Leyli və Məcnun (Nizami Gəncəvi)/Nofəlin Məcnunla tanış olması
←İbn-Səlamın Leylini istəməsi | Leyli və Məcnun. Nofəlin Məcnunla tanış olması Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Səməd Vurğun |
Məcnunun Nofələ açıqlaması→ |
Leyli çadırdaydı, o gizlənmiş ay
Pərdədə qalmaqdan olmuşdu rüsvay.
Açılmışdı onun abır pərdəsi,
"Leyli" çağırırdı hər neyin səsi.
O, ağıza, dilə dastan olmuşdu,
Ətir çəkənlərə reyhan olmuşdu.
Aşiqlər zikriydi o gözəl dilbər,
Dəfində çalırdı onu mütrüblər.
Qıvrılıb qalmışdı öz zülfü kimi,
Nə yuxusu vardı, nə də həmdəmi.
Didərgin Məcnun da atıb elləri,
Sərgərdan gəzirdi vəhşi çölləri.
Vəhşilər yanınca yazıq qoşaraq,
Gəzərdi çölləri qayəsiz, çılpaq.
Güclə tərpənirdi zəif bədəni,
Min dərdlə oxurdu o bir nəğməni.
Vüqarı qılmadı yerlərə səcdə,
Yenə baş götürüb yollandı Nəcdə.
Eşqin tikanına ayaq döyərdi,
Torpaq sovurardı ah olmuş dərdi.
Aşiqlər görəndə onun yasını,
Didib parçalardı öz libasını.
O yerdə mehriban, olduqca qoçaq,
Dəmir kimi möhkəm, mum kimi yumşaq,
Nofəl adlanılan bir igid vardı,
Ərəblər önündə boyun burardı.
Qılıncla ordular basardı o ər,
Lütfü bir maraldı, hirsi şiri-nər.
Ordu sahibiydi, əzəmətliydi,
O çox xəzinəli, çox dövlətliydi.
Bir gün güvənərək öz qüvvətinə,
Şikara çıxmışdı o yerdə yenə.
Qorxunc mağaralar arasında tək,
Nofəl dolaşırdı şikar gəzərək.
Ayağı qabarlı bir dərdli gördü,
Onun hər tükündən qəm tökülürdü.
O möhnət dustağı, o zəif çıraq
Düşmənə kam idi, dostlardan uzaq.
İnsandan qaçmışdı o talei kəm,
Vəhşilər olmuşdu Məcnuna həmdəm.
Əqli uçurardı hər bir nəğməsi,
Qəlbi parçalardı pərişan səsi.
Məcnunun halından o tutdu xəbər,
Başından keçəni tamam dedilər.
Dedilər: "Bir qızın divanəsidir,
Bir sövda şamının pərvanəsidir.
Beytlər, nəğmələr deyir ürəkdən,
Canan qoqusunu alır küləkdən.
Yarın sorağını gətirəndə yel,
Yüz qəzəl oxuyur ürəyi tel-tel.
O yandan süzülüb gələn buluda
Baxıb sinəsindən söz deyir bu da.
Hər yerdən səfərə gəlib gedənlər
Bu məzlum aşiqə baxıb bir qədər,
Taam da, şərab da verirlər buna,
Deyirlər bir işıq düşsün ruhuna,
Min cəhddən sonra bir təhər keçir,
Yarın sağlığına bircə cam içir.
Bir budur dünyada fikri, diləyi,
Leyliyə bağlıdır onun ürəyi".
Məcnunun dərdini Nofəl eşitcək,
Dedi: "Bu məqamda kişilik gərək!
Əlimdən gələni göstərməliyəm,
Yetsin muradına bu talei kəm.
Mən ov arxasınca gəzirdim, ancaq,
Bəh, bəh, rast gəldiyim şikara bir bax".
Bu sözlər çıxınca onun dilindən,
Düşdü yel qanadlı atın belindən.
Sonra öz yanına çağırdı onu,
Süfrəyə oturtdu eşqin oğlunu.
Şirin əfsanələr danışıb əvvəl,
Məcnunu mum kimi yumşaltdı Nofəl.
Dostdan danışmayan bir söz dünyada
Onca mənasızdı hikmət olsa da...
Lakin, o gördü ki, bu cavan mərddir,
Canansız yediyi, içdiyi dərddir.
Nə cürə söhbətlər olsaydı, inan,
Leyliydi aşiqin dilində hər an.
O yolsuz divanə, o qırılmış saz
Nofəli dinləyib yumşaldı bir az.
Azacıq şadlanıb, qüssəsi keçdi.
Onunla əyləndi, yedi və içdi.
Xoşsifət görüncə müsahibini,
Söhbətə girişib açdı qəlbini.
Beyni tək qəlbi də qızışıb coşdu,
Qənd kimi dadlı bir qəsidə qoşdu.
Hər sözü, gülüşü canlı şerdi,
Od kimi bədihə, qəzəl deyirdi.
