Kommunist Partiyasının Manifesti/III
←II | Kommunist Partiyasının Manifesti III. Sosialist və kommunist ədəbiyyatı Müəllif: Karl Marks və Fridrix Engels |
IV→ |
1. MÜRTƏCE SOSİALİZM
a) Feodal sosializmi
Fransız və ingilis aristokratiyası öz tarixi vəziyyətinə görə, müasir burjua cəmiyyəti əleyhinə həcvlər yazmalı olmuşdur. Fransada 1830-cu il iyul inqilabında və İngiltərədə parlament islahatı uğrundakı hərəkatda mənfur bir törəmə bu aristokratiyanı bir daha məğlub etdi. Ciddi siyasi mübarizə barəsində daha danışıq da ola bilməzdi. Aristokratiyaya ancaq ədəbi mübarizə qalırdı. Lakin ədəbiyyat sahəsindədə Restavrasiya1 dövründəki köhnə ibarələr artıq mumkün deyildi. Aristokratiya rəğbət qazanmaq üçün özünü elə göstərməli idi ki, guya o daha öz mənafeyinin fikrinə qalmır və ancaq istismar olunan fəhlə sinfinin mənafeyini nəzərə alıb burjuaziyaya qarşı öz ittihamnaməsini tərtib edir. Aristokratiya özünün yeni hökmdarına həcvlər yazmaqdan və onun qulağına gələcək haqqında az-çox pis xəbərlər pıçıldamaqdan həzz alırdı.
1 1660 – 1689-cu illərdə İngiltərədəki Restavrasiya deyil, 1814 – 1830-cu illərdə Fransadakı Restavrasiya nəzərdə tutulur. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi.)
Beləliklə, yarı dəfn nəğməsi – yarı həcv, yarı keçmişin sədası – yarı gələcəyin hədəsi olan bir feodal sosializmi əmələ gəldi ki, bu da çox zaman öz acı, kəskin, zəhərli hökmü ilə burjuaziyanın bağrını yarır, lakin müasir tarixin gedişini anlamaqda tam acizliyi ilə həmişə gülünc təsir bağışlayırdı.
Aristokratiya xalqı öz dalınca aparmaq üçün proletariatın dilənçi torbasını əldə bayraq etmişdi. Lakin hər dəfə xalq aristokratiyanın dalınca getdikdə, onun yançağında köhnə feodal gerblərini görür, ucadan və ehtiramsızlıqla qəhqəhə çəkərək qaçıb dağılırdı.
Fransa legitimistlərinin bir hissəsi və «Gənc İngiltərə*» belə bir komediya oynamaqla məşğul olurdu.
- Legitimistlər – Burbonlar sülaləsini bərpa etmək tərəfdarları olan zadəgan-torpaq sahibləri partiyası idi. «Gənc İngiltərə» – mühafizəkarlar partiyasına qoşulan ingilis aristokratlarının, siyasi xadim və ədəbiyyatçılarının 1842-ci ilə yaxın təşkil olunmuş dərnəyi idi. Onun görkəmli nümayəndələri Dizraeli, Tomas Karleyl və başqaları idi. Red.
Əgər feodallar öz istismar üsullarınnn burjua istismarından fərqli olduğunu sübut edirlərsə, ancaq bunu unudurlar ki, onlar indi artıq keçib getmiş olan tamamilə başqa bir vəziyyət və şəraitdə istismar edirdilər. Əgər onlar öz hökmranlıqları zamanı müasir proletariatın olmadığını göstərirlərsə, bunu unudurlar ki, məhz muasir burjuaziya onların ictimai quruluşunun zəruri məhsulu idi.
Bir də, onlar öz tənqidlərinin mürtəce xarakterini çox az gizlətdiklərinə görə, onların burjuaziyaya qarşı başlıca ittihamı məhz bundan ibarət olur: burjuaziyanın hökmranlığı dövründə elə bir sinif inkişaf edir ki, bu sinif butün köhnə ictimai quruluşu dağıdıb havaya sovuracaqdır.
