Kitabi-tarixi Qarabağ/On beşinci fəsil
←Kitabi-tarixi Qarabağ/On dördüncü fəsil | Kitabi-tarixi Qarabağ On beşinci fəsil |
Kitabi-tarixi Qarabağ/On altıncı fəsil→ |
"Qarabağnamə" (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, |
BU TƏRƏFİNƏ GƏLMƏYİN VƏ
GÜRCÜSTANA MALİK OLUB, ƏLAVƏ
CAR VƏ BALAKƏNİ ALMAĞIN VƏ
Çün yuxarıda mərğum və məzkur oldu ki, Ağa Məhəmməd şah əvvəlinci gəlib Qarabağa və Tiflis şəhərini yandırıb və qarət edib getdi. Haman hadisədən sonra vali İrakli xan dəxi Gürcüstan torpağına gəlməyib, iki il keçənədək vəfat etdi və böyük oğlu Georgi xanı dualadılar, yerində vali oldu və qardaşları dəxi ona dürüst itaət etməyib, təmərrud başladılar. İran dövlətində dəxi Ağa Məhəmməd şah məqtul olub, Fətəli şah məsnədi-səltənətə cülus qılıb, istiqlal buldu. Vali Georgi xan bir tərəfdən Rumdan və bir tərəfdən İrandan, bir tərəfdən Dağıstandan və bir tərəfdən qardaşlarının yağı olduqlarından vahimə edib, dübarə bir ərizeyi-niyazməndanə yazıb, öz böyük oğlu Davud Mirzəni şahənşahi-əzəm və imperaturi-əfkəm cənab Pavel Petroviçin astani-behiyyəsinə irsal etdi. Bu kəlamat ilə ki, bu qədər xaric məzhəblər miyanında tənha qalmışam və hər saatda bir kimsədən ehtiyat etməkdən cana gəlmişəm. Güzəran və istirahətimiz haram olub və Ağa Məhəmməd şahdan haqqımızda olan zülm və cəfalar həm hamılara məlum və aşkardır. Övlad və ixvanım hamısı mənə yağı və düşmən olublar. Diriliyimiz bəsi düşvardır. Ona görə padşahani-aləmyan və imperator cahandan xahişimiz oldur ki, riayəti-namus, məzhəb və millət edib, inayət və mərhəmətləri dərmandələr haqqında şamil ola və bizləri himayət etmək ilə düşmənlər dəfıni vəcheyi-hümmət qıla. Pəs Gürcüstanın seçilmiş, nəcib olan tavadlarından eşikağası baş Kərsəvan bəyi ki, knyaz Çavçavadze məşhurdur və irəlicə dəxi padşahi-aləmpənah, astani-şərafət bünyanında məruf idi. Davud Mirzənin əqəbincə imperatori-əfxəm dərgahına mərsul və rəvanə etdi. Pəs padşahi-aləmpənahın mərhəməti cuşa gəlib, bir polk qoşun ilə general-mayor Lazarevi təyin edib göndərdi ki, mühafızəti-hüdudi-Gürcüstanda ehtimamitamam əmələ gətirsin və ştatski sovetnik Kovalenskini həm ministr təyin etdi ki, Gürcüstan valisinin yanında otursun. Bir az müddət keçmiş, mərğum və məzkur olan üməralar qoşun ilə gəlib Tiflisə varid oldular. Bir il ondan keçəndə Ümmə xan Dağıstani, hakimi-Avar iyirmi min Dağıstan qoşunu ilə vali üstə gəldi. Bu əzmə ki, çün vali Rusiya qoşununa pənah gətirib və hüquqi-rəfaqəti-qədimini xatirdən götürüblər və gedib Rusiyanı Gürcüstandan xaric edərək və Gürcüstan vilayətini və Tiflisi irəliki kimi xarab və tarac qılıram. Elə ki vali bu əhvalı istina etdi, əz bəski, Ağa Məhəmməd şahın hadisəsindən və qabaqlar ləzgilərin etdikləri vaqiələrdən xofnak olmuşdu ki, bu xəbərlərdən çox vahimə edib, çox pərişan olub, qorxuya düşdü və əhaliyi-Tiflis dəxi vəhşətlər edib fərar etmək əzm eylədilər. Hər birisi hifzi-bədəni lazım bilib bir diyara qaçmaq fikrinə düşdülər və general Lazarev nə qədər onlara nəsihətlər və xatircəmliklər verdisə, fayda etməyib, əhaliyi-şəhər qəflət və kəmetiqadlıq ilə ona bavər edib mültəfit olmazdılar və nə qədər səy və cəhd edirdisə, əsla iltifat qılmazdılar. Zira ki, şul zamanədək Rusiya qoşununun zəfər əsərli olan hünərləri imtahan və təcrübə olmamışdı və bu diyarın əhlləri onların rəşadət və nizamına müşahidə qılmamışdı. General bu əhvalı anlayıb Tiflisdə car etdirdi ki, siz əhaliyi-şəhər və vilayət nahaq yerə məkanınızdan fərar olmayın və əbəs-bica yerə cəlayivətən ixtiyar qılmayın, sakit və asudə yerinizdə oturun, ta mən özüm məxsus öz qoşunu ilə onların müqabilinə gedirəm və Ümmə xan və qoşuni-Dağıstan ilə cəng və savaş edərəm. Hərgah qalib oldum fiha ülmətlub və ila məğlub olsam və ya onlardan qaçsam, ondan sonra siz də fərar edərsiniz. Və hansı canibə istərsiniz gedərsiniz.
