu ruzigar,
Hərgiz cəlalü şövkətinə yoxdur etibar.

Nakam, həsrət ilə gələnlər gedib tamam,
Sultanü xan, mirü gəda, şahü şəhriyar.

Dilşad olmağa hanı fürsət zəmanədə,
Beş gün murad ilə keçə, haşa, bu kəcmədar.

Hərçənd Molla Pənah Ağa Məhəmməd şahın əlindən xilas oldu, amma Məhəmməd bəyin əlində giriftar və məqtul oldu. Məhəmməd bəy dəxi İbrahim xanın qardaşı Mehrəli bəyin oğlu idi ki, rəşadət və şücaətdə məşhur bir xoşsurət və hünərmənd cavan idi ki, hamı xəlayiq onu sayıb hörmət edərdilər. Ağa Məhəmməd şah məqtul olandan sonra Məhəmməd bəy onun tamami nəqdi-cinsinə sahib və mütəsərrif olub və Qarabağ əhlini başına cəm edib, bir neçə müddət, İbrahim xan Bələkandən müraciət edənə kimi, hökmranlıq elədi. Məhəmməd bəyin Molla Pənahı öldürtməyinə bir neçə səbəblər göstərirlər. Əzancümlə birisi budur ki, Molla Pənah İbrahim xanın yanında sahibi-ixtiyar və müdəbbiri-kar bir şəxs idi. Ol vaxt Məhəmməd bəy ona çox hörmət edərdi ki, onun vəsatəti və tədbiratı səbəbinə İbrahim xana yaxın ola və bir para mətləbləri və muradı var idi, xahiş edirdi ki, Mollanın tədbiri ilə xandan o mətləblər hasil ola. Amma Məhəmməd bəyin düşməni çox idi. Tamam əmizadələri və İbrahim xanın əqrəbaları və müqərrəbləri ona hasid və müanid idilər və mane olardılar ki, məbadə xan Məhəmməd bəyi özünə müqərrəb edə və həmə vəqt onun pisliyini xana söylərdilər və Məhəmməd bəy bu barədə Molla Pənahdan bədgüman olmuşdu.

Bir səbəb dəxi bunu göstərirlər ki, Molla Pənahın Qızxanım adında bir cəmilə övrəti var idi ki, Məhəmməd bəy onun hüsnü camalının tərifini eşidib, ona məhəbbət və əlaqə bağlamışdı. Övrət cahilə və cavan, axund qoca və piran idi və bundan əlavə Məhəmməd bəyin rəşadət və şücaəti, xoşəndam və kamalü fərasəti və padşah xəzinəsi əlində olmağı övrəti dəxi də ziyadə əlaqələndirmişdi və o, Məhəmməd bəyə demişdi ki, nə qədər ki, Molla Pənah hali-həyatdadır, mən şərən sənə gedə bilmərəm və bu səbəbə Məhəmməd bəy Molla Pənahın qətlinə həris idi və bir səbəb də bu idi ki, bir para bədxahlar özlərinin səlahı üçün Məhəmməd bəyi təhrik etmişdilər ki, Molla Pənahı öldürtsün, ta ki, onlar Məhəmməd bəyin hüzurunda sahibi-kar və nəfbərdar olsunlar. Qərəz, hər hal ilə olmuş isə də, yəqini budur ki, Məhəmməd bəyin əmrilə Molla Pənahı oğlu Əliağa ilə və bir qövlə görə, Qasım bəy ilə Cıdır düzü adlanan yerdə--ki, Şuşa şəhərinin günçıxan səmtində bir səfalı yerdir,--həlakətə yetiriblər.

Belə rəvayət olunur ki, çün Molla Pənahı oğlu Əliağa ilə qətlgaha gözübağlı aparırdılar və qətlgah Xəzinə qayası hesab olunurdu--ki, ziyadə dəhşətli, uca və sıldırım bir qayadır ki, oradan müqəssirləri xanın hökmü ilə atarlarmış,--əsnayi-rahda Molla Pənah onu qətlgaha apardıqların anlayıb, getməyə taqəti olmayır və bilaixtiyar yerə yıxılıb təvəqqe edir ki, əvvəlcə onu qətlə yetirsinlər ki, oğlunun ölməyini görməsin. Burada onların hər ikisini qətlə yetirirlər. Haman yerdə Mollanı dəfn edib, qəbrinin üstə günbəz tikdiriblər ki, "Molla Pənah günbəzi" adı ilə məşhurdur. Amma bu halda haman günbəz uçub dağılıbdır. Onu təzələyib qaydaya salmaq Qarabağ şüəra və üdəbasının mühüm vəzifələrindən hesab olunur. Molla Pənah qətl olunubdur haman salda ki, Ağa Məhəmməd şahın məqtul olunması vaqe olubdur, 1212-ci tarixi-hicriyyədə ki, miladın 1797-ci ilinə mütabiqdir. Qətlə yetişən zaman təxminən həştad sinnində imiş.

Molla Pənah Vaqifin asarü əşarına gəldikdə kəmali-təəssüflə bunu deyə bilərik ki, onlar əlan nüdrətən tapılmaqdadırlar və Azərbaycan türklərinin çoxusu onlardan bixəbərdirlər.

Hicrətin 1244-cü sənəsində--ki, miladın 1828-ci sənəsinə mütabiqdir,--Mirzə Yusif Qarabaği məşhur Mirzəcan bəy Mədədovun ilhah və təvəqqeyinə görə, bir məcmuə tərtib elədi. Haman kitabça "Məcmueyi-Vaqif" adlanıbdır ki, onun dibaçəsində müxtəsərən Vaqifin tərcümeyi-əhvalı zikr olunub və onun əşarından və kəlamından ümdələri əvvəl müəmmərim və müxəmməsat və ondan sonra qəzəliyyat və mürəbbat yazılıbdır. Haman məcmuə 1272 (1856)-ci sənədə Teymurxanşurada təb olunubdur ki, indi çox çətinlik ilə tapılır. Və bundan əlavə bir məcmuə dəxi Adolf Berjenin səy və himməti ilə tərtib olunub, 1867-ci sənədə Leypsiq şəhərində çap olunubdur. Əgərçi bu məcmuə "Azərbaycan şüərasının asarı və əşarı" adlanır, amma ona ancaq Molla Pənah Vaqifin, Qasım bəy Zakirin və bir para Qarabağ şairlərinin kəlamı daxil olubdur. Belə ki, "Qarabağ şüərasının asarı" təsmiyə olunsaydı, dəxi də haqq və savab olardı və cənab Berjenin məcmuəsini tərtib edən Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov olubdur ki, ol cənabın şer və ədəbiyyata artıq meylü həvəsi var idi. Bu məcmuə dəxi əlan çox az tapılır.

