Eşşək və arı
Eşşək və arı Müəllif: Seyid Əzim Şirvani |
Bir neçə kəndi gördü bir eşşək,
Arılar onda işləyir bişək.
Gördü bir xaneyi-müqəddəs var,
Beyti-şeşguşə içrə çox kəs var.
Padşahın hüzuruna getdi,
Şahi-yəsubdən sual etdi.
Dedi: - Bu kənddə nədir məqsud
Saz olur gündə nayü bərbətü ud?
Sizə hasil nədir bu qovğadən?
Vaqif eylə məni bu mənadən.
Dedi: - Biz səbzəyə olub çirə,
Edərik cəm kəndiyə şirə.
Dedi eşşək ki, yəni şirə nədir?
Olmusuz səbzi üzrə “çirə” nədir?
Bir qədər bal dadızdılar eşəgə.
Yedi eşşək çü balı, düşdü şəkə.
Düşdü bir fikrə eşşəgi-nadan
Ta gedib otlasın o da qalqan,
Gəlibən çəksin arı tək şirə,
Könlünü verdi fikrü tədbirə.
Yedi qalğanı, gəldi saldı peyin –
Ki, iyindən tutuldu başü beyin.
İylədi, daddı, gördü bal deyil,
Yediyi balə bu misal deyil.
Kəndiyə gəldi vurdu bir şıllaq,
Arıları dağıtdı ol sərsaq.
Gördü bir ayrı arı bu halı,
Arılardan soruşdu əhvalı,
Dedi: - Kəşf eylə, nə bəladır bu,
Nə müsibət, nə macəradır bu?
Dedi bir arı arıya: - Ari,
Biz bu yolda itirmişik ari.
Eşşəyə bal dadızmışıq qafil,
Olmuşuq fəzlü əqldən cahil.
Bu qəmü dərdə mübtəla olduq,
Sahibi-möhnətü bəla olduq.
Eşşəyə bal dadızsa hər kəs bal,
Dağılır xanəsi onun bu misal.
Seyyida, elmi açma nadanə -
Ki, düşərsən cahanda nöqsanə.
Çəkmə kamayi-şeri bazarə,
Gövhəri ərz elə xiridarə
Nə bilir dürr qədrini əllaf,
Yoxdu bazari-dəhrdə sərraf.