Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Qarabağ-Şuşa şəhəri

Qasım bəy "Zakir" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Qarabağ-Şuşa şəhəri
Müəllif: Firudin bəy Köçərli
Rafei


Sabiqdə Şuşa şəhəri Qarabağ xanlarının paytaxt şəhəri hesab olunurmuş. Bu şəhərin banisi Pənahəli xan olubdur. Şəhərin təmir və binası vaqe olubdur 1170-ci sənədə ki, tarixi-məsihiyyənin 1757-ci ilinə mütabiqdir. Bu şəhər əvvəlcə öz banisinin adı ilə adlanırmış. Pənahabad. Sonradan şəhərin üç-dörd verstliyində olan erməni Şuşa kəndinin adı ilə təsmiyə olundu. Pənah xan mərhum Şuşa şəhərini təmir və təsis edib, ətrafına möhkəm hasar çəkdirdi və sonra hamı xalqa müəyyən yurd və məkan göstərib, fəraqət dolanmaqlarına lazımi binagüzarlıq edibdir və yeni bina etdirdiyi şəhərin adı ilə gümüş pul zərb etdirdi--"Pənahabad" ki, rusların indiki gümüş üçşahılığı vəznində imiş.

Məlum ola ki, Pənahəli xanın əsli qarabağlıdır və Sarıcalı qəryəsindəndir və Sarıcalı onun babalarından birisinin adı ilə--ki, Sarıcalı imiş,--təsmiyə olunubdur.

Mərhum Mirzə Cəmal öz tarixində Pənahəli xanın abavü əcdadı şənində belə yazır: Pənah xanın ata-babaları həmişə Cavanşir elinin içində məşhurü məruf və sahibi-ismü rəsmü nan və sahibi-hörmətü dövlətü ehsan olublar. Atasına İbrahimxəlil ağa deyərlərmiş. Çox qövmü qəbilə və əqrəbavü arxası çox olan şəxs imiş ki, dövlət və neməti bipayan və avazəsi və şöhrəti məzkurul-lisan olmuş, necə ki, Ağdamda Tağbənd damı və divarı və Arasbarda çarpasının mərateyi və asarı və yaylaqda dəxi İbrahimxəlil ağa qalaqı (qalası), məşhur olan imarəti və nişanəsi vardır. Bunların hamısı onun sahibi-dövlət və hişmət olmağına dəlil və şahidi-biədildir.

Zəmani ki, Nadir şah Əfşar indiki Zaqafqaziya vilayətlərini--ki, ibarət ola Gəncə, Tiflis, Qarabağ, Şirvanat və sair yerlərdən,--öz təsəllütünə götürdü, öz adət və qaydasına görə hər bir el və oymağın içində bir rəşid, qoçaq və kardan adam olsa idi, onu gətirdib öz hüzurunda xidmətkar edərdi və ləyaqətinə görə ona mənsəb və məvacib verərdi, o cümlədən Cavanşir elindən dəxi İbrahimxəlil ağanın qabağınca böyük oğlu Fəzləli bəyi və onun vəfatından sonra Pənahəli bəyi gətirdib hüzurunda xidmətkar elədi. Tezliklə onun ziyadə fərasətli və rəşid olmağını görüb, hüsni-xidməti və sədaqəti əvəzində məvacib və rütbəsini artırdı və ol vaxtlarda Rum qoşunu ilə--ki, Abdulla paşa Köprülüoğlunun sərkədəliyində idi,--Nadir şahın neçə yerlərdə böyük davaları vüqua gəlibdir və bu davalarda Pənah xanın artıq rəşadət və hünərləri Nadir şahın daha da ziyadə iltifat və şəfəqqətini cəlb eləyir və lakin bir neçə paxıl və şərir kəslər Pənah xanın bu minval tərəqqi tapmağına həsəd aparıb, ondan bədguluq etmək binasını qoyurlar və Nadir şahın hüzurunda onu müqəssir edib, qətlinə fitva verirlər. Pənah xan əhvalı bu növ ilə görüb, canının qorxusundan fürsət tapıb, Nadir şah Xorasanda olan vaxtı bir neçə nəfər əqvami-müxlisələrdən özü ilə müttəfiq görüb, Qarabağ vilayətinə qaçır. Nadir şah Pənah xanın qaçmağından çox qəzəbnak olub, dalınca çaparlar göndərir ki, onu yoldan tutub gətirsinlər. Amma müyəssər olmayıb və Qarabağda dəxi onun tutulmağına çox səy və təlaş edirlərsə də, bir şey bacarmırlar. Ancaq onun elindən qövmü əqrəbasını və əhlü əyalını Nadirin hökmü ilə Xorasan məmləkətində Sərəxs torpağına sürürlər. Sonralardan 1160-cı tarixində Nadir şah Xorasanda qətlə yetəndən sonra Pənah xan qorxudan çıxıb, Qarabağın içində özünü zahir edibdir. Bu vaxta kimi Pənah xan gah Qarabağın dağlarında və meşələrində öz xəvasları ilə və bir para əqrəbaları ilə quldurmanənd dolanarmış və gah Şəki vilayətində və Qəbələ mahalında övqat keçirərmiş. Nadir şahın qətlindən sonra onun hökmü ilə Xorasana sürgün olan Qarabağ elatı əzancümlə Pənah xanın əhlü əyalı böyük oğlu İbrahim xan ilə bir yerdə xudsər köçüb öz əsli vətənlərinə qayıdırlar.