Pəs əhaliyi-Tiflis bu qissələri istima etdikdən sonra filcümlə aram buldular. Və bu kəlamatı ağılları qəbul edib təsdiq qıldılar. Pəs generalməzbur qoşuni-mənsuri fərahəm edib Ümmə xanın müqabilinə çıxdı və gedib Səğrəlu kəndinin altında və Qabırrı çayının üstündə axşamçağı təlaqiyi-fəriqin vaqe olub əsakiri-Dağıstan baxıb gördülər ki, urus qoşunu bir cəmdir. Nəzərlərinə az və çox həqir və zəlil gəlib təəccüblər edib və heyrətlər qılardılar ki, bir az cəmiyyəti ilə bunlar necə cəng və dəvaye cürət edirlər və bu gunə uzaq yolları gəlib məmalik hərasətinə iqdam qılırlar. Pəs hər iki tərəf barinüzül açıb düşdülər və çadırlar tikib əyləşdilər. Ləzgiyyə qoşunlarının sərkərdələrindən bəziləri dedilər: “Axşamın xeyrindən isə sabahın şərri yaxşıdır”. Amma Ümmə xanın özü və bir para sərkərdələr dedilər ki:
Ke fərda çe bazi konəd ruzigar.
(Tanrıdan başqa kim bilir ki, ruzigar sabah nə oyun çıxaracaq).
Səlah budur ki, haman bu halda dava başlayıb bu az camaatı tüfəng və tömeyi-tiğ və tüfəng edib ortadan götürək və ondan Tiflisi qarət və zəbt etməyə gedək. Pəs Ümmə xan nisfı-ləşkərinə müqərrər etdi ki, generalın qoşununu əhatə edib aralığa alsınlar, onların dörd ətrafını negini-ənguştər kimi tutub, tənk mühasirəyə alsınlar. Ləşkəri-Dağıstan bu hökmə əməl etdilər. General əhvala nəzər edib haman dəm müqərrər etdi ki, atəşbar olan əjdəhadəm toplara od qoysunlar və rəşid olan nüsrətli soldatlar “uray” çəkib onlara həmlə qılsınlar. Dağıstanlılar bir vaxt baxdılar ki, aləmi dəryayi-atəş tutub başlar havaya bülənd oldu və leşlər tökülüb qanları səhranın rəngin qıldı. Filfövr tabi-müqavimət gətirməyib fərarı qərara ixtiyar qıldılar və əhvali-macəranı gəlib Ümmə xana hali və bəyan eylədilər. Onlar bu müqəddiməni eşitdikdə qayətdə xofnak və pərişan olub, təqrir etdilər ki, sabah tezdən bunları zirü zibər edirik. Bu qisas əvəzin alıb ondan Gürcüstana müvaxizəsinə gedirik.
