Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs

İbrahim İbn Əliyyün-Nəccar Xaqani Azərbaycan ədəbiyyatı. I cild. Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs
Müəllif: Firudin bəy Köçərli
Molla Pənah "Vaqif" təxəllüsləri


Molla Məhəmməd Bağdadi türk şairlərinin babası hesab olunur. Ona binaən, Azərbaycan şüəra və üdəbasından bəhs edib də, onların sərvəri və pişrəvi məqamında olan Füzulinin ismi-şəriflərini zikr etməmək bir növ haqqı və əməyi itirmək kimidir. Bir halda ki, ol fəsahət və bəlağət kanının təsiri bu əsrdəki şüəramızın asar və əşarında dəxi müşahidə olunmaqdadır.

Məşhur qövlə görə, Molla Məhəmməd ibn Süleyman Kərbəlada və Bağdadın həvalisində Hillə adlı balaca bir qəsəbədə, Sultan Süleymanın əsrində--hicrətin 900-cü tarixində təvəllüd etmişdir. Bəzi rəvayətə görə, yetmiş sənəyə qədər ömür edibdir. Tarixi-vəfatı dürüst məlum deyil isə də, ömrünün müsinn çağında dari-bəqaya rehlət eləməyi öz kəlamından dəxi anlaşılır. Necə ki, deyibdir:

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni
Vəqtdir çıxmağa dünya qapısından, əyilin.

Füzuli kimi məşhur və mötəbər şairin tərcümeyi-halına dair məlumat, heyfa ki, çox azdır. Bu barədə özgə bir məxəz və mənbədən əhvalat götürməkdə aciz qalıb, ol dürri-yeganənin öz əsərlərinə rücu etməkdən başqa bir çarə bulmadıq. Divani-bəlağətünvanının dibaçəsində ol fəsahət bustanının əndəlibindən və ibarət çəməninin bülbülündən, yəni Füzulinin öz lisani-bəlağətsəncindən halına dair bir para məlumat verilir, xüsusən, onun türk lisanında yazmağına səbəb nə olduğu filcümlə bəyan edilir.

Məzkur müqəddimədən məlum olur ki, Füzuli uşaqlıqdan şer və qəzəl deməyə ziyadə həvəsnak imiş və ol [dürri]-yeganənin hənuz səbi ikən üfüqi-təbinə hilali-mövzuniyyət tülu etmişdir və xurşidvəşlərdən iqtibasi-nuri-şövq qılmışdır və onun əşarının şöhrəti çox yerlərə dağılmışdır. Necə ki, özü deyir:

Seyti-fəsahət ilə sözüm tutdu aləmi,
Mən məhdi-etibardə tifli-zəbun hənuz.

Buyi-xoşumla oldu müəttər dimağlər,
Mən nafeyi-vücuddə bir qətrə xun hənuz.

Və lakin şair öz əsərlərinə diqqət yetirib, onları hülyeyi-elmdən müərra görüb, bir müddət nəqdi-həyatın ülumi-əqliyyə və nəqliyyə kəsbinə sərf edibdir və öz əsrində mütədavil fünun və ülumun cümləsinə malik olmuşdur. Əgərçi şair türk lisanında şer və qəzəl yazmağına ümdə bunu səbəb göstərir ki, türk tayfalarının sahibi-şövq və məzaqları dəxi onun bustani-kəlamından şükufələr dərib bəhrəmənd olalar və bu təklifi ona guya bir nigari-mişkinxətt etmişdir və lakin həqirin anladığına görə, Füzuli özü türk oğlu olmağa binaən, öz ana dilini artıcıq sevib də, ona rövnəq verməyi baş vəzifələrindən birisi hesab edirmiş. Və insafən demək olur ki, türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur. Əgərçi ondan müqəddəm türklərdən də bəzi mötəbər şairlər olubdur, vəli onun kimi müqtədir və cəmi lisana malik və camei-fünuni-nəzm və nəsr olmayıbdır. Və həqiqətdə demək olur ki, türk dilinə rövnəq verən və onu xarü xaşakdən təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna [xüsusən] böyük bir minnət qoyubdur. Türk dilinin üstündə sərfi-himmət və qeyrət göstərdiyini şair özü bir məqamda bəyan etmişdir:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib eyləsə,
Əksəri-əlfazı namərbut, nahəmvar olur.
Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikandan bərgi-gül izhar olur.

Burada bunu dəxi əlavə etmək lazımdır ki, Füzuli özündən müqəddəm və ya öz dövründə olan ali və rəqiq bir şair bulub da, onun əsərlərinə təqlidən bir şey vücuda gətirməmişdir. Nəsr və nəzmdə bir şəxs onun ustadı olmayıbdır. Əazimi-üdəbadan bir nəfərinin asarını sərməşq və ittixaz etməyibdir. Necə ki, bu barədə Məhəmməd Cəlal "Osmanlı ədəbiyyatı nümunələri" nam məcmuəsində buyurubdur: "Bağdad gülzar ədəbiyyatının əndəlibi-xoşəlhanı olan Füzuli Osmanlı şairlərindən əsərlərinə ətba olunacaq bir şair və yaxud nasir görəmədiyi halda bu gün ədəbiyyati-səhihəyi əhya edəcәk bədaye vücuda gətirmiş. Bu bədayei bir şairdən deyil, bəlkə dərələrin cuşeşindən, ruzigarın iniltisindən, bir ahunigahın suzişindən, bir təbəssümün təsirindən, bir bədəvi qızın hüsni-məsumanəsindən iqtibas eyləmişdir. Bu cəhətlə ən birinci şair mütləq Füzulidir".