Bundan əlavə Molla Pənah Vaqifin divani-əşarı sabiqdə "Təzə həyat" ruznaməsinin və bəd "Sədayi-həqq"in müdiri mərhum Haşım bəy Vəzirovun səy və ehtimamı ilə 1326-cı sənədə--ki, tarixi-məsihiyyənin 1908-ci ilinə mütabiqdir,--Badkubədə çap olunub, "Təzə həyat"ın müştərilərinə hədiyyə olaraq paylanıbdır.

Müştəri olmayanlar üçün nüsxəsi bir manatdan satılmaqdadır.

Vaqifin əşari-nəfisəsi Vəzirov cənabları tərtib qıldığı məcmuədə bu qərar üzrə mətbudur: müşşərat, tərcibənd, müəşşərati-müstəzad, müxəmməsat, müxəmməsati-müstəzad, qəzəliyyat və mürəbbeat. Məcmuənin başında Haşım bəy Vəzirov Molla Pənahın tərcümeyi-halına dair bir para məlumat veribdir. Və lakin bu məcmuəyə yenə də Molla Pənah Vaqifin bəzi əşar və kəlamları daxil olmayıbdır. Hər halda Haşım bəyin bu zəhməti şayani-təhsin və təbrik bir əsərdir ki, onda məşhur şairimizin asarı cəm olubdur.

Eşitdiyimizə görə, bu kitab satılıb qurtarıbdır. Onun ikinci dəfə təb və ucuz qiymətə intişar olunması məmuldur.

Vaqifin əşar və kəlamından bir neçəsini nümunə üçün burada yazmaqdan irəli bu müqəddiməni zikr eləməyi lazım bildik. Molla Pənah milli şair olduğuna binaən, onun şer və qəzəlliyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə, xah müxəmməsat və xah mürəbbeat və xah qəzəliyyat, tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir ki, yuxarıda zikr olundu. Bu qisim əsərlərdən masəva Molla Pənahın bir çox əşar və ədəbiyyatı dəxi vardır ki, onlarda öz müasirlərinin ayinü adatı, adabü əxlaqı və dolanmaları artıq məharət ilə rişteyi-nəzmə çəkilibdir. Belə ki, onlar gələcək nəsl üçün böyük bir yadigar məqamındadır. Hərgah Vaqif ilə Vidadinin bir-birinə yazdıqları kağızları möhtərəm oxucularımız mütaliə buyursalar, sözümüzü təsdiq edərlər. Nümunə üçün onlardan bir neçəsini burada göstəririk.

Molla Vəli "Vidadi" təxəllüs həzl və lətifə yolu ilə öz dostu Vaqifə yazır ki, Vaqif, sən nə tez sənəmlərdən usanıbsan ki, onların birini bir inəyə qiymət eləyirsən və bir az vaxt mürur edəndən sonra onların birini bir keçiyə satacaqsan və hətta müştəri naz eləsə, ona minnət də edəcәksən. Sonradan yazır ki, Vaqif, sənin "ipin dolaşıbdır", düşübsən araya və səni qınamaq da rəva deyil, çünki zəmanə dəyişirilibdir--oğul ataya baxmaz, qız anaya. Möhlət ver bir övrət də mən alaram erkən, çatı toxunmaq üçün. Yəni sənin kimi mən də sənəmlərin qədrü qiymətini ucuz tutaram.

Vaqif dəxi lətifə sayağında Vidadinin cavabında xan qulluğunda olmağına dair bu şerləri yazır:

Ey Vidadi, yenə xan qulluğunda
Qaim olub, nə qiymət eylərsən?!
Yaman gözdən allah özü saxlasın,
İxlas ilə, kişi, xidmət eylərsən.

Belə dursan o qapıda qış və yaz,
Yetişərsən bir çörəyə sərəfraz,
Bu doğru yolunndan əyilsən bir az,
Yəqin bil ki, çox xəyanət eylərsən.

Bizim hərəmlərdir Quran oxuyan,
Üstündən-başından ənbər qoxuyan,
Onlar deyil örkən, çatı toxuyan,
Kimin işin kimə nisbət eylərsən?!

Dolu-dolu qocalıbsan babalıq,
İndi belə sal kürkünə yamalıq,
Pis övrətin peşəsidir cul, alıq,
Yaxşılara onu nisbət eylərsən?!

Qapıda uzadar uzun gəbəni,
Sayıq dur toyuğa yedirmə dəni,
Övrət döyə-döyə öldürür səni,
Nə belə yatırsan, qəflət eylərsən.

Sizdə ki, bir övrət qurar bir palaz,
Boşalıb, olanda əbrişi nasaz,
Çağırır, çaxdırır hər yerinə paz,
Günün qulağı ta oradan batır.

Xoş halına sənin, uzun dırnaqlı,
Baldırı çirməkli, yalın ayaqlı,
Yorğanı, yasdığı tozlu, torpaqlı
Həmdəm ilə hər dəm söhbət eylərsən.

Əllərin, üzlərin yuduqları yox,
Yaşlarında doğru dedikləri yox,
Hazır çobandılar, düdükləri yox,
Onlar ilə necə ülfət eylərsən?!

Günün qulağı ta oradan batar,
Mitilin bürünər çaşta dək yatar,
Öz evini tamam özgəyə satar,
Əgər yanın bir dəm xəlvət eylərsən.

Qəribə hal budur ki, yüz ildən bəri bizim tərəkəmə xalqının dolanacağı dəyişilməyibdir. Necə ki, Vaqifin əsrində onlar narahat və natəmiz və fəna bir halda güzəran edirdilər, indi də haman qərar üzrə məişət etməkdədirlər. Tərəkəmə övrətlərinin çoxusu əsla təmizlik bilməzlər. Necə ki, şair onları vəsf edir, uzun dırnaqlı, baldırı çirməkli, yalın ayaqlı, yorğanı, yasdığı tozlu-torpaqlı, həmin bizim tərəkəmə xalqının övrətləridir ki, əllərin, üzlərin həftədə bir dəfə yumazlar, başların daramazlar, danışmaq bilməzlər və örkən, çatı toxumaqdan qeyri bir şeyə qabiliyyətləri yoxdur. Həqiqətdə "hazır çobandılar, düdükləri yox". Bunlardan əlavə, Vaqifin tərifi-çuxa, nimtənə, kürk, tüfəng və vəsfi-həmmam və mədhi-valiyi-Gürcüstan barəsində yazdığı müxəmməslər bəzilərə boş və biməzmun gəlir isə, həqiqətdə əhli-mərifət nəzərində gözəl əsərlərdir. Yüz sənə bundan irəli ata-babalarımızın dolanacağını, adabü əxlaqını, libas və təamlarını, arzu və təmənnalarını, fikir və xəyalatını və filcümlə, ol əsrin övza və dəstgahını Vaqif əleyhir-rəhmə--ki, sözün ustadi-bimisli hesab olunur,--gözəl əşar və kəlami-abdar ilə yazıb, gələcək nəsl üçün unudulmayan bir əlamət və yadigar qoymuşdur. Məsələn, Vaqif özü həm molla və şair isə də, vaxtın təqazasına görə onun meyl və könlü silah və əsləhəyə dəxi olub, igidlik iddiasına həm düşürmüş və məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış. Bu cəhətdən şairin Şirvan hakimi Məhəmmədhəsən xandan tüfəng arzu və təmanna etməyi gərək bizə əcib gəlməsin və tüfəngə onun nə qədər meylü şövqü olmağı şairin öz sözlərindən görünür:

Qıvrılır könlüm tüfəngdən dəm vuranda mar tək,
Od çıxar ağzından ol dud ilə çaxmaq bar tək,
Gülləsi əşkim əsər çeşmim şərarı nar tək,
Müşk, barut ətrilə həm türreyi-tərrar tək,
Etmədi mütləq dimağımı müəttər bir tüfəng.

