K Bayatılar. Q hərfi ilə başlayan bayatılar
Müəllif: Şifahi xalq ədəbiyyatı
L
Sister Projects. Həmçinin baxın: Haqqında •



Qala gərək, bürc gərək,
Darvazası tunç gərək.
El qapısın açmağa
Sel kimi bir küç gərək.

Qalanın bucağında,
Od yanar ocağında.
Qoy məni öldürsünlər,
Yarımın qucağında.

Qalx, gedək burdan artıq,
Baş açıq, yaxa yırtıq.
Biz dedik qəm azalsın,
Qəm gəldi qəmdən artıq.

Qapıda durma yetim,
Boynunu burma yetim.
Kirpiyini ox edib,
Canıma vurma, yetim.

Qar yağıbdır dizəcən,
Bu düzdən o düzəcən.
Qəlblərdə körpü olum,
Uzanım Təbrizəcən.

Qara dağın düzü var,
Düzlərində quzi var.
İki könül bir olsa,
Kimin ona sözü var?

Qaratikan olmaya,
Qızılgülüm solmaya.
Qorxuram qərib öləm,
Ağlayanım olmaya.

Qardaş adına qurban,
Alma dadına qurban.
Səni yalqız demirəm,
Gül adaxlına qurban.

Qardaş ata gedibdir,
Yata-yata gedibdir.
Çiynində quzu kürkü,
İxtilata gedibdir.


Qardaş demə, qan olar,
Yel əsər, fəqan olar.
Qardaş gələn yollara,
Bacılar qurban olar.

Qardaş gəlir enişə,
Yükü dönüb gümüşə.
Qardaşa qız tapmışıq,
Üzdə xalı bənövşə.

Qardaş mənə qar göndər,
Əsirgəmə, var göndər.
Əl dəyməmiş yaylıqda,
Gün dəyməmiş bar göndər.

Qaşın kim ala bilər?
Gözün kim ala bilər?
Səni mənim əlimdən,
Görüm kim ala bilər?

Qaşların qara, gözəl,
Dərdimə çara, gözəl.
Səndən əl götürmərəm,
Çəksələr dara, gözəl.

Qaşların qatar-qatar,
Kirpigin oxlar atar.
Yarpaqların gül açmış,
Dodaqların bal sata.

Qaşların qibləgahdı,
Qiblə desən günahdı.
Dağlara duman çöksə,
O da mən çəkən ahdı

Qaşların yay mənimçÜn,
Yanağın ay mənimçÜn.
Mən ölsəm sənə qurban,
Sən ölsən vay mənimçün.

Qaşların zülqədəri,
Ucları mil qədəri.
Hər səhər üzün görsəm,
Açılar gül qədəri.

Qeybətə düşdü yolum,
Düşmən alıb sağ-solum.
Eldən ayrı düşəli,
Buxovlanıbdı qolum.

Qərənfil əsdi, neylim?
Səbrimi kəsdi, neylim?
Üzdə dost, dalda düşman,
Mən belə dostu neylim?

Qərənfil qutudadı,
Xumar göz yuxudadı.
Qəm çəkmə, dəli könül,
Mətləb verən Xudadı.

Qərənfiləm, al xaram,
Açılmağa qorxaram.
Ay camalını grsəm,
Xəstə olsam qalxaram.

Qərənfiləm, qələmsiz,
Qərarım yoxdu sənsiz.
Yorğanına od düşsün,
Necə yatırsan mənsiz.

Qərənfiləm, talx indi,
Dəli könlüm, qalx indi.
Yarım əlimdən getdi,
Rahat olsun, xalx indi.

Qərənfili dərəndə,
Dərib yerə sərəndə,
Əziz günüm o gündü,
Səni tənha görəndə.

Qərənfili dərəndə,
Dərib yerə sərəndə,
Yara könlümü verrəm,
Mənə könül verəndə.

Qərənfilim qutuda,
Ala gözlər yuxuda.
Mən səndən əl çəkmərəm,
Girməyincə tabuta.

Qəribəm, vətənim yox,
Bu yoldan ötənim yox,
Düşdüm dərin dəryaya,
Əlimdən tutanım yox.

Qəribəm yoxdur arxam,
Qanadım yoxdu qalxam.
Çıxam qəlbi dağlara,
Vətənə doğru baxam.

Qəribi ozan ağlar,
Taleyin yazan ağlar.
Yaxasız köynək tikib,
Qəbrini qazan ağlar.

Qırmızı yasdıq üzü,
Qoyunlar otlar düzü.
Gəl otur həmdəm olaq,
Danışaq dərdimizi

Qırmızıdır kürkün, yar,
Çıx küçəyə gör kim var,
Əhdinə düz çıxmadın,
Yerə girsin börkün, yar.

Qızıldır dişin sənin,
Müşküldür işin sənin.
Niyə səntək gözəli,
Sevməyir kişin, gəlin?

Qızılgül axçalandı,
Dibi tabağçalandı.
Səni kimlər qarğıdı,
Paltarın boğçalandı.

Qızılgül dən-dən oldu,
Dərmədim xəndan oldu.
Mən səndən ayrılmazdım,
Ayrılıq səndən oldu.

Qızılgül ərsin-ərsin,
Qızılgülü kim dərsin?
Ürəyinin mətləbin,
O ağam Əli versin.

Qızılgül üç gül açar,
Üç yarpaq, üç gül açar.
Çağırsan Əbülfəzli,
O, yaxşı müşkül açar.

Qızılgül üzüləndə,
Gilabı süzüləndə.
Sevgi yadıma düşür,
Gözəllər düzüləndə.

Qızılgüləm, aşmaram,
Aşsam da dolaşmaram.
Sən dövlətli, mən kasıb,
Mən sənə yaraşmaram.

Qızıl gülsən, butasan,
Dostu əziz tutasan.
Mənə quru söz verdin,
Könül verdin yada sən.

Qolbağısı qolunda,
Gəzər bulaq yolunda.
Sən nə qədər gözəlsən,
Mələk varmı soyunda?!

Qolunda var qüvvətin,
Arzum var olsun mətin,
El yolunda baş qoyan,
Qazanar el hörmətin.

Quşlar göldə üzərlər,
Tərlan kimi süzərlər.
Sənə tay ola bilməz,
Yüz obalar, yüz ellər.

Quşlar göydə pər açdı,
Günəş yerə nur saçdı.
Yar məndən ayrılanda,
Üzümün rəngi qaçdı.

Quzum bulağa çıxıb
Enib bulağa çıxıb,
Siz Allah xoş söz deyin!
Yarım qulağa çıxıb.

Quzum gəl, ay quzum gəl,
İşıqlı ulduzum gəl.
Özgə qurban kəsmənəm,
Sənə qurban özüm, gəl.

Qürbətdə çana yetdim,
Təng olub, sana yetdim.
Vətənə dönən günü
Dinə, imana yetdim.