Kəşfül-Həqayiq/ən-Nəsr Surəsi
←əl-Kafirun Surəsi | Kəşfül-Həqayiq ən-Nəsr Surəsi (1904) Müəllif: Mirməhəmməd Kərim Bakuvi |
Təbbət (Əbu Ləhəb) Surəsi→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. III cild. səh. 669-677. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9 |
ən-NƏSR SURƏSİ
110-cu surədir. Mədinədə nazil olub, 4 ayə, 17 kəlmə və 77 hərfdir.
Məkkənin fəthinin müxtəsər nəqli.
Hicrətin 8-ci ilində, Ramazanın ilk günündə Allahın Rəsulu Məkkəni fəth edib, Kəbəni bütlərdən təmizlədi. Məkkənin fəthi qissəsində ağıl sahiblərindən ötrü ibrət və peyğəmbərin doğruluğuna və haqlı olmasına böyük dəlil və sübutlar vardır. Gərək diqqət edilsin. Məkkənin fəthinin qissəsi belədir: Elə ki, peyğəmbər (ə.s) hicrətin 7-ci ilində Qüreyş camaatı ilə sülh edib Bəni-Bəkir camaatı Qüreyşlə, Xüzaə camaatı da peyğəmbərlə müttəfiq oldular, peyğəmbər də Mədinəyə qayıtdı. Hüdeybiyə sülhünün qissəsi Fəth surəsində keçdi. Oraya baxılsın. Bir müddət sonra Xüzaə camaatı Məkkənin aşağı tərəfində özlərinə məxsus Vətir adlı su quyusunun yanında məskun olmuşdular. Bəni-Bəkirdən Novfəl ibn Müaviyə adlı bir kişi gizlicə gedib, Xüzaə camaatından birinin qanını tökdüyündən iki tayfa arasında savaş başladı. Mədinə Məkkədən uzaq olduğundan Xüzaə camaatı peyğəmbərdən yardım ala bilmədilər, lakin Qüreyş camaatı Bəni-Bəkir camaatına silah verib, özləri də gecə vaxtı savaşmağa getdilər. Savaşa gedən Qüreyşin əyanlarından Süfyan ibn Ümeyyə, İkrimə ibn Əbu Cəhl, Süheyl ibn Əmr və onların qulamları Xüzaə camaatına qalib gəldilər. Xüzaə camaatı məcbur qalıb, Hərəmə sığındılar ki, bəlkə Bəni-Bəkir camaatı davadan vaz keçsin. Lakin vaz keçmədilər. Xüzaə səsləndi: “Ey Novfəl, sənin rəbbin Allah-Təalanın hərəminə daxil olmuşuq, bizdən əl çəkin. Novfəl dedi: “Bu gün Novfəlin Allahı yoxdur. Və Bəni-Bəkri savaşı davam etdirməyə çağırdı. Xüzaə camaatından öldürdüklərini öldürüb, mallarını qarət etdilər, qalanları da qaçdı. Xüzaə camaatı peyğəmbərin müttəfiqi olduğundan, Qüreyş və Bəni-Bəkir camaatı peyğəmbər ilə bağladıqları müqaviləni pozub, Xüzaə camaatının qanını tökdülər. Xüzaə də onlar kimi müşrik idi. Lakin içlərindən bəziləri müsəlman olmuşdular. Amma Hüdeybiyyə sülhündə müşrik və müsəlman bütün Xüzaə camaatı peyğəmbərlə müttəfiq oldular. Xüzaə camaatından Əmr ibn Salim adlı kişi qaçıb Mədinəyə getdi. Peyğəmbər (ə.s) məsciddə camaatın içində oturarkən Əmr ibn Salim gedib Qüreyşlə Bəni-Bəkrin müqaviləni pozduqlarını və onları öldürüb, mallarının qarət etdiklərini peyğəmbərə danışıb, bu şeiri oxudu:
“Allahım, Məhəmmədə səslənirəm:
Atamızın və nəcib atasının əhdinə tabe ol, deyə!
Allahım, Rəsuluna yardım et. Qullarını da çağır, yardım etsinlər.
Aralarında Allahın Rəsulu var. Ayın on dördü kimi parlaq və uca.
Qüreyş sənə verdiyi sözündə durmadı. Etdikləri andı pozdu.
