Gedirəm (Aşıq Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gedirəm
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Nə müddətdi cəlay-vətən olmuşam,
Baş götürüb Gəncə deyib gedirəm.
Qəvvas kimi dəryalara dalmışam,
Eşqə düşüb onca deyib gedirəm.

Sevgili sevgini könülnən tuta,
Sidqini bağlaya eynəlyaquta,
Şahlar şahı özü veribdi buta,
Baş götürüb onca deyib gedirəm.

Qurbani tab etsin bu dərdə necə?
Qərarım kəsilib gündüz, həm gecə,
Bir gözəl sevmişəm hamıdan incə,
Baş götürüb İncə deyib gedirəm.