Şairin tələb etdiyi tüfəng gərəkdir hər cəhətdən bieyb və mümtaz olsun, yoxsa o, hər bir sınıq-sökük tüfəng arzusunda deyil:

Hər kim istər kim, vücudi mərəkə ara gərək,
Kəndi zatından silahü əsləhə əla gərək,
Gülləsilə xuni-əda tökməyə sövda gərək,
Gər tüfəng olsa, bizə mümtazü bihəmta gərək,
Vaqifa, yoxsa, deyil məqbulumuz hər bir tüfəng.

Məhəmmədhəsən xan Şirvani Vaqifin xahiş və təmənnasını, əlbəttə, yerinə yetirib və özü gözəl bir şeri-müxəmməs yazıb tüfəng ilə ona irsal etmişdir və haman kağızda Vaqifin şer və kəlamına təhsin oxuyubdur:

Şerinə təhsin ki, yetməz hiç bir əşar ona,
Hər kimin var isə həddi, söyləsin göftar ona,
Kimsə ləb tərpətməsin kim, gəlməz istifsar ona,
Eybdir Müştaqdən bu sözləri izhar ona,
Tutmasın nəzm rəkakət, var isə kəmtər tüfəng.

Vaqifin gözəl əşarlarından birisi də Tiflisin tərifində yazdığı müxəmməsdir ki, onda Tiflis gözəllərin tərif edib, hamamlarda təbiətdən cari olan suları və Kür çayının suyunu vəsf qılıbdır, valinin mədhi ilə xətmi-kəlam edir. Haman müxəmməsdə Vaqif Tiflisi dünya şəhərlərinin cənnəti hesab eləyir ki, ona huri və pərinin cəmiyyəti yığılıbdır və hər bir qism nemət ilə haqq-taala o məkanı məmlüvv qılıbdır. Belə ki, şair baği-rizvanda dəxi Tiflisin gözəlləri kimi məhvəşləri təsəvvürə gətirə bilmir:

Baği-rizvanda əgər huriyü qılman çoxdur,
Bu gözəllər kimi məqbulü müzəyyən yoxdur.
Nəslbərnəsl gözəllik bulara buyruqdur,
Mən görənlər ki, mələkdən, pəridən artıqdur,
Hələ derlər ki, bulardan dəxi əlaları var.

Hamamların barəsində yazmışdır:

Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur,
Həşt cənnət kimi hər guşəsi bir mətləi-nur,
Bir əcəb abi-rəvan gərm qılıb onda zühur,
Şükr təqdirinə, ey qadirü qəyyumü qəfur,
Lütfünün bəndələrə neməti-üzmaları var.

Mənbəi-cudü kərəmdən açılıb dürri-xoşab,
Basəfa hovza dəmadəm tökülür misli-gülab,
Görsə bir kərrə onu mən kimi bir xanəxərab,
Getməz ondan dəxi bir canibə manəndi-hübab,
Getsə də badə başı, mənzilü məvaları var.

Gürcüstan valisinin haqqında bu sayaq xeyir-dualar eləyir:

Vaqifa, səndə ki, yoxdur bilirəm zöhdü riya,
Şərti-ixlas gərək eyləyəsən şimdi əda,
Eylə bu valiyə, oğlanlarına xeyr-dua,
Saxlasın onları öz hifzi-pənahında xuda,
Hasil etsin nə qədər dildə təmənnaları var.

Özgə bir müxəmməsində Vaqif valinin oğlu Eulon xanı belə tərif eləyir:

Valinin çeşmi-çırağı, vəh nə türfə can imiş,
Külli Gürcüstanın üstə sayeyi-sübhan imiş,
Düşməni pamal edən sərdari-valaşan imiş,
Aləmin sərdəftəri, adı Eulon xan imiş,
Saxlasın allah pənahında, əcəb oğlan imiş.

Hiç yoxdur nisbəti özgə diyarın xanına,
Bir cavandır kim, yaraşır padşahlıq şanına,
Dəyməsin afət yeli, ya rəb, güli-xəndanına,
Sərbəsər aləm gərəkdir baş əyə fərmanına,
Taqi-əbruyi-lətifi qibleyi-iman imiş.

Xoş tamaşa eylədim, gördüm tamam ətvarını,
Çox bəyəndim özünü, həm ləhceyi-göftarını,
Maşallah, zahir etmiş ululuq asarını,
Belə sandım ki, mələkdir əvvəla didarını,
Xeyli çağdan sonra bildim ki, gözəl insan imiş.

Sair oğlundan xanın gər olmadıq biz ruşinas,
Manei yox, onları həm eylədik bundan qiyas,
Bu çiraq böylə çiraqdır, eyləmiş nur iqtibas,
Vaqifa, sən qıl xudayə hər zaman şükrü sipas,
Valinin ocağı böylə gün kimi taban imiş.

Bu əşardan məlum olan budur ki, Vaqif İbrahim xan ilə və yainki muğanlı Cəmil ağa ilə bir yerdə Tiflisə gedən zamanı İrakli padşahın oğlu Eulon xan ilə görüşübdür və bəlkə onun xələt və ənamına nail olubdur. İştə bu münasibətlə onu tərif və tövsif eləmişdir. Həmçinin Vaqif Tiflisdə olan vaxtda və ol beytüs-səfanı seyrü tamaşa edən əsnada onun gözü kəlisadan çıxan tərsa qızlarına sataşıb və onlardan birisi şairi valeh və heyran edibdir:

Vaqifəm, ta ki, gözüm onun sataşdı qaşına,
İstədi mehrabü mənbərdən xəyalım daşına,
Şimdi bildim ki, nə gəlmiş Şeyx Sənan başına,
Ya budur kim, Tiflisi qərq eylərəm göz yaşına,
Ol sənəm vəsli mənimçün ya kəlisadən çıxar.

Xan qızının Şuşa qalasından çıxıb, Gəncəyə getməyini dəxi Vaqif suznak sözlər ilə nəzmə çəkib və gözlərinə xitabən deyir ki:

Qan ağla, gözüm kim, sabah ol qaşı kamanın
Peykanı çıxıb zəxmi-cigərdən gedəcәkdir.

