Leyli və Məcnun (Nizami Gəncəvi)/Padşaha xitab
←Axsitanın tərifi | Leyli və Məcnun. Padşaha xitab Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Səməd Vurğun |
Şahzadənin tərifi və oğlumun ona tapşırılması→ |
Sən, ey can aləmi, ey aləmə can!
Ey insan qəlbini güldürən insan!
Günəşin taxtından tacın ucadır,
Cəmşidin taxtından taxtın qocadır.
Sənin idrakınla dünya abaddır,
Sənə qul olmaqla insan azaddır.
Sənin fərmanınla bütün ölkələr
Azad nəfəs alır, düzdür bu xəbər.
Bir sən əzizlədin bütün dünyanı,
Sənindir dünyanın hökmü, fərmanı,
İslamın bəzəyi olmuşdur xütbən,
Xəlifə puludur sənin bu sikkən.
Biz sənin duanla öpsək torpağı.
Qızıl güllər açar qanqal yarpağı.
Bir sənin sikkəni vursalar daşa,
Qızıl-gümüş olar yer başdan-başa.
Nədir o səndəki şanlı əzəmət?
Keşikçin olmuşdur sənin səadət.
Mehtərin olmuşdur fələk, hər zaman,
Arpa-saman alır o anbarından.
Nədir, mən dediyim bu arpa-saman?
Bu arpa-sünbüldür, saman-kəhkəşan.
Sən səhər yelinin ətrini çaldın,
Bu xoş təbiəti havadan aldın.
Həyat çeşməsidir bu səxavətin,
Dünyanı doydurur sənin dövlətin.
Bu əlvan çiçəkli nazənin bahar
Sənin ayağını öpmək arzular.
Məşriqi, məğribi alan könüllər
Sənin hüzurunda qul olmaq dilər.
Zəfər əli kimi tac bağışlarsan,
Günahı, tanrı tək, sən bağışlarsan
Bu dünya səninlə olmuş bərqərar,
Sənə bütün aləm keşikçi durar.
Sən qabaqda getsən, yol çırağısan,
Arxada qalanda el dayağısan.
İşıqsan yollara məşəllər kimi,
Şəfəqin aydındır son səhər kimi.
Səndədir işlərin hökmü, divanı,
Hökmün dolandırır bütün dünyanı.
Kimsə bu dünyada ən baş hökmüran
Özünü qul sayır qarşında, inan.
Ağlın, iradənin gücü var səndə,
Onlar iş aparır sənin ölkəndə.
Məqsəd nişanəsi yaranmışsa vaxt,
Bir sənə inanıb, sığınır hər vaxt,
Qələbəm düşməni qaçıra bilir,
Bu, sənin sayəndə əldə edilir.
Səndəki göz nuru sayılan sancaq
Dövlətdən, nüsrətdən yaranmış ancaq
Hər kimlə döyüşsən, onu dağlarsan,
Min igid belinə qurşaq bağlarsan.
Onun vücudundan tökülməmiş qan,
Başını qarşında yerə salarsan.
Cahanda hər kimə yetirsən nəzər,
Səadət taxtında gəlib, əyləşər.
Onun taleini sən şad edərsən,
Xarab ölkəsini abad edərsən.
Böyüklük, ucalıq səndədir deyə,
Xoşbəxtlik gətirdin bu Nizamiyə.
O da sarayının keşikçisidir,
Sayəndə özünü bəxtiyar bilir.
Gör, hüma quşunun gülür varlığı,
Sonsuzdur bu quşun bəxtiyarlığı.
Bu quş ki, eşqinlə qidalanır, bil,
Sənin kölgəndədir, pərişan deyil.
Səba quşları ki, ötür hər səhər,
Şahın duasıdır dilində əzbər.
Böyükdür cahanda şöhrətin, namın,
Zəfərdir, fəthdir yalnız məqamın.
Ucalsın calalın, ağ olsun baxtın,
Zəfərlə bəzənsin sarayın, taxtın.
İl boyu şadlanır sayəndə aləm,
Aləm ayrılmasın sayəndən bir dəm.
Səadət daima sənə yar olsun,
Səninlə bir yerdə o da var olsun.
Verirəm dostlara şad xəbəri mən,
Şahın, şahzadənin mərhəmətindən.