Onlar burjuaziyanı ümumiyyətlə proletariat doğurmaqdan daha çox, inqilabçı proletariat doğurmaqda töhmətləndirirlər.
Buna görə də onlar siyasi praktikada fəhlə sinfinə qarşı bütün zorakı tədbirlərdə iştirak edirlər, adi həyatda isə, bütun dəbdəbəli ibarələrinin əksinə olaraq, qızıl almaları* yığışdırmaq, sədaqət, məhəbbət və namusu qoyun yunu, çuğundur və araq alverindən gələn qazanca dəyişmək fürsətini əldən qaçırmırlar1.
- 1888-ci il ingiliscə nəşrində «qızıl almaları» sözündən əvvəl «sənaye ağacından tökülən» sözləri əlavə edilmişdir. Red.
1 Bu, başlıca olaraq, Almaniyaya aiddir, burada torpaq aristokratiyası və yunkerlər öz torpaqlarının çox hissəsində təsərrüfatlarını öz iş müdirləri vasitəsi ilə öz hesablarına idarə edirlər və bundan əlavə, böyük şəkər və şərab zavodlarının sahibidirlər. Daha varlı olan ingilis aristokratları hələ bu dərəcəyə çatmamışlar; lakin onlar da bilirlər ki, rentanın aşağı düşməsinin əvəzini çıxarmaq üçün öz adlarını az-çox şübhəli səhmdar cəmiyyətləri düzəldənlərə necə vermək olar (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).
Keşiş həmişə feodalla əl-ələ verdiyi kimi, keşiş sosializmi də feodal sosializmi ilə əl-ələ vermişdir.
Xristian asketizminə sosializm rəngi verməkdən asan bir şey yoxdur. Məgər xristianlıq da xüsusi mülkiyyət əleyhinə, nigah əleyhinə, dövlət əleyhinə çıxmırdımı? Məgər o bunların əvəzinə xeyriyyəçiliyi və yoxsulluğu, nikahsızlığı və nəfsi öldürməyi, monastır həyatını və kilsəni təbliğ etmirdimi? Xristian sosializmi ancaq elə bir müqəddəs sudur ki, aristokratın qəzəbi tutanda keşiş bu suyu onun üzünə çiləyir.
b) Xırda burjua sosializmi
Feodal aristokratiyası burjuaziya tərəfindən devrilən və muasir burjua cəmiyyətində həyat şəraiti pisləşib aradan qalxan yeganə sinif deyildir. Orta əsrlərdəki şəhərlilər silki və xırda kəndlilər silki müasir burjuaziyanın sələfi olmuşdur. Sənaye və ticarət cəhətdən daha az inkişaf etmiş ölkələrdə bu sinif inkişaf etməkdə olan burjuaziya ilə yanaşı olaraq hələ indiyə qədər sürünməkdədir.
Müasir mədəniyyətin inkişaf etdiyi ölkələrdə proletariatla burjuaziya arasında tərəddüd edən yeni xırda burjuaziya əmələ gəlmiş və burjua cəmiyyətinin əlavə bir hissəsi olaraq daim yenidən əmələ gəlməkdədir. Lakin rəqabət bu sinfə mənsub olan şəxsləri daim proletariat sıralarına atır və onlar artıq elə bir zamanın yaxınlaşdığını görməyə başlayırlar ki, bu zaman iri sənaye inkişaf etdikdə, həmin şəxslər müasir cəmiyyətin müstəqil bir hissəsi olaraq tamamilə yox olacaq və ticarətdə, sənayedə, əkinçilikdə nəzarətçilər və muzdlu qulluqçularla əvəz ediləcəklər.
Bütün əhalinin yarıdan xeyli çoxunun kəndlilərdən ibarət olduğu Fransa kimi ölkələrdə burjuaziyaya qarşı proletariata tərəfdar çıxan və burjua quruluşunu tənqid edərkən xırda burjua və xırda kəndli meyarına əl atıb, fəhlələrin işini xırda burjua nöqteyi-nəzərindən müdafiə edən yazıçıların meydana gəlməsi təbii idi. Xırda burjua sosializmi belə meydana gəlmişdir. Sismondi təkcə Fransada deyil, İngiltərədə də belə bir ədəbiyyatın başında durur.
