Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Qövsi (məqalə)
←Nəsimi Şirvani | Azərbaycan ədəbiyyatı. I cild. Qövsi Müəllif: Firudin bəy Köçərli |
Quba→ |
Azərbaycan şüərasından "Qövsi" təxəllüs zərif və xoştəb bir şairin yazma divani-əşar və qəzəliyyatı əlimizə düşmüşdü. Bu divandan həkim Qövsi kim və hansı yerin adamı olduğu anlaşılmadı, vəli şiveyi-lisanından və üslubi-kəlamından bizim Zaqafqaziya torpağının rayihəsi gəlir, hiss olunur. Belə ki, əgər bəzi qəzəllərinin axırıncı fərdində Qövsi əvəzinə Qüdsi və ya Zakir və ya Seyid yazılsaydı, onlar Qüdsinin, ya Zakirin və ya Seyidin kəlamı olduğuna kimsə şübhə etməzdi.
Bununla belə nə Şəki və Şirvanda və nə Bakı və Səlyanda və nə Gəncə və Qarabağda və nə Mavərayi-Qafqazın sair mütəməddin mərkəzlərində "Qövsi" təxəllüslü şairin ism və nişanəsi guşumuza erişməyibdir. Onun barəsində salxürdə ədiblərimizə rücu etdiksə də, heç kəsdən cəvabi-kafi almadıq.
Şəmsəddin Sami bəyin "Qamusül-əlam"ına rücu etdik. Onda dəxi "Qövsi" təxəllüslü türk şairindən bir əsər bulmadıq. Onda iki nəfər "Qövsi" təxəllüsü ilə zikr olunmuş şəxsə rast gəldik: onlardan birisi məşahiri-xəttatindən bağdadlı Qövsidir ki, 999-cu tarixində vəfat etmişdir, digəri isə İran şüərasından olub, yazdıqları tamam farsi dilində olduğu göstərilmişdir:
Cai ke toi nist kəsira anca,
Əz mən ke təvanəd ke resanəd xəbər anca? [1]
[1] Tərcüməsi:
Sənin olduğun yerdə heç kəs yoxdur.
Məndən ora kim xəbər apara bilər?
Qövsinin üslubi-kəlamı Rum şairlərinin üslubi-kəlamına bir azacıq bənzəyir isə də, ona Rum şari dəxi demək olmaz. Yenə təxminən demək olur ki, Qövsi Azərbaycanın İran dövlətinə mütəəlliq məhəllərində, xüsusən, Təbrizdə və ya ona qərib şəhərlərin birisində vücuda gəlmişdir. Amma övqatını bizim vilayətdə keçirmişdir.
Buna dəlil olaraq bir qəzəlinin axırıncı beytində Təbriz şəhərini Kəbəyə təşbih qılıb və ona iqtida etməsini özünə borc bilməsidir. Haman qəzəl bu sayaq başlanır:
Səbr eylə, aqibət mey olur qan dedikləri,
Sübhi-vüsal olur, şəbi-hicran dedikləri.
Ərşi-bərin qubarın onun tutiya qılır,
Hərçənd müşti-xakdır insan dedikləri.
Ləlində cami-badə kimi cəmdir sənin
Abi-həyatü atəşi-suzan dedikləri.
Qövsi gərəkdi Kəbə deyib iqtida qıla--
Təbriz qülləsinə Sifahan dedikləri.
Və yenə özgə bir qəzəlində şair Təbriz şəhərini həsrətlə yad edib deyir:
Gər yandıra öz varını pərvanə, rəvadır,
Kimdir ki, qaranlıq gecə cananə yetişməz?!
Təbriz açar könlümü, Qövsi, gər açılsa,
Hərçənd ki, firdovs Sifahanə yetişməz.
Yəqin ki, Sifahan Təbrizdə məhəllə adıdır və şair haman məhəllədəndir. Çox ehtimal var ki, Qövsi bu şerləri qürbətdə olduğu əsnada yazmışdır.