Kimsəni yardıma çağırmayacağımı zənn edərək, Kədada mənə tələ qurdular.
Halbuki onlar həm daha zəlil, həm də azdırlar.
Vətirdə gecə ikən bizə hücum etdilər, rüku və səcdədə ikən öldürdülər.
Bizə yardım et, Allah da sənə əbədiyyən yardım etsin”.
Allahın Rəsulu (ə.s) buyurdu: “Ey Əmr ibn Salim, əlbəttə sənə kömək ediləcək. Onun arxasınca Büdeyl ibn Vərqa Xüzaə camaatından bir neçə nəfərlə Mədinəyə peyğəmbərin hüzuruna gəlib, Bəni-Bəkrin müqaviləni pozduğunu, onlara hücum edib, bir çoxunu öldürdüyünü və Qüreyşin də onlara yardım etdiyini bəyan edib, qayıdıb getdilər. Peyğəmbər buyurdu: “Belə görürəm ki, Əbu Süfyan müqavilənin müddətini uzadıb möhkəmlətmək üçün gələcəkdir. Büdeyl ibn Vərqa yoldaşlarıyla Mədinədən geri qayıdanda, Əffan adlı yerdə Əbu Süfyanla qarşılaşdılar. Qüreyş camaatı öz əməllərindən qorxub, müqaviləni möhkəmlətməkdən ötrü (guya peyğəmbər onların Xüzaə ilə savaşmalarından bixəbərdir) onu peyğəmbərin yanına göndərmişdilər. Əbu Süfyan Büdeylin peyğəmbərin yanından gəldiyini düşünüb, dedi: “Haradan gəlirsən? Büdeyl dedi: “Dəniz kənarından gəlirəm. Əbu Süfyan dedi: “Məhəmmədin yanına getmişdin? Büdeyl dedi: xeyir, getməmişəm. Büdeyl gedəndən sonra Əbu Süfyan dedi: “Əgər bu Mədinəyə gedibsə, hər halda Mədinədə dəvəsinə xurma toxumundan ot-ələf verəcəkdirlər. Büdeylin dəvəsinin çökdüyü yerə gedib, onun nəcisinin içinə baxıb dedi: “And olsun Allah-Təalaya, Büdeyl Məhəmmədin yanına gedibdir. Ondan sonra Əbu Süfyan oradan qalxıb, Mədinədə qızı Ümmü Həbibənin – peyğəmbərin xanımının mənzilinə daxil oldu. Peyğəmbərin oturduğu döşəkçənin üstündə oturmaq istəyəndə Ümmü Həbibə döşəkçəni oradan götürdü. Əbu Süfyan dedi: “Qızım, bu döşəkçə nədir ki, məndən bunu əsirgəyirsən? Ümmü Həbibə dedi: “Bu, peyğəmbərin döşəkçəsidir, sən müşrik, nəcis bir kişisən, bunun üstündə oturmana razı olmaram. Əbu Süfyan dedi: “Qızım, məndən sonra çox pis dəyişmisən. Oradan çıxıb, peyğəmbərin hüzuruna getdi. Müqaviləni yeniləyib, vaxtını uzatmaq istədiyini dedi. Peyğəmbər ona heç bir cavab vermədi. Oradan çıxıb, Əbuəkrin yanına getdi. Peyğəmbərin onu əfv etməsi üçün Əbu Bəkirdən vasitəçi olmasını xahiş etdi. Əbu Bəkir – bu mənim işim deyil, mən belə işə qarışa bilmərəm, dedi. Oradan Ömər ibn Xəttabın yanına getdi. Ömərdən də eyni şeyi xahiş etdi. Ömər dedi: “Səndən ötrü mən yaxşı əfv istəyəcəm, vallah əgər qarışqadan başqa da özümə köməkçi tapa bilməsəm, yenə sizinlə cihad edəcəyəm. Oradan çıxıb, Əli ibn Əbu Talibin yanına getdi. Xanımı Fatimeyi-Zəhranın yanında oğlu Həsənlə oynamaqla məşğul idi. Dedi: “Ey Əli, qohumluq baxımından bu camaatın hamısından sən mənə yaxınsan. Bir istəyim var, ümisiz gəlmişəm, amma gərək ümidsiz qayıtmayam. Məndən ötrü peyğəmbərdən əfv istə. Əli dedi: “Ey Əbu Süfyan, peyğəmbəri elə bir niyyətdə görürəm ki, onunla