Kəşfül-Həqayiq/Təbbət (Əbu Ləhəb) Surəsi
←ən-Nəsr Surəsi | Kəşfül-Həqayiq Təbbət (Əbu Ləhəb) Surəsi (1904) Müəllif: Mirməhəmməd Kərim Bakuvi |
Fələq Surəsi→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. III cild. səh. 678-679. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9 |
TƏBBƏT (ƏBU LƏHƏB) SURƏSİ
111-ci surədir. Məkkədə nazil olub, 5 ayə, 20 kəlmə və 77 hərfdir.
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ (١) مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ (٢) سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ (٣) وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ (٤) فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ (٥)
1) (تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ) – Əmin* Əbu Ləhəbin əlləri (hansı ki, onlarla sənə daş atırdı) həlak olsun, amma (Əbu Ləhəbin) xəbəri yoxdur ki, səni, haqqı inkar etdiyi üçün həlak olub, bizim əbədi əzabımıza düçar olacaqdır. Sənə əziyyət etməklə sənin əcr və savabın, onun ziyan və əzabı artıq olar. Əbu Ləhəb peyğəmbərə daş atıb ayağını yaraladı. Arvadı da gecələr peyğəmbərin qapısına və onun keçdiyi yola çör-çöp və tikan tökürdü. Surə bu haqda nazil olub, onların küfrünü və əbədi olaraq əzaba düçar olacaqlarını isbat etdi).
2) (مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ) - (Ey Məhəmməd), (Əbu Ləhəbin) malı və qazandığı şər və xəbis əməlləri ona heç bir fayda verməyib, dünya və axirətdə əzaba düçar olub, nicat tapmayacaqdır. (Ərəblər arasında tauna bənzər ədəsə (dəri xəstəliyi) adında bir xəstəlik yayılmışdı ki, ərəblər ondan taun kimi qorxardılar. Əbu Ləhəb Bədir savaşından sonra bu xəstəliyə yaxalanıb, Məkkədə həlak oldu. O xəstəliyin qorxusundan hətta oğlanları da ona yaxın durmayıb, iyrənirdilər. Onun xəbis meyiti üç gün ortada qalıb iy verdi. Axırda xalqın məzəmmətindən bezib, ayağına ip bağlayıb, çəkib Məkkənin kənarındakı bir yerə atıb, gedib-gələnlərin də üstünə daş atması ilə ora təpəyə çevrildi. Onun axirətdəki əzabına da Allah-Təala özü agahdır).
3) (سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ) - Əbu Ləhəb axirətdə şiddətli bir alova daxil olub, əzaba düçar olacaqdır.
4) (وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ) - (Əbu Ləhəbin) arvadı (Ümmü Cəmil) də həmin yerə onunla bərabər daxil olacaqdır. Çünki onun işi-gücü ancaq peyğəmbərimizin ayaqları altına çör-çöp və tikan tökmək idi.
5) (فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ) - Boynundakı möhkəm iplə tikan gətirib, peyğəmbərin yolunun üstünə tökürdü ki, gecə vaxtı evdən çıxanda ayaqlarını yaralasın. Neçə dəfə peyğəmbərin mübarək ayaqları bu tikanlardan yaralandı). Həmin ip qiyamət günündə onun boynunda oddan zəncir olub, özü də atəşin içində olacaqdır. Peyğəmbərin Məkkədə nə qədər əziyyət çəkdiyi buradan məlum olur. Bir halda ki, onun əmisi və əmisi arvadı, onların oğulları ona belə əziyyəti rəva görürdülər, gör digər insanlar ona nə qədər əzab edib, Allah-Təala buna agahdır. Cənab İsanın (ə.s) dediyi kimi: “Hər peyğəmbər öz qövmünün arasında zəlil olar. Uca peyğəmbərimiz Məkkədə çox zillətlə dolanırdı. Xüsusən himayədarı Əbu Talib vəfat edəndən sonra, elə ki, hicrət edib, Mədinəyə getdi, işləri gündən-günə tərəqqi edib, islam dini də dünyada yayılmağa başladı.
Allaha həmd olsun, Təbbət (Əbu Ləhəb) surəsinin təfsiri tamamlandı. Allahın Rəsulu (ə.s) buyurdu: “Kim Təbbət surəsini oxusa, ümidvaram ki, Allah-Təala o şəxsi məhşərdə Əbu Ləhəb ilə bir yerdə məskun etməz.