Onun müqəllid olmadığı xüsusda Məhəmməd Cəlal belə yazır: "Əgər bir şəxs bizə bu gunə sual versə: "Bəlkə Füzulidən əvvəl ərəblər, əcəmlər "Leyli və Məcnun"u, "Yusif və Züleyxa"nı, "Xosrov və Şirin"i yazmış olsunlar da Füzuli də təqlid etmiş olsun?"

Biz cavab veririz: "Xeyr! Hətta mərhumun ruhi-lətifi nitqə gəlib bizə bu babdə: "Bən də müqəllidəm!"--demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninə fikri-təqlid gəlmiş olsun. Fəqət "Leyli və Məcnun" təqlid olmaq üzrə yazılan asardan deyil.

Bəs nədir?

Bütün göz yaşlarıdır. Lakin burasını düşünməli: iqtibas başqa, təqlid yenə başqadır. Bünaünileyh "Leyli və Məcnun" bütün-bütün Füzuliyə aiddir. Bu xəzineyi-qiymətdara heç bir əcnəbi müdaxilə edəməz!"

"Leyli və Məcnun" barəsində aşağıda söz olunacaqdır.

Divani-əşarın cəm etdikdən sonra Füzuli kəmali-inkisar ilə ərbabi-bəlağət və əshabi-fəsahətə üz çöndərib, onlardan təvəqqe eləyir ki, onun divani-kəlamını mütaliə etdikdə deməsinlər ki, Füzuli tamami-ömrünü bir məhəldə, yəni İraqi-Ərəbdə keçirib, qeyri bir məmləkətə səyahət etməyibdir və lazimeyi-təcrübə və kəmali-təhsil qılmayıbdır. Bu illəti mucibi-süquti-etibar bulmasınlar və məhəlli-məqamına görə rütbeyi-istedadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz….

Bundan sonra şair dərgahi-ilahiyə üz tutub deyir: "İlahi! Bu məhəbbətnameyi-nami və bu fərzəndi-dilbəndi-girami ki, zadeyi-təbi-füsunsaz və nəticeyi-idraki-sehrpərdazımdır, nə diyara getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və meymun və mətləi-lətifin xücəstə və hümayun edəsən". Doğruluqla demək olur ki, Füzulinin bu duası dərgahi-həqqdə dərəceyi-qəbula irişdi və onun təbi-füsunsazından vücuda gələn fərzəndi-dilbəndi, yəni divani-əşarı hər ölkə və diyarda əziz və möhtərəm oldu. Bundan əlavə, Füzuli həqqdən niyaz edir ki, "bu məhbubi-cahanpeymanı və şahidi-rənanı ümumən əhli-fəsaddan və xüsusən üç tayifeyi-bədnihaddan hüsni-himayətində məhfuz və məhrus qılsın. Bu üç tayifədən biri ol katibi-naqabildir ki, xameyi-müxalifəttəhriri tişeyi-bünyani-maarifdir və kilki-küdurəttəsiri memari-binayi-zəxarifdir. Gah bir nöqtə ilə "məhəbbət"i "möhnət" göstərər və gah bir hərf ilə "nemət"i "niqmət" oxudar:

Qələm olsun əli ol katibi-bədtəhririn--
Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.
Gah bir hərf süqutilə qılır "nadir"i "nar",
Gah bir nöqtə qüsurilə "göz"ü "kur" eylər.

Biri ol naqisi-bədsavaddır ki, təbi-namövzunu ilə məclisü məhafildə dəvayi-istedad qılıb, şer oxuduqda nəzmi nəsrdən seçilməyə və ədayi-süstü ilə şahidi-məni camalından niqab açılmaya:

Binəsib olsun nəimi-xülddən ol zişt kim,
Namülayim ləhcəsi mövzunu namövzun edər.
Tişeyi-ləfzi binayi-nəzmi viran eyləyib,
Süst göftarı fəsahət əhlini məğbun edər.

Və biri ol hasidi-cəfapişədir ki, təbi-namövzunu ilə dəvayi-şer edə, amma dəqayiqi-əşarə sahibşüur olmaya və idraki-rəkiki ilə lafi-nəzm ura, amma həqayiqi-göftarə rahi-təsərrüf bulmaya. Lacərəm, həsəd dideyi-insafın kor edib, idrakına etimad edə və cahillər hüzurunda bihudə-bihudə laflar urub, hərzə-hərzə dəxllər eyləyə, ta kim, şerdən zövqi-istima gedə:

Xəzandır gülşəni-ürfanə hasid,
İlahi, hasidi xar eylə daim.
İşidir mərifət əhlinə azar,
İlahi, hasidi zar eylə daim.

