Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur/İkinci məclis
←Birinci məclis | Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur İkinci məclis (1850) Müəllif: Mirzə Fətəli Axundzadə |
Üçüncü məclis→ |
Həmçinin baxın: Şəkilləri • Mənbə: Mirzə Fətəli Axundov. Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur — azadliq.org saytı. Yayımlanıb: 05.03.2011 |
İKİNCİ MƏCLİS
İkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə sövkənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.
Hatəmxan ağa. Həkim sahib, eşidirəm ki, bizim Şahbazı Firəngistana aparırsan, bu necə sözdür?
Müsyö Jordan. Bəli, Hatəmxan ağa, bu sözü mən özüm sizə deyəcəkdim; çünki heyfdir Şahbaz bəy kimi cavan və zirək və sahib-savad oğlan firəng dilini bilməyə; mən təəhhüd edirəm ki, onu Parisə aparıb, firəng dilini ona öyrədib yola salam; çünki firəng dilinə çox şövqi var, tez öyrənər. İndi də mənim ilə durub oturmaqdan bir para kəlimatı hifz edibdir.
Hatəmxan ağa (üzün Şahbaz bəyə tutub). Şahbaz, doğrudur ki, Parisə getmək istəyirsən?
Şahbaz bəy. Bəli, əmi, əgər sizin rüsxətiniz olsa, müsyö Jordan ilə gedərəm, genə sonra özüm qayıdaram, gələrəm.
Hatəmxan ağa. Nədən ötrü, balam?
Şahbaz bəy. Firəng dilini öyrənməyə, əmi!
Hatəmxan ağa. Firəng dili nəyinə lazımdır, əzizim?! Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, allaha şükür dövləti-əliyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən. Şahbaz bəy. Əmi, firəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz, Allahverdi bəyin oğlu Tarıverdi bəy Varşavada firəng dili öyrəndiyi üçün hər məclisdə məndən hörmətli idi. Bavücudi ki, firəng və türki dilindən başqa özgə dil bilməzdi. Hatəmxan ağa. Balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dil ilə olsa filcümlə fəhm və zəmanə əhlinin adət və xəvassından mütəlle olsun; öz işin yola aparsın.
Şahbaz bəy. Zəmanə əhlinin birisi də Paris xalqıdır. Sizin sözünüzə görə onların da adət və xəvassından xəbərdar olmaq lazım gəlir.
Hatəmxan ağa. Nə eybi var, onların da adət və xəvassını bilgilən, əgər istəyirsən.
Şahbaz bəy. Bu surətdə əgər Parisə getməsəm, oranın əhlinin adət və xəvassından necə müttəle ola bilərəm?
Hatəmxan ağa. Çox asan. Necə ki, mən onları bilirəm, ancaq müsyö Jordanı görmək ilə və sözlərinə qulaq asmaq ilə. Əgərçi Qarabağdan başqa bir özgə yer görməmişəm.
Şahbaz bəy. Əmi, qanmıram ki, siz necə Paris əhlinin adət və xəvassından xəbərdarsınız?
Hatəmxan ağa. Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz başımızı qırxırıq, onlar başlarına tük qoyarlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanırıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq.
Şahbaz bəy. Əmi, bunu başa düşmədim.
Hatəmxan ağa. Niyə başa düşmədin, balam? Çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin və çox ər almaq da ibarətdir ondan ki, bir arvad bir kişiyə iktifa etməsin. Əvvəlki adət bizdədir, sonrakı – Parisdə. O kitablara görə ki müsyö Jordan bu uzun qış onların məzmununu müttəsil bizə hekayət edibdir, dəxi hamı zadı bu qərə ilə fərz eylə, bifayda Parisə getmək niyyətindən düş!
