İ Bayatılar. K hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
Q
Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995



Karvan yola düzülür,
Ala gözlər süzülür,
Necə mən ağlamayım,
Əlim yardan üzülür.

Keçdi bizim çağımız,
Xəzan oldu bağımız.
Yel əsdi, yağış yağdı,
Töküldi yarpağımız.

Kəhərin sinə bəndi,
Ovçunun binə bəndi.
Mən dərddən qaçaq oldum,
Dərd məndə binələndi.

Kəkliyəm, fərəm sənsiz,
Düşübdür pərən sənsiz,
Yad eldə, yad ölkədə,
İnan, gülmürəm sənsiz.

Kəm baxtı sönən qərib,
Qürbət ölən qərib,
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.

Kəməndin atan tellər,
Aşiqin satan tellər.
Əl vurma, çalar səni,
Qıvrılıb yatan tellər.

Kəmər bağla belinə,
Şərbət verim əlinə,
Sən gəlinim olanda
Xına qoyum telinə.

Kətanın var daraqda,
Bir yar sevdim İraqda.
İraqda olur – olsun,
Sevgisi var ürəkdə.

Kim qurubdu bu bəndi,
Su gəldi basdı kəndi.
Dövran əydi kaman tək,
Mən yazıq dərdiməndi.

Kölgədən günə düşdüm,
Bağlı düyünə düşdüm.
Fələk, qapın çırpılsın,
Sən deyən günə düşdüm.

Könlüm qaldı səndə, yar
Təbib yardı, sən də yar.
Mən sənə neylədim ki,
Küsüb getdin sən də, yar!

Könül aldatdı məni,
Qürbətə atdı məni.
Ana, yazdığın sözlər,
Xeyli ağlatdı məni.

Köynəyi yaşıl oğlan,
Əcəb yaraşır oğlan.
Gözüm gözünə düşcək,
Dilim dolaşır oğlan

Köynəyin o yaxası,
Dərd gəlib, oya xası.
Qoy mənim əlim olsun
Düşmənin o yaxası.

Köynəyin tikən olsun,
Qatlayıb bükən olsun.
Qürbət yer xoş keçirsə,
Qoy sənə məkan olsun.

Kür qırağı sərindir,
Girmə, içi dərindir.
Oğlanı dərdə salan
Bir ala göz gəlindir.