Dəyər sənə
Müəllif: Aşıq Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

 
Sallana-sallana gedən Salatın,
Gəl belə sallanma, göz dəyər sənə,
Al-yaşıl geyinib qarşıda durma,
Yayın bəd nəzərdən, söz dəyər sənə.

Getmə, getmə görüm, kimin yarısan,
Hansı bəxtəvərin vəfadarısan?
Kölgədə bəslənmiş quzey qarısan,
Səhərin yelləri tez dəyər sənə.

Qurbani der: heç kəs yarın öyməsin,
Düymələ yaxanın çarpaz düyməsin,
Dəstələ zülflərin, yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sənə.