danışmağa bizdə qüdrət yoxdur. Ondan sonra Əbu Süfyan Fatiməyə üzünü tutub dedi: “Ey Məhəmmədin qızı, bəlkə bu oğluna əmr edəsən ki, camaatın arasında (yəni Qüreyşlə Xüzaə və peyğəmbər arasında) sülh bağlasın. Dünyanın axırına kimi də ərəblərə ağa olsun. Pak Fatimeyi-Zəhra buyurdu: “Birincisi - mənim oğlum camaatın arasında sülh bağlamaq məqamına çatmayıb və ikincisi - heç bir şəxs peyğəmbərdən izinsiz ondan ötrü əhd bağlaya bilməz. Əbu Süfyan yenidən Hz. Əliyə dedi: “Ya Əbül-Həsən, mən belə görürəm, işlər çətinləşib, çarə yoxdur, mənə bir yol göstər. Hz. Əli buyurdu: vallah, sənə fayda verən bir şey bilmirəm, sən ki, Bəni-Kinanənin ağasısan. Get camaatın içində müqavilə bağladığını de, ondan sonra gəldiyin yerə get. Əbu Süfyan dedi: “Bu iş mənə bir fayda verərmi? Hz. Əli buyurdu: xeyr, vallah fayda verəcəyini zənn etmirəm, lakin sənin bundan başqa bir yolun yoxdur. Əbu Süfyan oradan çıxıb, məscidə gedib, camaatın arasında durub dedi: “Ey insanlar, mən sizinlə Qüreyş arasında sülh müqaviləsi bağladım ki, bundan sonra sizinlə savaşmasınlar. Bu sözü deyib, dəvəsinə minib, Məkkəyə tərəf yola düşdü. Gedib Məkkədə Qüreyşin yanına çatdı. Qüreyş camaatı ondan əhvalatı soruşdular. Məsələni nəql edib dedi: “Axırda Əlinin yanına getdim, Əlini onların hamısından təvazökar və mehriban gördüm. Mənə bir söz dedi, mən də ona əməl edib, qayıtdım. Bilmirəm, fayda verəcək, yoxsa yox. Dedilər: “O söz hansıdır? Dedi: “Əli mənə dedi ki, camaatın arasında sülh müqaviləsi bağladığını elan et, mən də o şəkildə hərəkət edib, qayıdıb gəldim. Dedilər: “Sənin müqaviləni təsdiq etdilərmi? Əbu Süfyan dedi: xeyr. Qüreyş dedi: “Əli sənə istehza edib, oynadıbdır, sənin dediyin söz nə fayda verəcək? Dedi: “Ondan başqa bir çarə tapmadım. Mədinədə Əbu Süfyan gedəndən sonra peyğəmbər camaata səfərə hazırlaşmağı əmr etdi və öz ailəsinə də ondan ötrü tədarük görmələrini əmr etdi. Lakin peyğəmbərin niyyətinin nə olduğuna agah olmayıb, səfər təchizatı ilə məşğul oldular. Əbu Bəkir öz qızının – möminlərin anası Aişənin yanına gedib dedi: “Qızım, peyğəmbər sizə səfərə hazırlaşmağı əmr edibmi? Dedi: “Bəli. Əbu Bəkir dedi: “Bilirsənmi niyyəti nədir? Aişə dedi: vallah, bilmirəm. Ondan sonra peyğəmbər Məkkəni fəth etməyə niyyət etdiyini camaata elan edib, tez hazırlaşmalarını əmr etdi. Camaat da tədarüklə məşğul oldular. Səhabələrdən Hatib ibn Əbu Bəlta`a peyğəmbərin niyyəti haqda Məkkə əhlinə məktub yazdı. Seyfi ibn Əmrin kənizi Sara ilə məktubu yola saldı. Peyğəmbərin əmri ilə Hz. Əli bir neçə nəfərlə gedib, o kənizi tutub, kağızı ondan aldılar. Bu qissə Mümtəhinə surəsində, bu kitabın üçüncü cildində bəyan edilibdir. Oraya baxılsın. Camaat səfər tədarükünü görüb qurtarandan sonra peyğəmbərin əmri ilə Mədinədən çıxdılar. Sürətlə gedib, Məkkəyə bir qədər qalmış