Başına döndüyüm Gəncənin xanı,
Mətləbimdi, pəri üçün gəlmişəm.
Buyur cəlladlara töksünlər qanı,
Mətləbimdi, pəri üçün gəlmişəm!
Böyüklərdən əta, kiçikdən xəta,
Mərd igid odu ki, dediyin tuta,
Şahlar şahı mənə veribdi buta,
Mətləbimdi, pəri üçün gəlmişəm!
Heç çıxmadım nazlı yarın köşkünə,
Bulanmadım ənbərinə, müşkünə,
Tərəhhüm eylə mən qərib miskinə,
Mətləbimdi, pəri üçün gəlmişəm!
Qurbani der: diriliyəm, mən diri,
Yolunda qoymuşam can ilə səri,
Axtardığım yardı, şikarım pəri,
Mətləbimdi, pəri üçün gəlmişəm!