Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Quba

Qövsi Azərbaycan ədəbiyyatı. I cild. Quba
Müəllif: Firudin bəy Köçərli
Qasım bəy "Zakir" təxəllüs


Mərhum Abbasqulu ağa Qüdsinin tərcümeyi-halına şüru etməzdən müqəddəm Quba şəhərinin barəsində--ki, şairin vətəni məqamındadır,--icmalən məlumat verməyi münasib gördük.

Yadigar qalmış vərəqparələrdən və təvarixdə görünən müxtəsər əhvallardan belə məlum olunur ki, Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində--ki, miladın 1734-cü sənəsinə mütabiqdir,--bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdində Dəvəçi mahalıdır) gəlib keçdikdə Dərbənd ilə Şabranın arasında "Gülüstani-İrəm" adında basəfa bağlıqda istirahət üçün sakin olmuşdur.

Buranın abü havası şaha xoş gəldiyindən Mirzə Mehdi xan münşi təvəssütü ilə əmr etmişdir ki, burada şəhər binası qoyulsun. Bu əmri icra etmək üçün neçə nəfər öz qoşunundan--ki, Ərdəbil şəhərindən var imişlər,--o məkanda qoyur. O cəhətə şəhərin əvvəlinci məhəlləsi indilikdə də "Ərdəbil məhəlləsi" adı ilə məşhurdur.

Rəvayət olunur ki, şəhərin adını Nadir şah öz çadırının başındakı qübbəsinin nişanəsinə yad olaraq əmr edir "Qübbə" qoyulsun. Bir rəvayət də budur ki, Qubanın binasını Qudyal çayının sağ tərəfində ibtida qoyan Fətəli xan Müştərinin atası mərhum Hüseynəli xan olubdur. Belə ki, şəhər bu axır vaxtlara kimi o yerin əhalisi arasında "Qudyal qala" adı ilə məruf idi.

Mərhum Müştərinin əyyami-hökumətindən Abbasqulu ağa Qüdsinin zamanına kimi bu aralıqda nə növ üləma və ürəfa vücuda gəldiyi və onlar kimlər olduğu məlum deyildir. Hər halda Qubada bir çox əhli-hal və ürəfavü üləma olublar və onun üçün mərhum Kazım ağa Salik Qubanı (Qübbəni) yad etdikdə demişdir:

Kəmali-rifəti-Şirvan məlum,
Maarif mədəni xaki-Qubadır.

Neçə əhli-bəlağət var onda,
Biri Ağabəyü Mirzəbabadır.

Biri "Qüdsi" ləqəb Abbasqulu bəy,
Diyari-nəzmü şerə padşadır.