Divanında yazılmış bir tərcibənddən belə məlum olur ki, Qövsi Uğurlu xan Ziyad oğlunun əsrində onun təhti-himayəsində mürəffəhhal güzəran edirmiş. Bununla belə vətəni-məlufunu unutmayıb, hər dəm onu yad edərmiş. Uğurlu xan isə Gəncə xanlarından Şahverdi xanın qardaşı və məşhur Cavad xanın əmisi olduğu rəvayət olunur ki, hicrətin 1180–1190-cı illərində xanlıq edərmiş. Belə olan surətdə Qövsi Molla Pənah Vaqifin müasiri olub onunla bir yerdə bizim türk--Azərbaycan şairlərinin babası mənzələsindədir.
Məzkur tərcibənd ki, Qövsinin təbinin ziyadə səlis və mövzun olmağına şəhadət verir, burada dərc olunur.
Kəlami-Qövsi:
Gətir, saqi, qədəh kim, novbahari-eyşü işrətdir.
Bu gündən böylə cuşi-eşqü tüğyani-məhəbbətdir.
Bu gün kim, cami-güldən banki-nuşa-nuş urar bülbül,
Meyi-gülrəngdən hər kim ki, qafil, məsti-qəflətdir.
Verir badi-bahar əmvatə əhya sübhdəm, sən həm
Oyaq ol, fürsəti fövt etmə kim, fürsət qənimətdir,
Nola gər cami-minadən düşərsə aləmə qovğa
Ki, bu xurşidi-məhşər ol qiyam etmiş qiyamətdir.
Gətir səhba ki, baqidir səlahü tövbənin çağı,
Bu beş gün kim, qələm yoxdur bizə, əyyami-möhlətdir.
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında--
Ki, xaki-rəhgüzarı sürmeyi-çeşmi-bəsirətdir.
Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağü bağü səhra, laləzar oldu.
Gətir, saqi, şərabı ver mənə əmvatə əhya tək,
Ləbi-canəxşini məndən diriğb etmə Məsiha tək.
Nə xoş güllər düşübdür çeşmimə gülzardən sənsiz,
Əcayib dağlar var lalədən sinəmdə səhra tək.
Məni məzur tut, gər olmuşam məst, istərəm səndən
Vəfa kim, adı var, yoxdur özü aləmdə ənqa tək.
Nola gər rəşkdən bülbül töküb göz yaşı, qan ağlar--
Ki, məhv olmuş gülə şəbnəm, bieynih çeşmi-bina tər.
Mənim tək nola gər məstanə söylər bülbülü qumri--
Ki, gül cami-meyi-gülgun kimidir sərvi-mina tək.
Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında--
Ki, daniş gövhərilə var malamal dərya tək.
Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağ barü səhra, laləzar oldu.
Gətir, saqi, qədəh kim, arizu bağrım kəbab etmiş,
Meyi-gülrəng tək qeyri, məni həsrət xərab etmiş.
Mənim göz yaşımı zinhar ğur et, sərgiran baxma--
Ki, suzi-dil onun hər qətrəsin bir ləli-nab etmiş.
Mənim hər misrəi-ahım vurar divan ilə pəhlu--
Ki, divani-qiyamından məni eşq intixab etmiş.
O günlər kim, keçibdir tövbəvü zöhdü vərə birlə,
Fəğan ki, xameyi-təqdir ömrümdən hesab etmiş.
Bahar əyyamı olma naleyi-məstanədən qafil--
Ki, rəhmət naləsin məstin duayi-müstəcab etmiş.
Uğurlu xan Ziyad oğlu Musahib ruzigarında--
Ki, hər bir zərrəni şəfqət gözilə afitab etmiş.
Bihəmdillah ki, dudi-ahımız əbri-bahar oldu,
Qaradan çıxdı dağü bağü səhra, laləzar oldu.