Bu xüsusda yazdığı müxəmməsi şair bu bənd ilə tamam edir:

Yarın sənə iqrarı gər iqrar isə, Vaqif,
Hər dərdi-dilindən ki, xəbərdar isə, Vaqif,
Səbr eylə, əgər yar sitəmkar isə, Vaqif,
Çək başına, bir fikrin əgər var isə, Vaqif--
Kol sərvqədin sayəsi sərdən gedəcәkdir.

Mirzə Cəmalın tarixində İbrahim xan ilə Cavad xanın mabeynində qərabət olduğu yazılmışdır. Vaqifin bu müxəmməsinin bir bəndindən belə anlaşılır ki, xan qızını Gəncəyə gəlin aparırlarmış:

Saqi, nə durubsan, sölə, dövran yola düşsün,
Hamı dağılıb, mütrübi-xoşxan yola düşsün,
Çalsın dəfü ney, naləvü əfğan yola düşsün,
Bu gecə gərəkdir irəli can yola düşsün,
Fərda ki, sürahiqədü gərdən gedəcәkdir.

Vaqifin məşhur müxəmməslərindən birisi də övsafi-dilbər barəsində yazdığıdır. Rəşid Əfəndiyev "Şaki" təxəllüs yazdığı nəzirə də Məhəmməd əleyhissəlamın mədhi barəsindədir.

Vaqif:

Gülşən sənə yoxdur bu nəzakətdə qərinə,
Kuyin çəməni tənə vurar xüldi-bərinə,
Sünbül onu görgəc özünü saldı qəminə,
Bəh, bəh, nə əcəb, şükr xudanın kərəminə,
Olmaz belə qamət, belə gərdən, belə sinə.

Şaki:

Quranı xuda nazil edib bəndələrinə,
Təklif edib onunla qamu aləmi dinə,
Vəhyi gəlib ol müxbiri-siddiqül-əminə,
Atasıdır Abdulla, anasıdır Əminə,
Olsun səlavat ruhi-rəsulüs-səqilinə.
İsmi ki, Məhəmməd, yox mədhinə hacət, qurban ola ümmət
Bir sahibi-elmə, bir xazini-fənnə, bir baniyi-dinə,
Qurban belə elmə, belə fənnə, belə dinə,
Bəh, bəh, nə deyim, şükr xudanın kərəminə.

Vaqifin müxəmməsi-müstəzadından ən mərğubu budur:

Ey zülfü siyəh, sinəbi əbyəz, gözü alə,
Nə türfə cavansan!
Ağzın kimi yox qönçə, yanağın kimi lalə,
Gülzari-cinansan!
Görsə yüzünü məh yetər, əlbəttə, zəvalə,
Xurşidi-cahansan!
Heç bəndə sənə olmaya, ya rəb ki, həvalə,
Sən afəti-cansan!
Söz yox bu zənəxdanü rüxə, bu xətü xalə,
Xubluqda əyansan!

Dibaçeyi-lövhə qələmi-katibi-qüdrət
Yazmış səni əvvəl,
Heç adəmə üz verməmiş əsla belə surət,
Pürzinətü seyqəl,
Zülfün sözü hər nüsxədədir, ey pəritələt,
Bir şərhi-mütəvvəl.
Göydə yetirər müttəsil ayə, günə xiclət,
Hüsnündəki məşəl.
Müjganın urar tənə oxun göydə hilalə,
Xub qaşı kamansan!

Rəftari-qədin eylədi sayə kimi pamal
Şümşadı çəməndə.
Qan ağladar ol qönçeyi-xəndanı məhü sal,
Lütfündəki xəndə.
Sultani-cahan sərvərisən, sahibi-iqbal,
Aləm sənə bəndə.
Göftarın edər tutiyi-şəkkərşikəni lal,
Hər nitqə gələndə.
Sən Xosrov olubsan, bəli, hər şəhri-məqalə
Şirini-zamansan!

Sənsən, sənəma, cümleyi-xubanə şahənşəh,
Yox sən kimi dilbər.
Bürqə üfüqündən ki, üzün bir çıxa nagəh,
Xurşidə bərabər,
Salır özünü ziri-niqabə şəfəqi-məh,
Manəndeyi-əxtər.
İnsan ola bilməz bu sifət pakü münəzzəh,
Cəm olsa sərasər.
Sən cinsi-mələksən yetişibsən bu kəmalə,
Ya ruhi-rəvansan?

İsna əşərə çakəri-kəmtər ola Vaqif,
Sərdaridir əla,
Xaki-dəri-övladi-peyğəmbər ola Vaqif,
Neylər dəxi dünya?
Ol gündə ki, həngameyi-məhşər ola, Vaqif,
Tut daməni-mövla!
Fəryadrəsin heydəri-səfdər ola, Vaqif,
Xövf eyləmə əsla!
Sən qərqsən hərçənd ki, dəryayi-vəbalə,
Tövfiq bulansan!

Molla Pənahın gözəllik babında və dilbər vəsfində yazdığı qafiyələr bir o qədər lətif, açıq və aydın sözlər ilə nəzmə çəkilmiş kəlamlardır ki, nə qədər cövhərsiz və mərifətsiz adam onları eşitsə, mütəəssir və məsrur olar. Nümunə üçün bir neçəsini zikr edək;

Ay qabaqlı, bulut zülflü gözəlin
Duruban başına dolanmaq gərək.
Bir evdə ki, böylə gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.

Sərxoş durub sarayından baxanda,
Ağ gərdənə həmayillər taxanda,
Qaşa vəsmə, gözə sürmə yaxanda,
Canım eşq oduna qalanmaq gərək.

Çıxa sarayından canlar alan tək,
Xişmə gələ gəh-gəh qəhri olan tək,
Dal gərdəndə qıvrım saçı ilan tək,
Tərpənəndə hər yan bulanmaq gərək.

Vaqif, sənin işin müdam ah olsun,
Səg rəqibin ömrü qoy kütah olsun,
Həmdəmsiz kimsənə istər şah olsun,
Gədadır ol kimsə, dilənmək gərək.

  • * * * *


Qaynar gözlərindən, şux baxışından
Əcayib fitnələr, fellər görünür.
Səf-səf duran siyah kirpiklərindir,
Yoxsa ki, gözümə millər görünür?

Gedən, getmə, bir bəri bax, ay gedən,
Gözüm doymaz sən tək gözəl kimsədən,
Gah yaxadan şölə verir ağ bədən,
Gah olur ki, nazik əllər görünür.

Qəddin tənə vurar o sərvi-naza,
Can qurban eylərəm sən tək şahbaza,
Üzün kimi, zülfün kimi tər-taza
Nə lalələr, nə sünbüllər görünür.

Vaqif, yad et səni yad eyləyəni,
Mən sevirəm mənə yarım deyəni.
Qoymaz göz önündən sevən sevəni,
Könüldən könülə yollar görünür.