Bu sosializm müasir istehsal münasibətlərindəki ziddiyyətləri çox yaxşı görə bilirdi. O, iqtisadçıların riyakar məddahlığını ifşa etmişdi. O, maşınlı istehsalın və əmək bölgüsünün dağıdıcı təsirini, kapitalların və torpaq sahibliyinin təmərküzləşdiyini, ifrat istehsalı, böhranları, xırda burjuaların və kəndlilərin labüddən məhv olacağını, proletariatın yoxsulluğunu, istehsal hərc-mərcliyini, sərvət bölgüsündə biabırçı bərabərsizlik olduğunu, millətlər arasında dağıdıcı sənaye müharibəsi getdiyini, köhnə mənəviyyatın, köhnə ailə münasibətlərinin və köhnə milliyyətlərin pozulub dağıldığını qəti sübut etdi.
Lakin bu sosializm öz müsbət məzmunu cəhətdən buna çalışır ki, ya köhnə istehsal və mübadilə vasitələrini, bununla birlikdə isə mülkiyyət münasibətlərini və köhnə cəmiyyəti bərpa etsin, ya da müasir istehsal və mübadilə vasitələrini yenidən zorla köhnə mülkiyyət münasibətləri çərçivəsinə salsın, halbuki həmin münasibətləri müasir istehsal və mübadilə vasitələri artıq dağıtmışdır və mütləq dağıtmalı idi. Hər iki halda bu sosializm eyni zamanda həm mürtəce, həm də utopikdir.
Bu sosializmin ən yüksək məqsədi sex halında qurulmuş sənaye və patriarxal kənd təsərrüfatıdır.
Bu məslək sonrakı inkişafında qorxaq bir donqultuya çevrilmişdir*.
- 1888-ci il ingiliscə nəşrində «Bu məslək sonrakı inkişafında qorxaq bir donqultuya çevrilmişdir» sözləri əvəzinə belə çap edilmişdir: «Ən nəhayət, qəti tarixi faktlar xülyaların həzz verən təsirinin bütün izlərini aradan qalxmağa məcbur etdikdə, sosializmin bu forması qorxaq bir donqultuya çevrilmişdir». Red.
c) Alman sosializmi, yaxud «həqiqi» sosializm
Hökmran burjuaziyanın zülmü altında meydana gələn və bu hökmranlığa qarşı mübarizənin ədəbi ifadəsi olan Fraisa sosialist və kommunist ədəbiyyatı Almaniyaya elə bir zamanda keçirilmişdi ki, bu zaman Almaniyada burjuaziya feodal mütləqiyyətinə qarşı öz mübarizəsini yenicə başlamışdı.
Alman filosofları, yarımfilosofları və gözəl ibarə həvəskarları ehtirasla bu ədəbiyyatdan yapışmışdılar, ancaq unutmuşdular ki, bu əsərlər Fransadan Almaniyaya keçirilirkən, eyni zamanda Fransadakı həyat şəraiti oraya keçirilməmişdi. Almaniya şəraitində fransız ədəbiyyatı özünün bütün bilavasitə əməli əhəmiyyətini itirdi va xalis bir ədəbi cərəyan şəkli aldı. Bu ədəbiyyat insan mahiyyətinin həyata keçirilməsi haqqında mənasız əllaməlik xarakteri almalı idi. Məsələn, birinci Fransa inqilabının tələbləri XVIII əsr alman filosofları üçün yalnız ümumiyyətlə «əməli zəkanın» tələbləri olaraq bir əhəmiyyətə malik idi, inqilabçı fransız burjuaziyası iradəsinin təzahürləri isə onların nəzərində xalis iradə qanunları, əslində iradə necə olmalıdırsa, belə bir iradənin, həqiqi insan iradəsinin qanunları əhəmiyyətinə malik idi.
