Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur/Birinci məclis

Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur Birinci məclis (1850)
Müəllif: Mirzə Fətəli Axundzadə
İkinci məclis
Sister Projects. Həmçinin baxın: Şəkilləri • Mənbə: Mirzə Fətəli Axundov. Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhurazadliq.org saytı. Yayımlanıb: 05.03.2011


BİRİNCİ MƏCLİS

Əvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.

Gülçöhrə. Ağabacı, niyə ağlayırsan?
Şərəfnisə xanım (onun əlini tutub o yana itələyir). İtil cəhənnəmə!
Gülçöhrə (şitəngilik başlayıb genə onun tərəfinə əlini uzadır). Ağabacı, sən allah, niyə ağlayırsan?
Şərəfnisə xanım (genə onun əlini rədd edib). İtil cəhənnəmə, deyirəm, əlimdə işim var, qoy işimi tutum.
Gülçöhrə (genə haman qərar ilə). Sən ki iş tutmursan, ancaq ağlayırsan. De görüm, niyə ağlayırsan? Deməzsən, gedib anamı çağırram. Di, de görüm, niyə ağlayırsan? (Çarqatın başından dartır).
Şərəfnisə xanım (darılmış onu bərk itələyib). İtil cəhənnəmə, ləktə, əl çəkməz, qoymaz işimi tutam.

Gülçöhrə yıxılıb, durub ağlaya-ağlaya anası olan dama gedir.

Şərəfnisə xanım (yalqız). Ax, ləktə, gedib anama xəbər verəcək. Allah, gəlib soruşsa ki, niyə ağlayırsan, nə deyəcəyəm? Eh, heç vaxt deyə bilmənəm ki, nədən ötrü ağlayırdım. Yaxşı budur ki, danaram, deyərəm ki, heç ağlamırdım.

Yaylığı ilə bərk-bərk gözünü silir; bu halda qapı açılır. Şəhrəbanu xanım içəri girir.

Şəhrəbanu xanım. A qız, bu uşağı niyə itələyib yıxıbsan?
Şərəfnisə xanım. Uşağı yerə girsin. Dinc oturur məgər! Səhərdən bəri qoymuyub ki, iki çəngə yun darayım; elə şitəngilik edir: gah yunu qapıb, gah çarqatımı dartıb; axırda mən də cana doydum, bir tikə itələdim o yana, ağlaya-ağlaya qaçıb üstünə gedibdir. Qan-qan olmadı ki?
Gülçöhrə. Ana, vallah, yalan deyir. Heç yun daramırdı, elə ağlayırdı. Mən deyirdim ki, ağlama! Məni itələdi, yıxdı, arxam üstə yerə dəydim. (Gözünü ovxalaya-ovxalaya ağlayır).
Şəhrəbanu xanım. Şərəfnisə, ağlamaq nədir? Sənə nə gəlibdir ağlayırsan? Allaha şükür, atan sağ, anan sağ. Gözəl-göyçək adaxlım gözün qabağında. Yeməyin bol, geyimin bol, dəxi niyə ağlayırsan?
Şərəfnisə xanım. Vallah, ana, ağlamırdım. (Gülçöhrədən bir çimdik götürüb). A yerə girmiş, mən haçan ağlayırdım?!

Gülçöhrə təzədən lələ vay başlayır, sonra genə.

