Dəvə və balası

Dəvə və balası
Müəllif: Seyid Əzim Şirvani


Azim olmuşdu karivani-ərəb,
Bir şütürbeççə çəkdi rəncü təəb.
Çün yoruldu o nazənin-rəftar,
Öz anasına eylədi izhar,
Dedi: - Ey madəri-qəviəndam,
Bir zaman yatgilən, tutaq aram.
Bu nə seyri, bu nə səyahətdir,
Nə məşəqqət, bu nə mərarətdir?
Gəlmisən dağlar üstə covlanə,
Düşmüsən Qeys tək biyabanə.
Dedi: - Ey tifli-şirxarə, məgər
İxtiyarımladır mənim bu səfər?
Olsa idim bir ixtiyar içrə,
Çəkməz idim yükü qatar içrə.
Sarbanın əlində oldu məhar.
Hər tərəf çəksə, eylərəm rəftar.
Gərçi məndən tapır bu fel südur,
Mənəm aləmdə faimi-məcbur.
Gedirəm, əldə bir maharım yox,
Öz əlimdə bir ixtiyarım yox.
Kəştini sanma naxuda aparır,
Hər tərəf istəsə, xuda aparır.
Seyyida, həqdi faili-mütləq,
Etmə ləq-ləq kimi əbəs ləq-ləq.
Kimsə olmaz sənə cahanda dayaq,
Həqq – təaladü qasimi-rəzzaq,
Gəlməmiş sən cahanə ey mədum,
Ruziyi-qismətin olub məqsum.
Çəkmə ruzidən ötrü zərreyi-qəm,
Çatacaqdır sənə nə bişü nə kəm.
Leyk təhsilə eylə sən tədbir,
Şayəd olsun müvafiqi-tədbir.