Qövsinin bu kəlamından belə anlaşılır ki, mərhum Uğurlu xan ürəfa və şüəra silkinə hörmət və riayət göstərməklə özü dəxi əhli-hal və sahibi-kəmal bir şəxs imiş. Necə ki, şair deyir:
Uğurlu xan Ziyad oğlu Müsahib rüzigarında--
Ki, daniş gövhərilə var malamal dərya tək.
Şairin dəxi zərif, əhli-hal və sahibi-məna bir vücud olduğu öz kəlamından anlaşılır. Necə ki, bir qəzəlində demişdir:
Nüktə tutmaq bülbülə, Qövsi, nə lazımdır sənə,
Hər kimin mənidə miqdarı sözündən bəllidir.
Qövsinin sözündə olan lətafət və mühəssənatı hər bir ərbabi-zövq anlaya bilir. Şair bu babda demişdir:
Gərçi Qövsi xuni-dildən öz sözün rəngin edər,
Söz bilən aşiq bilir göftar onun göftarıdır.
Qövsinin həqiqətdə şirin göftarı, zərif və dilpəsənd əşarı ilə oxucularımızı tanış etmək üçün bir neçə nümunələr göstərilir.
Qəzəli-Qövsi:
Hərçənd gül lətif olar, ruxsarın özgədir,
Nərgis nə olsa, çeşmi-füsunkarın özgədir.
Mən qönçəyə yaman demərəm, nüktə tutmaram,
Söz bundadı kim, ləli-göhərbarın özgədir.
Tubadə var rəunztü əndam sərvdə,
Amma xürami-nəxli-bəlabarın özgədir.
Yox vaizin sözünə sözüm kim kim, behişt var,
Kuyin bir özgə cənnətü didarın özgədir.
Qövsi, əgərçi var cəfapişə dustlar,
Amma sənin hərifi-sitəmkarın özgədir.
- * * * *
Heç şəm ilə ram olmaz pərvanələriz bizlər,
Zəncirə baş endirməz divanələriz bizlər.
Dünya ilə surətdə var ülfətimiz, amma
Mənidə bu aləmdən biganələriz bizlər.
Seylabi-həvadisdən neylər biza gərdun kim,
Tuyrani-keşakeşdən viranələriz bizlər.
Hərgiz səsimiz çıxmaz, heç kəs dilimiz bilməz,
Hərçənd ki, dillərdə əfsanaləriz bizlər,
Yox taətimiz, amma fariq deyilik, Qövsi,
Ol mah büti-Çindir, bütxanələriz bizlər,
Qövsinin bu qəzəlindən onun movləvilər silkindən və həqiqət əhlindən olduğu zahir olur. Necə ki, şair deyir: Surətdə bu dünya ilə ülfətimiz var isə də, mənidə bu aləmdən biganələriz. Başqa bir mənəviyyat aləmlərinin məxluquyuz. Ona binaən seylabi-həvadisdən bizim bakımız yoxdur, zira birdəfəlik tufan keşakeşindən biz məxrub və viran olmuşuz. Bu aləmi-zahirdə bizim səs və sədamız dillərdə əfsanə olubsa da, özümüzdən bir səs çıxmaz və bir alamət və nişan görünməz. Zahirdə taat və ibadətimiz gözə gəlirsə də, batində cümləmiz taət əhliyiz və ol mahi-büti-Çin, yəni xudavəndi-aləmin bizim məbud bəhrəqqimizdir.
Özgə bir qəzəlində Qövsi yenə bu mənadan danışıb, aləmi vəhdət meyini çeşid edənlər üçün bir meyxanaya təşbih qılıb deyir:
Badeyi-vəhdət içən aləmi meyxanə bilir,
Fələyin gərdişini gərdişi-peymanə bilir.
Tifli-əşkim qərəzin aqil olan fəhm etməz,
Bu uşaqlar dilini aşiqi-divanə bilir.
