Birə (Şair Nəbi Borçalı)

Birə
Müəllif: Nəbi Miskin
Müsəddəs
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013

Ay ariflər, var sinəmdə, bir qoşa dağı birənin,
Bülbülə tən eyləyən, gəzəndə bağı birənin.
Bunun üçün çətindirmi, ayaqdan çıxa dalına,
Ciyərinə yol eyləyə, daraşa əliynən-qoluna,
Yorulub yolda qalan, budu axsağı birənin.
Bir belə qydası var, yamandı dağı birənin.

Arığı canavardı, kökünün yalına baxma,
Qaçma, gəlsə qurtarmazsan, alçağa, hündürə çıxma
Hər tərəf məskənidi, hündür eyvan, alçax daxma.
Gah dişlər, gah da didər, gah dişini çalar çaxma,
Körpüsüz, piləkansız, dolanan dağı birənin,
Yolunu qırağ eylə, olma qınağı birənin.

Səf-səf düzülüb hər yana, böyük-kiçik qoşundadı,
Ağzından ağı tökülür, zəhmi, zoru dişindədi.
Qarası çox yamandı, cərgənin başındadı.
Qoşunun sərkərdəsi sarısı onun peşindədi.
Dava edər, qana batar, əli-ayağı birənin,
Yaz vaxtı nizam oynar, yay vaxtı çağı birənin.

Qırmızısı ləjəngidi, adamı işdən eyləyir,
Yatana yuxu vermir, yaxadan, döşdən eyləyir.
Dolanır bədənini, kiprikdən, qaşdan eyləyir,
Qalmayır ağıl, kamal, aparır huşdan eyləyir,
Ay ağalar, var sinəmdə bir belə dağı birənin,
Dünyanı bərbad eylər, tanınsa ağı birənin.

O ki ala birədi, insafını əldən qoymaz,
Adamı candan eyləsə, dərisini təmiz soymaz.
Əgərki yaxandan tutsa, yalvarsan da əldən qoymaz,
Gecə-gündüz qanın sorar, nə dayanıb, nə də doymaz,
Top-topxana, nizam-düzən, canlara yağı birənin,
Nəbim deyər, var sinəmdə bir qoşa dağı birənin.