Məhşər/III fəsil
←II fəsil | Məhşər. III fəsil Müəllif: İsa Hüseynov Muğanna |
IV fəsil→ |
Onlar üç nəfərdi.
Gövhərşah əvvəlcə üçünü də bir yerdə "Şeyx Fəzlullahın xəlifələri" adı ilə, sonra yoldaşlarından bir neçə addım qabaqda dayanmış ucaboy gənci Seyid Əli ibn Məhəmməd, arxadakılardan üzü tamam qırışsa da, iri gözlərindən zəhm yağan pərbudaqlı adamı Mövlana Mahmud, onun yanındakı dəyirmi sifətli, pəhləvan siqlətli gənci isə Yusif adı ilə təqdim etdi.
İbrahim Fəzlin müxtəlif şəhərlərdə gizlin şəraitdə işləyən və Fəzllə də həmişə gizlin görüşən batin xəlifələri haqqında, demək olar ki, heç nə bilmirdi. Son vaxtlar yalnız Yusifin adını çox eşidirdi. Əmin Məhrəmin məlumatına görə Yusif əslən təbrizli idi. Əvvəllər əxi içində qəssab imiş; Təbriz əxiləri icma daxilində qardaşlıqla kifayətlənib din və dövlət işlərinə qarışmadıqlarına görə önlardan ayrılıb bir müddət hərbiyun olmuş və nəhayət, hürufilərə qoşulmuşdu. "Fəzl müridi" adını aldıqdan sonra isə Yusif Fəzlin Təbrizdəki gizlin məkanında — Əxi Qəssab iqamətgahında rəis olmuşdu. Təbrizdən çıxanda Şeyx Fəzlullah onu birdən-birə xəlifə təyin etmiş, Bakıda iqamətgahını yenə də onun ixtiyarına vermiş, Bakıdan çıxanda isə nədənsə, Şirvan xəlifəsi Mövlana Mahmudun işlərini də ona tapşırmışdı. Odur ki, Gövhərşah rəis Yusif adını çəkəndə İbrahim dərhal başa düşdü ki, demək, Fəzlullahı gizlədən həmin bu hərbiyun xəlifədir. Amma onun bu diqqəti irəlidəki gəncdə idi.
Qəzəlləri və rübailəri Şirvan xanəndələrini dilindən düşməyən bu şairi o, çoxdan tanıyırdı.
Onun hakimiyyətinin ilk illərində Şamaxıda yerli farslardan Katibi adında şair çox məşhur idi. Hələ Huşəngin zamanından farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi İbrahimi də qəsidə ilə qarşılamış və o vaxta qədər görünməmiş bir miqdarda ənam — on min qızıl dinar almışdı. Lakin tacgüzarlıq günü ziyafətgahda qiyam başçıları gözlənilmədən səs-küy qaldırıb Katibidən rəncbər şahı hamının başa düşdüyü dildə mədh etməyi tələb etmiş, Katibi isə türkcə tək bir misra: "Tikandan bərgi-gül hasil olmaz", — deyib məclisdən çıxmış və o vaxtdan sərxoşluğa qurşanmışdı.
İbrahim uşaqlıqda və ilk gənclikdə Qazi Bayəzidin mədrəsəsində rəsmi fənlərin tədrisini tamamladıqdan sonra müəlliminin kitabxanasında siyasətə və dövlət idarəsinə dair kitablarla bərabər Şirvan şairlərinin divanlarını da eyni aludəliklə mütaliə etdiyinə görə sözün qiymətini yaxşı bilir və Şəki civarında kiçik bir mülkdə oturan Mənüçöhr törəməsinin bütün Şirvada nə yolla məşhurlaşdığını heç vaxt unutmurdu. Odur ki, Katibini küsdürənlərin günahını bağışlaya bilmirdi. Əmir Teymurla müqavilə bağlanılan ili bu münasibətlə düzəldilmiş ziyafətdə bir nəfər də şair tapılmadıqda İbrahim əmr etdi ki, günahkarlar Katibi ilə dostlarının daimi məskəninə çevrilmiş meyxanə küncünə gedib vaxtilə dillərindən çıxmış kobudluğa görə şairdən üzr istəsinlər və car çəkib Şamaxıda şeir deməyə qabil kim varsa, hamısını ziyafətgaha dəvət etsinlər.