Müsyö Jordan (rişxənd ilə). Xa-xa-xa! Hatəm ağa, təəccüb edirəm ki, sizin kimi qəvaidi-məntiqiyyətdən müttəle, əqilli və fərasətli, mərdi-gühənsal bu zamana qədər məşvərətxanaların birisində ərkani-məşvərət silkinə daxil olmuyubsunuz; əgərçi mən siz təqrir etdiyiniz qaidəyə bir bəhs varid edə bilmənəm, lakin istərdim ki, mən bir neçə kəlmə ərz edəydim, əgər rüsxətiniz olsa.
Hatəmxan ağa. Buyurun, həkim sahib! Sizin hər sözünüz bizə xoşdur.
Müsyö Jordan (vüqar ilə). Hatəmxan ağa, mənim qəsdim bu idi ki, Şahbaz bəyi Parisə aparıb, əvvələn, özüm onun tərbiyəsinə mütəvəcceh olub, firəng dilini və ülumunu bəqədri məqdur ona təlim edib, saniyən, onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşeyiş alıb geri qaytaram; çünki mən kralın məxsus öz təhti-himayətində olan darülelmin hükəma və üləmasından və o əlahəzrətin müqərrəbi və mötəmədiyəm; amma çün sizin təqriratınızdan müşəxxəs oldu ki, siz səfərin fəvaidinə münkirsiniz, ona binaən mənə lazım olur ki, səfərin fəvaidini müvafiqi-vaqe məsəl ilə sizə isbat edim. Əgər, məsələn, mən Qarabağa gəlməsəydim (əlini uzadıb cibindən bir dəftər çıxarıb, açıb içində səliqə ilə düzülmüş bir neçə otları göstərib), əgər mən Qarabağ gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim ətibba və hükəmalarımız cənab Linney və Turnefort və Bartram belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada və Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indi mən buraya gəlmək səbəbi ilə Parisin darülelminə isbat edəcəyəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, təhqiq və xəvassını təcrübə ilə müşəxxəs edib, o xüsusda ətibanın istehzarı üçün təsnifi-cədid aləmdə məşhur edəcəyəm. Məsələn, bu ot ki görürsünüz, (əli ilə bir kiyaha işarət edib) latınca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısında çox faydası var. Cənab Linney bunu fərz edir üçüncü dərəcədə və cənab Turnefort onu fərz edir dördüncü dərəcədə, amma mən onu ikinci dərəcədə fərz edəcəyəm və bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var. Cənab Linney bunu fərz edir yeddinci dərəcədə və cənab Turnefort onu fərz edir altıncı dərəcədə, amma mən onu fərz edəcəyəm onuncu dərəcədə və bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısının əlacı münhəsirdir buna. Cənab Linney bunu fərz edir beşinci dərəcədə və cənab Turnefort onu fərz edir üçüncü dərəcədə, amma mən onu səkkizinci dərəcədə fərz edəcəyəm. Bu otun adı latınca qombretumdur ki, bu zamana qədər Yevropada hərgiz məşhur deyildi, ancaq onu Amerika nəbatatından bilirdilər. İndi mən çox sevinirəm ki, onu Qarabağın dağlarında tapmışam ki, soyuqdəymə üçün nəhayətdə nafedir; cənab Linney onu altıncı dərəcədə fərz edir, cənab Turnefort beşinci dərəcədə fərz edir, amma mən onu dördüncü dərəcədə fərz edəcəyəm. Və hamı tapdığı nəbatatın və ələfiyyatın mahiyyətini və xasiyyətini bu qərar ilə yazıb aləmə bildirəcəyəm. Və mənim ismü rəsmim bu cəhətdən cənab Linneyin hamisi Georq Qllifordun ismü rəsmindən ərfə və əccəl və ülum üçün göstərdiyim xidmət Germaniyanın məcməyi-üləması kartoflu azarını axtarıb tapdıqları cəhət ilə vətənlərinə göstərdikləri xidmətdən əla və əfzəl olacaqdır. Hatəmxan ağa. Həkim sahib, vallah, heç başa düşmədim ki, nə danışdınız, Qlliford kimdir? Linney kimdir? Turnefort kimdir? Niyə onlar zəhmət çəkib otlara dərəcə qərar veriblər? Germanı nədir, kartofl kimdir, o niyə azarlamışdır, o nə böyük şəsxdir ki, vətən bu mərtəbədə onun etidali-məzacına və tuli-ömrünə talibdir? (Bir qədər sükut olunur. Müsyö Jordan gülür, sonra genə Hatəmxan ağa). Yoxsa, həkim sahib, bizim Şahbazı da aparıb belə tapmacalardan öyrədəcəksiniz?