Mərhum Pənah xan çox tədbirli, aqibətəndiş və karkön bir adam imiş. Özünün hökumət və istiqlaliyyətini möhkəmləndirmək üçün Qarabağın qoçaq və rəşid cavanlarından özünə bir dəstə mükəmməl atlı saz eləmişdi. Çün ətrafdakı vilayətlər--Şəki, Şirvan, Gəncə, İran, Qarabağ xanları onunla düşmən idilər, özünü bunların hücumundan eymən və salamat saxlamaq üçün əvvəlcə 1161-ci ildə indiki Kəbirli mahalında Bayat qalasının binasını qoydu. Üç-dörd il bu qalada sakin olub, sonra görür ki, bu yer münasib deyil, özü də aranzəmindir və əhali istidən zəhmət çəkir, onda Tərnakut yaxud Tərnaut qalasını bina etdirir ki, "Şahbulağı" adı ilə məşhurdur. Bu qalanın binası 1165-ci sənədə--ki, tarixi-məsihiyyənin 1752-ci sənəsinə mütabiqdir,--vaqe olubdur. Beş sənə də bu Tərnakut qalasında qalıb, sonradan indiki Şuşa qalası olan məhələ hicrət edir. Çünki ol vaxtı Azərbaycan hakimi Məhəmməd Möhsün xandan çox ehtiyat olunurdu ki, İran qoşununu Qarabağa çəkib, onun əmval və ehşamı payimal olunsun. Şuşa qalasının yeri çox möhkəm və ətrafı sıldırım qayalar və dərin dərələr olmağa görə, onu təsxir eləmək hər halda mümkün deyildi. Odur ki, neçə dəfə Qızılbaş qoşunu onun üstə gəlib, onu mühasirə ediblərsə də, fəthində aciz qalıb, məyus və pərişanhal geri qayıtmağa məcbur olublar.