Mərrəzzəhran adlı yerdə dayandılar. Qüreyş camaatının heç bir şeydən xəbəri yox idi. Lakin qorxu içində olub, müsəlmanların hər an gələ biləcəyini gözləyirdilər. Buna görə də gecələr Əbu Süfyan ibn Hərb bir neçə nəfərlə Məkkənin ətrafında dolanıb, peyğəmbərdən xəbər öyrənmək istəyirdilər. O zamana qədər Məkkədə yaşayan Abbas ibn Əbdülmüttəlib - peyğəmbərin əmisi ailəsi ilə Mədinəyə gedəndə Mərrəzzəhranda peyğəmbərlə qarşılaşdı. Müsəlman ordusunun toplandığını görən kimi dedi: “Ey Qüreyş, səhər nə pis açılacaqdır. Əgər Qüreyş camaatı gəlib peyğəmbərdən aman istəməsə, bu qoşun zorla qalib gəlib, Məkkəyə daxil olsa, Qüreyş həlak olacaqdır. Mərrəzzəhranda on minlik islam qoşunu var idi. Abbas peyğəmbərin Beyza adlı qatırına minib, Məkkə tərəfinə yönəldi ki, bəlkə bir odun aparan, ya da hər hansı bir şəxs görsə, Məkkə əhlinə xəbər versin ki, gəlib peyğəmbərdən aman istəsinlər, ta ki, məhv olmasınlar. İslam ordusu hər tərəfi bağlayıb, bircə yerdən yol qoymuşdular. Hər tərəfdə kol-kosdan böyük tonqallar yandırıb, gəlib-gedənə baxırdılar ki, Qüreyşə xəbər getməsin. Abbas deyir: “Gecənin qaranlığında gedirdim, birdən Əbu Süfyanın səsini eşitdim. Yoldaşıyla danışıb deyirdi: “Bu gecəki kimi heç bir yerdə od görməmişəm. Yoldaşı ona dedi: “O Xüzaənın odudur. Əbu Süfyan dedi: Xüzaənin əhli azdır, bundan sonra belə odları olmaz. Bu zaman mən Əbu Süfyanın səsini tanıyıb dedim: “Əbu Hanzala! (Əbu Süfyanın ləqəbidir). O da mənim səsimi tanıyıb dedi: “Əbülfəzl. Dedim: “Bəli. Dedi: “Atam, anam sənə fəda olsun, nə xəbər var? Dedim: “Budur, Allahın Rəsulu on min nəfər müsəlmanla gəlir. Onlara qarşı durmağa gücünüz yoxdur. Dedi: “Bəs çarə nədir? Dedim: vallah, tutsalar, birinci səni öldürəcəklər. Çünki müqaviləni pozub, Xüzaə qəbiləsini qırıb, qarət etdiniz. Gəl, qatıra min ki, səni peyğəmbərin hüzuruna aparıb, səndən ötrü aman alım. Yoldaşı getdi. Abbas deyir: “Əbu Süfyanı qatıra mindirib, qoşunun içinə daxil oldum. Tonqalların arasından keçəndə mənə baxıb deyirdilər ki, peyğəmbərin əmisidir, peyğəmbərin qatırına minib. Bu şəkildə gedirdim ki, Ömər ibn Xəttabın yandırdığı tonqala yetişdim. Dedi: “Kimdir? Ayağa durub, mənə baxıb, arxa tərəfimdə Əbu Süfyanı gördü, dedi: “Allah Təalanın düşməni Əbu Süfyandır. Allah-Təalaya həmd edirəm ki, müqavilə bağlanmadan səni mənə verdi. Durub peyğəmbərin yanına qaçdı ki, Əbu Süfyanı öldürmək üçün izin alsın. (Kaş ki, izin almış olsaydı). Abbas deyir: “Mən qatırı çapıb, onu keçdim, qatırdan düşüb, tez peyğəmbərin hüzuruna daxil oldum. Arxamca Ömər daxil olub dedi: “Ey peyğəmbər, izin ver, Allahın düşməni olan Əbu Süfyanın boynunu vurum. Dedim: “Ey peyğəmbər, mən Əbu Süfyana aman vermişəm, ondan sonra əyləşib, peyğəmbərin başından tutub dedim: “And olsun Allah-Təalaya, bu gecə məndən başqa heç kimi səninlə