Alman ədəbiyyatçılarının gördüyü bütün iş ancaq ondan ibarət idi ki, yeni fransız ideyalarını öz köhnə fəlsəfi vicdanları ilə barışdırsınlar, yaxud daha doğrusu, fransız ideyalarını öz fəlsəfi nöqteyi-nəzərlarindən mənimsəsinlər.
Ümumiyyətlə başqa bir dil nə yolla mənimsənilirsə, bunu da eyni yolla, tərcümə vasitəsi ilə mənimsədilər.
Məlumdur ki, qədim bütpərəstlik zamanlarının klassik əsərlərinin əlyazmalarında monaxlar mətnin üstündən katölik müqəddəslərinin mənasız tərcümeyi-hallarını yazırdılar. Alman ədəbiyyatçıları küfr edən fransız ədəbiyyatı ilə lap əksinə rəftar etdilər. Fransız orijinalı altından onlar özlərinin fəlsəfi cəfəngiyatını yazdılar. Məsələn, pul münasibətlərinin fransız tənqidi altından onlar «insan mahiyyətinin özgələşməsi», burjua dövlətinin fransız tənqidi altından «Abstrakt-Küllün hökmranlığının ləğv edilməsi» və i. a. yazdılar.
Onlar fransız nəzəriyyələri altından soxuşdurub yazdıqları öz fəlsəfi cümləpərdazlıqlarına «fəaliyyət fəlsəfəsi», «həqiqi sooializm», «alman sosializm elmi», «sosializmin fəlsəfi cəhətdən əsaslaidırılması» və i. a. adını verdilər.
Beləliklə, fransız sosialist-kommunist ədəbiyyatı tamamilə məzmunsuzlaşdırılmış oldu. Həm də almanların əlində bu ədəbiyyat daha bir sinfin başqa sinfə qarşı mübarizəsini ifadə etmədiyinə görə, almanlar bu əqidədə idilər ki, onlar «fransız birtərəfliyindən» yüksəyə qalxmışlar, həqiqi tələbat əvəzinə, həqiqətə olan təlabatı müdafiə edirlər, proletariatın mənafeyi əvəzinə isə insan mahiyyətinin mənafeyini, ümumiyyətlə insanın mənafeyini, heç bir sinfə mənsub olmayıb ümumiyyətlə həyatda deyil, fəlsəfə xülyasının dumanlı fəzalarında mövcud olan insanın mənafeyini müdafiə edirlər.
Öz aciz şagird məşğələlərini bu qədər ciddi və mühüm bir şey hesab edən və bunları bu qədər gurultu ilə tərifləyən həmin alman sosializmi get-gedə öz pedant məsumluğunu itirdi.
Feodallara və mütləq monarxiyaya qarşı alman burjuaziyasının, xüsusən Prussiya burjuaziyasının mubarizəsi – bir sözlə, liberal hərəkat get-gedə daha çox ciddiləşirdi.
Beləliklə, «həqiqi» sosializmin arzu etdiyi fürsət ələ duşdü və o da siyasi hərəkata sosialist tələblərini qarşı qoyur, liberalizmə, numayəndəli dövlətə, burjua rəqabətinə, burjua mətbuat azadlığına, burjua hüququna, burjua azadlığına və bərabərliyinə bir ənənə olaraq lənətlər yağdırır və xalq kütləsinə təbliğ edirdi ki, bu burjua hərəkatında xalq kütləsi heç bir şey qazana bilməz, əksinə, hər şeyi itirə bilər. Fransız tənqidinin miskin əks-sədası olan alman sosializmi çox yerində unudurdu ki, fransız tənqidi meydana gələn zaman muasir burjua cəmiyyəti, buna müvafiq maddi həyat şəraiti və müvafiq siyasi konstitusiya var idi, yəni bütün elə müqəddəm şərtlər var idi ki, Almaniyada bunlara nail olmaq haqqında hələ yenicə danışırdılar.
