Ellərə doğru
Ellərə doğru Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Nə ola bir şadlıq xəbəri gələ,
Yüklənə barxanam ellərə doğru.
Naşı ovçu bərə bəklər, əylənər,
Marallar sayrışar yollara doğru.
Səhərdən yüklənər nazlımın köçü,
Cənnətül məvadır qoynunun içi,
Əbrişim telləri, mürəssə saçı,
Hərdəm şitab elər bellərə doğru.
Sevdiyimin gürcü imiş atası,
Əskik olmaz qoç igidin xatası,
Qaşın kaman, sinəm onun butası,
Qatı yay çəkilir qollara doğru.
Tağçalarda qurudular barama,
Naşı təbib məlhəm eylər yarama,
Dedim pərim, zülflərini darama,
Könül gəştə çıxar tellərə doğru.
Qurbani der: naləm yandmr daşı,
Üstümə gəlməsin təbibi-naşı,
Ümmana dönəndə gözümün yaşı,
Axanda tökülür sellərə doğru.