Günahkarlar sırasında təzəcə Bakı hakimi və bəhrəs-sədr təyin edilmiş Hacı Firidun da vardı. Xoşrəftar və rəhmdil rəncbər şahın gözlənilməz sərtliyindən özlərini itirmiş təbəələr dərhal dağılışanda hacı da qalxıb getdi və haradansa solğun bənizində iri gözləri gecə kimi qaranlıq görünən bir gənc tapıb gətirdi.
O vaxt bu gənc şairin on altı, on yeddi yaşı ancaq olardı. Heç üzündə tük də yoxdu. Ancaq yaxşı ailədə tərbiyə almış bir yeniyetmə kimi şah hüzurunda əsla sıxılmadan, təmkin və ləyaqətlə danışmağa başlayıb rəncbər şahı tərifə layiq sözü olmadığını söylədi. Hacı Firidunun çaşqınlığını gördükdə isə şahın sağ tərəfində, vəzirlər vəziri Qazi Bayəzidlə yanaşı kürsüdə oturub qızıl camda şərab içən Katibiyə baxıb yaşına yaraşmayan arifanə bir təbəssümlə: "Amma tikandan bərgi-gül hasil edə bilərəm", — dedi və elə bununla söz sərrafı olduğunu sübut etdi.
O günü və sonralar İbrahim bir neçə dəfə bu gəncin rübailərinə və ud çala-çala oxuduğu aşiqanə qəzəllərinə qulaq asdı.
Xüsusilə, rübailər xoşuna gəlirdi. Çünki bu gəncin rübailəri onun anasının bayatılarına bənzəyirdi. O bayatıların nəyə qadir olduğunu yaxşı bildiyi üçün İbrahim "türkün tikanlı dilindən bərgi-gül hasil edən" bu rübailərin qüdrətini də dərhal duydu və elə birinci gün tapşırdı ki, bu gəncdən muğayat olsunlar, Şirvanın şairlərini düşkünləşdirən meyxanələrdən saqındırıb qorusunlar, çünki kamala dolanda bu gənc Gülüstan sarayının gülü, şahın mötəbər ədibi və cəmi Şirvan əhlinin istəklisi olacaq. Lakin tezliklə İbrahimə xəbər verdilər ki, o şair Şamaxını tərk edib gedib. Əvvəlcə dedilər Bakıda Şeyx Fəzlullahın qızına aşiq olub və qızı ona vermədikləri üçün Məcnun kimi çöllərə düşüb. Sonra dedilər şeyxin kitablarını oxuyub hürufi olub, teymurilərin dağıtdıqları şəhərlərdə, obalarda dolaşır. Xülasə, o gedən getdi, bir də qayıtmadı.
O illərdə İbrahim Şamaxıya vaxtlı-vaxtında duz, neft və balıq göndərə bilməyib halimiyyətdə təcrübəsizlik göstərən Hacı Firiduna kömək məqsədilə tez-tez Bakıya səfər etməli olurdu.
O səfərlərindən birində Bakıda İbrahim təəccüblü bir hadisəyə təsadüf etdi.
Sifəti kəhrəba rəngində, arıq, uzun bir gənc bazar barısının üstündə dayanıb şah pişvazına çıxan camaata müracitlə şeir oxuyur və "Ənəlhəq" qışqırırdı.
İbrahim dönüb Hacı Firiduna baxdı: "O gənc göydən düşüb, nədir, bilmirmi ki, onun dediyi sözü ucadan demək olmaz? Çağır onu, tənbeh elə, bir də belə iş tutmasın", — dedi.
Lakin Hacı Firidun şah buyruğundan boyun qaçırdı: "O, Nəsimidir, şahım. Öz ustadı, mühiti-əzəm şeyxi ona qışqırmağı qadağan etmir, mən nəkarayam qadağan edim?"
Nəsimi adını eşitdikdə İbrahim istər-istəməz cilovu çəkib bir daha o gəncə baxdı və bu dəfə onu tanıdı.
Qazi Bayəzid həmişəki kimi şahın sağ tərəfində, hamıdan yaxında idi; daim sərxoş Katibi ilə dostlarının İbrahimə xoş gəlmədiyini bildiyi üçün onun üzündəki marağı görən kimi məsləhət verdi: "İndi ki, yeri bəlli oldu, buyur daha burdan bir yana getməsin, qayıdanda özümüzlə dərgaha aparaq".
Amma İbrahim razı olmadı. Şairin əynindəki bəyaz xirqəyə işarə edib: "Yox, qazi, o mənim hakimiyyətimdən kənardır (1)", — dedi.