Çoxlu keşişləri, məktəb murəbbiləri, ətalətli yunkerləri və bürokratları olan Almaniya mütləqiyyət hökumətləri üçün bu sosializm hədələyici surətdə hücuma keçən burjuaziyaya qarşı vaxtındaca ələ keçən bir uyuq idi.
Bu sosializm alman fəhlələrinin üsyanlarını yatırarkən həmin hökumətlərin istifadə etdikləri qamçıların və tüfəng güllələrinin acısına qatılmış bir şərbət idi.
Bu yolla «həqiqi» sosializm hökumətlərin əlində alman burjuaziyasına qarşı bir silah olurdusa, həmçinin bilavasitə mürtəce mənafeyi, alman meşşanlarının mənafeyini də ifadə edirdi. Almaniyada mövcud vəziyyətin gerçək ictimai əsasını XVI əsrdən irs qalan və o zamandan etibarən bu və ya başqa formada daim yenidən meydana çıxan xırda burjuaziya təşkil edir.
Xırda burjuaziyanın saxlanması Almaniyada mövcud vəziyyətin saxlanması deməkdir. Burjuaziyanın sənaye və siyasi hökmranlığı üzündən xırda burjuaziya, bir tərəfdən, kapitalın təmərküzləşməsi nəticəsində, digər tərəfdən, inqilabçı proletariatın artıb böyüməsi nəticəsində mütləq məhv olacağını böyük bir dəhşətlə közləyir. Xırda burjuaziyaya elə gəlirdi ki, «həqiqi» sosializm bir güllə ilə iki ov vurur. Buna görə də «həqiqi» sosializm yoluxucu bir xəstəlik kimi yayılırdı.
Fərziyyə torundan toxunmuş, əlvan bəlağət rəngləri ilə işlənmiş, şit bir heyranlıqdan döğan göz yaşları ilə isladılmış və alman sosialistləri tərəfindən özlərinin bir-iki cılız «əbədi həqiqətini» pərdələmək üçün istifadə edilən bu mistik örtük sayəsində onların mətahı həmin camaat arasında ancaq rəvac tapırdı.
Alman sosializmi özü də get-gedə daha çox başa düşürdü ki, onun vəzifəsi bu meşşanların dəbdəbəli nümayəndəsi olmaqdır.
Bu sosializm alman millətini nümunəvi bir millət, alman meşşanını isə insan nümunəsi elan etmişdi. Bu sosializm meşşanın hər bir alçaq hərəkətinə gizli və ülvi bir sosialist mənası verirdi, bu da onu özünun tam əksi olan bir şeyə çevirirdi. Axıra qədər ardıcıl olan bu sosializm «kobud dağıdıcı» cərəyan adlandırdığı kommunizmin açıqca əleyhinə çıxırdı və bildirmişdi ki, əzəmətli qərəzsizliyə malik olan bu sosializm hər cür sinfi mübarizədən yüksəkdə durur. Almaniyada guya sosialist və kommunist əsərləri adı ilə yayılmış olan hər şey, kiçik bir istisna ilə, həmin çirkin və pozucu ədəbiyyat cümləsindəndir1.
1 1848-ci ildəki inqilab fırtınası bütun bu iyrənc cərəyanı aradan qaldırdı və onun nümayəndələrini sosializm adı ilə ehtikar etmək həvəsindən saldı. Bu cərəyanın başlıca nümayəndəsi və klassik tipi c-b. Karl Qründür (1890-cı il almanca nəşrinə Engelsin qeydi.)
2. MÜHAFİZƏKAR SOSİALİZM YAXUD BURJUA SOSİALİZMİ
Burjuaziyanın müəyyən hissəsi burjua cəmiyyətinin varlığını möhkəmlətmək üçün ictimai xəstəlikləri sağaltmaq istəyir.
Buraya iqtisadçılar, filantroplar, insanpərvərlik mudafiəçiləri, zəhmətkeş siniflələrin rifahı üçün çalışanlar, xeyriyyəçilik təşkil edənlər, heyvanları himayə cəmiyyətlərinin üzvləri, əyyaşlıqla mübarizə cəmiyyətlərinin baniləri, ən müxtəlif növlərdən olan vecsiz islahatçılar daxildirlər. Bu burjua sosializmi hətta bütöv sistemlər şəklinə salınırdı.