Doludur bəs ki, nifaq ilə cahan, sahibi-dil,
Aşina surətini məniyi-biganə bilir.
Xəttü xal seyrinə, zinhar, könül bağlama kim.
Damdır ol ki, onu əhli-həvəs danə bilir.
Aşağıda yazılan qəzəl həmçinin Qövsinin əhli-həqq və sahibi-dil və mənipərəst olmağına şəhadət edir. Şair dünyanın malü mənalına və cahü calalına könül bağlamır. Zahiri hüsnü cəmal və xəttü xal ilə onun işi yoxdur. Aradığı sahibi-dil və hüsni-mənadır:
Aşiqəm mən, dövlətü malü mənalı neylərəm,
Bərkü bərdən yummuşam göz, şaxu balı neylərəm?!
Yek gəlir bir qönçeyi-məstur yüz güldən mənə,
Yar sahibdil gərək, sahibcəmalı neylərəm?!
Handa olsam buyi-gül tək rövzeyi-kuyindəyəm,
Naməvu peyğam üçün badi-şimalı neylərəm?!
İstərəm vəslin ki, yarın, aşina olmaz mənə,
Gər xəyalın ram ola, bəzmi-vüsalı neylərəm?!
Sən nəfəs çağ eylə, ey ney, gər usandın nalədən,
Mən həvayi-kuyi-eşqəm, etidalı neylərəm?!
Gər verirsən, dövləti-didari-canan ver, fələk,
Yoxsa mən mehmani-fəqrəm, mülkü malı neylərəm?!
Tarü pudi aləmin əfsanəvü niyrəng imiş,
Mən bu batil xabü bihasil xəyalı neylərəm?!
Ləzzəti-didardən, Qövsi, mənə heyrət yetər,
Əldə ta ayinə var, abi-zülalı neylərəm?!
Necə ki, zikr olundu, Qövsi dünyanın malına və cah-cəlalına qədrü qiymət qoymayıb, əsl səadət və insaniyyəti istiqamət və sədaqətdə görür. Haqqı tanıyıb insaniyyət dərəcəsinə və mənəviyyat aləminə vasil olmaq üçün, Qövsinin əqidəsincə, başqa bir dəlil və rəhbər lazım deyil, beqeyrəz "sidqi-niyyət".
Fəxr etmə malü cahə ki, iqlimi-fəqrdə
Dövlət şikəstəbalü huma hiçkarədir.
Ta Xızri-rahın olmaya öz sidqi-niyyətin,
Qövsi, bu yolda rahnüma hiçkarədir….
Mərd ilə namərd və fürumayə ilə alitəb və dünyayi-dunun qəddar və gəcrəftarlığı babında demişdir:
Nola gər fərq ola namərdlərdən mərd dünyadə,
Əgərçi bəllidir hər mərdü hər namərd dünyadə.
Edərdim nikü bəd fərqin, bilərdim yaxşılar qədrin,
Fəğan kim, açmadım göz bir nəfəs namərd dünyadə.
İçərlər xəlqi-aləm sağəri-zərrin ilə səhba,
Mənə qalmışmı əşki-sürxü rəngi-zərd dünyadə?!
Betərdir tiğdən biabrulər surətin görmək--
Ki, olsun tömeyi-şəmşir hər namərd dünyada.
Cahanda buyi-dərdü dağ heç bir kimsədən gəlməz,
Onunçün gün görərlər mərdümi-bidərd dünyadə.
Olar kim, ol təbibin hikmətindən qafil olmuşlar,
Nə bilsinlər ki, eyni-afiyətdir dərd dünyadə.
Neçə mən bilməyim, Qövsi, bu viran olmuşun qədrin--
Ki, öz könlümdən ayrı bulmadım həmdərd dünyadə.