Bavəd in koləh bər səre-ma həram [1]
General ki, onları fərar edən gördü, ləşkər zəfər əsgərin götürüb, onların əqəbincə rəvanə olub özlərini onların sığınağına yetirib həməlati mərdanə və sədəmati-dəliranə ilə onların cəmiyyətlərini dağıdıb bərhəm etdilər. Hərçənd Ümmə xan və sair sərkərdələr səy və cəhd etdilər ki, o vəhşi xislətləri təskin edələr və mərdanəlik rəsmilə meydani-cəngə gedələr, heç fayda etməyib. Çünki Rusiyanın əvvəlinci sədəmati-zəhrə şikafından qayətdə xofnak olmuşdular. Dəxi durmayıb haman ki, axşam qaranlığı araya gəldi, ləzgiyyə üzü qaralıq edib atlarına minib fərar etdilər və ta Gəncə torpağınadək heç mənzildə durmayıb, ”Eyn əl-məfəru” [2] söylədilər. Xəyalları bu imiş ki, oradan keçib Qarabağa gəlsinlər və qışı burada qalıb, yaz mövsümü olanda vətənlərinə azim olsunlar. O da olmadı və dağlar çox qar olduğu səbəbə geri getmək də müyəssər olmayıb, əhaliyi-Gəncə həm o qədər azlıq ilə onlara hücumvər olub, bir paraların məqtul etdilər. Axır ləzgiyyə yüz min məşəqqət ilə Car tərəfində qışlaq edib, əyləndilər. Haman o qışda Ümmə xan dəxi orada vəfat etdi. Aparıb Carın məscidində dəfn edib dübarə təziyəsində məhzun və pərişan oldular və rus generalı-məzkur dəxi haman dəm Tiflisə adamlar göndərib əhval və güzarişatı elan etdi. Amma Gürcüstanda əsla buna kimsənə inanmazdı və etibar edib bavər qılmazdı. Hətta məqtul olan ləzgiyyənin başlarından bir neçəsini dəxi göndərmişdi. Yenə heç kəs inanmayıb xatircəm olmadılar ta ki, bu neçə gündən sonra generali-mənsur və müzəffər (Lazarev) gəlib yetişdi və ehtiramı-tamam ilə daxili-Tiflis olub, əhali-şəhər şadyanəliklər eylədilər və tamam Gürcüstan əhli və sairlər Rusiya qoşununun hünər və rəşadətinə müqərr və qail oldular. Ondan sonra generalın hörməti və qoşunun şöhrəti məşhuri-miyan və məzkuri-billisan oldu. Bəd əz an vəli Georgi xan bir il zində qaldı. Ondan qış mövsümündə idi ki, 1215-ci il səneyi-islamiyyə tarixində rəhmətliyə getdi [3] Pəs onun vəfatından sonra qardaşları Kartilidən çoxlu qoşun görürüb gəldilər ki, Tiflisdə böyük qardaşları İvan Mirzəni [4] vali və sahibi-ixtiyar qılsınlar. Elə ki Tiflisdən Yuxarı Bucan [5] kəndinə gəlib yetişdilər, general Tiflisdən qoşununu götürüb onların müqabilinə getdi və orada dava başlayıb onları ta Başıaçığadək fərari etdi. Ondan qayıdıb şəhri-Tiflisə valinin böyük oğlu Davud Mirzəni valilikdə əmani qoydu, ta bahar fəslinədək. Bu sayaq ilə keçib yaz açılanda, general adyunfantar Knorrinq ki, Liniyada sakin idi, mənsəbinə dəxi inspektor derlər idi. Tiflisə gəldi və divanxana binası qoydu və dörd nəfər tavad zadələrdən [6] müntəxəb edib divanbəyliyə mənsub etdi ki, zərur olan mühümmat və ərizələr orada qət olunsun. Həmin general Lazarevin mərifəti ilə özü yenə dalı müraciət qıldı. Bir il dəxi bu qərar ilə dolandı. Bundan sonra sərdari-əzəm knyaz... İşpextur Sisianov [7] Qafqazın bu tərəfındə olan vilayətlərə sərdari-sahib ixtiyar olub, gəldi [8] Quberniya əsbabını özü ilə gətirib Tiflisdə divanxanələr açdı. Elə ki valizadələr o vaxtda hamısı Gürcüstanda idilər. Bu cürə binaları görəndə şöylə ümurata razı olmayıb, keçən əsrlərin zabitlərini təmənna etdilər və bu xüsusda fasad olan xəyallara və kasıb olan əfallara başladılar. Hərçənd sərdar Sisianov onlara mülayim nəsihətlər etdisə, onlar