İllər dolandıqdan sonra "hakimiyyətdən kənar" şair indi Fəzl xəlifəsi Seyid Əli adı ilə meydana çıxmışdı və İbrahim bu seyidin Fəzl elçisi olduğunu unutmuş kimi dayanıb ona tamaşa edirdi. Yeniyetmə vaxtında öz qeyri-adi təmkin və ləyaqəti ilə, bir az sonra ehtiyatsız qışqırtısı ilə şahı heyrətləndirmiş Nəsimi indi cismani kamilliyi ilə onu valeh etmişdi.
Amma, əslində, cismən Nəsimi çox da dəyişməmişdi. Bəyaz xirqənin yapıncısayaq quncları çiyinlərini boyuna münasib göstərsə də, yaxın həmdəmləri bilirdilər ki, onun çiyinləri bir o qədər də enli deyildi. Bütün uzun və arıq adamlar kimi, hətta sinəsində çökəklik vardı. Yalnız sifətinin kəhrəbasında və gözlərinin işıq saçan qaranlığında nə hikmət vardısa, Nəsimi şax dayananda tamaşasına duranlar onun ümumi görkəmində heyran qalmalı bir əzəmət görürdülər.
Vəliəhdindən başqa bir o qədər də müdrik adamlarla əhatə olunmayıb bu qanlı-qadalı və çalxantılı zəmanədə hər şeyi təkbaşına, daimi sinir gərginliyi bahasına həll edən İbrahim bu əzəmətin ona yox, bir ayrısına xidmət etdiyinə təəssüflənirmiş kimi bir az əvvəlki sərt və qəzəbli gəlişinin tamam əksinə sakit və hətta, hüznlü səslə dillənib soruşdu ki, bütün Şirvanın İmadəddin Nəsimi adı ilə tanıdığı şair nə vaxtdan Seyid Əli olub?
Nəsimi əzəmətini daha da gözəlləşdirən məlahətli gülümsündü.
— Yarandığım gündən Seyid Əliyəm, şahım, — dedi. — Mənim əcdadım seyid olub. Əli isə öz övladına Əli qüdrəti diləyən bir sufinin mən dünyaya gələndə qulağıma pıçıldadığı addır.
Saraya — elçixanaya buraxılmadan darvaza qabağında hörmətsiz qarşılandıqlarına baxmayaraq, Nəsimi şahın heç də pis başlamasının görüb söhbətin ahəngini davam etdirmək niyyəti ilə:
— İmadəddin mənim ikinci adımdır. Nəsimi isə ustad dimağının nəsimidir, — dedi və elə bununla da şahın üzünün dəyişməsinə səbəb oldu.
İbrahim birdən-birə tutuldu:
— Mən Fəzlullahın özünü çağırmışdım, — dedi. — Haradadır şeyx?
Şahla birgə onun sağ çiyninin arxasında vəliəhd də, bir qədər geridə candarlar və bahadırlar da bir qədər qulaq kəsilib elçinin bu çətin suala necə cavan verəcəyini və Fəzlin gizlənməsini nə ilə əsaslandıracağını gözlədilər.
Şahın sualı böyük izahat tələb edirdi. Nəsimi isə qısaca:
— Fəzl "laməkandır", şahım, — dedi və bu gözlənilməz cavabla hamını, o cümlədən İbrahimi də diksindirdi.
"Laməkan" Quran kəlməsi idi və yalnız bir olan Allaha aid idi. Bu kəlməni bəni-insana aid etmək ağlagəlməz dərəcədə böyük günah idi.
Amma İbrahimi diksindirən bu deyildi.
Hürufilərin Fəzlullahı "Allah" adlandırdıqlarını o, çoxdan bilirdi, eşitmişdi ki, Fəzl sözü — "həq sözü", Fəzl iradəsi — "həq iradəsi" sayılırdı. Bunları İbrahim o qədər eşitmişdi ki, hətta qulağı dolmuşdu. "Laməkan" kəlməsini Nəsimidən bir başqa vaxtda və başqa şəraitdə eşitsəydi, o buna bəlkə də heç əhəmiyyət verməzdi. İndi isə bu kəlmə ona ox kimi dəydi. Çünki Nəsimi Fəzli "laməkan" adlandırmaqla ustadının "Allah kimi gözə görünməz və toxunulmaz" olduğuna işarə edir və açıq-açığına bildirirdi ki, Fəzli şah hüzüruna çağırmaq "Allahın Özünü çağırmaq" kimi bir şeydir.