Füzuli türklər ədəbiyyatında "Ustadi-şüəra" ləqəbini alıbdır və bu zati-şərif məzkur ləqəbdən səva Azərbaycan vilayətində "Ustadül-məkatib" ismilə dəxi şöhrətlənmişdir. Füzulinin məşhur əsərləri bunlardır: 1) "Külliyyati-divani-Füzuli", 2) "Hədiqətüs-süəda". 3) "Şikayətnamə" ki, nəsr ilə yazılmışdır və bu axırıncı əsər bizim nəzərimizə çatmayıbdır.

"Külliyyat"a daxil olan əsərlər bunlardır: Müqəddimətül-kitab, qəsaid, tərkibbənd və tərcibənd, "Bəngü badə", "Nişançı Paşa xidmətinə yazılan məktubi-hikmətüslub", "Saqinamə", "Mərsiyə dər həqqi-xamisi-Aliəba həzrəti-Seyyidüş-şühəda", qəzəliyyat, müsəddəsat, müxəmməsat, mürəbbeat, əlmüqəttəat, "Dastani-Leyli və Məcnun". Bu "Külliyyat"ın ən mötəbər çapı sabiqdə İstambulda fars dilində təb olunan "Əxtər" cəridəsinin mətbəəsində 1308-ci sənədə çap olunanıdır. Bu divani-Füzuli artıq diqqətlə təshih olunmuş nüsxələrdən birisi olub, açıq və aydın hürufat ilə sarı rəngə mail kağız üstə təb olunmuşdur.

"Hədiqətüs-süəda" on bir baba təqsim olunubdur. Bu qərar üzrə:

Əvvəlinci bab bəzi ənbiyayi-üzam və rüsüli-kiramın surəti-əhvalları bəyanındadır.

İkinci bab Həzrəti-Rəsulun Qüreyşdən çəkdiyi əzaların bəyanındadır.

Üçüncü bab həzrəti-Seyyidül-mürsəlinin keyfiyyəti-vəfatı bəyanındadır.

Dördüncü bab Həzrəti-Fatimeyi-Zəhranın vəfatı bəyanındadır.

Beşinci bab Əliyyül-Mürtəza həzrətlərinin vəfatı bəyanındadır.

Altıncı bab Həzrəti-İmam Hüseynin bəzmi-bəlada sağəri-bəqa nuş etdiyi bəyanındadır.

Yeddinci bab Həzrəti-İmam Hüseynin Mədinədən Məkkəyə təvəccöhü bəyanındadır.

Səkkizinci bab Müslüm ibn Əqilin şəhadəti bəyanındadır.

Doqquzuncu bab İmam Hüseynin Məkkədən Kərbəlaya təvəccöhü bəyanındadır.

Onuncu bab Həzrəti-İmamın ləşkəri-Yezid ilə müharibəsi bəyanındadır.

On birinci bab xatimeyi-kitab və müxəddərati-əhli-beytin Kərbəladan Şama getdikləri bəyanındadır.

Tətimmeyi-kitabda on iki imamın təriqi-icmal üzrə əhvalları bəyan olunubdur.

"Hədiqətüs-süəda" dəxi türk dilində inşa olunubdur. Bu bərgüzidə əsərin türk lisanında təhrir olunmağının səbəbini Füzuli bu minval üzrə bəyan edib, itmamına həqqdən müavinət istəyir: "Çün cəmi müddətdə məcalis və məhafildə təqrir olunan vəqayeyi-Kərbəla və keyfiyyəti-əhvali-şühəda farsi və tazi ibarətində bəyan olmağın əşrafi-ərəb və əkabiri-əcəm təməttö bulub, əizzeyi-ətrak ki, cüzi-əzəmi-tərkibi-aləm və sinfi-növi-bəni-adəm olub, sətri-zaidi-səhaifi-kütüb kimi süfufi-məcalisdən xaric qalıb, istifayi-idraki-həqayiqdən məhrum qalırlardı, bu səbəbdən iqtizayi-ümumi-matəmi-Ali-əba zəbani-hal ilə məni-xaksarə təərrüz etdi və dəsti-təərrüz ilə giribanım tutdu ki, ey pərvərdeyi-xani-neməti-şahi-Kərbəla--Füzuliyi-mübtəla, nola ki, bir tərzi-mücəddədə müxtəre olasan və himmət tutub bir məqtəli-türki inşa qılasan ki, füsəha türki zəbanında istemalından təməttö bulalar və idraki-məzmunundan ərəbdən və əcəmdən müstəğni olalar.

Q İ T Ә

Təkrari-zikri-vaqieyi-dəşti-Kərbəla,
Məqbuli-xasü amü siğarü kübardır.
Təqrir edənlərə səbəbi-izzü ehtişam,
Təhrir edənlərə şərəfi-ruzigardır.

Bu həqir və fəqir ki, bu nəsihəti isğa qıldım və bu xidmətin məhz səadət olmağın mühəqqəq bildim, ədəmi-istitaət və qilləti-bizaətdən ehtiraz və ictinab etməyib tərtibinə təvəccöh qıldım. Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvardır, zira ki, əksəri-əlfazı rəkik və ibaratı nahəmvardır, ümmiddir ki, hikməti-övliya itmamına müsaidət və əncamına müavinət qıla.

N Ә 3 M

Ey feyzrəsani-ərəbu türkü əcəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm.
Etdin füsəhayi-əcəmi İsadəm,
Mən türkzəbandan iltifat eyləmə Ləm.