Zəmanənin ədəmi-səbatından və daima təğyir və təbdil etməsindən və əhli-zəmanənin bir haldan qeyri bir hala dəyişirilməsindən, fəqirin qəni və qəninin fəqir və bəsirət əhlinin məyus və xunincigər olmasından bəhs edib deyir:
Əsasi-tövbeyi-mey üstüvar böylə qalırmı?
Bizə müdam südayi-xumar böylə qalırmı?
Gəlir bir özgə zəmanə, dönər fələk, dolanar gün,
Rəqibə bu şərəfi-etibar böylə qalırmı?
Şərab nirxinə, ey bağban ki, sirkə satırsan,
Çəmən həmişə baharü bahar böylə qalırmı?
Dönə-dönə içirirsə bəsirət əhlinə qanlar,
Sipəhrə həm bu qərarü mədar böylə qalırmı?
Keçər təğafül edib yar naz ilə sənə, Qövsi,
Keçər bu bir neçə gün, ruzigar böylə qalırmı?
Həqiqətdə gözəl sözlər və həkimanə suallardır: Ey malü dövlətə faxir libas və hüsni-surətə fəxr edən qafillər, bu qədər məğrur olmayın. Bu dövlət və bu hüsni-cəmal əbədi və daimi deyil; beş günlükdür; gəlib keçəsidir və ey əhli-hal və bəsirət, sizə zəmanə dönə-dönə qan içirirsə, ondan siz məyus və pərişan olmayın. Sipəhrə həm bu qərarü mədar belə qalmaz və sizin də axırınız xeyrə mübəddəl olar. Və, ey Qövsi, əgər yari-cəfakar təğafül edib, sənin yanından keçib sənə iltifat və etina etməzsə, sən də ondan mükəddər olma. Bu bir neçə gün gəlib keçər, nə səndən bir əsər və nə sənə nazü işvə satan yardan bir əlamət qalar.
Əşarın qəzəliyyat növündən maəda Qövsinin xeyli dilpəsənd və mövzun bahariyyatı, saqinaməsi, tərkibbənd və tərcibəndləri və qəsidələri vardır ki, cümləsinin buraya küncayişi yoxdur. Vəli onlardan nümunə üçün bir neçə bəndlər göstərilir.
Tərkibbənddən bir bənd:
Qurbanın olum, Qövsi, məhcur sənindir,
Şirin söz ilə xalqa salan şur sənindir.
Aşiq ki, zəif olsa, onu yazıya salma,
Hərçənd Süleyman olasan, mur sənindir.
Məst olsamü dursam, dolanıb başına ölsəm,
Təqsirimə qalma, meyi-pürzur sənindir.
Gər öldürər olsan, əgər əhya verər olsan,
Öz istədiyin eylə ki, dəstur sönindir.
Yandırsan əgər cismimi, yandır, nə sözüm var,
Didar sənin, şölə sənin, Tür sənindir.
Yadınla gözüm mərdümüdür qətreyi-əşkim,
Gər var çırağımda mənim nur, sənindir.
Ey gənci-rəvan, guşeyi-bituşədən ötmə,
Gəl-gəl ki, bu gəncinəvü gəncur sənindir.
Hərçənd ki, hər guşədə, hər bağdə, ey gül,
Bülbül mənimü qençeyi-məstur sənindir.
Mən eyləmənəm ərzi-təmənna, sözüm anla,
Dindirmə məni, dilsizəm, amma sözüm anla!
Qövsinin tərcibəndindən bir bənd:
Üşşaqə vaizin nəfəsindən nə faidə?!
Mənzildə karvan çərəsindən nə faidə?!
İkki cahanda vaizə çün mey haram imiş,
Cənnət həvasinin həvəsindən nə faidə?!
Naseh müdam tövbəyə tərğib edər məni,
Ya rəb, ona bu mültəməsindən nə faidə?!
Bikardır bədən dili-pürşur olmasa,
Çün əndəlib yox, qəfəsindən nə faidə?!
Zülfün nə lazım eyləyə zəncir könlümü,
Ol seyd bəsləmən mərəsindən nə faidə?!