  • * * * *


Al geyinib çıxsan gülşən seyrinə,
Yığılır başına güllər, dolanır.
Məhtabi-hüsnünə bəndə fərmandır,
Qulluğunda aylar, illər dolanır.

Görməmişəm sən tək bir mələkzadə,
Dərdini çəkərəm həddən ziyadə,
Kirpiklərin ucu düşəndə yadə,
Bağrımın başında millər dolanır.

Mən bir Fərhad, sən bir Şirindəhansan,
Dərdin zahir, amma özün nihansan,
Gözəllik babında şahi-cahansan,
Qulluğunda daim ellər dolanır.

Ləblərin bağrımı pürxun eyləmiş,
Açılmış göz yaşım Ceyhun eyləmiş,
Həsrətin Vaqifi Məcnun eyləmiş,
Onun üçün gəzər çöllər, dolanır.

  • * * * *


Doldu dimağıma zülfün ənbəri,
Valeh oldu könül həvadən sənə.
Əlim yetməz, namə yazıb dərdimi
Göndərəydim badi-səbadən sənə.

Oturuşun gözəl, duruşun gözəl,
Sallanışın gözəl, yerişin gözəl,
Xuyun, xülqün gözəl, hər işin gözəl,
Bəxş olub bu xubluq xudadən sənə.

Qəm evindən saldın küncə Vaqifi,
Eylədin muyindən incə Vaqifi,
Neçün incidirsən bunca Vaqifi,
Nə hasil bu cövrü cəfadən sənə?

Sevgili yarın fəraqında badi-səbadan əhval diləyir:

Badi-səba, bir müjdə ver könlümə,
Ol güli-xəndanım neçün gəlmədi?
Xəyalım şəhrini qoydu viranə,
Sərvərim, sultanım neçün gəlmədi?

Ağzı xeyir sözlüm, dili diləklim,
Bir türfə ağ əllim, gümüş biləklim,
Qarıçqay cilvəlim, tavus bəzəklim,
Libası əlvanım neçün gəlmədi?

Qaşı kəman, kirpikləri qəməlim,
Ağzı şəkər, dodaqları yeməlim,
Əlvan kələğaylı, bəyaz məməlim,
Sinəsi meydanım neçün gəlmədi?

Vaqif, ilə döndü bir saətimiz,
Nə səbrimiz qaldı, nə taqətimiz,
Olur indən belə qiyamətimiz,
Gəlmədi cananım, neçün gəlmədi?

  • * * * *


Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,
Hər zaman kuyində ziyarətimdir.
Qiblə deyib, qaşlarına baş əymək
Gecə-gündüz mənim ibadətimdir.

Hər nə desəm, sən incimə sözümdən,
Sərxoşunam, yox xəbərim özümdən,
Şol qamətin yayılanda gözümdən,
Sanasan ki, həşrü qiyamətimdir.

Bağlamışam din-imanı zülfünə,
Mənim kimi heyran hanı zülfünə?
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Sənsən mənim ayım, günüm, hilalım,
Dövlətim, iqbalım, cahım, cəlalım,
Gözəl üzün daim fikrü xəyalım,
Sözün dildə şirin hekayətimdir.

Sonalar xəcildir siyah telindən,
Tutilər lal olur şirin dilindən,
Şikəstə Vaqifəm, sənin əlindən
Hər kimə ki, yetsəm, şikayətimdir.

Gözlərin vəsfində yazıbdır:

Kaman qaş altında, al yanaq üstə
Nə xoş xumarlanır məstanə gözlər,
Sürməli kirpikdən oxlar çəkilib,
Eyləyir bağrımı nişanə gözlər.

Qəmzə peykanilə tökdü qanımı,
Xətalara saldı din-imanımı,
Əyri durdu, süzgün baxdı, canımı
Aldı o şux gözlər, amma nə gözlər.

Siması şəhlayi, tərhi badami,
Baxışı mehriban, özü hərami,
Quldur ona siyah zülfün təmami,
Ola bilməz belə şahanə gözlər.

Səmən iyli, səhabi zülf, ay qabaq,
Qönçə dəhən, dür diş, ərğəvan dodaq,
Münəvvər üz, lalə zənəx, tər buxaq,
Tamam bir yanədir, bir yanə gözlər.

Vaqif ki, düşübdür əqlü kamaldan,
Əskik olmaz başı qovğadan, qaldan,
Nə zülflərdən bilin, nə xəttü xaldan,
Eyləyibdir onu divanə gözlər.

Zülfün vəsfində:

Ay kənarı qabağında qıy kimi
Bürünür, çulğanır yanağa zülfün,
Sanasan bulutdur, ənvər üzünü
Bədr ayı tək almış qucağa zülfün.

Şahmar təki gərdənində bulanır,
Güllər bilə sığallanır, sulanır,
Həlqə düşüb, buxaq altda dolanır,
Baş qoyur, sarınır qulağa zülfün.

Xəstə Vaqif onnun sərgəştəsidir,
Bağrı qızıl qanın ağüştəsidir,
Hər tari-tərrarın can riştəsidir,
Qoyma ki, tökülsün ayağa zülfün.

Ayrılıqdan şikayət:

Yenə məni yaxar-yanar odlara--
Dağılmış ayrılıq saldı, sevdiyim!
Mən ha öldüm möhnət ilə, dərd ilə,
Can sənin yanında qaldı, sevdiyim!

Siyah zülfün buxaq altda qıvrılır,
Ala gözlər can almağa sayrılır,
Canandan ayrılan candan ayrılır,
Xalq içində bir məsəldi, sevdiyim!

Sərv qəddin sənubərə tən deyil,
Tamam sənin təki gülbədən deyil,
Dəxi əzəlki tək sən görən deyil,
İndi halım yaman haldı, sevdiyim!

Ol Xədicə haqqı, Səkinə haqqı,
Xeyrənnisa haqqı, Əminə haqqı,
Kəbə, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim!

  • * * * *


Yenə səni gördüm, bağrım oxlandı,
Ey əfi baxışlı, havalı sərxoş!
Üzün göyçək, qaşın cəllad, gözün şux,
Görmədim sən təki maralı sərxoş!

Didarına müştaq olub qalmalı,
Başına dönməli, dərdin almalı,
Bir ayna qabaqlı, əyri calmalı,
Əlvan kələğaylı, səfalı sərxoş!

Gözləri sürməli, yanağı xallı,
Bir laçın sövdalı, tərlan xəyallı,
Qolları bazbəndli, boynu heykəlli,
Ağ əlləri əlvan hənalı sərxoş!

Oturuşu Şirin, duruşu Leyli,
Qəmzəsi sitəmkar, yarı gileyli,
Gecə-gündüz zövqü səfadə meyli,
Həm özü, həm fikrü xəyalı sərxoş!

Əqlin aldın, yarə deyin, Vaqifin,
Yanaltdın əlifin, beyin Vaqifin,
Üz göstərdin, yıxdın evin Vaqifin,
Həm özü, həm fikrü xəyalı sərxoş!