İlahi! Vaqifi-keyfiyyəti-hal və alimi-dəqayiqi-əfalsan. Bilirsən ki, səndən qeyri müinü müzahirim yoxdur və ətrafü cəvanibdə hasidü müanidim çoxdur. Əmimi-məkarimindən və kərimi-mərahimindən təvəqqe budur ki, bu binayi-mücəddəd təmirində və bu mülki-müəbbəd təsxirində əlfazü məanidən cəmi məsalihim mühəyya qılasan və ərbabi-həsəd və əshabi-inad hücum etdikcə mənə müinü müsaid olasan: "innəkə ələ kulli şeyin tədirun".

Əgərçi "Hədiqətüs-süəda" nəsr ilə təhrir olunubdur və bəzi məqamlarda münasibi-hal və müvafiqi-məqal gözəl şerlər vasitəsilə şərhi-məna qılınıbdır və lakin bu nəsrdə Füzuli o qədər məharət və fəsahət göstərmiş ki, və əhvali-keyfiyyəti-şühədanı elə bir gözəl və şirin dil ilə yazmış ki, əhli-zövq və ərbabi-mərifət indində onun dərəcə və mənziləti çox nəzmlərdən artıqraqdır. Bu vaxta kimi füsəhayi-türk və əcəmdən bir kəs belə bir xoş ibarəli və şirin ləhcəli və gözəl şivəli əsər vücuda gətirməyibdir--desək, səhv etməmiş olarıq.

Füzulinin asari-qələmiyyəsindən nümunələr göstərməyi lazım görmədik. Bu cəhətə ki, Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır. Hətta bu axır vaxtlara kimi onun divani-qəzəliyyatı və "Leyli və Məcnun" hekayəsi məktəblərdə təlim kitabı olub, uşaqlara ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə təlim almış adamlardan hər birisini dindirsən, "Leyli və Məcnun" hekayəsinin ibtidasını--"Dehqani-hədiqeyi-hekayət, Sərrafi-cəvahiri-rəvayət…." başlayıb əzbərdən oxuyacaqdır. Amma çoxları bu qəribə hekayənin mənasını əsla fəhm etməyib, tutuquşu kimi ancaq onun ləfz və ibarəsini öyrənmişlər. O ki, qaldı Azərbaycan şairlərinə, onlardan çoxu Füzuliyə peyrəvilik edib, xüsusən qəzəliyyat və müxəmməsat qismi əsərlərində ustadi-giramiləri getdiyi təriqi ixtiyar edib, onunla getmişlər və bəziləri bu müqəllidlikdə övci-məqama yetişib, fünuni-şerdə böyük bir məharət kəsb etmişlər. Məsələn, Nuxa şairlərindən məşhur İsmayıl bəy "Nakam" təxəllüs Füzulinin atidə zikr olunan müsəddəsinə yazdığı bir nəzirə xeyli mərğub və dilpəsənd kəlamlardan birisidir.

MÜSƏDDƏSİ--FÜZULİ

Dün sayə saldı başimə bir sərvi-sərbülənd--
Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd.
Göftarə gəldi ta ki, açıb ləli-nuşxənd,
Bir püstə gördüm onda tökər rizə-rizə qənd.
Sordum:--Məgər bu dürci-dəhəndir--dedim, dedi;
--Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin!

Əymiş hilali üstünə tərfi-külahini,
Çox dilşikəstənin göyə yetirmiş ahini,
Zülfün dağıtdı, gizlədi əbr içrə mahini,
Gördüm yüzündə həlqeyi-zülfi-siyahini.
--Ol piçü tabı çox nə rəsəndir?--dedim, dedi:
--Dövri-rüxümdə rişteyi-canındürür sənin!

Vermiş füruğ şəmi-rüxi gün çirağına,
Salmış şikəst sərv qədi gül budağına,
Dün sərv tək basanda qədəm göz bulağına,
Bir neçə xardən ələm irmiş ayağına.
--Gül bərginə batan nə dikəndir?--dedim, dedi:
--Mücgani-çeşmi-əşkfişanındürür sənin!

Seyr ilə saldı bağə güzər ol səmənüzar,
Ənvai-zibü zinət ilə fəsli-novbahar,
Tökmüş gül üzrə sünbüli-giysuyi-müşkbar,
Yaxmış ayağına yenə gülbərg tək nigar.
--Nəsrinə rəngi-lalə nədəndir?--dedim, dedi:
--Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!

Seyli-sirişkim oldu rəvan xaki-kuyinə,
Can valeh oldu ləli-ləbü göftguyinə,
Dil düşdü dami-silsileyi-müşkbuyinə,
Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə,
--Əqrab məhi-münirə vətəndir?--dedim, dedi:
--Vəhm eylə kim, xətərli qiranındürür sənin!

Düşmüş üzarı üzrə müənbər səlasili,
Aşüftəhal edib neçə bisəbrü bidili,
Əqlimi valeh eylədi şəklü şəmayili,
Göz gördü qamətin, dilü can oldu mayili.
--Vəh, bu nə türfə sərvi-çəməndir--dedim, dedi:
--Mənzuri-dideyi-nigaranındürür sənin!

Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab,
Gül çöhrəsindən aldı səba pərdeyi-hicab,
Gülzarə çıxdı seyr edə ol rəşki-aftab,
Şəbnəm nisar etdi günəş lölöi-xoşab.
--Lölömü, yoxsa dürri-Ədəndir?--dedim, dedi:
--Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin!

Bu dürri-Ədən və löleyi-xoşab ilə arastə və tərtib olunmuş kəlami-behcətəngizə nəzirə olaraq İsmayıl bəy Nakam demişdir:

Kuyi-nigarə duş gedib eylədim büka,
Guş eləyib fəğanımı ol türki-dilrüba,
Dərdimi bildi, heyrətimi gördü cabəca,
Rəhm etdi halimə, dedi:--Ey ərseyi-bəla,
Kim eyləmiş bu dərdə səni mübtəla? Dedim:
--Mən bilməm özgə, aşiqi-heyranınam sənin…. i.a.

Bu kəlamın tamamisi cənab Nakamın seyrü süluku babında dərc olunacaqdır. Oraya baxmalı!

Nakamdan əlavə Qasım bəy Zakir, Abdulla bəy Asi, Mehdiqulu xan Vəfa, Hacı Seyid Əzim Şirvani, Bixud, Mustafa ağa Nasir, Qövsi, Molla Qədir Naci və Azərbaycanın qeyri müzzəm və məşhur şairləri Molla Məhəmməd Bağdadiyə peyrəvilik edib, fünuni-şerdə özləri üçün şan və şöhrət kəsb etmişlər. Zənnimizcə, Fuzulinin nüfuzu xeyli müddət bizim Azərbaycan şairlərinin asari-qələmiyyələrində müşahidə olunacaqdır və onun ruhpərvər olan əşari-mütəəddidəsinin hüsni-təsirindən bizim şüəranın da təbləri səfalanıb, nuraniyyət kəsb edəcәkdir.

Füzulinin asari-qələmiyyəsinin hələ daha da çox zamanlar həyat üzrə davam edib, tərü təzə qalmağına iki ümdə səbəb vardır. Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəşət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. O pakizəlik və lətafət və o naziklik və nəzakət ki, Füzulinin şerlərində hiss olunur, heç bir şairin kəlamında o dərəcədə məhsus deyildir. Bilafərq Füzulinin hansı qisim kəlamını mütaliə etmək istəsəniz, mütaliə buyurun, onun hüsni-təsirini oxuduqda öz vücudunuzda dərk edəcәksiniz. Və bu təsirdən içəri aləminiz bir növ təmizlənib paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir və xəyalınız sizi başqa bir ali məqama-mənəviyyət aləminə tərəf çəkәcəkdir. Burada nümunə üçün uzaq getməyib, divani-qəzəliyyatından əvvəlinci qəzəlinə iktifa edəlim ki, məhəbbəti-əzəli ilə başlanıbdır:

Qəd ənarəl-eşqə lil-üşşaqi mənhacül-hüda,
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə təsiri-səda.

Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir--
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.

Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi
Aşiqi məşuqdən, məşuqi aşiqdən cüda.

Ey kim, əhli-eşqə söylərsən: məlamət tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-xuda?

Eşq kilki çəkdi xətt hərfi-vücudi-aşiqə--
Kim, ola sabit həq isbatında nəfyi-maəda.

Ey Füzuli, intihasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, həqq adına qılsan ibtida.

Bu şerləri mütaliə etdikdə, filhəqiqə, oxucular bir növ həqiqət yolunda səy edən saliklər cümləsinə daxil olub, onların fikir və xəyalı vadiyi-vəhdət tərəfinə meyil edir ki, onda sultan ilə gəda və əğniya ilə füqəra arasında bir fərq və təfavüt yoxdur. Füzulinin əşar və kəlamının bəqasına ikinci səbəb onların elm və təcrübə üzü ilə təbi-səlimdən doğub vüqua gəlmələridir. Necə ki, şair özü deyir ki, şairliyim təsdiq olub, avazeyi-nəzmim ilə aləmlər dolub şöhrət tapdımsa da, məşşateyi-himmətim rəva görmədi ki, müxəddəreyi-hüsni-nəzmim pirayeyi-maarifdən xali və rişteyi-silki-şerim cəvahiri-elmdən ari qalsın. Zira ki, elmsiz şer əsası yox divar kimi olur və əsassız divar qayətdə bietibar olur (Bu irada bizim şüəra diqqət yetirməlidir və elm və maariflə öz şerlərinə möhkəm bina və əsas saz etməlidir). Pəs, Fuzulinin qələmi-gövhərrizindən vücuda gələn lölö və cəvahir ilə tikilmiş imarətin divarları elm və maarifin möhkəm bünövrəsi üstündə qərar tutmuşdur və afəti-zəmanədən ona bir xövfü xətər yoxdur, zira bir xanənin binası nə qədər möhkəm olsa, bir o qədər onun daimi və əbədi olması yəqindir. Bu cəhətə, Füzulinin təbi-gövhərbarından zühur etmiş və ülum və maarifin ələyindən ələnmiş və əqli-səlimin tərəzisində müvazinə olunmuş əşari-həkimanə və asari-fəlsəfanə onun ismi-şəriflərini, necə ki, dünya vardır və türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganənin uşaqlar əlinə təlim üçün verilən "Leyli və Məcnun" dastanında o qədər hikmətamiz sözlər, dərin fikirlər, nazik imalar və rəqiq işarələr, şairanə nəzmlər və fəlsəfanə şerlər vardır ki, cümləsini burada zikr etməyə və şərh qılmağa nə xamədə qüdrət və nə lisanda bir o qədər təlaqət və fəsahət vardır. Avropa hükəma və fəlasifəsindən məşhur Şopenhauer "Məhəbbət nədən ibarətdir" sərlövhəsilə yazdığı bir əsərində bəst verdiyi şərh və bəyanatın çoxunu Füzulinin abdar şerlərində tapırıq. O fikirlər ki, alman filosofu əlli sənə bundan irəli bəyan etmişdir, onları Molla Məhəmməd Bağdadi üç-dörd yüz sənə bundan müqəddəm xeyli ədibanə və mərğub surətdə rişteyi-nəzmə çəkmişdir.

