Bayatılar/P
←Ö | Bayatılar. P hərfi ilə başlayan bayatılar Müəllif: Şifahi xalq ədəbiyyatı |
R→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995 |
Papağın qabağı düz,
Dalı düz, qabağı düz.
Dünya, səndən kim keçdi,
Qaşı düz, qabağı düz.
Payız qışdan əzəldi,
Yarpaq tökən xəzəldi,
Vətən viran da olsa,
O, cənnətdən gözəldi.
Payızın əzəlidir,
Bağçanın xəzəlidir.
Adına qurban olum,
Adların gözəlidir.
Pəncərədə üzüm var,
Ana, sənə sözüm var.
Qonşu oğlanlarının,
Kiçiyində gözüm var.
Pəncərədən baxan yar,
Bulaq kimi axan yar.
Gözlə, görən olmasın,
Açılıbdı yaxan, yar.
Pəncərədən daş gələr,
Xumar gözdən yaş gələr.
Səni mənə versələr,
Hamıya da xoş gələr.
Pəncərədən gün düşdü,
Gün düşdü, bağrım bişdi.
Ala gözlü cananım,
Yenə yadıma düşdü.
Pəncərənin işığı,
Oldum gözün aşığı.
Gedirsən, get, tez qayıt,
Evimin yaraşığı.
Pərvanə nədən yana,
Od tuta bədən yana.
Yaxşı dost yaman gündə,
Çəkilər nədən yana?
Pərvanə oda yansın,
Mən gedim, o dayansın.
O ki, məni yandırdı,
Od tutsun, o da yansın.
Piyaləni düz gəzdir,
Bir özün iç, bir gəzdir.
Dünyaya sənsiz baxsam,
Gözlərimə mil gəzdir.