danışmağa qoymayacağam. Amma Ömər Əbu Süfyan haqqında çox danışanda dedim: Ömər, sakit ol. Əbu Süfyanın ona görə öldürmək istəyirsən ki, Əbdi-Mənaf nəslindəndir, əgər Bəni-Ədiy camaatından (Ömərin tayfası) olsaydı, onu öldürmək üçün belə israr etməzdin. Ömər dedi: “Abbas, sakit ol, and olsun Allah-Təalaya, o gün ki, sən islama daxil oldun, sənin müsəlman olmanı atam Xəttabın müsəlman olmasından (əgər islama daxil olsaydı) daha çox istəyirdim. Çünki bilirdim ki, peyğəmbər də sənin müsəlman olmanı atam Xəttabın müsəlman olmasından daha çox istəyirdi. (Ömərin bu sözündən məqsədi bu idi ki, mən qövmpərəst və qohumpərəstlik edən deyiləm, əgər elə olsaydım, atamın müsəlmanlığını sənin müsəlmanlığından çox istəyib, ona düşmən olana mən də düşmən olardım. Əbu Süfyanı peyğəmbər düşmən sayır, mən də o səbəbdən onu düşmən sayıram. Həqiqətən, Ömər belə bir şəxs idi). Ondan sonra peyğəmbər buyurdu: “Ya Abbas, bu gecə Əbu Süfyanı aparıb çadırımda saxla, sübh tezdən gətir. Abbas deyir: “Əbu Süfyanı çadırıma götürüb, səhər də peyğəmbərin hüzuruna apardım. Elə ki, Əbu Süfyanı gördü, buyurdu: “Ey Əbu Süfyan, hələ o vaxt gəlməyib ki, Allah-Təalanın tək və şəriksiz, mənim də onun peyğəmbəri olduğuma inanasan? Əbu Süfyan dedi: “Atam, anam sənə fəda olsun, sənin lütfün və şəfqətin və qohumlara olan mərhəmətin lap çoxdur. Vallah, zənn edirəm, əgər Allah-Təaladan başqa bir məbud olsaydı, hər halda mənə bir fayda verərdi. Buyurdu: “Ey Əbu Süfyan, bəs mənim Allah-Təalanın peyğəmbəri olmağıma inanmağın vaxtı hələ gəlməyibmi? Əbu Süfyan dedi: “Atam, anam sənə fəda olsun, sənin lütfün və şəfqətin və qohumlara olan mərhəmətin lap çoxdur. amma sənin peyğəmbər olmağın barəsində hələ də şübhəm var. Peyğəmbər sakit oldu, lakin Abbas onu təhdid etdi ki, müsəlman ol, yoxsa əhdi pozduğuna görə səni öldürəcəkdir. Əbu Süfyan qorxusundan şəhadət deyib, islama daxil oldu. Hərçənd islama daxil olmaqda məcburiyyət yoxdur, lakin Abbasın Əbu Süfyanı islama daxil olması üçün qorxutmasının səbəbi əhdi pozduğuna görə öldürülməkdən qorumaq üçün idi. Abbas deyir: “Dedim, Ey peyğəmbər, indi ki, Əbu Süfyan islama daxil oldu, o, təriflənməyi sevən adamdır. Onun təriflənməsi üçün ona bir şey ver. Buyurdu: “Bəli, kim ki, Məkkədə Əbu Süfyanın evinə daxil olsa, amandadır və kim ki, qapısını bağlayıb, öz evində əyləşsə amandadır və kim ki, Məscidül-harama daxil olsa, amandadır. Ondan sonra buyurdu: “Abbas, Əbu Süfyanı apar, iki dağın keçidində saxla ki, Allah-Təalanın ordusu onun qabağından keçsin. (Əbu Süfyan Məkkənin rəisi olduğuna görə onunla belə rəftar olundu. Hər bir ölkə fəth olunanda onun rəisi ilə belə rəftar olunar). Abbas deyir: “Əbu Süfyanı aparıb, peyğəmbərin dediyi yerdə saxladım, qəbilələr bir-bir öz rəngarəng bayraqlarıyla gəlib, onun qabağından keçirdilər.