Şərəfnisə xanım. Ana, vallah ağlamırdım! Allaha şükür, atam sağ, anam sağ, dəxi nə var ki, ağlayım?
Şəhrəbanu xanım (gülə-gülə). Niyə demirsən ki, adaxlım da gözümün qabağında?
Şərəfnisə xanım. Adaxlım kimdir?
Şəhrəbanu xanım. Necə adaxlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaxlısıdır? Atan iyirmi gündən sonra allah qoysa sizə bir toy edəcəkdir ki, tərifi tamam Qarabağda söylənəcək. İsrağagün aşnası zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin.
Şərəfnisə xanım (şəhadət barmağı ilə baş barmağının arasında alt dodağını dartıb başını yuxarı qovzuyur). Bıy, anam nələr söyləyir. Şahbaz bəy on gündən sonra çıxıb gedir. Bilmirəm atam kimə töy tədarükü görür.
Şəhrəbanu xanım (təəccüblə). Şahbaz gedir? Şahbaz kiminlə gedir? Nə danışırsan? Allahı sevirsən, öz yanından zad quraltma. İndi bildim ki, doğrudan da, ağlayırmışsan. Gərçəkdən ki, qız uşağının ağlı olmaz imiş, gözünün yaşı əlində olurmuş. De görüm, sənə kim dedi ki, Şahbaz gedir?
Şərəfnisə xanım (başın aşağı salmış). Özü.
Şəhrəbanu xanım. Yaxşı, hara gedir?
Şərəfnisə xanım. Nə bilim, Firəngəmi, Parisəmi, adı batsın, dilim də yovuşmur.
Şəhrəbanu xanım. Yaxşı, Şahbaz kiminlə Parisə gedir?
Şərəfnisə xanım. Qonağımız müsyö Jordan ilə.
Şəhrəbanu xanım. O bizim çör-çöp döşürən firəng ilə? Nədən ötrü? Firəngdə onun nə alıb-verəcəyi var? Parisdə onun nə iti azıbdir?!
Şərəfnisə xanım. Nə bilim, cahıl uşaqdır. Müsyö Jordan beyninə salıbdır ki, Parisdə qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzü açıq oturub-dururlar. Nə bilim, başqa zadlar da çox deyibdir. İndi o də dəli-divanə olub deyir ki, gərək gedəm bir Parisi görəm. Əvvəl əmimdən rüsxət istəyəcəyəm, qoymasa gecə atımı minib, Arazı o taya keçib, müsyö Jordan ilə görüşüb, onunla bərabər gedib, Parisi görüb seyr edəcəyəm.
Şəhrəbanu xanım (toxuduğu corabı yerə tullayıb, kiçik qızına üzün tutub). A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır, görüm bu necə sözdür.

Gülçöhrə qaçır.

Şəhrəbanu xanım. Dedim, kişi, Hatəmxan ağa, bu uşaqların toyu tez elə qurtar. Şahbazdan mən qorxuram, gündə min-min xəyala düşür, qulaq asmadı, uşaqlıq elədi, axırda belə oldu.

Bu halda qapı açılır, Şahbaz bəy içəri girir.

Şahbaz bəy. Əmidostu, nə var, xeyir ola?
Şəhrəbanu xanım (qaşqabağın tökmüş). Şahbaz, eşidirəm ki, Firəngə, Parisə gedirsən? Bu necə sözdür?
Şahbaz bəy (gülümsəmiş). Gedəndə nə olar, əmidostu? Gedərəm də, qayıdaram da, Şərəfnisəyə firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirərəm də.
Şərəfnisə xanım. Firəng qızları başlarına örtən təsəklər mənə lazım deyil; al Parisdə onların başlarına ört ki, Qarabağdan onların havasına yellənib uçursan.
Şəhrəbanu xanım. Yaxşı deyir, aldığın təsəkləri ört firəng qızlarının başlarına, Şərəfnisəyə lazım deyil! Hələ de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var?
Şahbaz bəy. Əlbəttə, əmimdən izin almamış ki, gedə bilmənəm. Müsyö Jordan özü ondan rüsxətimi alacaqdır.
Şəhrəbanu xanım (acıqlı). Çox yaxşı, sən azıbsan, yolundan-izindən çıxıbsan, get! Mən bu saatda Hatəmxan ağanı çağırram, görüm müsyö Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parisə aparır? Vallah, ona bir tov tutaram ki, gəldiyi yolu da azar, özü də Parisi unudar. Çox yaxşı, sən get, mən bu saat Hatəmxan ağanı çağırram görüm ki, sənin iyirmi gün toyuna qalıb, sən necə Parisə gedirsən?!
Şahbaz bəy. Necə iyirmi gün mənim toyuma qalıbdır? Mən hələ uşağam, mən öz xahişimə bu tezliklə evlənməyəcəyəm. Toy etməyəcəyəm, məgər güc ola!
Şəhrəbanu xanım (çığıra-çığıra). Bəli, güc olacaq! Əlbəttə, hələ iki il bundan irəli gərək sənə toy olaydı, əgər Şərəfnisə çox uşaq olmasaydı. Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər, oğurluğa, quldurluğa qurşanar!
Şahbaz bəy. Adam aclığından, susuzluğundan oğurluğa, quldurluğa qurşanır; mənim, allaha şükür, nəyim əskikdir?
Şəhrəbanu xanım (rəşxənd ilə). Bəs hansı dilənçilər görəsən quldur oldular, yollar kəsdilər? Allahı sevirsən, ağlına zor vermə. Sən lap azışıbsan, get işinə!