"Laməkan" kəlməsinin mənası belə idi.
İbrahim bu mənanı dərhal anladı və dərhal da hökm verdi:
— Fəzlullaha çatdır: sübh namazına qədər gəlməsə, xəlifələri edam olunacaq!
Hələ ustadın "uca minbər qabağında namaz" barədə məktubunu oxuyub məxfi otaqda Mahmud və Yusiflə görüşəndə Nəsimi yoldaşlarına demişdi ki, məramını "Adıyüksəyə" çatdırmağı Fəzl yalnız ona — Nəsimiyə həvalə edib, buna görə də Yusiflə Mahmudun onunla birgə şah dərgahına getməsinə heç bir ehtiyac yoxdur, şah xəlifələri girov saxlayıb Fəzlin özünü tələb edə bilər.
Yusif rişxəndlə gülüb xəbər almışdı ki, başqa vaxtlar öz ehtiyatsızlığı ilə xəlifələrin hamısının narazılığına səbəb olan şair indi nə əcəb belə ehtiyatkardır? Yoxsa təkbaşına hünər göstərib Fəzlin xilasını öz adına yazmaq xəyalındadır?.. Nəsimi ustadın taleyinin həll olunduğu bir vaxtda hər şeyi ölçüb-biçmək istədiyini söylədikdə isə yoldaşları xirqələrinin yaxalarını açıb, qurşaqla bədənlərinə sarıdıqları dəri cildli, qalın kitabları göstərib demişdilər ki, əgər o bu ağır-batman kitabları gizlin aparıb şaha təqdim edə bilərsə, qoy tək getsin; Gülüstan sarayında Şeyx Əzəmin min bir gözü, min bir qulağı var. Şah hüzuruna Nəsiminin "Cavidannamə" ilə getdiyini xəbər tutsa, şeyx kitablarla birgə Nəsiminin özünü də yandırtdırmazmı?.. Nəsimi bu sual qarşısında aciz qalıb yalnız Fəzlin kitablarını salamat aparmaq xatirinə Yusiflə Mahmudun onu müşayiət etməsinə razı olmuşdu.
Məxfi mənzildən çıxıb Dost Əmin Məhrəmlə görüşəndə dərgah qapısından keçib meydanda gözlənilmədən şahın əsgərxas dəstəsi ilə qarşılaşanda və hətta indi şahla kəlmələşəndə də Nəsiminin bütün diqqəti yoldaşlarında idi. Xəlifələrin həbs edilməsi kitabların ələ keçməsi deməkdi. Kitabların ələ keçməsi isə "uca minbər qabağında namazın" sirrinin açılması, elçilərin şahı hürufi etmək niyyətində olduqlarının aşkara çıxması demək idi. Odur ki, şah Fəzl gəlməsə, xəlifələrin edam olunacağını deyəndə Nəsimi də istər-istəməz dəyişib birdən-birə qeyri-adi zəhm kəsb etmiş gözlərini şahın gözlərinin içinə dikdi:
— Dərgaha biz birgə gəlmişik, birgə də öləcəyik! Əvvəl məni dinlə, şah, sonra edam buyur! — dedi.
Lakin dayanıb rüsxət gözləmədi. Sözünə ara vermədən hökmdar qarşısında hökmdar kəskinliyi ilə:
— Fəzlə məlumdur ki, Əlincədə döyüş meydanına atılan papaq da, məsciddə qurama sui qəsd də sənin öz əməlindir! — dedi. — Sənin yüksək adını və ləyaqətini xələldar edən bu əməllər bizim hamımızı məyus edib. Amma biz səni bu əməllərə vadar edən səbəbləri bilirik və bir o qədər də rəncidə olmuruq. Bəla ondadır ki, Miranşah bu işlərdən xəbər tutub və atasına xəbər göndərib ki, papaq sənin Əlincə qalasına köməyini gizlətmək, sui-qəsd isə bizimlə əlaqəni pərdələmək üçündür. Əmir Teymurla ittifaqın pozulur, şah! Fəzli düşmənə təslim etmək niyyətindən əl çək və məni dinləyib Fəzl məramından agah ol!
Yalnız bir neçə yaxın adamın iştirakı ilə icra edilmiş hadisələrin şahın "öz əməli" olduğu düşmən qulağına və hürufilərə necə çatmıdı?! İbrahim heyrətini gizlədə bilməyib çiyni üzərindən arxaya baxdı. Gövhərşah irəli gəlib təzim etdi.