  • * * * *


Sevdiyim, ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək,
Həm camal gizlədib, üz göstərməmək,
Gecələr gözlərim xabı görməmək
Ol siyəh nərgisi-məstanədəndir.

Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü mərdanə yannam,
Bu xasiyyət mənə pərvanədəndir.

Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, aparasan gülüzə,
Soruşar yar ki, bu kimdəndir bizə?
Söyləgilən: Sizin divanədəndir.

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadən, nə şanədəndir.

Müştaqdır üzünə gözü Vaqifin,
Yolunda payəndaz özü Vaqifin,
Sənsən fikrü zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.

  • * * * *


Ey camalı günəş, zülfləri dilkəş,
Cana saldın atəş çıxanda sərxoş.
Qaldım yana-yana misli-pərvanə,
Olmuşam divanə, getdi əqlü huş.

Çeşmin aldı cani, zülfün imani,
Kirpiklərin qani tökər nihani.
Ey Yusifi-sani, məlahət kani,
Sənə bənzər hanı dilbəri-ləbnuş.

Zəhi pəripeykər, qəddi sənubər,
Aləm sənə yeksər qulami-kəmtər,
Sənsən əcəb sərvər, sərdari-ləşkər,
Sultani-ziəfsər, şahi-dibapuş.

Hicrində bizarəm, zəlilü xarəm,
Müştaqi-didarəm, ixlaskarəm,
Bəsa ahü zarəm, dərintizarəm,
Qövlünə əğyarın gəl eyləmə guş.

Boyun sərvi-cənnət, gülşənə zinət,
Qaşın məddi ayət, qibleyi-taət,
Vaqifi-pürmöhnət çox çəkib həsrət--
Ta səninlə xəlvət ola həmağuş.

  • * * * *


Ey şahı xubların, şuxu dilbərin,
Səndən sənubərin xəcaləti var.
Xoş yaraşır sənə diba nimtənə,
Bu bəzəyin yenə əlaməti var.

Bu zibü ziynətin, şanü şövkətin,
Meraci-rifətin, babi-dövlətin,
Hüsnü məlahətin, çeşmi-afətin,
Bu qəddü qamətin qiyaməti var.

Məhbubi-müntəxəb, bir alinəsəb,
Qəmzəsində qəzəb, sən saxla, ya rəb!
Gül ruxlu, qönçələb, turuncu ğəbğəb,
Lisanında əcəb hekayəti var.

Olmaz belə adəm, yığılsa aləm,
Mələkdən mükərrəm, əlavü əzəm,
Özü bir şux sənəm, istiğnası kəm,
Bizə əmma hər dəm nəzakəti var.

Qaşı yay, çeşmi şux, müjganları ox,
Cümlə kəsdən artıq, bərabəri yox,
Cəmalı yanında ayü gün mənsux,
Vaqifin ondan çox şikayəti var.

Vaqifin bu mürəbbeatında şayani-diqqət budur ki, hər misra iki hissədən tərtib olunmuş və gözəl qafiyələr ilə bağlanmış bəndlərdən əmələ gəlir. Hər bəndin özünəməxsus mənası ziyadə məharətlə nəzmə çəkilib, gözəlin hər bir əzası öz rəng və təbii haləti üzrə tövsif olunubdur. Məsələn:

Məhbubi-müntəxəb, bir alinəsəb,
Qəmzəsində qəzəb, sən saxla, ya rəb!
Gül ruxlu, qönçələb, turuncu ğəbğəb,
Lisanında əcəb hekayəti var.

Bir dilbərin ki, əslü nəsəbi ali olsa, qəmzəsində qəzəb görünə və o qəzəbdən allah özü saxlaya, ruxu gül yarpağı kimi lətif, nazik və sürxə mayil ola, ləbi qönçəyə bənzəyə, çənəsi turunc misal müdəvvər və müəttər ola və lisanından xoş avaz ilə əcəb hekayətlər cari ola, əlbəttə, ancaq belə dilbərə məhbubi-müntəxəb demək olar.

Başqa bir qafiyəsində Molla Pənah gözəllik nişanəsini belə bəyan edir:

Açıq başda olsa əgər bir dilbər,
Onda bu nişanlar müəyyən gərək:
Əndamı ayinə, qəddi mötədil,
Siyah zülfü qamətinə tən gərək.

Yanağı laleyi-bahari kimi,
Ləbləri yaqutun kənari kimi,
Bir dənə nasüftə mirvari kimi,
Başdan ayağadək ağbədən gərək.

Təmizliyə ola meylü həvəsi,
Olmaya aşiqə nazü qəmzəsi,
Gül təki qoxuya nitqü nəfəsi,
Zülfü ya bənəfşə, ya səmən gərək.

Qövli sadiq ola, hər feli həlal,
Bilməyə kim, fitnə nədir, məkrü al,
Şam kimi qabaqda dura nitqi lal,
Kəsilsə də başı dinməyən gərək.

Novrəsidə, ondörd, onbeş yaşında,
Eyb olmaya kirpiyində, qaşında,
Həyasi üzündə, əqli başında,
Ağzı, burnu nazik, üzü gen gərək.

Tavus kimi çilvələnə hər səhər,
Bəzək verə camalına sərbəsər,
Dindirməmiş verə könüldən xəbər,
İşarə anlayıb hal bilən gərək.

Yaşadıqca cavanlana, yenlənə,
Bir hicabda, bir pərdədə əylənə,
Nitqü nəfəsindən canlar dinlənə,
Qulluqda, söhbətdə müstəhsən gərək.

Yaxşı canan gərək, Vaqif, can üçün,
Çox çalışmaq nədir bu cahan üçün,
Bir gözəl lazımdır bizim xan üçün,
Vali qulluğunda ərz edən gərək.

Belə məlum olur ki, bu şerləri Vaqif xanın xahişinə görə yazıb, valiyi-Gürcüstana firistad etmişdir və ondan arzu və təmənna etdiyi Gürcüstan gözəlidir. Əvvəlki bənddən anlaşılan budur ki, Vaqifin vəsf qıldığı dilbər gərəkdir Minqreliya gözəllərindən alinəsəb bir nəcibə olsun. Çünki Minqreliya keçmişdə "Açıqbaş" adlanarmış, başları açıq gəzməkləri səbəbinə. Odur ki, qafiyə "Açıqbaş" sözü ilə başlanır. Belə rəvayət olunur ki, vali xan üçün üç nəfər vəcihə və gözəl qız göndəribmiş. O qızlardan birisini xan özü alıbdır ki, İzzət bəyimin və Mehdi bəyin anasıdır, adı Nisəxanımdır. Birisini Məhəmmədqasım ağa alıbdır, adı Minaxanımdır və birini də Əbülfət xana veribdir.