Misal olaraq Prudonun «Yoxsulluq fəlsəfəsi» əsərini göstərək.
Burjua-sosialistlər müasir cəmiyyətin həyat şəraitini saxlamaq istəyir, lakin bu şəraitdən labüd olaraq doğan mübarizə və təhlükələri istəmirlər. Onlar müasir cəmiyyəti saxlamaq istəyir, lakin onu inqilabiləşdirən və pozan ünsürləri istəmirlər. Onlar proletariatsız burjuaziya olmasını istərdilər. Burjuaziyanın hökm sürdüyü dünya, əlbəttə, ona ən yaxşı bir dünya kimi görünür. Burjua sosializmi təsəlli verən bu təsəvvürü az-cox bütöv bir sistem şəklinə salır. Burjua sosializmi öz sistemini həyata keçirməyə və yeni Yerusəlimə girməyə proletariatı dəvət etməklə, əslində ancaq bunu tələb edir ki, proletariat indiki cəmiyyətdə qalsın, lakin bu cəmiyyətin mənfur bir şey olması təsəvvürunü bir tərəfə atsın.
Bu sosializmin nisbətən az müntəzəm, laknn daha əməli olan başqa bir forması hər cür inqilabi hərəkata qarşı fəhlə sinfində mənfi bir münasibət oyatmağa çalışaraq sübut etmək istəyirdi ki, fəhlə sinfinə bu və ya başqa bir siyasi dəyişiklik deyil, ancaq maddi həyat şəraitinin, iqtisadi münasibətlərin dəyişilməsi faydalı ola bilər. Lakin bu sosializm maddi həyat şəraitini dəyişdirmək dedikdə, yalnız inqilabi yolla məhv edilə bilən burjua istehsal münasibətlərinin heç də məhv edilməsini deyil, həmin istehsal münasibətləri zəminində həyata keçirilən, deməli, kapitalla muzdlu əmək arasındakı münasibətlərdə heç bir şeyi dəyişdirməyən, olsa-olsa, yalnız burjuaziyanın hökmranlığı xərclərini azaldan və onun dövlət təsərrüfatını sadələşdirən inzibati yaxşılaşdırmaları nəzərdə tutur.
Burjua sosializmi ancaq sadəcə bir natiq cümləpərdazlığına çevrildiyi zaman özünün ən münasib ifadəsini tapır.
Azad ticarət! özü də fəhlə sinfinin xeyrinə; himayə kömrükləri! özü də fəhlə sinfinin xeyrinə; bir adamlıq həbsxanalar! özü də fəhlə sinfinin xeyrinə – burjua sosializminin yeganə ciddi söylədiyi son sözü bax budur.
Burjuaziyanın sosializmi məhz belə bir müddəadan ibarətdir ki, burjualar burjua-dır, – özü də fəhlə sinfinin xeyrinə.
3. TƏNQİDİ-UTOPİK SOSİALİZM VƏ KOMMUNİZM
Biz burada yeni dövrun bütün böyük inqilablarında proletariatın tələblərini ifadə edən ədəbiyyatdan (Baböfun əsərləri və i. a.) bəhs etmirik.
Ümumi həyəcan zamanı, feodalizm cəmiyyətinin devrildiyi dövrdə proletariatın öz sinfi mənafeyini bilavasitə həyata keçirmək yolundakı ilk təşəbbusləri proletariatın özünun inkişaf etməmiş olması üzündən, habelə onun azadlığa çıxması üçün maddi şəraitin olmaması üzündən labüd surətdə boşa çıxırdı, çünki bu şərait yalnız burjua dövrünun məhsuludur. Proletariatın bu ilk hərəkatları zamanı buraxılan inqilabi ədəbiyyat öz məzmunu cəhətdən labüd surətdə mürtəce ədəbiyyatdır. Bu ədəbiyyat ümumi bir asketizm və qaba bir bərabərçilik təbliğ edir.