— Dərgahında xəyanət var, şahım, — dedi. — Miranşahın ordusundan çoxlu təğyirlibas adam gəlib şəhərdə gizlənib. Sənin alimənsəb təbəələrindən kim isə o adamlara vəd edib ki, Fəzli tutub onlara təhvil verəcək.
İbrahim gərgin fikirdə idi.
Kəsrani xanədanına o, ancaq qiyam gücü ilə yox, həm də Huşəngin ən yaxın alimənsəb təbəələrinin xəyanəti nəticəsində qalib gəlmişdi: gecə ikən kiçik dəstələrlə gəlib Şamaxının qala divarlarının arxasındakı karvansaralarda gizlənmiş qiyamçıları şəhərə haman alimənsəb təbəələr buraxmışdılar. Sonralar İbrahim Əmir Teymura daimi tabelik rəmzi olaraq qala qapılarının çıxarılmasını əmr edərkən bu əmrdən özünü itirmiş Qazi Bayəzidə: "Mənim qələm təbəələrimin qəlbindədir, əgər təbəələrim mənə axıra qədər sədaqətli olub ürəklərinin qapılarını xəyanət üzünə açamasalar, şəhər qapılarının açıqlığından qorxmaram", — demişdi. Hələ o vaxtdan hiss olunurdu ki, xəyanət əli ilə hakimiyyətə gələn İbrahim özü də xəyanətdən qorxduğu kimi heç nədən qorxmurdu. Həddindən artıq tədbirli davranışının bir səbəbi əgər gənclik illərinin vərdişi idisə, o biri və bəlkə daha ciddi səbəb xəyanət xofu idi. Odur ki, oğlu alimənsəb təbəələrdən hansınınsa Miranşaha xidmət etdiyini xəbər verəndə İbrahimin sifətini soyuq tər basdı.
Sui-qəsd haqqında danışıqda şahla vəliəhddən başqa cəmisi üç nəfər iştirak etmişdi: Qazi Bayəzid, Şeyx Əzəm və Hacı Firidun. Qaziyə İbrahim özünə inandığı kimi inanırdı. Demək, iki nəfər qalırdı: Şeyx Əzəm və Hacı Firudun. Hansı xain idi?
İbrahim Hacı Firidunla çox az-az, ildə iki-üç dəfə görüşürdü. Lakin Hacının qəlbi gözlərində idi və İbrahim ifrat şərabdan həmişə bir qədər süzgün baxan o xırdaca gözlərdə məhəbbətdən, sədaqətdən və birdən-birə yüksək rütbəyə çatmış bir adamın öz himayədarına xidmət həvəsindən başqa heç bir kənar, şübhəli şey görmürdü. Demək, Şeyx Əzəm?!
İbrahim Nəsimidən aralanıb gəzinməyə başladı.
Vaxtilə Əmir Teymur Şirvanla müqavilədən sonra Şamaxıya vali göndərdiyi vəliəhd Miranşahı elə o ili geri çağıranda Gülüstan sarayında hamı bunu Teymurun öz müttəfiqinə külli-ixtiyar verməsi kimi başa düşüb sevinmişdi. Təkcə İbrahim özü qüssə ilə gülümsünüb: "Xəbərgir dərvişlər olan yerdə valiyə nə hacət?" — demişdi.