Qarabağ vilayətinin Rusiyaya mülhəq olması Pənah xanın oğlu İbrahim xanın vaxtında, 1804-cü sənədə vaqe olubdur. Haman sənədə qış fəslində İbrahim xan mərhum və oğlanları Məhəmməd Həsən ağa və Mehdiqulu ağa ilə və Qarabağın bir neçə mütəşəxxis bəyləri və əyanları ilə şəkili Səlim xan ilə--ki, onun damadı idi,--Kürək çayında knyaz Sisianov ilə görüşürdü və burada cəşnü ziyafətlərdən sonra miyanlarında mühavirat və müahidat vaqe olub, hər iki canibdən binayi-əhdü peyman qoyuldu və şürutnamə yazıldı. Mərhum İbrahim xan və sərdar Sisianov öz möhürləri və dəstxətləri ilə haman şürutnaməni imza qıldılar. Bu əhdnamənin hökmüncə İbrahim xan dövləti-Rusiyyəyə itaət etməyi qəbul etdisə də, amma həm özü və ondan sonra nə qədər varisi vardır nəslən bədi-nəsl imperaturi-əzəm tərəfindən Qarabağ vilayətində bilistiqlal hakim olmaqları təsdiq olunur və bu məclisdə İbrahim xana general-leytenantlıq və Səlim xana general-mayorluq, Məhəmməd Həsən ağaya və Mehdiqulu ağaya polkovniklik çini verilmək üçün sərdar Sisianov tərəfindən vəsatət olundu və lakin Sisianov Bakıda məqtul olandan sonra İbrahim xanın meyli bir növ İran dövlətinin tərəfinə dönür. Şuşa qalasında duran bir fövc batalyon rus qoşunundan böyük mayor Lisaneviç bir para şərir və əhli-qərəz adamların təhrik və iğvası ilə gecə vaxtı iki yüz soldat götürüb, şəhərin iki verstliyində İbrahim xanın olduğu səngəri əhatə edir və tamamını böyük zülm və ədalətsizliklə qətlə yetirir.

İbrahim xandan sonra onun yerində oğlu Mehdiqulu xan canişin olur ki, onun qızı şairə Xurşidbanu "Natəvan" təxəllüs Şuşa şəhərində 1315-ci sənədə və Xurşidbanunun oğlu Mehdiqulu xan "Vəfa" təxəllüs 1318-ci sənədə Tiflis şəhərində vəfat ediblər.

Şuşa qalası Zaqafqaziyanın gözəl və basəfa şəhərlərindən birisi hesab olunurdu və axır vaxtlarda artıq sürət ilə abad olmağa üz qoymuşdu. İçində çox gözəl imarətlər yapılmışdı. Yay fəslində altmış-yetmiş minə qədər nüfus bu şəhərə cəm olurdu, çünki Şuşanın abü havası xeyli saf və salamat olmağa görə, yaylaq mənzələsindədir. Qarabağın tarixinə və sair övzavü əhvalına dair bir para məlumat Molla Pənah Vaqifin tərcümeyi-halı nəql olunduqda söylənəcəkdir.

Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzələsində olub, ərbabi-zövqü səfa oymağı və əhli-hal və sahibi-dil yatağı hesab olunur. Şuşa əhli--xah ermənisi və xah müsəlmanı--həmişə eyşü işrətdə olub, günlərini gəzməkdə, seyrü səyahətdə keçirirdilər və buranın sazəndə və xanəndələri indi də məşhuri-cahandır.

Heyfa ki, 1905-ci ildə erməni və müsəlman davasında bu şəhərin Ermənistan tərəfi və 1906-cı ildə müsəlmanistanın bəzi hissələri öz əhalisinin cahilanə rəftarı və vəhşiyanə kirdarı ucundan yanıb zir-zəbər oldu. Yüz ildən bəri balaları ənvayi-zəhmət və məşəqqət çəkib, külli məxaric və məsariflər töküb abad elədiyi vətəni bu gün onun cünunluq mərəzinə mübtəla olmuş övladı belə rəhmsiz və ağılsız viran olmağına canlarını nisar elədilər. Yüz ildən bəri iki mehriban qonşu kəmali-sədaqət və məvəddətlə bir yerdə dolanıb, bir hava ilə nəfəs alıb, asudə və mürəffəül-hal zindəganlıq etməklərindən guya diltəng və narazı olub, bir-birlərinin canına və malına yağı olmaqları qəribə bir hal və heyrətəngiz bir sirrdir.

Bu halda Şuşa şəhəri əhalidən, demək olur ki, boş qalıbdır. Az-çox varı və tavanası olanlar qeyri bilad və ölkələrə hicrət edib, hər birisi bir növ güzəran etməkdədirlər. Şəhərdə qalanlar ancaq əlsiz-ayaqsız, əhli-kəsbü sənətdir ki, onların də məişəti tərəddüd və alış-veriş olmadığına görə, artıq dərəcədə çətinlik ilə keçir.