Kitabi-tarixi Qarabağ/Beşinci fəsil

Kitabi-tarixi Qarabağ/Dördüncü fəsil Kitabi-tarixi Qarabağ Beşinci fəsil

Kitabi-tarixi Qarabağ/Altıncı fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,
ADİL ŞAHDAN PƏNAH XANA FƏRMAN

SADİR OLMAĞIN VƏ ONU QARABAĞDA

XAN VƏ HAKİM QILMAĞIN BƏYAN EDƏR

Çün-səneyi 1160 - hicridə, yəni miladi - 1743-cü ildə Nadir şahı Xorasanda qətlə yetirdilər. [1] Bəd əz an onun (Nadirin) qardaşı Zəhirəddövlə İbrahim xanın oğlu Əliqulu xan Adil şah müləqqəb edib Nadir şahın yerində şahlıq məsnədində əyləşdi və onun tərəfindən Əmiraslan xan sərdarlıq əmrinə mənsub olub Azərbaycana gəlib Təbriz şəhərində oturub hökmranlıq qıldı. Elə ki həmin Əmiraslan sərdari-Qarabağ sahəsində Pənah xanın bu cür ixtiyar və istiqlal avazəsini eşitdi. Mirzə Adıgözəl bəyin rəvayətinə görə sərdar Təbrizdən özü Pənahəli bəyi görmək üçün Qarabağa gəlib və burada mülaqat hasil olandan sonra axşamı Pənahəli bəyə sultanlıq və sabahı xanlıq verib və ondan sonra (şaha) yazıb və Adil şahdan təsdiq fərmanı gəlib. Amma Mirzə Camal bəy yazır ki, Əmiraslan sərdar, çün Qarabağda Pənah xanın avazəsini eşidib öz yanında at və qılınc və xələt Pənah xana göndərib və onu Adil şahın itaətinə tərğib və dəvət edib. Mərhum Pənah xan dəxi bu tərəfdən Əmiraslan sərdarın göndərdiyi adamların adına görə yaxşı hörmət və lazımi ziyafət gətirib və bəd neçə nəfər nami və mötəbər olan ilat kəndxudalarından dəxi onlara qoşub töhaf və hədaya və yaxşı sədaqətamiz cavablar ilə sərdari-məzburun hüzuruna göndərib, dövləti Adil şaha izhari-itaət və inqiyad etdi. Çünki hənuz o vaxt deyil idi ki, o tövr sahibi-şövkət sərdar ilə dava və müqatilə məqamına gələ. Tamam ətraf xanları batinən onunla düşmən var idilər və Qarabağın əksəri həm Pənah xana dürüst itaət qılmamışdılar və hənuz müti olmamışdılar. Ona görə Adil şaha və Əmiraslan sərdara görə itaət və rəftari-süluki məsluk edərdi. Pəs Əmiraslan xan sərdar dəxi Pənah xanın o tövr itaət kəlamatını və xülus və iradatını və o növ göndərdiyi kəndxudalarını görüb, qayətdə xoşhal olub və məzidi iqbal bilib, Adil şaha görə bu əmri xədəmaticəlilədən məshub edib pəs bu keyfıyyəti ərizə ilə Adil şah hüzuruna yazıb pişnəhad etdi. Ona görə 1160 səneyi-islamiyyedə mütabiqi səneyi-məsihiyyə 1744 Adil şahdan xanlıq [2] və Qarabağın hökumət və fərmani sadir olub. Pareyigirənmayə xələt və ənam və mürəssə becəvahir qdınc və qızıl irasbablı at Pənah xana gəlib, sərdar Əmiraslan xan dəxi əlavə özü də sovqat və hədiyyələr məzid edib. O vəqtdə ki, Pənah xan Bayat qalasında məskən ixtiyar etmişdi, orada gəlib vüsul oldu və haman kəndxudalar ki, Pənah xan tərəfindən Əmiraslan sərdarın yanına getmişdilər, onlar dəxi xələt və ənam və hörmət ilə gəlib yetişdilər. İbtida o oldu ki, oradan Pənah xana xanlıq ismi qoyulub və Qarabağa hakimlik əmrinə mənsub oldu. Yövmən-yövmən tərəqqilər qıldı və İran məmalikinin ixtilalında tamam Qarabağa və qeyri-para ölkəyə istiqlal buldu. Ondan sonra bir az müddət çəkdi ki, Adil şahı Nadir şahın nəvadəsi Şahrux Mirzə qətlə yetirib təxti səltənətə əyləşdi və o hallarda Əmiraslan xan dəxi Qarabağ hakimi Kazım xanı dəstgir edib məğlub etdi. Bir çox qəlil zamanda Şahrux şahı dəxi məqtul etdilər. Növbət hökuməti-səltənəti-Zənd Kərim xan Vəkilə yetişdi. O dəxi vilayətlərə istiqlal və aram edənədək, müddəti-mütəmadi İraq və fars və Xorasan və Azərbaycan və hamı İran məmalikində hərci-mərc və məqşumluq olub xudsərlik və pərişanlıq əmələ gəldi. Dəxi o zamanlarda Pənah xan əzmi-hümmət bağlayıb cəhdü səy edirdi ki, Gəncə və İrəvan və Naxçıvan və Qaradağ və Ərdəbil vilayətlərini təsərrüfünə gətirsin. Bir az zamanda dəxi onların bəzilərini zor ilə və bəzilərini qövmlük ilə və bəzilərini rəsəl və rəsail ilə müti edib, Ərdəbildə məxsusən Dərgahqulu bəy Sarıcalını hakim qoydu və Gəncə xanzadələrindən hansını ki, xahiş etsə idi tikərdi və hansını istəsə çıxarardı. Dəxi neçə nəfər o vilayətlərin xanzadələrindən götürüb öz yanında zaval rəsmi ilə saxlayardı və hər diyarda avazəsi və şöhrəti müntəşir olmuşdu.

Qeydlər

redaktə
  1. Hicri 1160-cı il miladi 1747-ci ilə Nadir şahın Xorasan yaxınlığındakı Xabuşan yaylağında, iyun ayında öldürülməsi ilə müqabildir. Burada göstərilən 1743-cü il səhvdir.
  2. Hicri 1160-cı il miladi 1747-ci ildir. Mirzə Camala görə Pənah xana xan adı verilməsi və Qarabağ hakimliyi vəzifəsinə təyin edilməsi haqqında imzaladığı fərman hicri 1161-ci il miladi 1748-ci ildə verilmişdir (Mirzə Camal. Qarabağ tarixi, səh.18).