Deyiləm (Aşıq Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Deyiləm
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

İxtiyar sənindi, vəfalı dilbər,
Mən sənin xətrinə dəyən deyiləm.
Səbəb nədi məndən kənar gəzirsən?
Sir sözün yadlara deyən deyiləm.

Hər gecə vayğamda1 görürəm səni,
Sən allah, sən tanrı, sən də gör məni,
Çıxsın ilqarından dönənin canı,
Mən ki ilqarımdan dönən deyiləm.

Qurbani der: gülü tutasan dəstə,
Dəribən verəsən vəfalı dosta,
Üzümü qoysam da üzünün üstə,
Öpübən dişlərəm, yeyən deyiləm.