Fuzulinin həkimanə kəlamlarından nümunə üçün ancaq "Leyli və Məcnun" hekayəsinin ibtidasında dərc olunmuş münacatın bəzi yerlərini burada yazmaqla iktifa edirik:

BU, MÜNACAT DƏRYASINDAN BİR CÖVHƏRDİR VӘ TƏZƏRRÖ MƏDƏNİNDƏN BİR GÖVHƏRDIR.

Ya rəb, kərəm et ki, xarü zarəm,
Dərgahə bəsi ümidvarəm.
Topraqdan eylədin bir insan,
Müstövcibi-əqlü qabili-can.
Gər can isə xaki-dərgəhindir,
Vər əql isə saliki-rəhindir.
Mən gülşəni-can içində xarəm,
Ayineyi-əqli pürqubarəm.
Ol gün ki, yox idi məndə qüdrət,
Qıldın mənə qeybətimdə rəğbət.
Can verdinü sahibi-dil etdin,
İdraki-ümurə qabil etdin.
Yüz şükr ki, yox sənə xilafım,
İnsafım varü etirafım.
Öylə deyiləm ki, bu aradə
Sədd ola sülukim etiqadə.
Rahi-tələbində biqərarəm,
Əmma tələbimdə şərmsarəm.
Doğru yola getmədim, nə hasil?
Bir mənzilə yetmədim, nə hasil?
Bir ərsədə hər əsər ki, gördüm,
Sənsən dedim ol əsər, yügürdüm;
Çün verdi xəyal ona xəmü piç,
Mən münfəil oldum, ol əsər hiç.
Mən əqldən istərəm dəlalət,
Əqlim mənə göstərər zəlalət.
Təhqiq yolunda əql netsin,
Əmavü qərib qanda getsin?
Tövfiq edəsən məgər rəfiqim,
Ta səhl ola şiddəti-təriqim.
Dünya nədirü təəllüqatı,
Əndişeyi-mövtdür həyatı.
Əmma deməzəm yalandır ol həm,
Sərmənzili-imtəhandır ol həm.
Billah ki, bu dilfərib mənzil
Öylə mənə verdi rahəti-dil--
Kim, əski məqamımı unutdum,
Sandım vətənim, məqam tutdum.
Müşkül gəlir indi tərkin etmək,
Bir özgə məqama dəxi getmək.
Mən böylə qılıram etibarı--
Kim, bunda olur könül qərarı.
Əmma çü sənindürür bu göftar--
Kim, dünyadan özgə axirət var.
Oldur ki, məqami-cavidandır,
Kami-dilü rahəti-rəvandır.
Göftarına etiqad qıldım,
Ol dəxi yek olduğunu bildim.
Bildim bu imiş sənin muradın--
Kim, əhli-kəmal ola ibadın,
Bunda yetə rütbeyi-kəmalə,
Onda yetə dövləti-vüsalə.
Bu rahdən etmək olmaz ikrah,
Xoşrahdürür sənə gedən rah.
Ol ləhzə həm etmə şəfqətin kəm.
Tövfiqinə qıl rəfiq hər dəm.
Çün əql ilə can əmanətindir,
Məndə əsəri-inayətindir.
Bunları mənimlə zar qılma,
Bir neçə əzizi xar qılma!
Ta kim, bu məqamı tərk edəndə,
Məndən sənə əzm edib gedəndə,
Məndən cəzə ilə getməsinlər,
Dərgahə şikayət etməsinlər.
Şum olmasın onlara vüsalım,
Olmasın olardan infialım.
Etmək gərək əhli-feyzi-biniş,
Təhqiqi-vücudi-afəriniş.
Bilmək gərək onu kim, cəvahir
Nə gənci-nihandan oldu zahir?
Nə dairədir bu dövri-əflak,
Nə zabitədir bu mərkəzi-xak?
Cismə ərəzi kim etdi qaim.
Narə nədən oldu nur lazim?
Hər xilqətə gərçi bir səbəb var,
Aya, səbəbi kim etdi izhar?
Gər kaf ilə nundan oldu aləm.
Aya nədən oldu kafü nun həm?
Bihudə deyil bu karxanə,
Bifaidə gərdişi-zəmanə.
Haşa ki, bu türfə nəqşi-qərra
Nəqqaşından ola mübərra.
Haşa ki, bu bargahi-ali,
Bir dəm əyasından ola xali,
Fikr eylə və gör, nədir bu üslub,
Nə saniədir bu süni-mənsub?
Hər zərreyi-zahirin zühuri
Bir özgəyə bağlıdır zəruri.
Gər ğayətə eyləsən təəmmül,
Zahir olur onda məzhəri-küll.
Versən özünə fənayi-mütləq,
İsbat olur ol fəna ilə həqq.
Gər var isə mərifət məzaqi,
Fani sənə bəs dəlili-baqi.
Həqqa ki, həmin vücud birdir,
Bir zatə vücud münhəsirdir.
Əksidir onun vücudi-əğyar,
Mənidə yox etibar ilə var.
Var olanı xəlq yox sanırlar,
Yox varlığına aldanırlar.
Yoxdur bu vücudun etibarı,
Həq ayinədir, cahan qübarı.
Ey əql, ədəbə riayət eylə,
Bu bilmək ilə kifayət eylə!
Təhqiqi-sifatə qane olgil,
Əndişeyi-zatə mane olgil!
Ol pərdəyə kimsə rah bulmaz,
Təhqiq bil, onu bilmək olmaz.
Gər yetsə idi bu sirrə idrak,
Deməzdi rəsul "maərəfnak".
Xəlq oldu bu bəhri-heyrətə qərq,
Ta xəlqdən ola xaliqə fərq.
Hər riştə ki, həqq əyan edibdir,
Sərriştəsini nihan edibdir.
Faş oldu ki, sirri-həq nihandır,
Aləmdə nişanı binişandır.