Əslində sosialist və kommunist sistemləri, Sen-Simonun, Furyenin, Ouenin sistemləri və i. a. proletariatla burjuaziya arasındakı mübarizənin inkişaf etməmiş olduğu ilk dövründə meydana çıxır; bu dövrü yuxarıda təsvir etmişik (bax: «Burjuaziya və proletariat»).
Bu sistemləri ixtira edənlər, doğrudur, siniflərin əksliyini, habelə hakim cəmiyyətin öz daxilində dağıdıcı ünsürlərin təsirini görürlər. Lakin onlar proletariatın özünün heç bir tarixi özfəaliyyətini, ona məxsus heç bir siyasi hərəkatı görmürlər.
Sinfi antaqonizm sənayenin inkişafı ilə əlaqədar olaraq inkişaf etdiyinə görə, onlar da eyni ilə proletariatın azad olması üçün lazım gələn maddi şəraiti hələ tapa bilmirlər və bu şəraiti yaradacaq ictimai elm, ictimai qanunlar axtarırlar.
İctimai fəaliyyətin yerini onların şəxsi ixtiraçılıq fəaliyyəti, azad olmaq üçün lazım gələn tarixi şəraitin yerini xəyali şərait, proletariatın bir sinif halında tədricən təşkil olunmasının yerini onların uydurduqları resept əsasında cəmiyyətin təşkil edilməsi tutmalı imiş. Onların fikrincə, bütün dünyanın gələcək tarixi onların ictimai planlarını təbliğ etməkdən və əməli surətdə həyata keçirməkdən ibarət olur.
Doğrudur, onlar anlayırlar ki, bu planları ilə başlıca olaraq, ən cəfakeş bir sinif olan fəhlə sinfinin mənafeyini müdafiə edirlər. Onların fikrincə, proletariat ancaq belə bir ən cəfakeş sinif kimi mövcuddur.
Lakin sinfi mübarizənin inkişaf etməmiş forması, habelə həyatda onların öz vəziyyəti üzündən onlar özlərini bu sinfi antaqonizmdən yüksəkdə hesab edirlər. Onlar cəmiyyətin bütün üzvlərinin, hətta ən yaxşı şəraitdə olanlarının da vəziyyətini yaxşılaşdırmaq istəyirlər. Buna görə də onlar, heç bir fərq qoymadan, daim bütün cəmiyyətə, hətta başlıca olaraq hakim sinfə müraciət edirlər. Onların fikrincə, onların sistemini təkcə başa düşmək kifayətdir ki, bu sistem mümkün olan cəmiyyətlərdən ən yaxşısı haqqında düzəldilmiş ən yaxşı bir plan hesab edilsin.
Buna görə də onlar hər cür siyasi fəaliyyəti, xüsusilə hər cür inqilabi fəaliyyəti rədd edirlər; onlar öz məqsədlərinə dinc yolla çatmaq istəyirlər, xırda və əlbəttə, baş tutmayan təcrübələr vasitəsi ilə, nümunə göstərməklə yeni ictimai ehkama yol açmağa çalışırlar.
Gələcək cəmiyyətin bu xəyali təsviri proletariatın hələ çox az inkişaf etmiş olduğu və buna görə də öz vəziyyətini hələ xəyali bir şəkildə təsəvvür etdiyi zaman meydana gəlir, bu xəyali təsvir proletariatın bütün cəmiyyəti dəyişdirmək üçün böyük bir duyğu olan ilk coşqunluğundan irəli gəlir.
