Kommunist Partiyasının Manifesti/IV

III Kommunist Partiyasının Manifesti IV. Müxtəlif müxalifətçi partiyalara kommunistlərin münasibəti
Müəllif: Karl MarksFridrix Engels


II bölmədə deyilənlərdən sonra, artıq təşəkkül tapmış fəhlə partiyalarına kommunistlərin münasibəti, yəni İngiltərədə çartistlərə və Şimali Amerikada aqrar islahatı tərəfdarlarına onların munasibəti aydındır.

Kommunistlər fəhlə sinfinin ən yaxın məqsəd və mənafeyi uğrunda mübarizə edirlər, lakin eyni zamanda bu günkü hərəkatda onlar hərəkatın gələcəyini də müdafiə edirlər. Fransada, mühafizəkar və radikal burjuaziyaya qarşı mübarizədə kommunistlər sosialist-demokrat partiyasına1 qoşulurlar, bununla bərabər inqilabi ənənədən irəli gələn ibarə və xülyalara tənqidi yanaşmaq hüququndan da əl çəkmirlər.

1 Bu partiyanı o zaman parlamentdə Ledrü-Rollen, ədəbiyyatda Lui Blan, gündəlik mətbuatda «Reforme»qəzeti təmsil edirdi. Onlar işlətdikləri bu adı sosialist demokrat partiyası adını – demokratik və ya respublikaçı partiyanın az-cox sosialist rənginə boyanmış hissəsinə vermişdilər. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).

Fransada özünü sosialist-demokrat partiyası adlandıran partiyanı siyasi həyatda Ledrü-Rollen, ədəbiyyatda Lui Blan təmsil edirdi; beləliklə, bu partiya müasir alman sosial-demokratiyasından yerlə göy qədər fərqli idi. (1891-ci il almanca nəşrinə Engelsin qeydi).

İsveçrədə onlar radikallara kömək edir, lakin bunu da nəzərdən qaçırmırlar ki, həmin partiya bir-birinə zidd ünsürlərdən, qismən fransızsayağı demokratik sosialistlərdən, qismən də radikal burjualardan ibarətdir.

Polyaklar arasında kommunistlər aqrar inqilabını milli azadlıq üçün şərt qoyan partnyaya, 1846-cı ildə Krakov üsyanını doğuran partiyaya kömək edirlər.

Almaniyada burjuaziya inqilabi çıxış etdiyinə görə, Kommunist Partiyası onunla əlbir olub mütləq monarxiyaya, feodal torpaq mülkiyyətinə və irticaçı meşşanlara qarşı mübarizə edir.

Lakin Kommunist Partiyası burjuaziya ilə proletariat arasında olan düşmən əksliyini fəhlələrin mümkün qədər daha aydın başa düşmələri üçün hər dəqiqə çalışır ki, alman fəhlələri burjuaziya hökmranlığının yaratmalı olduğu ictimai və siyasi şəraitdən onun özünə qarşı dərhal bir silah kimi istifadə edə bilsinlər, Almaniyadakı irticaçı siniflər devrildikdən sonra dərhal burjuaziyanın özunə qarşı mübarizə başlansın.

Kommunistlər başlıca diqqətlərini Almaniyaya verirlər, çünki Almaniya burjua inqilabı ərəfəsindədir, çünki Almaniya bu çevrilişi ümumiyyətlə Avropa mədəniyyətinin daha mütərəqqi şəraitində edəcəkdir, XVII əsrdəki İngiltərədə və XVIII əsrdəki Fransada olan proletariatdan xeyli artıq inkişaf etmiş bir proletariatla edəcəkdir. Deməli, Almaniya burjua inqilabı proletar inqilabının yalnız bilavasitə müqəddiməsi ola bilər.

Bir sözlə, kommunistlər hər yerdə mövcud ictimai və siyasi quruluşa qarşı yönəldilən hər cür inqilabi hərəkata kömək edirlər.

Bütün bu hərəkatlarda onlar mülkiyyət məsələsini, onun çox və ya az inkişaf etmiş bir forma almasından asılı olmayaraq, hərəkatın əsas məsələsi kimi birinci yerə qoyurlar.

Nəhayət, kommunistlər hər yerdə bütün ölkələrin demokratik partiyalarının birləşməsinə və razılığa gəlməsinə çalışırlar.

Kommunistlər öz baxış və niyyətlərini gizlətməyi mənfur bir şey hesab edirlər. Onlar açıq bildirirlər ki, məqsədləri yalnız bütün mövcud ictimai quruluşu zorakılıqla devirmək yolu ilə əldə edilə bilər. Qoy hakim siniflər Kommunist İnqilabı qarşısında lərzəyə düşsünlər. Proletarlar bu inqilabda öz zəncirlərindən başqa heç bir şey itirməyəcəklər. Qazanacaqları isə bütün dünya olacaqdır.

BÜTÜN ÖLKƏLƏRİN PROLETARLARI, BİRLƏŞİN!