Leyli və Məcnun (Nizami Gəncəvi)/Az danışmağın gözəlliyi

Oğlum Məhəmmədə nəsihət Leyli və Məcnun. Az danışmağın gözəlliyi
Müəllif: Nizami Gəncəvi
Tərcümə edən: Səməd Vurğun
Ölən qohumlarımdan xatirələr


Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.
Əsli təmiz olan saf mirvarilər
Suya və torpağa min bəzək vurar.
Mədənlə dolsa da hər bir xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.
Ürəyi oxşayan bir dəstə çiçək
Yüz xırman otundan yaxşıdır gerçək!
Yüz ulduz yansa da göylərdə, inan,
Bir günə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ulduz,
Günəşdir nur verən aləmə yalnız.