Müsyö Jordan. Hatəmxan ağa, bağışlayın; doğru buyurursunuz, indi bildim ki, sizə nə qisim gərək misal gətirmək; məsələn, bir ay bundan əvvəl Qarabağın əlyetməz çölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam ki, adı yadımdan çıxıbdır, əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı?
Hatəmxan ağa. Həkim sahib, bax, bu söz necə aşkardır! Doğru buyurursunuz, əgər o, Qarabağa gəlməsəydi, heç vaxt dövlətə çatmazdı.
Şahbaz bəy. Başına dönüm, əmican, rüsxət verin, müsyö Jordan ilə gedim, əgər mənim xoşbəxt olmağımı istəyirsiniz, heç vaxt belə fürsət ələ düşməz. Necə ki, səfərin faydasını hər ikiniz də iqrar etdiniz. Hatəmxan ağa (bir az fikir edib). Həkim sahib, nə müddətə Şahbaz Parisə gedib qayıda bilər?
Müsyö Jordan. Bir il çəkər gedib-gəlməyi, ziyadə çəkməz. Bir ildən az qalsa, getməyindən mənzur olan fayda bilkülliyyə hüsula gəlməz; çünki ümdəsi firəng dilini öyrənməkdir.
Hatəmxan ağa (üzün arvadına tutub). Arvad, dəxi nə eləyək, qoy getsin. Papağın çevirərsən, il gələr keçər. uşaqdır, könlü istəyir, getsin, Parisi görsün. Həkim sahib də bir yaxşı adamdır, onun hüzurunda bir para mərifat kəsb edər; yaxşı, yamanı görər. Kraldan bəxşeyiş alar, il başında Qarabağda hazır olar, o vaxtadək biz də onun toy tədarükünə məşğul olluq, gələn kimi toyun başlarıq. Şəhrəbanu xanım (yerindən qalxıb çağıra-çağıra). Kişi, nə danışırsan, sənin fikrin haradadır? İstəmirəm onun Parisə getməyin də, mərifət kəsb etməyin də, firəng kralından bəxşeyiş almağın da! Bu sözlər tamam bəhanədir. Şahbaz istir getsin Parisə, məclislərdə, yığıncaqlarda üzüaçıq gəzən qız, gəlinlər ilə kef etsin, danışsın, gülsün, vəssəlam!
Hatəmxan ağa (təngə gəlib). Ay arvad, bədir, allahı sevirsən, çığırma! Dəxi mən neyləyim? Bacarırsan, qoyma getsin! Göydə uçan qanadlı quşu əyləmək olursa, Şahbazı da güc ilə əyləmək olar. Rüsxət verməsəm, atılar minər atına, hoppanar Arazın o tayına, sonra mən onu haradan tapım? Sən onu tanımırsan məgər ki, necə höccətdir?
Şəhrəbanu xanım (dəxi də bərk çığırıb). Mən ondan da höccətəm! Qoymanam getsin! Əgər Şahbazı Parisə getməyə qoysam, bu ləçək çəngilərin ləçəyi olsun! (Əlini uzadır örpəyinə).
Şahbazbəy (gülə-gülə, arxayın). Allahu əkbər! Əmidostum bilmirəm hansı qaravulları ilə məni dustaq edəcək?
Şəhrəbanu xanım (çığıra-çığıra). Görərsən; sən də öz bildiyindən, mən də öz bildiyimdən! (Qalxıb damdan çıxır).
Hatəmxan ağa. Arvadların işi xətadır.
Müsyö Jordan təəccüb edir və Şahbaz bəy qeyzlə samit qalır.
Pərdə salınır