Miranşah Şamaxıdan yola düşən günü şəhərin dövrəsindəki yeddi karvansaranın yeddisindən də dərvişlər qoşun kimi çıxmışdılar, şişuclu mütrüb papaqlarını öyə ata-ata heybətli "Yahu, Yahu!" qışqırtıları ilə vəliəhdi müşayiət etmişdilər və onun bir-birinin ardınca atdığı kisələrdən atların dırnaqlarının altına səpələnən qızıl gümüşü yığışdırıb şəhərə qayıtmışdılar. Kimisi qoldan, kimisi qıçdan şikəst olan, hətta üz-gözlərində də köhnə döyüş yaralarının izi qalan bu adamların keçmişdə kim olduqlarını bilmək çətin deyildi. Əyinlərində asım-asım cır-cındırla və mütrüb papağı ilə diqqəti yayındırıb mənsubiyyətlərini gizlətsələr də, onlar indinin özündə də dərviş əsası əvəzində, əllərində silah — batqan gəzdirirdilər. Ya da batqanın yumruq irilikdə qurğuşununu bellərinə sarıdıqları mumyalı kəmənd ipinin ucuna bağlayırdılar. Karvansaraların aralarındakı bazarlarda qurğuşunları başları üzərində fırladaraq qəhqəhə ilə darğaları qovur, tacirlərin, sövdəgərlərin yük taylarını, çuvallarını, səbətlərini açıb dağıdırdılar, cır-cındırları arasında gəzdirdikləri dəri torbaları doldurub qoz, fındıq, xurma, sucuq yeyə-yeyə "Yahu! Yahu!" qışqıra-qışqıra bütün günü küçə ve meydanlarda dolaşırdılar. Bu qışqırtılar Əmir Teymurun hər yerdə hökm sürən yazılmamış qanunlarının və Miranşahın qoyub getdiyi hakimiyyətin səsi idi. Novruz və tacgüzarlıq günlərində, qurban bayramında, mövludda və orucluqda dərvişlərin birbaş saraya doluşub şah məscidinin ətrafında, Şeyx Əzəmin iqamətgahının hücrələrində yurd saldıqlarını, xüsusilə şeyxin müridlərinin bu əlləri batqanlı adamlara necə itaətlə qulluq etdiklərini görəndə İbrahim hakimiyyəti üzərindəki hakimiyyətin ağırlığını daha çox duyur, bu ağırlığın altında sıxıldığını, saraya təpilən xəbərgirləri buradan qovmağa belə qabil olmayıb kiçildiyini hiss edirdi. O, əmin idi ki, Şeyx Əzəmlə müridlərinin dərvişlərə qulluğu və itaəti də Şirvanşahın Əmir Teymura sədaqətini göstərir. Buna görə də şeyxin əlləri batqanlı dərvişlərlə ünsiyyətindən nəinki şübhələnmir, əksinə, bayramlarda öz mətbəxindən şeyxin iqamətgahına ətirli, ədviyyatlı xörəklər göndərib bu ünsiyyəti daha da dərinləşdirirdi ki, dərvişlərdən teymurilərin Əlincə düşərgəsinə və Sultaniyyəyə gedənlər orada ancaq xoş sözlər danışsınlar. İndi belə çıxırdı ki, dərvişlərlə şeyxin ünsiyyətini dərinləşdirməklə İbrahim öz ayağıaltında qazılan quyunu dərinləşdirmişdi. Miranşaha xidmət edən alimənsəb doğrudanmı Şeyx Əzəmdi? Doğrudanmı İbrahim bu qədər kor və fəhmsiz olmuşdu?
O, meydanda vurnuxub gah Fəzl elçilərinə, gah da ibadət otağının tək pəncərisinə baxırdı. Sinəsində elə təlaş vardı ki, elə bil iki yerə parçalanıb eyni vaxtda həm elçilərlə, həm də şeyxlə danışmaq istəyirdi. Lakin dumanlı bir şübhə İbrahimi Nəsiminin üstünə qaytardı. Bu vaxta qədər onda heç kəsin görmədiyi hiddətlə:
— Xəyanət bəni-insanın mayasındadır! Mənim təbəəm Miranşaha xəbər çatdıra bilər, — dedi. — Bəs sizə kim çatdırıb bu xəbərləri?
Nəsimi bu dəfə tamamilə sakitcə dedi:
— Fəzl müridi çatdırır, şahım.
— Fəzl müridi Miranşahın hüzurunda oturur?!
Nəsimi istər-istəməz gülümsünüb:
— Müridimiz Əmir Teymurun öz hüzurunda oturur, — dedi və dərhal hiss etdi ki, bundan sonra "namaz" baş tutmaya bilməz.
İzahlar
redaktə- Əxi — "qardaş"; VII əsrdən başlayaraq əvvəlcə ərəb ordularında əsgərlik edən azərbaycanlılar arasında, sonra bütün Yaxın Şərqdə peşəkarlar arasında geniş yayılmış hərəkat;
- Bəhrəs-sədr — dəniz işləri üzrə vəzir;
- 1 — Sufi təriqətlərinin xirqələrini geyinən müridlər, bir qayda olaraq, hökmdar iradəsindən yüksək "həq iradəsinə" tabe "həqqi bilən" sayılırdılar və hökmdarlar çox vaxt bununla hesablaşırdılar.
- Nəsim — bahar yeli;
- Laməkan — məkansız, hər yerdə olan;
- Mövlud — Məhəmməd Peyğəmbərin (S.A.V.) anadan olduğu gün.