Yuxarıda zikr olunan gözəl və mövzun qafiyələrdən başqa ki, onların ədədi çoxdur və cümləsinin buraya küncayişi yoxdur, Molla Pənah Vaqifin bir çox şeri-müstəzadı və müxəmməsatı vardır. Onlardan məşhuru əbnayi-ruzigarın bivəfa və dəyanətsiz olmağı xüsusunda yazdığı müxəmməsdir ki, onun məal və məzmunu,--necə ki dünya vardır,--həmişə təzəlik və doğruluq üzrə baqi qalacaqdır. Haman müxəmməs eyni ilə burada dərc olunur:

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Beyətü iqrarü imanü dəyanət görmədim.
Bivəfadan, lacərəm, təhsili-hacət görmədim.

Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,
Munca kim, etdim təmaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayı bir hekayət görmədim.

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şadiman,
Ol sənə, əlbəttə kim, bədguluq eylər, bigüman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,
Bulmadım bir dust ki, ondan bir ədavət görmədim.

Alimü cahil, müridü mürşidü şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,
Həqqi batil eyləmişlər işlədir cürmi-kəbir,
Şeyxlər, şəyyadü abidlər əbusən qəmtərir,
Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

Hər kişi hər şeyi sevdi, onu behtər istədi,
Kimi təxtü kimi tacü kimi əfsər istədi.
Padşəhlər dəmbədəm təsxiri-kişvər istədi,
Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi,
Heç birində aqibət bir zövqü rahət görmədim.

Mən özüm çox kuzəkarı kimyagər eylədim,
Sikkələndirdim qübari-tirəni, zər eylədim,
Qara daşı döndərib yaquti-əhmər eylədim,
Daneyi-xərmehrəni dürrə bərabər eylədim,
Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.

Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,
Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,
Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar,
Dedilər ki, etibarü etiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.

Eyləyən viranə Cəmişidi-Cəmin eyvanını,
Yola salmış bəlkə bəzmi-işrətin çəndanını,
Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını?
Dönə-dönə imtahan etdim fələk dövranını,
Onda mən bərəkslikdən qeyri adət görmədim.

Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə ehkamü ləyaqət görmədim.

Dövlətü iqbalü malın axırın gördüm tamam,
Hişmətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başadək bir hüsni-surət, qəddü qamət görmədim.

Ey xoş onlar kim, Məhəmməd Mustəfanı sevdilər,
Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,
Sidqü ixlas ilə pənc Ali-əbanı sevdilər,
Çardəh məsum tək müşkülgüşanı sevdilər,
Dəxi onlardan gözəl yaxşı cəmaət görmədim.

Ya imam-əl-ins vəl-cinnü şəhənşahi-ümur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur,
Qoyma kim, şeytani-məlun eyləyə imanə zur,
Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur--
Kim, şəriət məşəlində istiqamət görmədim.

Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyf kim, bir mahruxsarə nikah,
Qədrbilməz həmdəm ilə eylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.

Vaqifin bu kəlamında hikmətamiz və ibrətəngiz sözlər çoxdur ki, onları şair təcrübə üzü ilə söyləyibdir və əksəri dəruni-qəlbdən çıxan suzişli fəryad və nalələrdir. Bu sözlər acı və pürkədər isə də, mənən haqq və doğrudur. Bunları batil etməyə əldə dəlilimiz yoxdur.

Filhəqiqə, hansı bir məkan və zamanda və hansı miləl və əqvamın arasında Vaqifin sözləri məzmundan düşüb cifeyi-dünyaya ehtiyac və iştiyaq olmayacaqdır və adamların əmalü əfalında kizb və böhtan əvəzində doğruluq, qiybət və şeytanət yerində sülh və sazişlik işlənəcəkdir? Bu suallara təskinlik bəxş edici cavablar vermək olurmu?

Tutalım ki, düzlük və sədaqət yoxdur. Bəlkə Adəm atanın övladı arasında haqqşünaslıq, şükrani-nemət, şərm və həya, himmət və qeyrət, etibar və etiqad vardır? Əfsus ki, şair bunların da yoxluğunu təsdiq edib, bizi məyus və əfsürdədil eyləyir. Budur, oxuyun:

Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,
Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,
Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar,
Dedilər ki, etibarü etiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.

Doğrudan da etiqad və etibar, qeyrət və namus, ittihad və ittifaq qeyri millətlər arasında var isə də, heyfa ki, biz müsəlmanlar içində yoxdur. Əgər onlardan bir əsər olsa idi, belə zillət və fəlakətə düçar olmazdıq və bu anə qədər biz də ağ günə çıxardıq….

Şerin qəzəliyyat növündən Vaqifin beş-altı qəzəlləri vardır. Onlardan məşhuru və xoşməzmunu Molla Vəli Vidadiyə yazdığı qəzəllərdir:

Kim ki, sövdayi-səri-zülfi-pərişanə düşər,
Gah zindanə, gəhi cahi-zənəxdanə düşər.

Afəti-dəhr dəyər ol kəsə kim, kamildir,
Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.

Mərd igidlər özünə məhbəsi meydan bilər,
Sanma ki, nakəsü namərd bu meydanə düşər.

Eybdən saf çıxar, pakü mübərra görünər,
Hər təla kim, küreyi-atəşi-suzanə düşər.

Piçü tabə düşənin işi, bəli, üzdə olur,
Zülf bu vəchlə ol gülruxi-cananə düşər.

Hər yaman yer ki, ola yaxşıların mənzilidir,
Ləl daş içrə, xəzinə dəxi viranə düşər.

Şami-qəm şadlıq əyyamına xoş zivərdir,
Necə kim, xali-siyəh arizi-cananə düşər.

Ey Vidadi, qəmi-hicranə giriftar olmaq
Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.

Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.

Bu qəzəldə Molla Pənahın təcrübə və hikmət yolu ilə söylədiyi kəlam və bəzi təşbihat və istiareyi-təmsiliyyə şayani-diqqətdir. Əlhəqq, dünyada afət və bəlaya giriftar olan əksər övqat kamal və mərifət əhli olub, cühəla və dənitəblər eyşü səfada, dövlət və nemət içində ömür sürürlər və nə məqsəd və mətləbdən ötrü xəlq olunmaqlarından və özlərinə borc olan təkliflərdən mütləq bixəbərdirlər. Məhbəs və zindani-bəla mərd igidlər üçün vüsətli meydan mənzələsində olduğu halda namərdlərin hünəri deyil ki, bu meydana qədəm qoysunlar. Dar gün, cismani əziyyətlər və ruhani küdurətlər alitəblərin etiqad və sədaqətini dəxi də möhkəmləndirib, polad kimi onları safa çıxarır; necə ki, atəş kürrəsində qızıl və gümüş safa çıxır. Ləlin yeri daş və xəzinənin yeri viranə künclər olduğu kimi, möhnətsəralar dəxi yaxşıların mənzili olur və hicran qəmində şair həm özünü və həm dusti-həqiqisi Vidadini Yusifi-Kənana təşbih edib bununla təsəlliyab olur:

Vidadidən gələn kağız məni fərxundəhal etdi,
Bu halı gördü qəm, filhal məndən intiqal etdi.

Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə,
Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi.

Ziyayi-şəms tək yetdi, məni bədr eylədi hala
Əgərçi qəddimi dövrani-filmazi hilal etdi.

Səvadi namənin, ey dil, məgər zülmati-heyvandır--
Ki, ruhum Xızr tək ondan bəsi kəsbi-kəmal etdi?!

Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın,
Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi.

Bu qəzəldən məlum olur ki, Vaqif bunu ömrünün müsinn çağında yazıbdır ki, candan əziz olan qədrşünas dostunun müfariqətində xeyli cəfalar çəkibdir. Şair Vidadidən vüsul olan naməni könlünün quşuna pərü bal edib onu övci-əlaya qalxızır. Əgərçi keçmiş zəmanənin inqilab və iğtişaşı şairin qəddini əyib hilal qılmışdır və lakin haman dusti-binəzirin naməsi ziyayi-şəms tək onun qəddini rast və qəlbini münəvvər eləyir və səvadi-namə ruhuna səfa və həyati-əbədi bəxş edir.

Afərin belə dostluğa və mərhəba bu sədaqətə!

Bu qəzəl Şeyx Sədinin dostluq barəsində yazdığı qəzələ bənzəyir. Təfavüt ancaq burasındadır ki, Şeyx Sədi həqiqi dostluğun şürut və vəzifəsi nə olduğunu bildirib, ümum nasə xitabən yazmışdır. Amma Vaqif isə öz dostundan gələn kağızdan məsrur olub onun qədr və mənzələsini bəyan edir. Sədi əleyhirrəhmə dostluq barəsində buyurubdur və həqiqətdə çəməni-mənayə dürr saçıbdır:

Yar an bovəd ke səbr konəd bər cəfeye-yar,
Tərke-rezaye-xiş konəd bər rezaye-yar.

Gər bər vocude-aşeqe-sadeq nəhənd tiğ,
Binəd xətaye-xiş nəbinəd xətaye-yar.

Yar əz bəraye-xiş gereftən təriq nist,
Ma nəfse-xiştən bekoşim əz bəraye-yar.

Mən rəh nemibərəm məgər anca ke kuye-dust,
Mən sər neminəhəm məgər anca ke paye-yar. [5]

[5] Tərcüməsi:
Yar odur ki, yarın çəfasına dözsün,
Yarın təmənnası xatirinə öz təmənnasından əl çəksin,
Əgər həqiqi aşiqin bədəninə qılınç çalsalar, belə
O, öz xətasını görər, yarın xətasını görməz.
Yar ançaq zevq almaq üçün deyil,
Biz öz nəfsimizi yardan etru öldürdük.
Mən dostun astanasından başqa bir yol tanımıram,
Mən yar ayağını qoydutu yerdən başqa yerə başımı qoymaram.

Dusti-həqiqi və yari-cani həqiqətdə o dostdur ki, öz xeyir və rizasını və səlahi-ümurunu dost rizası və səlahı yolunda tərk edib, ondan mal və canını müzayiqə etməyə, dostun adı çəkilən yerdə başdan keçə. Heyfa ki, bu vəsvəseyi-şeytan və dəğdəğeyi-insan ilə dolmuş əsrimizdə bu qism dostların vücudu ənqa quşu kimi nayabdır. Bu əsri-şumda həqiqi bir dost tapılmaz ki, onun sədaqət və dəyanətinə etibar oluna və dar gündə dəstgirliyinə ümid bağlana….

Necə ki, fövqdə zikr olundu, Molla Pənah Vaqifin ədəbiyyatımızın banisi, müəssisi adlanmağa haqqı vardır. Tamami Qafqazda ondan müqəddəm bir müqtədir ədib, xoşkəlam və mövzuntəb şair zühur etməyibdir ki, ibtidayi-süxən onun adı ilə başlansın. Əgərçi Azərbaycanın İrana mütəəlliq hissələrində Aciz, Divani, Qövsi, Arif kimi bəzi şairlər vücuda gəlibdir və illa onların asari-qələmiyyələri və xüsusən, tərcümeyi-halları millətimiz arasında intişar bulmayıbdır. Ancaq bəzi mütəfərriq şer və qəzəlləri xanəndələr və qəzəlxanlar vasitəsilə gəlib bizə yetişibdir.

Molla Pənah Vaqif isə cümləmizə məlumdur. Onun adını eşitməyən və şənində söylənən "hər oxuyan Molla Pənah olmaz" məsələni bilməyən Qafqaz oğlu yoxdur, Vaqifi belə şöhrətləndirən, əlbəttə, onun rəvan təbi, mövzun kəlamı və gözəl qafiyələri olubdur ki, indi də o qafiyələr ümum nasın dillərində caridir. Vaqifin kəlamlarını oxuduqda bilaixtiyar onlara meylü rəğbət bağlayırıq. Şair hər nə vücuda gətiribsə, öz ana dilimizin tərz və şivəsində gətiribdir. Onun əşarında istemal olunan türk və ya türkləşmiş fars və ərəb sözləri elə məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir. Məsələn, bu sadəlikdə hansı bir türk şairi qafiyələr tərtib edibdir:

Bağlamışam din-imanı zülfünə,
Mənim kimi heyran hanı zülfünə?
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.

Və yaniki bu şerlər:

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadənn, nə şanədəndir.

Bu sadə və rəvan şerlər ki, mənən dəxi ziyadə məqbul və müstəhsəndir, şairin artıq dərəcədə ana dilinə dara olmasına və milli şairliyinə dəlalət edir. Əlbəttə, Molla Pənaha bu eybləri irad tutmaq olmaz ki, o milli şair olduğu halda millətinin hürriyətinə dair, tərəqqi və təalisinə məxsus bir əsər qoymayıbdır. Molla Pənah dəxi sair şairlər kimi öz zamanının oğlu olub, onun təqazasınca şer yazarmış. Ondan çox sonra gələn şairlərin kəlamlarında da "millət", "hürriyyət", "din" və "vətən" sözləri hərgiz istemal olunmayıbdır.

Bununla belə Vaqifin yuxarıda zikr olunan müxəmməs və qəzəliyyatında təcrübə üzü ilə deyilmiş pürməna sözlər və dərin fikirlər vardır ki, həmə vəqt həyat üzrə baqi qalacaqdır. Bundan maəda Vaqifin milli ədəbiyyatımıza hüsni-xidməti bu olubdur ki, Türkiyə və İran-zəmin şüərasına müqəllidlik etməyibdir, bəlkə onun üçün əsan və təbii bir yol açıbdır ki, ondan sonra gələn şairlər ona peyrəvilik edib, bir çox gözəl əsərlər meydana gətiriblər. Bu cəhətə Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası və ustadı adlanmağa haqqı vardır.