Leyli və Məcnun (Nizami Gəncəvi)/Bağdadlı Səlamın ikinci dəfə Məcnunun görüşünə gəlməsi

Leylinin ölümündən Məcnunun xəbər tutması Leyli və Məcnun. Bağdadlı Səlamın ikinci dəfə Məcnunun görüşünə gəlməsi
Müəllif: Nizami Gəncəvi
Tərcümə edən: Səməd Vurğun
Leylinin qəbri üzərində Məcnunun ölməsi


Verir bu tarixi yazan bir nəfər
Ərəb məxəzindən belə bir xəbər;
Səlam o aşiqin ziyarətinə
Gəlmək xəyalinə düşmüşdü yenə.
Qalxıb yol getməyə üz qoydu Səlam,
Bir ay dağı, daşı dolaşdı tamam
Atını hər yana sürdü bir zaman,
Axtarıb tapmadı ondan bir nişan.
Axır bir dərədə rast gəldi ona
Daşdan ayaqları qabar Məcnuna.
Halı dəyişmişdi onun büsbütün,
Tamam qol-qanadı sınmışdı o gün,
Bir neştər olduqca hər ötən tikən,
Könül yarasıyla dolmuşdu bədən.
Zavallı, Səlamı gördüyü zaman
Sordu: "Ey cavanmərd, söylə, hardansan?"
Səlam: "Mənəm - dadi, gəlmişəm xəstə,
Səninçin qalmışdır gözüm yol üstə"
Məcnun bu sözlərə qulaq verərək,
Səlamı tanıyıb qucaqladı bərk
Qovdu vəhşiləri onun yolundan,
Suyu oddan çəkdi, kölgəni nurdan...
Dedi ki: "Yenəmi zəhmət çəkmisən?
Səni ki, əvvəldə incitmişdim mən.
Mən qəm xəstəsiyəm, sənsə nazənin,
Nə məqsəd daşıyır belə gəlməyin?
Əvvəl ki, baxmadım mən sən deyənə,
Mənə söz deməkmi fikrin var yenə?
İndi ki, gəlmisən sən, ey mərd ürək!
Ayıbdır gələnə "dur qayıt" demək.
Arzunu aç, de ki, mən əməl edim,
Məqsədin nədirsə, o yolla gedim".
Səlam salamını yetirib ona,
Təşəkkür bildirib, dedi Məcnuna:
"Sənin nemətinlə dolanıram mən,
İnan ki, səcdəyə, şükrə layiqsən.
Qabaq göstərdiyin gözəl lütflər,
Mənə dövlət idi xəzinə qədər.
Çünki sinəndəki gözəl təbindən
Mənə bir xəzinə bağışladın sən.
İnci qəsidələr dediyin zaman
Əlim də, ağzım da dolardı, inan.
Yenə də gəlmişəm sən olan bağa,
Gəlmişəm bağından meyvə yığmağa.
Əgər zəhmət çəksən, qəbul edərəm,
Olmasa, yenə də razı gedərəm.
Bu dəfə nə üçün düşdün həvəsdən?
Təəccüb edirəm bu halına mən.
Söylə dərdinmi var, bunun sirri nə?
Bu il bənzəmirsən keçən ilkinə.
Görürəm, sınmışdır şadlıq qanadın,
Azalmış əvvəlki şurun, fəryadın.
Danış, öz işlərin necə haldadır?
Sevgilin necədir, nə xəyaldadır?"
Dost suallarını dinləyib həmən,
Yenə işdən düşdü incəldi bədən.
Yenə xatirinə düşdü o sənəm
Məcnun çox ağladı gözlərində nəm,
Soyuq bir ah çəkib bəlalər yedi.
"Ah, dərddən ciyərim alışdı" dedi.
Dostum! Nə deyirsən? Başqadır zaman,
Məndən sevgilimi xəbər alırsan?
Torpaq altındadır indi sevgilim,
Yox, yox, bu yalandır, qurusun dilim.
Vəfadan yoğrulmuş o gözəl mələk
Behişt qapısıdır qapısı, demək
Sevgilim öldüsə, yanır çırağı,
Mənisə öldürmüş onun bu dağı..."
Bu varaq üstünə nə sözlər saçdı
Hər söz üstündə də varaqlar açdı.
Səlamın əlindən tutub apardı,
Yenə də Leylinin qəbrinə vardı.
Dedi ki: "Bax, budur dediyim pəri,
Canımdan əl çəkdim ondan ötəri".
Səlam çox dinlədin bu nalələri.
Məcnun sevgilisiz qalandan bəri.
Novhəsi, fəryadı sinə dağladı,
Səlam da bir yanda durub ağladı.
Qanlı sular tökdü gözündən, bilsən!
Axdı qan bulağı hər kirpiyindən.
Sonra üz tutaraq xəstə Məcnuna,
Qəm yeyib, təsəlli verirdi ona:
"O behişt gülüdür mənim də qəmim.
Könül dəryasında qərq oldu gəmim.
Canım dərdə düşdü səndən ötəri,
Çünki bu ildırım çaxandan bəri
Bir üzün yandısa sənin bu oddan,
Vallah, tamam yandı məndəki bu can!"
Bu cür fəsahətlə o təmiz ürək
Aşiq yarasına duzlar səpərək,
Tamam iki-üç ay yanında qaldı,
Qəlbini oxşayıb, dərdini aldı.
Tanış olduqları on ildən bəri
Onun söylədiyi bütün beytləri:
Qitədir, qissədir, şerdir deyə,
Köçürdü hamsını bir dəftərçəyə.
Yazdı o sözləri çox sevə-sevə,
Sonra izin alıb qayıtdı evə.
Ondan aldığını nəqş edib yada,
Bir töhfə gətirib, gəldi Bağdada.