BU, İZHARİ-ETİRAFİ-CӘHALƏTDİR VӘ İQRARİ-İSRAFİ-MƏSİYYӘTDİR.

Ey hikmətə baxmayan nəzərsiz,
Əhvali-zəmanədən xəbərsiz!
Tən etmə ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.
Şərh eylə mənə ki, çərx netdi?
Ondan nə cəfa zühura yetdi?
Nən var idi kim, əlindən aldı,
Nə mərtəbədən aşağı saldı?
Dövranə gətirdi mehrü mahi,
İçində səpidiyü siyahi.
Gəh atəşə zəcri-ab verdi,
Gəh badə qəmi-türab verdi.
Şəmi-əməlin münəvvər etdi,
Hər nə dilədin müyəssər etdi;
Qıldı səni hiçdən bir adəm,
Əsbabi-tənəümün fərahəm.
Çərxin xud işi səninlə böylə,
Sən neylədin onun ilə, söylə!
Hər dəm onu bivəfa oxursan,
Dönsün--deyü bəddua oxursan.
Çün ol sənə qıldı mehribanlıq,
Yaxşılığa eyləmə yamanlıq!

RUHA XİTAB

Ey ruh ki, cami-cəhl edib nuş,
Hübbi-vətən eylədin fəramuş.
Kim saldı səni bu təng rahə,
Qandan düşdün bu damgahə?
Sən tərk qılıb ədəm diyarın,
Bulduqda vücud etibarın,
Qılmışdı səninlə hikmətüllah,
Əcnasi-həvasü əqli həmrah.
Ta aləmə qəldiyin zamanda,
Bazari-tərəddüdi-cahanda
Sərmayələrindən edəsən sud,
Ol sud nədir?--Rizayi-məbud.
Hala ki, xəsarət oldu vaqe,
Sərmayələrin təmam zaye.
Heyranü mükəddərü təhidəst,
Əhvali xərabü rütbəsi pəst.
Dönsən yenə gəldiyin məqamə,
Qabilmi düşəsən ehtirama?
Əlbəttə, zəlilü xar olursan,
Bu fel ilə şərmsar olursan.

NƏFSPƏRƏST QAFİLӘ XİTAB

Ey nəfspərəstü cismpərvər,
Olma qəmi-hirs ilə mükəddər!
Səy eylə mətai-mur yığma,
Cəhd eylə əzabi-gur yığma!
Alma ələ səğari-meyi-nab--
Kim, qərqə edər səni bu girdab!
Olma nigərani-səbzeyi-bəng--
Kayineyi-dininə salır jəng!
Dəf kimi köksdə ləhv qoyma!
Ney kimi həvayi-nəfsə uyma!
Damani-təriqi-şəri tutgil,
Hər nə ki, xilafi-şərdir, unutgil!
Təhqiqi-vəsileyi-vüsul et!
Təqlidi-şəriəti-rəsul et.

Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada Muza adlı şer ilahəsinə rücu edib, ondan kömək və mədəd dilərdilər. Bu adətə oxşar əski əcəm və ərəb və türk şairləri dəxi saqiyi-safzəmirə və sadəruya üz çöndərib, ondan kərəm və himmət dilərdilər. Füzulinin "Leyli və Məcnun" qisseyi-pürqüssəvü məlalının ibtida və intihasında və hekayənin bəzi məqamlarında yazdığı saqinamələr onun ən xoşməzmun və dilpəzir kəlamlarından ədd olunsa gərəkdir. Bu saqinamələrdə o qədər mühəssənat, lətafət və mövzuniyyət vardır ki, onları yazmaqla başa gələsi deyil. Onları diqqətlə oxuyanlar bir tərəfdən dünyayi-dunun qeydindən və nəfsi-şumun hirs və təməindən, alçaq və rəzil əməllərdən, pis işlərdən, fasid və batil fikirlərdən xilas olub, nuraniyyət kəsb edirlərsə də, digər tərəfdən onların qəlbi bir növ məhzun və könlü tutqun olur. Bu hala səbəb oldur ki, Füzuliyi-şikəstə-halın qələmi-gövhərsənci tökdüyü dürri-safın əksəri gözdən tökülən əşki-müsəffaya bənzəyir, nəinki şadlıq çəmənində yağan barana. Füzuli, demək olur ki, möhnət yükünün barkeşi olub, aləmi-insaiyyətdə tamami qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəşi-hüzn və ələmə yandırır. Amma bu yanmaqda bir feyz və səadət və ülviyyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir.

Füzuli tamam aləmin dərd və qəmin çəkdiyini "Hədiqətüs-süəda"nın axırında bəyan edir. Bu qəm və ələm nüsxəsini tamam etdikdən sonra şair füzəlayi-bəlağətpişə və füsəhayi-diqqətəndişədən təvəqqe və rica edir ki, binayi-təlifinə və tərhi-təsnifinə diqqət yetirdikdə, islahi-xətasına iqdam və ehtimam edələr və mühərririn duayi-xeyir ilə yad edib, qəbuli-üzr ilə hər nöqsanın tamam qılalar. Və sonra bu şeri gətirir:

Hücumi-möhnəti-dövran məluli,
Giriftari-qəmi-aləm Füzuli.
Deyil ol ləhceyi-göftarə qabil--
Kim, ola qabili-səmi-əkabir.
Qılır cəmiyyəti-dil ləfzi dilkəş,
Müşəvvəş söyləməz, illa müşəvvəş.
Gəl, ey hali-təkəllümdən xəbərdar,
Tərəhhüm qıl, təərrüz qılma zinhar!

"Leyli və Məcnun" hekayəsinin səbəbi-nəzmini bəyan qıldığı saqinamədə Füzuli deyir: Bu, bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır. Bu hekayənin nə badəsinə nişatdan rəng, nə nəğməsinə fərəhdən ahəng var. İdrakı verir xəyala azar, əfkarı edər məlali əfkar.

Hərkah bu, bir bəhcət gətirən və fərəh yetirən hekayə olsaydı, bunun tövcihinə rağib olanlar çox olardı. Bu, pürməlal bir dastandır ki, hər bir fəsihin halını pərişan edib nitqini bağlar və sözlərini kutah elər. Necə ki, bu babda Nizamiyi-şirinkəlam deyibdir:

Əsbabe-soxən neşato nazəst,
Zin hər do soxən bəhane sazəst.
Meydane-soxən fərax bayəd,
Ta təb dər u honər nəmayəd.
Dor gərmiye-riko səxtiye-kuh,
Ta çənd soxən rəvəd beənbuh. [1]

[1] Tərcüməsi:
Sözün ləvazimatı şadlıq və nazdır,
Söz özünü bu iki vasitə ilə göstərir.
Sözün meydanı gərək geniş olsun--
Ki, təb onda hünər göstərə bilsin.
İsti qumda və bərk dağda
Heç qiymətli söz demək olarmı?!

Füzuli Şeyx Nizaminin bu sözlərini saqinaməsində zikr edib deyir:

Bir iş ki, qılır şikayət ustad
Şagirdə olur rücui bidad.

Amma bu əmr nə qədər düşvar isə də, Füzuli onu əncama gətirməyə şüru edib, öz təbi-lətifindən və qələmi-gövhərrizindən himmət tələb edir;

Ey təbi-lətifü əqli-vala,
İdraki-büləndü nitqi-guya!
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Hər kimdə ki, vardır istitaət,
Dərdü qəmü möhnətü qənaət,
Oldur bu müsafirətdə yarım,
Zövq əhlinə yoxdur etibarım….

QƏLƏMӘ XİTAB

Ey xameyi-sərkəşi-səbükxiz,
Vəqt oldu ki, olasan göhərriz!
Mən acizəmü bu əmr müşkil.
İmdad dəmidir, olma qafil!
Asari-mürüvvət eylə izhar,
Bir təprən, əgər mürüvvətin var!
Sən qıl hünəri, mən alayım ad,
Sən çək ələmi, mən olayım şad.
Çün nəxli-hədiqeyi-hünərsən,
Müftahi-xəzineyi-göhərsən,
Cəhd eylə, çıxar cəvahiri-pak,
Fikr etmə ki, yoxdur əhli-idrak!
Demə ki, bulub kəsad bazar,
Bulmaz bu mətaimiz xəridar….

  • * * * *


Ey bəxt, vəfasız olma sən həm,
Həmrahlıq et bizimlə bir dəm.

Əlhəqq, demək olur, bu əmri-müşkili, yəni "Leyli və Məcnun" hekayəsini ustadi-şüəra və əfsəhi-füsəha Molla Məhəmməd Bağdadi Füzuli kəmali-fəsahət və bəlağət ilə əncama yetiribdir ki, onda zərrəcə bir qüsur yoxdur və ümumi-şüəra və üdəba bu qövlə şərik və müqirrdir.