Lakin bu sosialist və kommunist əsərlərində tənqidi ünsürlər də vardır. Bu əsərlər mövcud cəmiyyətin bütün əsasları üzərinə hücum edir. Buna görə də həmin əsərlərdə fəhlələrin maariflənməsi üçün son dərəcə qiymətli material verilmişdir. Gələcək cəmiyyət haqqında onların çıxardıqları müsbət nəticələr, məsələn, şəhərlə kənd arasındakı əksliyin məhv edilməsi*, ailənin, xüsusi varlanmanın, muzdlu əməyin məhv edilməsi, ictimai ahənkdarlıq elan edilməsi, dövlətin sadəcə istehsalı idarə etməyə çevrilməsi, – bütün bu müddəalar yalnız sinfi əksliyin aradan qaldırılması zərurətini ifadə edir, həmin əkslik isə o zaman yenicə inkişaf etməyə başlamışdı və onlara hələ müəyyən bir şəkil almamış ancaq ilkin halında məlum idi. Buna görə də həmin müddəalar da hələ tamamilə utopik xarakter daşıyır.
- 1888-ci il ingiliscə nəşrində bu yer belə ifadə edilmişdir: «Onların təklif etdikləri əməli tədbirlər, məsələn, şəhərlə kənd arasındakı fərqin məhv edilməsi». Red.
Tənqidi-utopik sosializmin və kommunizmin əhəmiyyəti tarixi inkişafa əks nisbətdədir. Siniflər mübarizəsi inkişaf edib get-gedə daha muəyyən formalar aldıqca, həmin mübarizədən yüksəklərə qalxmaq üçün göstərilən bu xəyali səy, həmin mübarizənin bu xəyali yolla aradan qaldırılması bütün əməli mənasını və bütün nəzəri qiymətini itirir. Buna görə də həmin sistemlərin baniləri bir çox cəhətdən inqilabi əhvali-ruhiyyəli olsalar da, onların şagirdləri həmişə mürtəce təriqətlər təşkil edirlər. Bunlar proletariatın sonrakı tarixi inkişafına baxmayaraq, öz müəllimlərinin köhnə baxışlarından bərk-bərk yapışırlar. Buna görə də onlar ardıcıl surətdə sinfi mubarizəni yenidən kütləşdirməyə və əkslikləri barışdırmağa çalışırlar. Onlar hələ də öz ictimai utopiyalarını təcrübələr yolu ilə həyata keçirmək, ayrı-ayrı falansterlər duzəltmək, daxili koloniyalar («Home-colonies») təşkil etmək, yeni Yerusəlimin kiçik nüsxəsi olan balaca İkariya1 qurmaq kimi xəyallar bəsləyirlər, – və butün bu xəyali qəsrləri tikmək üçün burjua qəlblərinin və pul kisələrinin insansevərliyinə müraciət etməyə məcbur olurlar. Tədricən bunlar yuxarıda təsvir olunmuş irticaçı və ya mühafizəkar sosialistlər sırasına düşürlər və onlardan ancaq bununla fərqlənirdilər ki, daha müntəzəm bir pedantlıq göstərir və öz ictimai elmlərinin ecazkar bir qüvvəsi olmasına fanatik etiqad bəsləyirlər.
1 Furyenin nəzərdə tutduğu sosialist koloniyaları falanster adlanırdı; Kabe öz utopik ölkəsini, sonralar isə Amerikadakı öz kommunist koloniyasını İkariya adlandırırdı. (1888 ci il ingiliscə nəşrinə Engelsin qeydi).
Ouen öz nümunəvi kommunist cəmiyyətlərini «Home-colonies (ölkə daxilində koloniyalar) adlandırırdı. Furyenin nəzərdə tutduğu ictimai saraylar falanster adlanırdı. İkariya utopik-xəyali ölkəyə deyilirdi ki, bunun da kammunist müəssisələrini Kabe təsvir etmişdi. (1890-cı il almanca nəşrinə Engelsin qeydi).
Məhz buna görə də onlar bu qədər qızğınlıqla fəhlələrin hər cür siyasi hərəkatı əleyhinə çıxır və belə düşünürlər ki, bu hərəkat ancaq yeni ehkama kor-korana inanmamaqdan irəli gəlir.
İngiltərədə ouençilər çartistlərə qarşı, Fransada furyeçilər isə reformistlərə* qarşı çıxırlar.
- 1843-cü ildən 1850-ci ilədək Parisdə çıxan «Reforme» («İslahat») qəzetinin tərəfdarlarından bəhs olunur. Red.