qəbul etmədilər və rahat və fəraqət yol getmədilər. Axırül-əmr sərdar baxdı ki, mövizə və nəsihət onlara əsər eləməz. Ondan tamamini zor ilə Rusetə rəvanə elədi. O cümlədən, valinin övrəti dəxi getməkdən təmərrüd və təkəhül edirdi. Sərdar Sisianov general Lazarevi onun yanına göndərdi ki, mövizə və nəsihət ilə onu bu əmrə razı etsin. General dəxi gedib, ona nə qədər nəsihət və mehriban olan məvaizlər elədi, qəbul etməyib və gizlincə bir xəncər çəkib, generalı qətlə yetirdi. Elə ki sərdar bu müqəddimatı mülahizə etdi, haman dəm əmr qıldı ki, onu da cəbr və qəhr ilə sair valizadələrə qoşub aparsınlar. Dəxi şöylə yolladı ki, valizadələrdən o diyarlarda bir dəyyar qalmadı. Çün Gürcüstan məsələlərində filcümlə, fərağət hasil oldu və hər cəhətdən xatircəmlik əmələ gəldi. Əzbəs ki, Car və Balakənin ləzgiləri, vali əsirləri kimi Gürcüstanın ətraflarından qarət etmək və adam tutub aparmaqdan əl çəkməzdilər. Haman vaxt, Gürcüstan əhlinə zəhmətlər və qarətlər yetirirdilər. Sərdar əvvəl onlara nəsihətamiz kağızlar və hökmlər yazdı ki, keçən zamanlar vali zəmanlan idi və xudasərlik idi. İndi padşahi-aləmpənah dövlətidir. Bu cür hərəkati-nalayiq yola getməz. Gərəkdir ki, bu növ nalayiq əməlləri tərk qılasınız və xələf işlərdən mütəqaid olasınız ki, axırda səməri-nidamət və cəzası xəsarət olur. Hərçənd bu barədə təkrar etdisə, onlar əl çəkmədilər və adətlərini tərk qılmadılar. Aqibətül-əmr bir cüzvi ləşkər götürüb onların tənbehi nəsbül-eyn zəmiri-himmət qılıb səmti Dağıstana üz tutub yollandı. Elə ki ləzgiyyədə bu əhvalı eşitdilər, qoşun cəm edib, gəlib Qanıq çayının yanında xeymələr tikib, müntəziri-müharibə oldular. Məqsədləri bu idi ki, Rusiya qoşununun Car torpağına daxil olmasına mane olub, qovsunlar. Amma bilməzdilər ki atəşisuzanə xari-xuşk mane ola bilməz, torpaq və qum böyük selə tab gətirməz.
Çün Rusiya ləşkəri Qanıq çayına yetişdi, orada üzbəüz dava düşdü. Haman ləhzə Qanıqda şahbaz kimi ləzgiyyenin cəmiyyətlərini pərakəndə edib və çaydan keçib, ta Balakən torpağınadək onlardan bir əsər qoymadılar. Balakən dəxi onların bərk olan məkanı və möhkəm olan hasarı idi. Oranı türreyi-xubani-tatar tək tarü mar edib, onlara yaxşı bir qulaqburması və tənbeh verdilər ki, bir də Gürcüstandan əsir və qarət etməyi cürət etməsinlər, əvvəlki kimi müxalifət və bietidarlıq təriqinə getməsinlər. Ondan Car torpağında dəxi qoşun təyin edib, general-mayor knyaz Orbelianovu və general-mayor Qulyakovu sərkərdəlik əmrinə mənsub elədi ki, əgər birdən bir də ləzgiyyədən bir hərəkəti xəlaf sadir olsa və yenə dübarə əsəri-şərarət onlardan zühur qılsa, mane olub, qoymasınlar və özü dəxi oradan müraciət edib daxili Gürcüstan oldu.
Qeydlər
redaktə- ↑ Əgər biz kişi adımızı doğrultmasaq, bu papaq bizim başımıza haram olsun.
- ↑ Eyni yol ilə” (ərəb.)
- ↑ Hicri 1215-ci il miladi 1800-cü ilə təsadüf edir. Bu ilin dekabr ayının 28-də gürcü hakimi XII Georgi ölmüşdür.
- ↑ Yulon nəzərdə tutulur
- ↑ Mirzə Adıgözəl bəy bu kəndin adını Habucala kimi göstərir (Qarabağnamə,səh.96).
- ↑ Tavad - gürcücə knyaz deməkdir
- ↑ Şpuxter, yəni inspektor. Azərbaycanın bəzi yerlərində Sisianovu bu adla çağırmışdılar (bax: Əhmədbəy Cavanşir, göstərilən əsəri, səh.43).
- ↑ Sisianov 1803-cü ilin fevralından Gürcüstanı idarə etməyə başlamışdır.