Az danışmağın gözəlliyi

Az danışmağın gözəlliyi
Müəllif: Nizami Gəncəvi


Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da.

İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.

Az sözün incitək mə'nası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.

Əsli təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.

Mə'dənlə dolsa da hər xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.

Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!

Yüz ulduz yansa da göylərdə, inan,
Bir Günə baş əymək xoşdur onlardan.

Göydə parlasa da nə qədər ulduz.
Günəşdir nur verən aləmə yalnız.