Hər bir qəbilə keçəndə məndən soruşurdu, bu hansı qəbilədir? Mən deyirdim: “Bu Süleym qəbiləsidir. Əbu Süfyan deyirdi: “Mənim Süleym qəbiləsiylə nə işim vardır? O hər bir bir qəbiləni soruşub, mən cavab verəndə, o həmin kəlamı təkrar edirdi. Ta ki, qəbilələrin hamısı keçib, mühacir və ənsardan ibarət olan peyğəmbər ordusu hamısı dəmir zirehli geyimdə zahir oldular. Əbu Süfyan dedi: “Sübhanəllah, ya Abbas, bunlar kimdir? Dedim: “Bu peyğəmbər, bunlar da mühacir və ənsardır. Dedi: “Həqiqətən, ya Əbülfəzl, qardaşın oğlunun səltənəti böyük olubdur. Dedim: “Elə demə, səltənət deyil, peyğəmbərlikdir. Dedi: “İndi ki, sən deyirsən, qoy elə də olsun. Dedim: “Daha durma, Məkkəyə gedib, Qüreyş tayfasını qorxut ki, imana gəlsinlər, Əbu Süfyan sürətlə gedib, Məkkəyə varid oldu. Məscidül-haramda uca səslə səsləndi: “Ey Qüreyş camaatı, budur, Məhəmməd əhdi pozduğunuza görə o qədər qoşunla sizə tərəf gəlir ki, sizin o qoşuna qarşı durmağa gücünüz yoxdur. Qüreyş dedi: “Bəs çarə nədir? Əbu Süfyan dedi: “Məhəmməd belə əmr verdi ki, kim ki, Əbu Süfyanın evinə daxil olsa, amandadır. Qüreyş camaatı dedi: tək sənin evin bizə nə fayda verər? Dedi: “Yenə buyurubdur: “Kim məscidə daxil olsa amandadır və kim ki, qapısını bağlayıb, evində otursa amandadır. Bu sözləri eşidəndə camaat dağılıb, məscidə və evlərinə daxil oldular. O biri tərəfdən peyğəmbər (ə.s) Zübeyr ibnül-Əvvamı mühacir və ənsara əmir təyin edib, özünə məxsus olan bayrağını ona verib əmr etdi ki, Məkkənin yuxarı tərəfində Hacun adlı yerdə bayrağı dikərsən. Buyurdu: “Mən gələnə kimi bayrağı dikdiyin yerdən bir addım da uzaqlaşma. Ondan sonra peyğəmbər (ə.s) Məkkənin daha yaxşı görüldüyü Zituva adlı yerə getdi. Kəbə Məkkə evlərinin əhatəsində olduğu halda peyğəmbər şəhəri müşahidə etdi. O cənab təvazösündən dəvə üstündə Allaha şükür səcdəsi etdi. Ondan sonra Məkkəyə daxil olub, Zübeyr duran yerdə çadırını qurdu. Məkkənin aşağı tərəfində Qüreyşin təhriki ilə Bəni-Bəkir camaatı Məkkə ətrafında məskun olan Əhabişdən bir qrupla toplanıb, savaşmaq üçün durmuşdular. Həmçinin Süfyan ibn Ümeyyə, İkrimə ibn Əbu Cəhl və Süheyl ibn Əmr bir qədər camaatla Xəndəmə adlı yerdə, Məkkənin aşağı tərəfində savaşa hazırlaşmışdılar. Peyğəmbər Xalid ibn Vəlidi Qüzaə və Bəni-Süleym müsəlmanlarına əmir təyin edib, Məkkənin aşağı tərəfindən daxil olmağı əmr etdi. Peyğəmbər (ə.s) Zübeyr və Xalidi göndərəndə buyurdu: “Sizinlə savaşa başlayanlardan başqası ilə vuruşmanıza izin yoxdur. Ənsardan Sə`d ibn Übadəyə əmr verdi: “Bir qədər qoşunla Məkkənin Kəda adlı yerindən daxil olsun. Sə`d ibn Übadə qoşunu götürüb yola düşəndə dedi: “Bu gün savaş günüdür. Qadağalar götürülüb, savaşın halal olan gündür bu gün. Bu sözü mühacirlərdən biri eşidib, peyğəmbərə xəbər verib dedi: “Ey peyğəmbər, Sə`d ibn Übadə Qüreyşə həmlə edib, qətl və qarət etməkdən amanda deyilik. Peyğəmbər (ə.s) Əli ibn Əbu Talibə buyurdu: “Sə`d ibn Übadənin yanına gedib, qoşuna əmirlik elə, Məkkəyə Kədadan daxil ol. Məkkənin Zübeyr gedən yuxarı tərəfində savaş olmayıb, bir nəfər də Qüreyşdən ona müxalif çıxmadı.