Şahbaz bəy başını aşağı salıb gedir.

Şəhrəbanu xanım. Hatəmxan ağa və Şəhrəbanu xanım ölmüş imişlər ki, bir firəngi Şahbazı tovlaşdırıb Parisə apara! A qız, Şərəfnisə, yadımdan çıxdı, de görüm ki, Şahbazı o çör-çöp döşürən nə sözlər ilə tovlaşdırıb Parisə aparır?
Şərəfnisə xanım. Nə bilim, deyibdir ki, Parisdə tamam göyçək qızlar, gəlinlər məclislərdə, yığıncaqlarda üzü açıq oturub-dururlar.
Şəhrəbanu xanım. Başqa nə söz deyibdir?
Şərəfnisə xanım. Nə bilim, deyibdir ki, qızlar ilə, gəlinlər ilə oğlanlar bir yerdə oynuyurlar, danışırlar, gülürlər.
Şəhrəbanu xanım (darılmış). Eh, başqa nə sözlər deyibdir? Bu hələ əvvəlki sözdür.
Şərəfnisə xanım. Başqa söz çox dedi. O biriləri yadımda qalmadı, elə bir bu yadımda qaldı; mən nə bilim?
Şəhrəbanu xanım (acıqlanmış). Allahu əkbər! A qız, axı mən necə Hatəmxan ağaya deyim ki, qardaşın oğlu Şahbaz bəy Qarabağda oturduğu yerdə Paris qızlarına ayağı yanıb, müsyö Jordana qoşulub gedir? On altı yaşında qızın Şərəfnisə xanım burdan ora, Parisin qızlarının, gəlinlərinin xayınlığın çəkib. Hələ nə gedən var, nə gələn var, gözünün yaşın sel kimi axıdıb yas qurubdur!
Şərəfnisə xanım (yerindən qalxıb). Bıy, allah, torpaq başıma, arvad nələr danışır! Ayağımın altından yer qaçdı, durub qaçım! (Tez damdan çıxır gedir).
Şəhrəbanu xanım (üzün kiçik qızına tutub). Gülçöhrə, get atan damın dalında çobanlar ilə danışır, de ki, bir tez bura gəlsin, vacib işi var.

Gülçöhrə qaçır.

Şəhrəbanu xanım (öz-özünə). Bu firənglər necə naşükür xalq olurmuşlar. Heç yaxşılıq bilməzmişlər. Mən ağılsız, genə tarının hər günü nahara müsyö Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ hörmət eləmək bilmirlər. Di gəl bundan sonra xalqa yaxşılıq elə! Tamam yaxşılığım bada çıxdı getdi.

Bu halda qapı açılır.

Hatəmxan ağa (içəri girir). Xeyir ola, arvad, nə var, tələsik məni çağırıbsan?
Şəhrəbanu xanım (qaşqabaqlı). Nə olacaq. Gəl gör, o çör-çöp döşürən, içdirib, yedirib bəslədiyin qonağın, deyirlər, qardaşın oğlunu azdırıb, özü ilə Parisə aparır.
Hatəmxan ağa. Necə? Müsyö Jordan Şahbazı Parisə aparır? Kim deyir?
Şəhrəbanu xanım. Mən deyirəm! Şahbaz özü Şərəfnisəyə deyibdir!
Hatəmxan ağa (qəhqəheyi-qeyri-təbii ilə). Xa-xa-xa! Şahbaz bilir ki, sənin qızının ürəyi kövrəkdir, ona sataşıbdır. Yəqin ki, Şərəfnisə də bu sözlərdən dərd edir. Xa-xa-xa, analı-qızlı iki pulluq ağlınız yoxdur. Hər boş sözdən ötrü yerdən olursunuz.
Şəhrəbanu xanım (çığıra-çığıra). Sən elə hər zadı boş tutursan. Cahıl uşaqdır, bəlkə o firəngi bir para sözlər deyib, ağlını oğurlayıbdır. Kişisən, qan olmaz ki, hər ikisini bir çağırıb soruşasan ki, bu nə işdir, nə sözdür?
Hatəmxan ağa. Çox yaxşı, arvad, allahı sevirsən, çığırma! Elə indi bu saatda çağırıb öz yanında soruşaram. Hövsələn daralmasın!

Pərdə salınır