Ey həmsəfər, mənim kimi bir tifli-məşrəbə
Bidərd təbli-köç səsindən nə faidə?!
Aşağıda yazılan müsəddəs-tərcibənd--ki, Füzuliyi-Bağdadinin kəlamına nəzirə səbkində inşad olunubdur,--Qövsinin gözəl və mövzun kəlamlarından birisidir:
Gəlin, ey əhli-vərə, aşiqü xummar olalım!
Hamı bir müğbəçə yanında giriftar olalım!
Ney kimi nalə çəkib, çəng kimi zar olalım!
Necə bir böylə gözəl fəsldə huşyar olalım!
İçəlim bir neçə gün badəvü sərşar oladım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!
Camlər zəhr ilə məmlüv şəbi-hicran içdik,
Eylədik tövbə əgər göz görə, pünhan içdik.
Hər nə kim verdi bizə saqiyi-dövran, içdik,
Bu fəna dəhrdə bəsdir bu qədər qan içdik!
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!
Necə bir şamü səhər xabü xəyal ilən ötə,
Necə bir əxtəri-məsud zəval ilən ötə,
Yüz nişat ilə gəlib ömr, məlal ilən ötə,
Heyfdir böylə bahar ayı bu hal ilən ötə,
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!
Xublar vardı çəmən seyrinə zinhar, gəlin!
Cəm olun qönçə kimi, gül kimi bir dəm açılın!
Eşidin bülbülün ahəngini, qədrini bilin,
Dustlar, mövsümi-gül getmədən əldən yığılın--
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!
Yarə can eylərik isar, budur niyyətimiz,
Tutarıq damənini yar ola gər dövlətimiz.
Biz onun bəndəsiyik, səcdəsidir taətimiz,
Ömr əgər möhlətimiz versə, fələk fürsətimiz,
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!
Fariq olmun fələki-mübrimin ibramından,
Hiç kim səy ilə qurtulmaz onun damından,
Dustlar, dövri-zaman gərdişi-əyyamından
Etməmişkən bizi bihuş əcəl camından,
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz onna yar olalım!
Nola gər çərx ilə yekru qılıram mən, Qövsi!
Dust gər yar ola, neylər mənə düşmən, Qövsi!
Büt ilə xəlvət edən yerdə brəhman, Qövsi,
Gəl ki, bir guşədə saqiyyü mənü sən, Qövsi,
İçəlim bir neçə gün badəvü sərşar olalım!
Bizə yar olmasa saqi, biz ona yar olalım!
Atidə dərc olunan münacat ilə--ki, Qövsinin ən xoşməzmun və səfabəxş kəlamlarından birisidir və mənən Füzulinin kəlamına bənzəyir,--xətmi-kəlam edəlim. Onun əşari-lətifələrindən ittixaz olunan nümunələrə iktifa olunur.
Münacati-Qövsi:
İlahi, könlümü qurtar bu aləm macərasından,
Məni döndər onun biganəsindən, aşinasından!
İlahi, könlüm et rövşən, məni göstər mənə , ya rəb,
Onun ayineyi-dəryadili-aləmnümasından!
İlahi, könlümü öz eşqin ilə et ləbaləb kim,
Usandım qədrbilməzlər qəmü dərdü bəlasından!
İlahi, rövşən eylə çeşmimi öz xaki-rahından--
Ki, yekdir zülfü xəttin sürməsindən, tutiyasından!
Havalandır məni ərbabi-dil övci-məqamında,
Bu duni-fitrətin qurtar səri-kuyi-həvasından!
Mükəddər eylədi ayinəmi qəflət tozu, ya rəb,
Xəbərdar et məni öz Kəbeyi-kuyin səfasından!
İlahi, bir məqam et Qövsiyi-biçarəyə rüzi--
Ki, yek gəlsin ona dərdin sənin qeyrin dəvasından.