Gedib peyğəmbərin bayrağını Hacun adlı yerdə dikdi. Amma Məkkənin Xalid ibn Vəlidin girdiyi aşağı tərəfində Bəni-Bəkir və Əhabiş camaatı ona qarşı çıxıb, bir qədər savaşsalar da, məğlub oldular. Allah- Təala onları dağıdıb, Xalid Məkkəyə daxil oldu. Bu savaşdan başqa Məkkənin fəthi zamanı başqa savaş olmadı. Hər bir tərəfdən islam qoşunu Məkkəyə daxil olub, camaatı təskin edib, rahatlatdılar. Ondan sonra peyğəmbər dəvəyə minib, Kəbəyə getdi. Dəvənin üstündə Kəbəni yeddi dəfə təvaf edib, hər bir təvafda əlindəki ağacını qara daşa sürtüb, təvafını bitirdi. Təvafdan sonra Kəbənin qapıçısı Qüreyşin Bəni-Əbdüddar camaatından olan Osman ibn Talhanı çağırtdırıb, Kəbənin açarını ondan alıb, qapını açdırıb, Kəbənin içinə daxil oldu. Ağacdan hazırlanmış göyərçin heykəlini gördü. Öz əli iulə onu sındırıb çölə atdı, ondan sonra qayıdıb qapıda durdu. Məscidül-haram aman üçün gəlmiş Qüreyş camaatıyla dolu olub, hamısı daş kimi sakit dayanmışdılar. O cənab üzünü onlara tutub, Allah-Təalaya həmd edəndən sonra buyurdu: “Ey Qüreyş camaatı, Allah-Təala cahiliyyə zamanının təkəbbür və qürurunu və ata-babanızla fəxr etməyi sizdən götürdü. İnsan Adəm övladıdır. Adəm torpaqdan yaradılmışdır. Ondan sonra ayəni oxudu: “Ey insanlar! Mən sizi bir kişi ilə bir qadından yaratdım”. Ondan sonra buyurdu: “Ey Qüreyş camaatı, küfr və şirk içində qalıb, mənə və müsəlmanlara etdiyiniz əziyyətin və əhdi pozmanızın müqabilində fikriniz nədir, sizinlə necə rəftar edəcəyəm? Dedilər: “Bizim zənnimizcə bizimlə yaxşı rəftar edəcəksən. Sən möhtərəm qardaşımızsan və möhtərəm qardaşımızın oğlusan. Bizə hakim oldun, güzəşt elə. Buyurdu: “Bu gün mən o sözü deyirəm ki, qardaşım Yusif Misirdə qardaşlarına demişdi: “Bu günkü gündə sizə mənim tərəfdən heç bir məzəmmət yoxdur, Allah-Təala sizi bağışlasın. Gedin, hamınızı azad etdim. Məkkə zorla fəth olunduğuna görə gərək orada olan müşriklər qulam olaydılar. Lakin peyğəmbər onları azad etdi və bu səbəbdən onlara “tülaqi” deyilir. Ondan sonra peyğəmbərin əmri ilə bütün bütləri və ibadətdən ötrü dikilən böyük daşların hamısını sındırıb, dağıtdılar. Kəbənin damında sarı şüşədən bir büt var idi. Əli ibn Əbu Talibi dama çıxarıb, o bütü oradan atıb, parça-parça etdilər. Allahın evi olan Kəbəni bütlərdən təmizləyib, oranı tövhid evi etdi. Oradan çıxandan sonra peyğəmbər gedib, Sinaya qalxıb, dua oxumağa başladı. O əsnada orada olan ənsar - Mədinə əhli bir-birinə dedi: “Məkkə peyğəmbərin vətənidir. burada anadan olub, indi ki, fəth olundu, ya bizi qoyub, burada qalacaq, ya da ki, Mədinəyə qayıdacaq. Peyğəmbər duanı bitirəndən sonra buyurdu: “Nə danışırdınız? Dedilər: “Bir şey danışmırdıq. Peyğəmbər israr edəndən sonra fikirlərini dedilər. Buyurdu: “Allah qorusun, mənim həyatım sizin həyatınız, mənim ölüm sizin ölümünüzdür. Mən sizi tərk edib, burada qalan deyiləm. Ənsar sevinib, şadyanalıq etdi. Ondan sonra peyğəmbər (ə.s) on beş gün Məkkədə qalıb, orada Əttab ibn Əsidi hakim qoyub, oradan Həvazin və Hüneyn tərəfinə yola düşdü. Hüneyn qissəsi Bəraət (Tövbə) surəsində qeyd olundu, oraya baxılsın. Məkkənin fəthi qissəsi müxtəsər şəkildə nəql edildi.
(إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ (١) وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا (٢) فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا (٣
1) (إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ) - (Ey Məhəmməd), o zaman ki, Allah-Təalanın fəth və qələbəsi (Məkkə barəsində) sənə gəldi, (Məkkəni) fəth edib, müşriklər zəlil olub, mənim hərəmim şirkdən pak oldu,
2) (وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا) - insanlar islama tək-tək daxil olandan sonra onların dəstə-dəstə Allahın dini olan islama daxil olduğunu gördün, (elə ki, peyğəmbər Məkkəni fəth etdi, insanlar öz ixtiyarları ilə ətraf bölgələrdən dəstə-dəstə gəlib, islama daxil olmağa başladılar).
3) (فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا) - (Ey Məhəmməd), Allah-Təalanın belə böyük bir fəthi səndən ötrü asan şəkildə müyəssər etməsinə görə rəbbin Allah-Təalaya həmd-səna edib, onu pak və müqəddəs, hər bir eyib və şübhədən uca sayıb, bağışlanmanı istə. Həqiqətən, Allah-Təala insanları yaradandan bəri tövbə edənlərin tövbəsini qəbul edib, onların günahlarını bağışlayandır. Habelə sənin də tövbəni qəbul edib, bağışlayacaqdır. (Bu surə Mədinədə, Məkkənin fəthindən əvvəl nazil olub, iki şeyə işarə olunur: “Birincisi – peyğəmbərə və möminlərə Məkkənin fəthi müjdəsi verilir, ikincisi – peyğəmbərin vəfatının yaxınlaşmasına işarə edir. O işarə peyğəmbərin Allahdan bağışlanmasını istəməsi əmridir. Elə ki, bu surə nazil oldu, peyğəmbər bu surəni Mədinədə səhabələrinə oxudu, surədə Məkkənin fəthinə işarə olunduğuna görə səhabələr sevinib, şadyanalıq etdilər. Lakin peyğəmbərin əmisi Abbas ağladı. Peyğəmbər (ə.s) buyurdu: “Ey əmi, səni nə ağlatdı? Dedi: “Ey peyğəmbər, bu surədə ki, Allah-Təala sənə bağışlanmanı istəməni əmr edir, demək sənin ölümünün yaxınlaşdığını xəbər verir. Buyurdu ki, necə ki, deyirsən, etdir. Mənim ölümüm yaxınlaşıb. Peyğəmbər qızı Fatimeyi-Zəhranı çağırıb dedi: “Qızım, mənim nəfəsim ölüm xəbərini verir. Fatimeyi-Zəhra ağladı. Buyurdu: “Qızım, ağlama, mənim əhli-beytimdən mənə ilk qovuşan sən olacaqsan. Ondan sonra peyğəmbər iki il ömür sürüb, sonra axirətə köçdü. Pak ruhuna Allahdan salam olsun! Bu surə hicrətin 8-ci ilində nazil olub, həmin ildə Məkkə fəth olundu. Hicrətin 10-cu ilində peyğəmbər vəfat etdi.
Allaha həmd olsun, ən-Nəsr surəsinin təfsiri tamamlandı. Peyğəmbər buyurdu: “Kim ən-Nəsr surəsini oxusa, Məkkənin fəthində peyğəmbərlə birlikdə olanların savabı qədər ona savab verilər.”