Nofəl o aşiqi çox şad eylədi,
Xərabə könlünü abad eylədi.
Dedi: "O çırağın həsrətiylə sən
Şam kimi əriyib sönməyəcəksən.
Qızıl qüvvətinə, qol qüvvətinə
Səni çatdıraram öz niyyətinə.
Quş olub havaya uçsa da o qız,
Əlim boğazından tutacaq yalnız.
Daşlar gizləsə də o qığılcımı,
Daşlara çarparam bu qılıncımı.
Sənə yar olmamış ay üzlü sənəm,
Ondan kəməndimi çəkməyəcəyəm".
Umudla açıldı Məcnunun üzü,
Nofəlin önündə büküldü dizi.
Dedi: "Könül açan bu vədəni siz
Uydurub yalandan deməyirsiniz.
Mən bir divanəyəm, o ev sonası,
Onu divanəyə verməz anası.
Küləyə verməzlər qızıl gülü, bil,
Bir div balasına ay layiq deyil.
O bizim tərəfə endirib gəlməz,
O ay divanəylə dost ola bilməz.
Nə qədər yudular bizim kömləyi,
Yenə də olmadı suyun köməyi.
Nə qədər ağ gümüş səpildi, ancaq,
Bizim qara kilim ağarmadı, bax.
Xeyir iş gəlsə də sənin əlindən,
Qismətim deyildir, talesizəm mən.
Bir qorxum budur ki, sən də doyasan,
Sən də yarı yolda məni qoyasan.
Bu şikar hədəfə gəlməzdən əvvəl
Qorxuram, məni sən atasan, Nofəl!
Qorxuram verdiyin böyük vədlər
Axırda verməsin kiçik bir səmər.
Sözünün üstündə dursan mərdana,
Allah əvəzini yetirsin sana.
Yalan deyirsənsə bu sözləri sən,
Məni özbaşıma burax indidən,
Taki öz peşəmi izləyim yenə,
Özüm öz dərdimi gözləyim yenə".
Nofəl bu nalədən pozuldu o dəm,
Dedi: "Yox... köməyi tez etməliyəm".
Gördü ki, o gəncdir, özü də qərib,
Xəyalı azaddır, qəlbi müztərib.
Məcnuna bir yoldaş, bir qardaş oldu,
Hal bilib, hal duyan bir sirdaş oldu.
Əhd edib, əl açdı Nofəl dərgaha,
Ən əvvəl and içdi böyük allaha,
Sonra da and içdi peyğəmbərlərə,
Əqli, iradəsi dedi bir kərə:
"Bu vəfa yolunda qılınc çəkərək,
Qurd deyil, aslan tək döyüşəm gərək.
Bacarıb çatmasam bu xoş murada,
Rahət gün görməyim bir də dünyada.
Lakin xahişim var, bu sözümü tut,
Divanə qalma, gəl bu dərdi unut.
Azacıq sakit ol, döymə köksünə,
Özünü toxtaq tut iki-üç günə.
Gəl, odlu qəlbini kənara qoy sən,
O dəmir qapını tez açaram mən".
İçdi bu şərbəti bizim zavallı,
Qurtuluş gözlədi sövda xəyallı.
O artıq qaçmadı insandan bir də,
And içib, əhd etdi durduğu yerdə.
Səbr ilə bağlandı onun ayağı,
Sanki su səpildi, söndü ocağı.
Sığındı dostunun bu pənahına,
Gedib ayaq basdı qərargahına.
Hamama gedərək, paltar dəyişdi,
Artıq aram olub şərab da içdi.
Ərəb qaydasınca əmmamə qoydu,
Musiqi dinlədi, şərabla doydu.
Yarın camalını saldı yadına,
Dediyi qəzəllər yetdi dadına.
Dostuna yandıqca Nofəlin qəlbi,
Başına dürr səpdi bulutlar kimi.
O yedi, dincəldi, əynində libas,
Artıq gözəlləşdi siması bir az.
Saralmış rənginə qızartı gəldi,
Yay kimi bükülmüş qəddi düzəldi.
Yenə şəvə kimi qararmış xətti
Onun ay üzünə bir dövrə çəkdi.
O ətirli güldən şirə çəkərək,
Nə aparmışdısa, qaytardı külək.
Güldü dodaqları bir səhər kimi,
Parladı dişləri incilər kimi.
Artıq ağıllandı çöl divanəsi,
Kəsildi zəncirin pərişan səsi.
Yenə bağ içində boy atdı lalə,
Qızıl gül əlinə aldı piyalə.
İndi Məcnundakı əzəmət, vüqar
Hikmət məclisinə oldu hökmüdar...
O qonaqcıl Nofəl, o böyük adam
Məcnunu yüz nazla bəslərdi müdam.
Məclisi, şadlığı onsuz keçməzdi,
Üzünü görməsə bir mey içməzdi.
Onlar iki-üç ay şən keçirdilər,
Mehriban oturub şərab içdilər.