Gülləri
Müəllif: Şamlı Cabbar
Mənbə: Tariyel Qəni (2015). ŞİRVANIN ŞAMLI ELATININ AŞIQ VƏ EL ŞAİRLƏRİ (az). "Ozan dünyası" jurnalı. azab.az. Yoxlanılıb 2016-02-04.


Bir güzar eylədim yarın bağına,
Bağçasında xar qucubdu gülləri,
Bizimnən şirin-şirin danışdı,
Yandırdı cismimi tuti dilləri.

Dəli könlüm, nə diyara çaparsan?
Məkkəynən Mədinəni yaparsan,
Rumda tapmasan, Şamda taparsan,
Qadir mövlam bağlamasa yolları.

Cabbarın dərdini bu dağlar çəkməz,
Ayrılıq toxumunu heç bəşər əkməz,
Vədəsiz bağçalar gülünü tökməz,
Tərs əsməsə o fələyin yelləri.